İMİŞLİ:
SABAHA DOĞRU SÜRƏTLİ ADDIMLAR
Ölkəmizin gözəl guşələrindən olan İmişli Aran bölgəsinin aparıcı rayonlarından biridir. Buranın bərəkətli torpaqlarında əmək bulaq kimi qaynayır, böyük ruh yüksəkliyi hökm sürür, rayon əhalisinin quruculuq səyləri hər yerdə özünü nümayiş etdirir.
Qısa müddət ərzində rayonun yaşayış məntəqələrinin siması büsbütün dəyişmişdir. 2012–ci ilin oktyabr ayında Prezident İlham Əliyevin İmişli rayonunda olması və burada inşa edilən obyektlərin açılışında iştirak etməsi imişlilərin böyük ruh yüksəkliyinə səbəb olmuşdur. İmişliyə son vaxtlar yolu düşən hər kəs əyani şəkildə görür ki, quruculuq tədbirləri nə qədər genişlənmişdir. Küçə və meydanlarda Heydər Əliyev adına parkda və onlarca digər sahələrdə görülən işləri saymaqla qurtaran deyil.
2013–cü
ilin birinci rübündə uğurlar daha da
artmışdır. Birinci rübün yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
geniş iclasda da görülmüş işlər ətraflı
təhlil edildi, qeyd olundu ki, bu dövr imişlilər
üçün uğurlu olmuşdur. İqtisadiyyatın əsas
sahələri üzrə 70 milyon manatlıq məhsul istehsal
olunmuş və ya xidmət göstərilmiş, ümumdaxili
məhsul ötən ilin müvafiq dövrü ilə
müqayisədə 2,1 faiz artmışdır. Bu artım
ticarətdə 42,4 faiz, kənd təsərrüfatında 28
faiz, rabitədə 6,9 faiz, nəqliyyatda 4,1 faiz təşkil
etmişdir. Rüb ərzində ümumdaxili məhsul
istehsalı struktur tərkibinə görə sənaye üzrə
37 faiz, kənd təsərrüfatı üzrə 23,9 faiz,
tikinti üzrə 18,6 faiz, ticarət üzrə 18 faiz, nəqliyyat
üzrə 2,3 faiz, rabitə üzrə 0,2 faiz olmuşdur.
Ümumiyyətlə götürdükdə, rayonun
iqtisadiyyatında sənaye və aqrar bölmələr
üzrə məhsul istehsalı aparıcı yer tutmuşdur.
İmişli
rayonunun torpaqları olduqca bərəkətlidir, bütün ərazidə
məhsuldarlığı artırmaqdan ötrü münbit
şərait mövcuddur. Pambıqçılıq,
taxılçılıq və heyvandarlıq rayon əməkçilərinin
əsas məşğuliyyət sahələridir. Onlar
torpaqların qədrini bilir, onun nemətlərindən yetərincə
faydalanırlar, bütün torpaq mülkiyyətçiləri,
adlı–sanlı fermerlər çox əməksevər
insanlardır.
Rayonda
cari ilin məhsulu üçün 10757 hektar sahədə
buğda, 520 hektarda arpa, 191 hektarda kartof, 420 hektarda şəkər
çuğunduru, 139 hektarda tərəvəz, 11 hektarda bostan
məhsulları əkilmişdir. Hazırda əkinlərə
aqrotexniki qaydada qulluq edilir.
Heyvandarlıq
və quşçuluq sahələrinin inkişaf etdirilməsinə
xüsusi diqqət yetirilmişdir. Rayon üzrə
mal–qaranın sayı 89500 başa, qoyunların sayı 240470
başa, quşların sayı 1304660 başa
çatmış, əvvəlki ilin müvafiq dövrünə
nisbətən iribuynuzlu mal–qara 1712 baş, qoyunlar 5575 baş,
quşlar 32700 baş çoxalmışdır. Bütün
heyvandarlıq sahələri üzrə istehsal
artmışdır. İmişli rayon Aqroservis filialı tərəfindən
fermerlerə kifayət qədər xidmət göstərilmişdir.
İlin
birinci rübündə emal sənayesinin inkişafı
üçün görülən işlər də davam
etdirilmiş, gün ərzində 200 ton kəllə qənd
istehsal etmək gücündə olan İmişli Şəkər
Zavodunun nəzdində kəllə qənd zavodu,
qarışıq yem, bitki yağları, spirt emalı,
çuğundur, yemqurutma sexləri, Qaragüvəndikli kəndinin
ərazisində damazlıq yumurta istehsalat edən “Araz
damazlıq quşçuluq” MMC–nin yeni sexləri, Bəhramtəpə
qəsəbəsində 50 min tonluq taxıl anbarı və Xəlfəli
kəndi ərazisində yeni asfalt zavodu tikilib istifadəyə
verilmişdir.
İmişli
şəhəri əsl tikinti meydançasına
çevrilmişdir. Görülən işlər nəticəsində
İmişli şəhərinin siması tamamilə dəyişmiş,
şəhər son dərəcə müasirləşmişdir.
Ötən müddət ərzində şəhərin Bayraq
meydanında, Heydər Əliyev prospekti, Həsənoğlu,
Aşıq Ələsgər, M.Əsədov, 20 Yanvar, M.Əzizbəyov,
H.Aslanov və S.Ağamalıoğlu küçələrində
yenidənqurma işləri davam etdirilmişdir. Heydər Əliyev
prospektindəki səkilərə plitələr döşənmiş,
fərdi evlərin həyətə giriş qapıları
eyni formalı darvazalarla əvəz olunmuşdur. 6 hektar ərazidə
yerləşən Heydər Əliyev parkında da abadlıq və
yenidənqurma işləri davam etdirilmiş, parkın ərazisindəki
ictimai və inzibati binaların ağlay üzlük
daşlarla üzlənməsi, binaların dam örtüklərinin
dəyişdirilməsi başa çatdırılmış,
parkda müasir işıqlandırma sistemi, fəvvarələr
quraşdırılmış, yaşıllıqlar
salınmışdır. Heydər Əliyev Mərkəzi
üçün yeni bina istifadəyə verilmişdir. Sahəsi
2000 kv.m olan Mərkəzdə konfrans zalı, elektron kitabxana,
dərnəklər, internet klublar, xarici dil kursları fəaliyyətə
başlamışdır. İmişli Regional Ədliyyə
Şöbəsi üçün dördmərtəbəli
inzibati binanın inşası davam etdirilmiş, bu işin
avqust ayına kimi başa çatdırılması nəzərdə
tutulmuşdur. Şəhərin mərkəzində “Gənclər
mərkəzi”nin tikintisi qurtarmışdır. Bundan başqa,
rayon tarix–diyarşünaslıq muzeyi əsaslı təmir
olunmuş, muzeyin daxili tərtibatı, baxış zalları
yenidən qurulmuş, buradakı eksponatların sayı 4000–ə
çatdırılmışdır. Dəmiryolu
vağzalının inzibat binası və vağzal
meydanında hasarlar ağlay üzlük daşları ilə
üzlənmiş, işıqlandırma sistemi
quraşdırılmışdır. Hazırda şəhər
ərazisindəki M.Sabir və Nizami adına parklarda da yenidənqurma
və abadlıq işləri aparılır, istismara
yararsız binalar sökülərək müasir tələblərə
cavab verən yeni obyektlər tikilir.
“Azərbaycan
Respublikası regionlarının 2009–2013–cü illərdə
sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrası ilə bağlı 2013– cü ilin birinci
rübündə şəhər 5 saylı, Hacıbabalı
kənd ümumi orta məktəbləri üçün yeni
binaların tikintisi davam etdirilmiş, Cavadxanlı, Buludlu, Cəfərli,
Sarıxanlı kənd məktəblərində bərpa
işlərinə və yeni sinif otaqlarının tikintisinə
başlanılmışdır.
Qarabağ
müharibəsi əlilləri və şəhid ailələrinin
mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
tikiləcək 6 mərtəbəli 54 mənzilli ictimai
yaşayış binasının tikintisi üçün
torpaq sahəsi ayrılmışdır. Rayonda məskunlaşmış
məcburi köçkünlərin mənzil şəraitini
yaxşılaşdırmaq məqsədilə Bəhramtəpə
qəsəbəsi ərazisində 550 məcburi
köçkün ailəsi üçün yeni evlərin
tikintisi nəzərdə tutulmuş, bunun üçün 100
hektar torpaq sahəsi ayrılmışdır. Hazırda 325 məcburi
köçkün ailəsi üçün fərdi
yaşayış evlərinin tikintisi başa
çatmış, qəsəbədə 360 şagird yerlik 2
yeni məktəb binası tikilmiş, 50 yerlik uşaq
bağçası, inzibati bina, klub, feldşer–mama məntəqələrində
inşaat işləri davam etdirilir. Qəsəbəyə
elektrik və su xətləri çəkilmiş, hazırda təbii
qaz xəttinin çəkilişi aparılır.
İmişli
şəhərinin su təchizatının yenidən
qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar
“Milli su təchizatı və kanalizasiya xidmətləri
üzrə ikinci layihə” çərçivəsində
tikinti işləri davam etdirilir. Hazırda Beyləqan rayonunun
Aşıqlı kəndi ərazisində qazılması nəzərdə
tutulmuş 5 ədəd artezian quyusundan 2 ədəd kəşfiyyat
quyusu qazılıb istismara tam hazır vəziyyətdədir,
4 ədəd quyuda isə qazma işləri aparılır.
29,5 kilometrlik Beyləqan–İmişli magistral su xəttinin,
1500 kubmetrlik və 2 ədəd 2500 kubmetrlik su anbarının
tikintisi başa çatdırılmış, bu xətt
üzərində yerləşən Şahverdili, Göbəktala,
Məhəmmədli və Rəsullu kəndlərini içməli
su ilə təmin etmək məqsədilə
çıxışlar qoyulmuşdur. Şəhərdaxili
kanalizasiya xəttinin tikinti işləri başa
çatmış, kanalizasiya xətti çəkilərkən
230 ədəd dəmir–beton quyu, su kameraları inşa
olunmuş, 2690 evə su xətti çəkilmişdir. Kəndlərin
su təchizatını yaxşılaşdırmaq, əhalini
ekoloji cəhətdən təmiz içməli su ilə təmin
etmək məqsədilə indiyədək rayonun 13
yaşayış məntəqəsində modul tipli sutəmizləyici
qurğular quraşdırılıb əhalinin istifadəsinə
verilmişdir.
2013–cü
ilin birinci rübü ərzində Ağsu–Kürdəmir–Bəhramtəpə,
İmişliyə giriş və Hacıqabul–Bəhrəmtəpə–Mincivan
avtomobil yolunun bəzi yerlərində təmir işləri
aparılmış, 36 saylı Yol İstismarı idarəsi tərəfindən
110 min manatlıq yol tikintisi işləri yerinə
yetirilmişdir. Xəlfəli–Hacımuradlı yolu
hamarlanmışdır. Hacıqabul–Bəhramtəpə və
İmişli–Biləsuvar avtomobil yolu da müvafiq olaraq
Türkiyənin “Kolin” və Azərbaycan “AzərStar” şirkətləri
tərəfindən əsaslı təmir olunur. Hacıqabul–Bəhramtəpə
avtomobil yolunda torpaq yatağının və yol əsasının
tikintisi davam etdirilir.
Rayon ərazisində
2715 metr məsafəyə SİP kabeli, 12110 metr məsafəyə
isə naqil xətləri çəkilmiş, 956 ədəd
elektron tipli sayğaclar quraşdırılmışdır.
Rüb ərzində 22 ədəd müxtəlif gücdə
olan transformator təmin edilmiş, 28 ədəd istismara
yararsız ağac dayaqlar yeniləri ilə əvəz
olunmuş, 35 ədəd dəmir–beton dayaqlar qoyulmuşdur.
Rayon qaz istismar sahəsi tərəfindən İmişli
şəhərinin qazlaşdırılması işi davam
etdirilmiş, xeyli abonentin evinə təbii qaz xətti çəkilmişdir.
Hazırda 6 mindən çox abonent təbii qazdan istifadə
edir. Təhsil sahəsində mühüm işlər həyata
keçirilir. Mədəniyyət müəssisələrinin
işi müasir tələblərə cavab verir.
Rayonda təhsilin
səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi
məqsədilə mühüm tədbirlər
görülür. Hazırda 63 ümumtəhsil məktəbində
15,5 minə qədər şagird təhsil alır, onların
təlim–tərbiyəsi ilə 1545 müəllim məşğul
olur. Rüb ərzində bir sıra məktəb binaları təmir
olunmuşdur. Məktəblərin texniki təchizatına diqqət
artırılmış, ümumtəhsil ocaqlarına kifayət
qədər şagird partası, stol və stul, kompyuter
avadanqlıqları, digər müasir tədris vasitələri
verilmişdir.
Mədəniyyət
və turizm sahəsində görülən tədbirlərin
miqyası da getdikcə genişləndirilir. 1 mədəniyyət
sarayı, 7 mədəniyyət evi, mərkəzi kitabxana, 46
kitabxana filialı, 27 klub müəssisəsi, muzey, 2 musiqi məktəbi,
mədəniyyət və istirahət parkları, rəsm
qalereyası sakinlərə nümunəvi xidmət göstərir.
Gənclərin hərbi–vətənpərvərlik tərbiyəsi,
asudə vaxtlarının təşkili, onların idmana cəlb
edilməsi sahəsində ardıcıl və məqsədyönlü
iş aparılır. 121 idman qurğusu, 3 bədən tərbiyəsi
və sağlamlıq mərkəzi, 8500 yerlik stadion, olimpiya
idman kompleksi uşaqların və yeniyetmələrin,
cavanların ixtiyarındadır.
Prezident
İlham Əliyevin həyata keçirdiyi tədbirlər
sırasında səhiyyə ocaqlarının fəaliyyəti,
onların müasir avadanlıqlarla təchizatı, yeni
müalicə–profilaktika və diaqnostika müəssisələrinin
istifadəyə verilməsi, tibb kadrlarının
hazırlanması və yerləşdirilməsi, vətəndaşlara
xidmətin yaxşılaşdırılması və sair
problemlərin həlli ən öncül vəzifələrdən
hesab edilir. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü
ilə uzun illərdən bəri bərbad hala
düşmüş mərkəzi xəstəxanaya təzə
elektron müayinə cihazları və müasir avadanlıqlar
alınmış, yeni şöbələr
yaradılmış, istilik və elektrik enerjisi ilə fasiləsiz
təminat üçün lazımi tədbirlər həyata
keçirilmişdir. Hazırda burada 11 şöbə fəaliyyət
göstərir, bunların arasında cərrahiyyə, terapiya,
yoluxucu xəstəliklər, uşaq, doğum, təcili və
təxirəsalınmaz yardım şöbələrinin
xüsusi yeri vardır. Bu yaxınlarda xəstəxanada yeni
Dializ şöbəsi yaradılmışdır ki, burada
üçnövbəli iş sistemi tətbiq olunur, hər
növbədə 5 xəstəyə yüksək keyfiyyətli
xidmət göstərilir. Bəhramtəpə qəsəbə,
Sarxanlı, Qızılkənd, Aranlı, Muradxanlı kəndlərində
fəaliyyət göstərən tibb ocaqlarının işləri
xüsusilə yaxşı təşkil olunmuşdur.
Əldə
olunmuş nailiyyətlərlə kifayətlənmək
İmişlidə yaşayıb yaradan insanların xarakterinə
yaddır, həyata keçiriləsi və yerinə yetirilməsi
nəzərdə tutulmuş işlər hələ
çoxdur. Regionların inkişaf etdirilməsinə dair
Dövlət Proqramının müddəalarını
uğurla yerinə yetirmək üçün cari ildə
rekord göstəricilərə nail olmaq rayon sakinlərinin əsas
vəzifəsidir.
Sabir MUSTAFAYEV
Respublika.- 2013.- 28 aprel.- S. 10.