Biz rabitəçilər
ulu öndərin qayğı və köməyinə güvənirdik
Azərbaycanın çağdaş tarixi dahi siyasətçi, böyük və bənzərsiz dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın böyük oğlu bəşəriyyətin yetişdirdiyi ən böyük şəxsiyyətlərdəndir.
Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün mərhələlərində Azərbaycan xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub yaratmaq amalı ilə yaşamışdır. Özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma vətənini düşünmüş, onu üzləşdiyi çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Azərbaycan tarixinin 1969–cu ildən başlanan mərhələsində—istər keçmiş ittifaq dönəmində, istərsə də müstəqillik illərində qazandığı bütün nailiyyətlərin fövqündə məhz dahi şəxsiyyət Heydər Əliyev fenomeni, qüdrəti və dühası, uzaqgörənliklə həyata keçirdiyi müdrik siyasi kurs dayanıb. Azərbaycan dövlətçiliyinin təməlini ulu öndərimiz hələ o vaxtlar respublikaya rəhbərlik etdiyi zaman yaratmışdır. O, Azərbaycanı sovet dönəmində geridə qalmış respublikadan inkişaf etmiş sənaye ölkəsinə çevirdi. 1969–1982–ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan keçmiş SSRİ–nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrilmiş, ölkəmizin gələcək müstəqilliyi üçün möhkəm təməl yaranmışdır. Həmin dövrdə güclü iqtisadiyyatın təməlinin qoyulmasının nəticəsidir ki, bügünkü müstəqil Azərbaycan qısa bir müddət ərzində yüksək iqtisadi inkişafa nail olmuşdur. Ulu öndərimizin 1993–2003–cü illərdə gördüyü möhtəşəm işlər onun ölkəmizə rəhbərliyinin birinci dövründəki xidmətlərinin davamı kimi səciyyələnir. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü tariximizə quruculuq salnaməsinin ən parlaq səhifəsi kimi daxil olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2013–cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında ulu öndərin tarixi missiyasının ölkəmizin həyatında mühüm rolu xüsusi qeyd olunur: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətimizin tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.
1993–cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı ərəfəsində ölkəmiz az bir müddət ərzində əldə etdiyi müstəqilliyini yenidən itirmək təhlükəsi ilə qarşı–qarşıya qalmışdı. Belə bir ağır vəziyyətdə xalqının səsinə həmişə səs verən ulu öndər vətəni Azərbaycanın taleyinə biganə qalmayaraq Naxçıvandan Bakıya gəldi. Öz həyatını böyük təhlükə altına atmaqla ölkədə vətəndaş müharibəsinin qarşısını almağa nail oldu. Respublikamızda tüğyan edən özbaşınalığın, xaosun, anarxiyanın qarşısı alındı, qanunsuz silahlı dəstələr tərk–silah edildi. Ölkədə sabitlik bərqərar oldu, Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”,—deyib, meydana atılan böyük ürəkli, cəsarətli Vətən oğlunun öz milləti, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi, Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi dövrün unudulmaz səhifələridir.
Ümummilli liderimiz Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsi kimi daim yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Öz şərəfli və möhtəşəm fəaliyyətilə Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətini yaratdı, onun idarəçilik mexanizmini formalaşdırdı. Bu gün qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir. Heydər Əliyev dəfələrlə bəyan etmişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa–olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm, Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə–gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.
Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin və siyasi iradəsinin məntiqi nəticəsi olaraq 1994–cü il sentyabrın 20–də “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin, o cümlədən də rabitə sahəsinin sürətli inkişafına güclü təkan verdi. Onun uzaqgörənliklə həyata keçirdiyi uğurlu neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını mənimsəyən, yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında və Qafqaz regionunda çox mühüm pol oynayan bir dövlətə, dünyanın böyük neft–qaz mərkəzlərindən birinə çevrilmişdir. 1999–cu ildə ATƏT–in İstanbul zirvə toplantısında Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin inşasına dair bağlanmış saziş Azərbaycanın bugünkü iqtisadi inkişafı baxımından müstəsna əhəmiyyətə malik olmuşdur.
Heydər Əliyevin dövlət quruculuğundakı müstəsna xidmətlərindən biri də demokratik və hüquqi islahatların ardıcıl olaraq həyata keçirilməsidir. O, hər şeydən öncə, insan hüquq və azadlıqlarının təminatı məsələlərinə xüsusi diqqət yetirmişdir. Ulu öndərin rəhbərliyi ilə hazırlanan, dünyada mövcud olan ən mütərəqqi hüquqi normaları özündə əks etdirən müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995–ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul olunması respublikamızın inkişaf prioritetlərini müəyyənləşdirmiş, siyasi və iqtisadi islahatların bazisinə çevrilmişdir. Əsas Qanunda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünyəviliyi, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunmasının təməl prinsipləri təsbit olunmuş, insan hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədi kimi önə çəkilmişdir. Yeni Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz azadlığı bərqərar olmuş, dövlətin idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə–hüquq islahatları uğurla davam etdirilmişdir. Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ölüm cəzasının, mətbuat üzərindən senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması və digər işlər demokratik inkişaf yolunda qazanılmış ən mühüm nailiyyətlərdəndir. Azərbaycanın ilk Milli Konstitusiyasında mənəvi sərvətlərimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət səviyyəsinə qaldırıldı, əlifba islahatı həyata keçirildi. Başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya və dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni milli ideologiyanın əsası qoyuldu. Heydər Əliyev erası dünyanın ayrı–ayrı ölkələrinə səpələnmiş milyonlarla azərbaycanlını milli məfkurə əsasında birləşdirib onların tarixi vətənlərinə və dövlətlərinə bağlanmasını, Azərbaycan diasporunun yaradılmasını və möhkəmləndirilməsini təmin etdi.
Böyük öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində ölkə rabitəsinin də inkişafına xüsusi diqqət və qayğı göstərmiş, rabitə və informasiya–kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı tədbirlər, islahatlar həyata keçirmiş, həyatımızın bütün sahələrində olduğu kimi, rabitə sahəsində də intibah və tərəqqi başlamışdır. “Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır”,—deyən ümummilli liderimizin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmiz dünya rabitə sistemində özünə xüsusi yer tutmuşdur. Heydər Əliyev bu mühüm və vacib sahənin respublikamız üçün əhəmiyyətini vurğulayaraq demişdir: “Telekommunikasiya, rabitə, əlaqə böyük əhəmiyyətə malik olan bir sektordur. Bu sektorda bizim nailiyyətlərimiz Azərbaycanın iqtisadi əlaqələrini, insani əlaqələrini, bütün dünya ölkələri ilə əlaqələrini və bütün Azərbaycan Respublikasının həyata keçirəcəyi siyasəti dünya miqyasında bildirməsi üçün çox əhəmiyyətlidir”. Uzaqgörən milli lider qeyd edirdi ki, müasir informasiya–kommunikasiya texnologiyaları sisteminə malik olmayan hər hansı bir dövlətin iqtisadi inkişafından söhbət gedə bilməz. Heydər Əliyev vurğulayırdı ki, o dövlətlər yüksək inkişafa nail olurlar ki, onlar informasiya–kommunikasiya texnologiyalarından geniş istifadə edirlər. Bu səbəbdəndir ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycanın rabitə sisteminin dünya rabitəsinə sürətli inteqrasiyasını, uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə 2003–cü ildə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya–kommunikasiya (İKT) üzrə (2003–2012–ci illər) Milli Strategiya” respublikanın rabitə sistemində çox böyük intibaha səbəb oldu. Uzaqgörənliklə hazırlanmış bu mühüm sənədin ölkəmizdə tətbiqi sahəsində 10 ilə yaxın müddətdə müasir informasiya texnologiyalarının prioritet istiqamətləri müəyyənləşdirilmiş, qloballaşma dövrünün reallıqları nəzərə alınaraq çevik idarəetməni təmin edərək “elektron hökumət”in yaradılması əsas məsələlərdən biri kimi önə çəkilmişdir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan qlobal informasiya cəmiyyətinin qurulmasında ən öndə gedən ölkələrdən birinə çevrilmişdir.
Bakı telefon rabitə sisteminin zəngin inkişaf tarixi də ulu öndər Heydər Əliyevin adı ilə bağlı olub, 1969–1982 və 1993–cü ildən indiyə kimi dövrü əhatə etməklə iki mərhələdən ibarətdir.
Ulu öndər 1969–cu ildə birinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda, Bakının telefon rabitəsi keçmiş SSRİ–nin digər böyük şəhərləri ilə müqayisədə çox geri qalırdı. Bakı keçmiş ittifaqın beşinci böyük şəhəri olsa da, şəhərin telefon şəbəkəsi dövrünə görə köhnə texnologiyalar əsasında qurularaq, təsnifatına görə kiçik tutumlu və telefon nömrələnmə sistemi o dövrlərdə rayon mərkəzlərində olduğu kimi beş rəqəmli idi. Hər yüz nəfərə düşən telefon sayına görə on beş ittifaq respublikalarının paytaxt şəhərləri arasında Bakı on dördüncü yeri tuturdu. Belə bir vəziyyət, əlbəttə, Heydər Əliyev kimi müdrik rəhbəri narahat edirdi. Respublikanın ictimai, siyasi və iqtisadi inkişafında telefon rabitəsinin əhəmiyyətini yüksək qiymətləndirən ulu öndərin göstərişi ilə respublikada, eləcə də Bakıda bu sahədə mövcud olan acınacaqlı vəziyyəti aradan qaldırmaq üçün 1970–ci il iyun ayının 24–də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunda “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” məsələ müzakirəyə çıxarıldı və büroda bu məsələ haqqında xüsusi qərar qəbul etdi. Bundan sonra respublikanın hər yerində, o cümlədən Bakı şəhərində rabitə qurğularının və avtomatik telefon stansiyaların tikintisi üçün münbit zəmin yarandı. Dahi rəhbərin bu sahəyə göstərdiyi xüsusi diqqət nəticəsində cəmi bir il ərzində Bakının telefon şəbəkəsini orta tutumlu şəbəkə səviyyəsinə yüksəltmək üçün altı rəqəmli nömrələnmə sisteminə keçərək, yeni telefon stansiyalarının tətbiqinə imkan yarandı.
Bakı şəhərində telefon şəbəkəsinin problemlərinin həllini daim diqqət mərkəzində saxlayan ulu öndərin göstərişi ilə Mərkəzi Komitə və Nazirlər Soveti 1974–cü il avqust ayının 30–da “Bakı şəhərində telefon rabitəsinin vəziyyəti və onu sürətlə inkişaf etdirmək tədbirləri haqqında” 304 saylı tarixi qərar qəbul etdi. Bu tarixi qərarla ümumi tutumu yüz altmış dörd min dörd yüz nömrəli o dövr üçün müasir olan onlarca avtomatik telefon stansiyaların tikilməsinin və Bakıda telefon rabitəsinin böyük sürətlə inkişaf mərhələsinin başlanğıcı oldu. Şəhər telefon şəbəkəsini genişləndirmək və etibarlı rabitə sistemi yaratmaq üçün əvvəlcə dövrün tələblərinə uyğun infrastruktur yaradılmalı idi. Belə ki, tikiləcək bütün ATS binaları üçün torpaq sahəsi ayrılması, binaların və ATS–lərin layihələndirilməsi, həmin layihələrin SSRİ Plan Komitəsində təsdiq olunması, Moskvadan telefon stansiyaları avadanlıqlarının ayrılması və s. tələb olunurdu. Respublikamızda, o cümlədən Bakı şəhərində belə irimiqyaslı layihələrin həyata keçirilməsi məhz Heydər Əliyevin SSRİ məkanında böyük nüfuzu sayəsində mümkün olurdu. Bu layihədə bina–tikinti xərcləri şəhər sovetinin vəsaiti hesabına, yeraltı telefon kommunikasiyalarının tikintisi, torpağın qazanılması və daşıma işlərinin əksəriyyəti şəhər və rayon ictimaiyyətinin qüvvəsi ilə təmənnasız aparılırdı. Orta hesabla ay ərzində 20–30 kilometr tranşey qazılır, telefon kanalizasiya qurğuları tikilirdi. Bakı şəhər XDS İcraiyyə Komitəsinin rəhbərliyi ilə bütün idarə və müəssisələr səfərbər edilmiş, Rabitə Nazirliyində, Bakı Telefon Rabitəsi Şəbəkəsində, şəhər partiya və icraiyyə komitələrində qərargahlar yaradılmışdı. İşin gedişatı ayda 1–2 dəfə Mərkəzi Komitənin aparıcı şöbələrində və Bakı şəhər Partiya Komitəsində müzakirə olunaraq, hər rayon üzrə verilən tapşırıqların yerinə yetirilməsi haqqında ciddi göstərişlər verilirdi.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70–ci illərində tikilmiş xüsusi binalar və yeraltı telefon–kanalizasiya xətləri infrastrukturu bazası üzərində Bakı telefon və digər rabitə şəbəkələri indi də genişlənir və müasirləşir.
O dövrdə digər sahələrdə olduğu kimi, rabitə sahəsində çalışan rəhbər kadrların və mütəxəssislərin əsasən azərbaycanlı olması üçün xalqın müdrik oğlu uzaqgörən siyasət yeridirdi. Heydər Əliyevin Azərbaycanın müstəqil gələcəyinə hesablanmış addımlarından biri də azərbaycanlı gəncləri keçmiş Sovetlər Birliyinin nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Ulu öndər 1970–80–ci illərdə SSRİ–nin 50–dən artıq şəhərinin 170–dən çox ali məktəbində ölkəmizin elm, təhsil və mədəniyyətinin 80–dən artıq sahəsini əhatə edən 250–dən çox ixtisas, o cümlədən telefon rabitəsi üzrə azərbaycanlı gənclərin ali təhsil almasını bilavasitə həyata keçirib. Azərbaycan Dövlət Politexnik İnstitutuna tələbə qəbulu zamanı Rabitə Nazirliyinin təklifləri nəzərə alınırdı. Beləliklə, 1980–ci ilə qədər rabitə sahəsində kifayət qədər milli kadr ehtiyatı yaranmışdı. Məhz bu potensial sayəsində sonralar müstəqilliyimiz dövründə ölkəmizin və Bakı rabitə şəbəkələrinin normal işi və müasir texnologiyalar əsasında yenidən qurulması həyata keçirildi.
Müstəqilliyimiz dövründə ulu öndər özünün bütün xarici səfərlərində həmin ölkələrin aparıcı şirkətlərini Azərbaycan iqtisadiyyatına, o cümlədən rabitə sektoruna sərmayə qoymağa təşviq edirdi. Heydər Əliyevin 1994–cü ildə Londona rəsmi səfəri çərçivəsində bir sıra sənədlərlə yanaşı, Azərbaycanla Böyük Britaniyanın “Ci–Pi–Ti” telekommunikasiya şirkəti arasında əməkdaşlıq haqqında saziş də imzalanmışdır. Bu saziş nəticəsində “AzEvroTel” Birgə Müəssisəsi yaradıldı və 92 saylı ATS–in bazasında 92/97 indeksli elektron avtomat telefon stansiyası qurularaq paytaxt sakinlərinin istifadəsinə verildi.
Müdrik rəhbər 1997–ci ildə “AzEvroTel” BM–in təntənəli açılış mərasimində yeni ATS–in əhəmiyyətini yüksək qiymətləndirərək rabitənin mühüm sahə olduğunu bir daha qeyd edərək demişdir: “Bu çox mühüm sahədir, çünki müasir dünyada, xüsusən hər bir müstəqil dövlətin dünya şirkətlərini, firmalarını əməkdaşlığa cəlb etməsi və bu işlərin səmərəli aparılması üçün rabitə çox böyük rol oynayır. Rabitənin də müasir səviyyədə olması, günün tələblərinə cavab verməsi, bütün işlərin gedişində sürətləndirici rol oynaması indi artıq reallıqdır”.
Heydər Əliyev 1994–cü ilin fevral ayında qardaş Türkiyə Respublikasına səfərində Türkiyə telekommunikasiya şirkətlərinin işi ilə şəxsən maraqlanmış, ölkənin ən böyük telekommunikasiya avadanlıqları istehsal edən “NETAŞ” şirkətində olmuş və Türkiyə telekommunikasiya şirkətləri ilə Azərbaycan arasında işbirliyi qurmasını tövsiyə etmişdi. Nəticədə Türkiyənin “NETAŞ” və “TELETAŞ” şirkətləri ilə geniş əməkdaşlıq nəticəsində Bakının telefon şəbəkəsinin elektronlaşmasında əsaslı işlər görüldü. 1993–2003–cü illər Bakı və Bakıətrafı qəsəbələrdə şəhərində 450 min nömrə rəqəmli elektron telefon stansiyaları tikilərək istifadəyə verildi. Belə ki, Bakının bütün kənd və qəsəbələri telefonlaşdırıldı. 2002–ci ildə telefon növbəliyi ləğv edildi.
Unudulmaz rəhbər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Bakıda bir sıra rabitə obyektləri tikilmiş və həmin obyektlər istifadəyə hazırdır. Belə ki, Qobustan qəsəbəsində 3072 nömrə tutumlu, Binəqədi rayonunun Ordubadi küçəsində 1500, Əmircan qəsəbəsində 1472, Badamdar qəsəbəsində 1800, Ramanı qəsəbəsində 1800 nömrəlik yeni ATS–lər, Sahil–Qobustan qəsəbələrində CDMA–nın yeni baza stansiyası istifadəyə verilmiş, ATS–491 və ATS–446 arasında 32 kilometr 144 lifli optik kabel çəkilmiş, Xətai Telefon Qovşağında abunəçilərə elektron növbəlilik sistemi ilə xidmət göstərilməsi təşkil olunmuşdur.
Yubileylə əlaqədar yeni telefon çəkilişi tarifinə 50 faiz güzəşt tətbiq etmək, eləcə də güzəştli şəxslərə telefon aparatı hədiyyə vermək üçün mart ayının 11–dən may ayının 31–nə qədər kampaniya keçirilir. Kampaniya müddətində Bakı şəhər ərazisində daşınan İP telefon nömrələri endirimlə 20 manat tariflə çəkilir. Artıq mart ayının 11–dən bu günə kimi kifayət qədər istifadəçi güzəştli tariflərlə telefon çəkdirmişdir. Kampaniya çərçivəsində Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə və aztəminatlı ailələrə telefon aparatı hədiyyə edilir.
Heydər Əliyevin bu sahədə strateji kursu hazırda onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün qeyri–neft sektorunda İKT–nin inkişafı prioritet sahələrdən elan edilmişdir. Bu haqda danışarkən cənab İlham Əliyev demişdir: “Mən növbəti illərdə prioritet arasında, ilk növbədə informasiya–kommunikasiya texnologiyalarını görürəm. Çünki ümumiyyətlə dünyanın inkişafı bu istiqamətdə gedir. Ona görə də bu sahəyə xüsusi diqqət göstərilməlidir”. Ölkə başçısı İKT–nin qanunvericilik bazasının formalaşdırılması, dinamik inkişafını təmin etmək məqsədilə “Telekommunikasiya haqqında” sərəncam imzalamışdır. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamı ilə 2010–2012–ci illəri əhatə edən ikinci “Elektron Azərbaycan” Dövlət Proqramı, “2011–2013–cü illər Bakının sosial–iqtisadi inkişafı haqqında” Dövlət Proqramı, Dövlət Neft Fondunun maliyyələşdirilməsi ilə Azərbaycanın hər bir evə kimi 20–100mbt/s sürətli internet xidməti göstərilməsi haqqında göstəriş vermişdir. Ulu öndərin müəyyən etdiyi strategiyanı layiqincə davam etdirən hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə paytaxtın telefon şəbəkəsi müasir dünya standartları səviyyəsində inkişaf edir. Belə ki, hazırda paytaxtda hər bir ailə telefonla təmin olunub, şəhər şəbəkəsində telefon abunəçilərinin sayı 820 min nəfəri ötüb, internet xidmətində isə idarə, müəssisələrə, biznes strukturlara, xarici şirkətlərə, banklara, təhsil və səhiyyə müəssisələrinə və s. optika ilə tələb olunan sürətli internet xidməti göstərilir. Əlavə olaraq mis fiziki kabellərlə 250 mindən çox abunəçiyə online rejimində sürətli internet xidməti göstərilir. Hazırda Bakı şəhər əhalisinin yetmiş beş faizindən çoxu sürətli internetdən istifadə edir.
Paytaxt rabitəçiləri ulu öndərimiz Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirən və onun siyasi kursunu müvəffəqiyyətlə reallaşdıran dövlət başçısının rəhbərliyi ilə qarşıya qoyulmuş vəzifələrin reallaşması üçün bacarıq və səylərini əsirgəməyəcək, dahi şəxsiyyətin göstərdiyi inkişaf və tərəqqi yolu ilə inamla irəliləyəcəklər.
Beytulla HÜSEYNOV,
“Bakı Telefon Rabitəsi”
İstehsalat Birliyinin baş direktoru
Respublika.- 2013.- 30 aprel.- S. 4.