Ulu öndərin zəngin irsi öyrənilir

 

Yasamal rayonunda 2008–ci ildə yaradılmış, 2012–ci ildən isə respublika Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyinə verilmiş bu mərkəzin yaradılmasında məqsəd ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, irsinin dərindən öyrədilməsi, tədqiqi, geniş təbliği, gənc nəslin ümummilli liderin həyat və fəaliyyəti ilə yaxından tanış edilməsi və onlarda yüksək vətənpərvərlik hissinin möhkəmləndirilməsindən ibarətdir.

Mərkəz eksponatlar və ədəbiyyatlarla təmin olunmuşdur. Burada tez–tez Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti haqqında “dəyirmi masa”lar, disputlar, konfranslar, kinofilmlərin nümayişi, ulu öndərə həsr edilmiş yeni kitabların təqdimetmə mərasimləri keçirilir. Yeniyetmə və gənclərimiz internet vasitəsilə müvafiq saytlardan dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsi, həyat və fəaliyyəti haqqında məlumatları öyrənmək, müxtəlif kitabxanalarda olan kitabların elektron variantlarının mənimsənilməsi, internet səhifəsi yaratmaqla mərkəzin fəaliyyətini, Heydər Əliyevin həyat və fəaliyyətini beynəlxalq aləmə geniş şəkildə təqdim etmək və yaymaq imkanı əldə edirlər.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə xanım Ömərova ilə söhbət edərkən o qeyd etdi ki, mərkəzdə yaradılmış “Muzey” bölməsində də Heydər Əliyev irsinin öyrənilməsi sahəsində böyük iş aparılır. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün ömür yolunu və fəaliyyətini əks etdirən fotostendlər, eksponatlar tamamilə zənginləşdirilmişdir.

Mərkəz ulu öndərin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013–cü il tarixli sərəncamını əldə rəhbər tutaraq xüsusi Tədbirlər Planı hazırlamışdır.

Son bir neçə ay ərzində 20 Yanvar faciəsinin 23–cü ildönümünə, “Gənclər günü”nə, Xocalı soyqırımına həsr olunmuş tədbirlər və “Sağlam ailə cəmiyyətin əsasıdır”, “Müstəqil Azərbaycan idmanın yüksəlişində Heydər Əliyev fenomeni” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

 

 

Zabit CAVADOV

 

Respublika.- 2013.- 28 aprel.- S. 9.