Səhiyyə işçiləri ulu öndəri ehtiramla yad edirlər

 

Göyçay rayon səhiyyə işçiləri ulu öndərə həsr olunmuş yığıncaq keçirmişlər. Rayon mərkəzi xəstəxanasının baş həkimi Famil Zeynalov tədbiri açmış, baş həkimin müavini, YAP rayon təşkilatının sədr müavini Ləman Hacıyeva “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda məruzə etmişdir.

Ləman Hacıyeva çıxışında qeyd etmişdir ki, Heydər Əliyev hakimiyyəti illərində Azərbaycanda yüksək inkişaf, cəmiyyətin bütün sahələrində olduğu kimi, demək lazımdır ki, səhiyyədə də davamlı tərəqqi üçün real zəmin yaratdı. İstər sovetlər dönəmində, istərsə də müstəqillik dövründə Azərbaycan səhiyyəsində yaxşı nə varsa, demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkədə aparılan sosial–iqtisadi və hüquqi islahatlar, həmçinin səhiyyə sistemində də öz əksini tapdı. Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi təkmilləşdirildi və dövrün tələblərinə cavab verən qanunvericilik bazası yaradıldı.

Respublikada fəaliyyət göstərən səhiyyə ocaqları mütəmadi surətdə yeni–yeni müasir avadanlıqlarla təchiz olundu, xəstəxanalar modernləşdirildi, bir sözlə, əhalinin sağlamlığının qorunması, ən geniş yayılmış xəstəliklərin müalicəsi yolunda geniş imkanlar açıldı.

Dünyanın böyük siyasətçiləri həmişə belə hesab etmişlər ki, “Ən dağıdıcı müharibələr belə infeksiyalar qədər tələfat vermir”. Ona görə böyük dövlət xadimi, görkəmli siyasətçi Heydər Əliyev öz zəngin təcrübəsindən istifadə edərək, vətəndaş müharibəsinin, hərc–mərcliyin qarşısını almaqla, ağır sosial problemləri həll etməklə bərabər, insanların sağlamlığının qorunması üçün də çox önəmli addımlar atmağa başladı.

1990–cı illərin əvvəllərində dəhşətli bir xəstəlik, insanları ömürlük iflic edən poliomielit Azərbaycanda geniş yayılmışdı. Möhtərəm Prezidentimiz 1993–cü ildən başlayaraq dünyanın humanitar təşkilatlarına müraciətlər etdi. 1994–cü ilin dekabr ayında Nyu–Yorkda UNİCEF–lə qarşılıqlı müqaviləyə əsasən ölkəyə vaksin və şprislər gətirildi. Çox qısa müddətdə biz Dünya Səhiyyə Təşkilatının “Mekakar” əməliyyatına qoşulduq və ulu öndər Heydər Əliyev özü bu əməliyyata rəhbərlik etdi. 1995–ci il aprelin 7–də Ş.Ələsgərova adına doğum evinə gəldi və dünyaya yenicə gəlmiş körpəyə ilk zərdabı özü verdi. Bu xəstəliyə görə Avropada birinci yerdə olan Azərbaycanda həmin xəstəliyin kökü tamamilə kəsildi. Ümummilli liderimizin dəstəyi nəticəsində Azərbaycan poliomielitsiz ölkə sertifikatı aldı.

Həmin illərdə Azərbaycanda difteriya xəstəliyi də geniş epidemiya halını almışdı. Hər il yüzə yaxın uşağın həyatını məhv edən bu xəstəlik də məhz ümummilli liderimizin köməyi sayəsində qısa müddətdə aradan qaldırıldı.

1998–ci il martın 13–də ulu öndərimiz “Səhiyyədə islahatlar haqqında” sərəncam imzaladı. Bu sərəncama əsasən respublikamızın bir necə rayonunda, o cümlədən Göyçayda da islahatlar həyata keçirildi.

İslahatlar çərçivəsində yaradılan 8 sağlamlıq mərkəzi tibbi avadanlıq və inventarlarla təchiz edildi.

“Həkimlərin bir nömrəli dostu” adlandırılan Heydər Əliyevin 4 iyun 2001–ci il tarixli fərmanı ilə hər il 17 iyun Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

1992–ci ilin soyuq noyabr günlərinin birində Naxçıvanda artıq sıralarında kifayət qədər qüvvənin cəmləşdiyi partiyanın təsis konfransı oldu və Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın ictimai–siyasi həyatına qədəm qoydu.

Təcili yardım stansiyasının müdiri Əli Əsgərov, uşaq xəstəxanasının baş həkimi Şaban Osmanov, poliklinikanın müdiri Arzu Burcəliyev, tibb bacısı Sevinc Əhmədova və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışmışlar.

Bütün natiqlər öz çıxışlarında əminliklə bildirdilər ki, Heydər Əliyevin apardığı uğurlu siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

 

 

Vəli İlyasov

 

Respublika.- 2013.- 28 aprel.- S. 9.