UNUDULMAZ İNSAN, BÖYÜK ALİM

 

Zərifə xanım hər kəsə müyəssər olmayan bir ömür yaşamışdır. O, xoşbəxt bir insan idi, adi həkimlikdən Milli Elmlər Akademiyasının akademikliyinə, professorluğa qədər yüksəlmiş, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur.bir təşkilatçı kimi harada işləmişsə, özünü istedadlı bir insan kimi göstərmişdir. Təbiətin ona bəxş etdiyi fitri istedad, tükənməz bilik, yaradıcılıq qabiliyyəti bütün fəaliyyəti prosesində onun fərqli cəhətləri olmuşdur.

Zərifə xanım 1942–ci ildə Bakı şəhərində orta məktəbi bitirərək Tibb İnstitutuna daxil oldu, elə tələbəlik illərində nə qədər dərin zəkaya malik olduğunu dəfələrlə sübuta yetirdi. 1947–ci ildə ali təhsilini uğurla başa vuran Zərifə xanım Moskvada Ümumittifaq Həkimləri Təkmiləşdirmə İnstitutunda təcrübə qazandı, elmi–tədqiqat müəssisələrində işlədi, “Traxomanın digər terapiya üsulları ilə birgə sintomisinlə müalicəsi” mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi aldı.

Görkəmli alimin əsas elmi fəaliyyət istiqaməti peşə oftalmologiyası olmuşdur. Uzun illər boyu Azərbaycanın sənaye müəssisələrində elmi–tədqiqat işləri apararaq bu işləri təcrübi cəhətdən reallaşdırmış, irəli sürdüyü müddəaları uğurlu şəkildə əsaslandırmışdır. O, Moskvada “Azərbaycanın bəzi kimya sənayesi müəssisələri işçilərində görmə orqanının vəziyyəti” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almış, həmin sahənin ilk tədqiqatçısı kimi məşhurlaşmışdır.

Tez bir zamanda Zərifə xanımın səsi dünyanın müxtəlif simpoziumlarından, elmi–nəzəri konfransların tribunalarından eşidildi. 1983– ildə nəzəri və təcrübi təbabətdə qazandığı nailiyyətlərə, elmi təcrübələri praktikada geniş tətbiq etdiyinə, yüksəkixtisaslı kadrların hazırlanmasında bilavasitə iştirak etdiyinə və sair uğurlarına görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçildi.

Görkəmli həkim peşə fəaliyyəti zamanı görmə orqanlarında əmələ gələn xəstəliklərin yayılmasının qarşısını almaq sahəsində səmərəli aparırdı. O, zavodlarda, fabriklərdə, istehsalatın digər sahələrində görmə orqanlarını müxtəlif təsirlərdən, toksinlərin müdaxiləsindən mühafizə etmək tədbirlərinin əsasını qoydu, təbabət elminin bu sahəsində böyük bir məktəb yaratdı. Əldə etdiyi uğurlu nəticələrə görə Zərifə xanım o dövrün ən yüksək mükafatlarından olan M.Averbax adına mükafata layiq görüldü. Qeyd etmək lazımdır ki, Zərifə xanım bu mükafatı alan ilk qadın–oftalmoloq olmuşdur.

Qəlbinin bütün gücü ilə bağlandığı peşə oftalmologiyası Zərifə xanımın məşğul olduğu yeganə elm sahəsi deyildi. O, həm də alternativ təbabət sahəsi olan iridodiaqnostikanı bir elm kimi tədqiq edən xadim olmuşdur. “İridodiaqostikanın əsasları” monoqrafiyası Zərifə xanım Əliyevanın tibb elminə bəxş etdiyi fundamental əsərdir. Bundan əlavə, “Terapevtik oftalmologiya”, “Yaşla bağlı gözün əsəb yollarının dəyişilməsi”, “Həkimin yüksək vəzifəsi”, “Oftalmologiyanın aktual problemləri” əsərləri tibb işçilərinin stolüstü kitablarıdır.

Ümumiyyətlə, belə hesab edirəm ki, bu gün Azərbaycanda, eləcə də keçmiş Sovet respublikaları məkanında göz xəstəliklərinin müalicəsi və profilaktikasında istifadə olunan yeniliklərin böyük bir qisminin bünövrəsini unudulmaz alim Zərifə xanım Əliyeva qoymuşdur. O, oftalmologiyanın aktual problemlərinə, müalicə metodlarına həsr olunmuş çoxpilləli elmi tədqiqatlar apararaq, göz xəstəliklərinin müayinəsində və aradan qaldırılmasında mühüm rol oynamışdır. Ötən əsrin ortalarında respublikada traxomanın baş alıb getdiyini yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar. O vaxt Zərifə xanım rayonları, kəndləri addım–addım gəzərək var qüvvəsini bu böyük bəlanın kökünün kəsilməsindən ötrü əsirgəmədi, yüzlərlə, minlərlə insanın gözünün nurunun əskilməməsi üçün bütün tədbirləri gördü. O dövrün insanları bunu indi də minnətdarlıqla yada salırlar.

Biz, bir həkim kimi, Zərifə xanımın gənc mütəxəssislərə qayğısının şahidiyik. O, həkimlərimizə və tibb işçilərinə müxtəlif problemlərin həllində hər cür kömək göstərmişdir. Onun çoxsaylı çıxışları, monoqrafiyaları, məqalələri cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynamışdır. Görkəmli pedaqoqunBöyük etimad” əsəri hər bir dövrdə karımıza gəlmişdir, indi də bizə düzgün yol göstərir.

Zərifə xanım Əliyevanı təkcə böyük elm xadimi kimi deyil, həm də Azərbaycan qadınlığının mücəssəməsi kimi anırıq, bu şəxsiyyətin simasında Azərbaycan anasının müqəddəs cizgilərini görürük. Onun ulu öndər Heydər Əliyevlə qurduğu ailə, birgə ömür sürdüyü illər olduqca ibrətamizdir. Hazırda Zərifə xanımın müqəddəs məzarını ziyarət edən hər kəs bu iki böyük insanın məzarlarını bir–birindən ayırmırlar. Onları yaxından tanıyan adamlar, həqiqətən, onların ailə səadətinə heyran olduqlarını böyük ehtiramla xatırlayır və gül–çiçəklə qeyd edirlər. Müxtəlif çətinliklərə, işlərin başdan aşmasına baxmayaraq, ailəni qoruyub saxlamaq, onun məişəti və tələbatı ilə gündəlik, hər saat və hər an məşğul olmaq, layiqli övladlar böyüdüb ərsəyə yetirmək Zərifə xanıma nəsib olan əsas cəhətlər idi. O, həmin müqəddəs vəzifələrin öhdəsindən öz həyatını tərk edənə kimi ləyaqətlə gəldi, bütün xalqa nümunə göstərdi. Zərifə xanımın xalqımız qarşısında ən böyük xidmətlərindən biriodur ki, Azərbaycanın xoşbəxtliyi və gələcəyi naminə möhtəşəm işlərlə ad qazanmış, respublikamızı qısa müddətdə lider ölkələrdən birinə çevirmiş İlham Əliyev kimi bir övlad tərbiyə edib yetişdirmişlər.

Bu gün dərin iftixar hissi ilə söyləmək olar ki, Zərifə xanım Əliyeva kimi insanların arzuları uğurla həyata keçirilir. Əhalinin sağlamlığının qorunması dövlətin prioritet məsələlərindən birinə çevrilmişdir. Səhiyyəni inkişaf etdirmək, bu sahənin madditexniki bazasını möhkəmləndirmək, tibb ocaqlarını kifayət qədər tibb kadrları və müasir avadanlıqlarla təmin etmək ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən olunmuş islahatların tərkib hissəsidir. Sürətli inkişaf, sosial həyatın dinamik ritmi, ölkədə baş verən müsbət proseslər tibb sahəsinə də əhəmiyyətli təsirini göstərir, xidmətin keyfiyyətinin yüksəldilməsində qarşıya qoyulmuş möhtəşəm vəzifələr layiqincə yerinə yetirilir.

Salyan rayonundakı tibb xidməti müəssisələrinin işi bu sahədə görülən işlər sahənin davamlı inkişafına aydın sübutdur. Kollektivin üzvləri insanların sağlamlığını təmin etməkdən ötrü səy göstərir, öz doğma peşələrinə məsuliyyətli münasibət bəsləyir, bütün bacarıq və biliklərini vətəndaşların cansağlığının keşiyində sayıq dayanmağa sərf edirlər. Dövlətimizin rəhbəri cənab İlham Əliyev rayonumuzda olarkən xəstəxanada gördüyümüz işlərlə ətraflı tanış olmuş, öz məsləhət və tövsiyələrini vermiş, kollektivimizə əməli kömək göstərmişdir. Rayonun rəhbərliyi bu sahəyə böyük tələbkarlıqla yanaşır. Ona görə də burada insanların sağlamlığının qorunmasına ciddi münasibət bəslənilir, səhiyyə xidmətinin yüksəldilməsi sahəsində müntəzəm olaraq təsirli tədbirlər hazırlanıb həyata keçirilir.

Hazırda Zərifə xanım Əliyevanın yubileyi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Həmin məqsədlə rayondakı peşə məktəbində, Müəllimlər İnstitutunun rayon filialında, orta məktəblərdə göz xəstəliklərinin aşkarlanması, diaqnostikası və müalicəsi işləri görülmüşdür.

Zərifə xanım Əliyevanın xatirəsi həmişə ürəklərdə yaşayacaq, bizlərə nümunə olan ömür yolu nəsillərin yaddaşında yüksələn vətənpərvərlik və humanizm rəmzi kimi qalacaq.

 

 

Hüseynağa HƏSƏNOV,

Salyan Rayon Mərkəzi

Xəstəxanasının baş həkimi

 

Respublika.- 2013.- 28 aprel.- S. 8.