Görkəmli oftalmoloq alim anılmışdır

 

Ucar Rayon İcra Hakimiyyətinin və YAP Ucar Rayon Təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90–cı ildönümü münasibəti ilə Ucar rayonu Qazıqumlaq kəndinin xəstəxanasında geniş anım mərasimi keçirildi. İlk öncə Zərifə xanım Əliyevanın adı verilmiş bu əzəmətli binada onun büstü önünə tər çiçəklər qoyuldu, dualar oxundu. Rəsmi hissəni Ucar Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov açaraq görkəmli alim, nəcib insan, akademik Zərifə xanımın geniş, mənalı, zəngin həyat yolundan danışaraq XX əsrin tanınmış alimlərindən biri olduğunu bir daha diqqətə çatdırdı. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və onun dünyada tanıdılmasında əvəzsiz xidmətindən danışıldı, oftalmologiya elminin yüksəklərə qaldırılmasında müstəsna rolu qeyd edildi. Məhz bu səbəbdən də hər il unudulmaz alimin, görkəmli şəxsiyyətin anadan olmasının ildönümü münasibəti ilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını almışdır. Bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş edən Zərifə xanım Əliyeva, müstəqil dövlətimizin banisi və yaradıcısı, böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevin ömür–gün yoldaşı, etibarlı silahdaşı kimi də daim xatirələrdə yaşayır və müasir Azərbaycan qadınlarına nümunədir.

Ucar Rayon Qadınlar Şurasının sədri Səriyyəxanım Abbasova qeyd etdi ki, akademik Zərifə Əliyeva nurlu şəxsiyyətində uca yaradanın yalnız sevdiklərinə bəxş edə biləcəyi gözəl, bənzərsiz keyfiyyətləri tamamlayırdı. Zahiri və daxili gözəllik, mehribanlıq, həssaslıq, ziyalılıq, bir sözlə, yüksək insaniyyətə xas bütün müsbət cəhətlər onun xarakterində cəmləşmişdi. İnsanpərvər, xeyirxah, mehriban insan olaraq hamının dərdini, problemini özününkü hesab etməyi bacarır, insanları sevirdi. Məhz belə mənəviyyat nümunəsi olduğu üçün milyonların qəlbində ehtiramla, rəğbətlə xatırlanır.

Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zeynal Bayramlı diqqətə çatdırdı ki, Zərifə xanım Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparmışdır. Görkəmli alimin 200–dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını saxlayır.

Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş, tibb elmləri doktoru olan atası Əziz Əliyevin yolunu davam etdirən Zərifə xanım insanların gözünə nur vermək kimi müqəddəs yol seçmişdir. Oftalmologiya ixtisasına bağlılığı onun daxilindən, mənəvi dünyasından irəli gəlirdi. Elə peşəsində qazandığı uğurlar da məhz bu keyfiyyətləri ilə bağlı idi. Xəstələrini doğmalarından ayırmır, insanları zülmətdən qurtarmaq, onların gözlərini nura boyamaq üçün qəlbinin odunu əsirgəməmişdir.

Zərifə xanımın gələcəyi görmə qabiliyyəti, geniş erudisiyası, böyük zəkası, müdrikliyi, yüksək təhsili, klassik ümumbəşəri irsin rolunu dərindən dərk etməsi ona bütün respublikada müasir elmin, incəsənətin əsaslarının, digər ümumbəşəri humanitar nailiyyətlərin öyrənilməsini və mənimsənilməsini tətbiq etməyə imkan vermişdi. Bəli, uca yaradan Zərifə xanıma belə bir qeyri–adi qabiliyyət vermişdi. O, müasir xanımlarımız üçün alim qadın idealı, mükəmməl insan və bənzərsiz vətəndaş nümunəsidir.

Ən əsası, görkəmli dövlət və elm xadimi Əziz Əliyev ailəsində göz açan Zərifə xanım Əliyeva türk dünyasının qüdrətli şəxsiyyəti ulu öndər Heydər Əliyevin vəfalı ömür–gün yoldaşı olmuşdur. Onun böyük xidmətlərindən biri də budur ki, dünyaya Azərbaycanın Prezidenti İlham Əliyev kimi lider bəxş etmişdir.

 

 

Zabit Xəlilov

 

Respublika.- 2013.- 28 aprel.- S. 8.