Heydər Əliyevin
gender siyasəti
Ölkəmizdə gender siyasətinin həyata keçirilməsinə geniş fıkir verilir. Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır. Hələ 1998–ci ildə onun tərəfindən “Azərbaycanda qadınların rolunun artırılması haqqında” sərəncam imzalanmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daha sonra 2000–ci il martın 6–da “Azərbaycan Respublikasında Qadın Siyasəti haqqında” Fərmanı imzalamaqla, bu siyasətin bünövrəsini daha da möhkəmlətmişdir. Bu gün gender siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Hazırda ölkəmizdə tətbiq edilən gender siyasətinin, yəni cəmiyyətdə qadının kişi ilə bərabər, hətta fəal rolunun çox qədim tarixi kökləri vardır. Məsələn, tanınmış alimimiz Yaqub Mahmudovun monoqrafiyalarına nəzər salsaq, hələ XV əsrdə Azərbaycanın ilk diplomat qadınının–Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin anası Sara xatunun şanlı tariximizin bir səhifəsi olduğunu görərik. Digər alimlərimizin–Oqtay Əfəndiyevin, Sara Aşurbəylinin əsərlərinə diqqət yetirsək, 1501–ci ildə Bakı qalasının Səfəvi qoşunlarından müdafiəsini Şirvanşah Qazıbəyin həyat yoldaşının təşkil etdiyini xatırlayarıq.
Son zamanlar qadınların dövlət qurumlarında və ümumiyyətlə, ictimai–siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi ulu öndərimizin əsasını qoyduğu liberal gender siyasəti nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanın qadınları ölkədə gedən geniş quruculuq işlərində daha böyük fəallıq göstərir. Çünki ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva öz fəaliyyəti ilə qadın hərəkatını nəinki canlandırmış, hətta onun tarixində yeni bir mərhələ açmışdır. Mehriban xanım Əliyevanın fəaliyyəti ilə qadın hərəkatının forma və metodları müasirləşmişdir. Mehriban xanım bütün layihələrində milli–mənəvi dəyərləri yaşadır və geniş təbliğ edir. Onun təşəbbüsü ilə əlil və valideynsiz uşaqlara sosial himayə göstərilməsi də artıq bir ənənəyə çevrilmişdir.
Muzeyimizin, ümumiyyətlə, Azərbaycan muzeylərinin əməkdaşlarının tərkibcə qadınlardan ibarət olması respublikamızda aparılan gender siyasətinin gözəl nümunəsidir. Bundan əlavə, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi–memarlıq qoruq–muzeyinin istər keçmiş direktoru Rəna Rzayeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru N.Vəlixanlı, Azərbaycan İstiqlal Muzeyinin rəhbəri F.Şəms, Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi–Sənəti Dövlət Muzeyinin direktoru R.Tağıyeva, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbəri A.Bayramova, Azərbaycan Dövlət Teatr Muzeyinin başçısı N.Nurullayeva, Qobustan Milli Tarix–Bədii Qoruğunun direktoru M.Fərəcova, C.Məmmədquluzadənin ev–muzeyinin rəhbəri P.Mahmudova və bir çoxları zərif cinsin nümayəndələridir. Ümumiyyətlə, daşınar və daşınmaz maddi–mədəni irsimizi qoruyan, onu təbliğ edən və dünyaya tanıtdıran muzey əməkdaşlarının 90 faizini qadınlar təşkil edir. Heydər Əliyevin mədəniyyətimiz haqqında çox gözəl bir fikiri var: “Bütün Azərbaycan mədəniyyəti əslində həssas qadın qəlbini, qadın zəkasını və nadir qadın müdrikliyini əks etdirən güzgüdür”. Gender siyasətinin ölkəmizdə geniş miqyasda aparılmasına yardımçı olmuş ümummilli liderimiz Heydər Əliyev Şirvanşahlar Sarayını çox sevirdi.
Milli memarlığımıza olan bu sevgi, maraq ulu öndərimizi Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almağa sövq etmişdi. O, sarayın memarlığını yüksək qiymətləndirir, onun ümumbəşəri dəyərə malik olduğunu söyləyirdi. Saray kompleksinin Divanxana adlı abidəsini isə orta əsr memarlığının tacı hesab edirdi. Heydər Əliyev 1998–ci ilin Novruz şənliklərində Şirvanşahlar Sarayında olarkən demişdi: “…Əsas məsələ bu bərpa işini həyata keçirməkdir. Şirvanşahlar sarayı Azərbaycan xalqının iftixar etdiyi tarixi–memarlıq abidəsidir. Bu, həm bizim memarlığımızın ən yüksək səviyyədə olduğunu göstərir, həm də dövlətçiliyimizin tarixini əks etdirən bir abidədir, kompleksdir və şübhəsiz ki, dünyada da məşhurdur… Mən xatırlayıram ki, institutda memarlıq fakültəsində oxuyarkən biz bunu xüsusilə öyrənirdik. Mən gəlib burada günlərlə, həftələrlə bu abidəni öyrənmişəm, bundan imtahan vermişəm. Divanxananın portalı ən yüksək memarlıq incisidir…Ona görə də biz bu kompleksi bərpa edib göstərməliyik ki, bizim tariximiz, 500 il bundan əvvəl olan dövlətçiliyimiz, dövlətimiz və bizə qalmış irs budur.” Ulu öndərimiz Şirvanşahlar Sarayının memarlığını hər yerdə nümunə kimi göstərirdi. O, Opera və Balet Teatrının təmiri zamanı görülmüş işlərə baxarkən, inşaatçılara qüsurlarını söyləmiş, Şirvanşahlar Sarayının memarlığından bəhrələnmələrini məsləhət görmüşdü. 1998–ci ilin Novruz şənliklərində Şirvanşahlar Sarayında olmuş Heydər Əliyev sarayda gedən bərpa işləri ilə tanış olmuş və görülmüş işləri yüksək qiymətləndirmişdi: “Gördüyünüz işlər gözəldir. Mən bu işlərə təəccüb edirəm. Bunları bir neçə əsr bundan əvvəl millətimiz yaradıb. Vaxtilə bu sənətləri itirmişik. İndi onları bərpa etməyə imkanımız vardır. Siz böyük işlər görürsünüz. Mən sizin işinizi yüksək qiymətləndirirəm. Gələcək nəsillər də qiymətləndirəcək. Bunların hamısını biz bərpa edib, əvvəlki vəziyyətə gətirib çıxarsaq, gələcək nəsillər üçün böyük iş görmüş olarıq.” Ulu öndərimiz bərpanın geniş miqyasda aparılmasının vacibliyini söyləmiş, bunun üçün hökumət nümayəndələrinə lazımi tapşırıqlar vermişdi. Qeyd etmək lazımdır ki, yalnız Heydər Əliyevin saraya gəlişindən sonra bu istiqamətdə əsaslı dönüş yarandı. Ümummilli liderimiz Heydər Əliyev dövlətçilik rəmzimiz olan Şirvanşahlar Sarayının bütün dünyaya tanıdılması və təbliğində yalnız bərpa işləri deyil, həm də Şirvanşahlar Sarayının dünya muzeylərində olan varidatının qaytarılması məsələsi ilə də məşğul olmağın vacibliyini söyləmişdi. Məhz onun Şirvanşahlar Sarayına gəlişindən sonra, 31 may 1999–cu il tarixində Azərbaycan Respublikasının hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Kredit sazişi imzalanmış və Dünya Bankı bu sazişə əsasən, dörd memarlıq abidəmizin: “Möminə xatın”, “Qarabağlar” türbələri, Şəki xan sarayı və Şirvanşahlar Sarayının bərpasına kredit ayırmışdır. Şirvanşahlar Sarayının II mərtəbəsinin bərpası üzrə elan edilmiş tenderdə italyan kampaniyası “İmpresa Poushain” qalib gəlmiş və bərpa işlərinin görülməsi məqsədi ilə bu şirkətlə 2002–ci ilin fevralında kontrakt imzalanmışdır. Bərpa işləri layihəsinin müəllif qrupunun rəhbəri memar, professor Niyazi Rzayev olmuşdur. 2004–cü ildə Şirvanşahlar Sarayının bərpasının təqdimat mərasimi oldu, lakin çox təəssüflər olsun ki, biz onu ulu öndərimiz olmadan keçirməli olduq. Təsəllimiz odur ki, Heydər Əliyevin sönməz ideyalarının davamçısı olan layiqli siyasi varis, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə addımlayırıq. Bu isə o deməkdir ki, dövlətimiz etibarlı əllərdədir.
Sevil MƏMMƏDOVA,
“Şirvanşahlar
Sarayı Kompleksi”
Dövlət
tarixi–memarlıq qoruq–muzeyinin
direktor müavini
Respublika.- 2013.- 28 aprel.- S. 7.