Müstəqil Azərbaycanın
yeni inkişaf strategiyasının müəllifi
Hər bir xalqın tarixdəki yeri və rolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri–adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Bu günün özündə də dünyanın bir çox nüfuzlu dövlətləri məhz fenomen liderlərinin müəyyənləşdirdiyi yolla irəliləyir, davamlı və sabit inkişafı bu uğur magistralından kənarda təsəvvür etmirlər.
Dünya miqyaslı ictimai–siyasi xadim, ümummilli lider Heydər Əliyev də müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji–siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.
Möhtərəm Prezident İlham Əliyevin 2013–cü il 21 yanvar tarixdə imzaladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyildiyi kimi, “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.
1969–cu il iyulun 14–də Azərbaycanın rəhbəri seçilən Heydər Əliyev AKP MK–nın plenumunda dərin məzmunlu çıxış edərək qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini demişdi. “Mən bütün Büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır”. Dahi öndər ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir. Heydər Əliyev elə ilk plenumda ana dilində nitq söyləməklə köhnə stereotipləri alt–üst etmiş, milli ideallara bağlı lider olduğunu yüksək kürsüdən nümayiş etdirmişdir. Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş SSRİ–nin geridə qalmış respublikalar sırasına düşməsinin səbəblərini araşdıran Heydər Əliyev iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə, peşəkar strateq və müdrik dövlət xadimi olduğunu sübuta yetirmişdir. Ümummilli lider respublikada ilk növbədə, milli–mənəvi ruhu yüksəltməklə, azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışmış, xalqın müstəqil yaşaya bilməsi üçün lazım olan iqtisadi və maddi–texniki bazanın formalaşdırılmasına xüsusi diqqət yetirmişdir.
Ulu öndər Heydər Əliyevdən əvvəlki respublika rəhbərləri respublikada mərkəzin siyasətini həyata keçirmiş, bu siyasətin Azərbaycan xalqının mənafeyinə zidd olan məqamlarında lazımi cəsarət və qətiyyət nümunəsi göstər deməmişdilər.
Bu da respublikada sosial–iqtisadi tənəzzülün, durğunluğun, bürokratik amillərin, rüşvətxorluq və korrupsiyanın geniş vüsət almasına gətirib çıxarmışdı. İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olan respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafının təmin edilməsi üçün işlək proqramlar hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda, iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Bu zəruri tələbləri düzgün dəyərləndirən Heydər Əliyev onu da yaxşı bilirdi ki, millətin siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir.
Ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK–nın 1969–cu il 5 avqust tarixli plenumunda çıxış edərkən respublika iqtisadiyyatının inkişafında müəyyən çətinliklərin, problemlərin olduğunu vurğulamış, xalq təsərrüfatının bir çox sahələrinin geri qaldığını qeyd etmişdir. Həmçinin vurğulamışdır ki, yeni mərhələdə qarşıda dayanan başlıca vəzifə səhiyyədə, tikintidə və kənd təsərrüfatında yaranmış vəziyyətin müfəssəl təhlili əsasında bütün qüvvələri səfərbərliyə almaqdan ibarətdir. Heydər Əliyevin bu cəsarətli fıkirləri, əslində, sovet dövlətində guya heç bir problemin olmaması ilə bağlı gurultulu şüarların təkzibi idi. Mərkəzin icazəsi olmadan hansısa sahədəki vəziyyətin təhlili, hansısa vəzifələr ətrafında səfərbərlik kommunist mənafeyini xalqa, milli dövlətə bağlılıq hissindən daha yüksəkdə tutan insanlar üçün, sözün əsl mənasında, möcüzə kimi görünürdü. Belələri heç cür inana bilmirdilər ki, Azərbaycanın birinci şəxsi belə açıq tənqidi fikirlərdən çıxış edə bilər. Heydər Əliyevin çıxışında sovet təbliğat maşını tərəfindən formalaşdırılan yanlış təsəvvürün tamam əksi vurğulanırdı: “Azərbaycanın bütün İttifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən geri qalması ciddi təşviş hissi doğurur. Bunu nə ilə izah etmək olar? Aydındır ki, hər bir sahədəki çatışmazlıqların öz xüsusi səbəbləri vardır. Lakin təhlil göstərir ki, bir çox sahələr üçün səciyyəvi olan ümumi səbəblər də az deyildir. Bu hər şeydən əvvəl etibar edilən iş sahəsi üçün bəzi rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, müəssisələrə rəhbərliyin səviyyəsi çox aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur”.
60–cı illərin sonlarına doğru sosial–iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı Azərbaycanda siyasi rəhbərliyə seçilən yeni rəhbərin ilk işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai–siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi–psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu. Ümummilli lider qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla, Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atıldı, istehsalla bilavasitə bağlı elmi–tədqiqat sahələrinin inkişafı üçün kompleks tədbirlər görüldü. Elmi–texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ–də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial–iqtisadi həyatında yüksəlişə rəvac verdi.
Ümummilli liderin böyük qətiyyət və iradə əsasında formalaşdırmağa başladığı sənaye potensialı əsasında respublikamız 70–ci illərdə neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru–prokat, şüşə və şüşə qablar və s. istehsalına görə İttifaq miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də milli iqtisadiyyatımızın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.
Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ–nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Ulu öndər Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutmuş, keçmiş İttifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış etmiş, prinsipialıq göstərmişdir. Bu nöqteyi–nəzərdən dahi öndərimizin Bakı Məişət Kondisionerləri zavodunun inşası ilə bağlı göstərdiyi əzmkarlığı xüsusi qeyd etmək lazımdır. 70–ci illərin əvvəllərində İttifaq rəhbərliyi bu zavodun Zaporojye şəhərində inşa olunmasına qərar versə də, şəxsi nüfuzundan istifadə edən Heydər Əliyev Brejnevlə görüşərək həmin müəssisənin məhz Bakıda tikilməsi vacibliyini konkret dəlillərlə əsaslandıraraq son nəticədə istəyinə nail oldu. 1975–ci ilin dekabrında Bakı Məişət Kondisionerləri zavodunun işə düşməsi məhz dahi öndərin böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətin məntiqi nəticəsi idi.
Müdrik liderin təkidi qarşısında keçmiş İttifaq rəhbərliyi respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi sürətlə inkişaf etmişdir. Həmin dövrdə sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəlmiş, müxtəlif elektrik cihazları istehsal edən zavodlar inşa olunmuşdur. Ümumilikdə, 1970–1985–ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda onlarca zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250–dən artıq sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutur, burada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi. Həmin illərdə istehsal olunan sənaye məhsullarının ümumi həcmi respublikanın əvvəlki 50 ildəki istehsal həcminə bərabər idi.
Neft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrikliklə nəzərə alan Heydər Əliyev 70–ci illərdə bu sahənin də dinamik inkişafına nail olmuş, neft–kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Yeni yataqların kəşfıyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur. Ümummilli liderin qətiyyətli addımları nəticəsində ölkədə neft sənayesi konsepsiyasının nəzəri inkişafını təmin edən elmi–tədqiqat institutları, istehsalat birlikləri və digər müəssisələr yaradılmışdır. Heydər Əliyevin müəllifliyi ilə tərtib olunan “Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdır. Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı nəticəsində keçmiş SSRİ–də neft hasilatı, emalı, geologiyası, kəşfıyyatı ilə məşğul olan aparıcı dövlətlərdən birinə çevrilmiş, əldə olunan uğurlar isə bilavasitə respublikamızm inkişafına yönəldilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, Əgər 70–ci illərdə Azərbaycanın təkmil neft sənayesi kompleksi formalaşmasaydı, müstəqillik dövründə yeni neft strategiyasını uğurla həyata keçirmək də çətin olacaqdı.
Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi–siyasi, intellektual baza formalaşdırmışdır. Həmin illərdə ulu öndər milli kadr hazırlığına da xüsusi diqqətlə yanaşmış, dövlət idarəçiliyində azərbaycanlıların sayı artmış, onların xaricdə təhsil almasına yaxşı imkanlar yaratmışdır. Məhz o dövrdə xaricdə yüksək təhsil almış kadrlar bu gün də dövlət quruculuğu prosesinə öz töhfəsini verirlər.
Həmin illərdə formalaşdırılmış böyük iqtisadi potensial 90–cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin etmişdir. Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi böyük ehtiram və rəğbətlə xatırlanır. Heydər Əliyev özünün dərin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi–nəzəri və praktiki əsasda göstərmişdir.
Respublikamızda son dərəcə ağır və böhranlı ictimai–siyasi vəziyyətin hökm sürdüyü zamanda – 1993–cü ilin iyununda xalqın təkidli tələbi və xahişi ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev müdrik siyasətçi kimi yaxşı bilirdi ki, Azərbaycanın dünya miqyasında layiqli yerini tutması və dinamik iqtisadi inkişafı heç də sırf təbii sərvətlərin zənginliyinə söykənmir. Böyük strateq çıxışlarında daim vurğulamışdır ki, tarixdə neftlə zəngin bir çox dövlətlərin uğursuz siyasətinin nəticəsi kimi müstəqilliklərini itirərək qeyri–stabillik şəraitində yaşaması, ağır sosial–iqtisadi problemlərlə, aclıq və səfalətlə üzləşməsi ilə bağlı çoxsaylı misallar mövcuddur. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft amili üzərində qurulması və neft gəlirlərinə güvənlik nəticəsində iqtisadi sistemi iflic edən “Holland sindromu” kimi mənfı presedent də var.
1993–cü ilin iyunundan etibarən ümummilli lider Heydər Əliyevin ciddi səyləri nəticəsində daxildə möhkəm təməllərə əsaslanan ictimai–siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi xarici investorların respublikamıza münasibətinin əsaslı surətdə dəyişməsinə gətirib çıxarmışdır. Ulu öndər yaxşı başa düşürdü ki, həmin dövr üçün respublikanın tam müstəqilliyi və bir çox dövlətçilik problemlərinin həlli, o cümlədən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi aparıcı Qərb dövlətlərinin səyi ilə gerçəkləşə bilər. Heydər Əliyev Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmağa başlamışdır. İqtisadi problemlər məngənəsində sıxılan Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft–qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxanlmasının qeyri–mümkünlüyünü düzgün qiymətləndirən Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görürdü.
1994–cü ilin aprelində diplomatiya sahəsində zəngin bilikləri olan, biznes mühitinin incəliklərini dərindən mənimsəyən cənab İlham Əliyevin Azərbaycan Res–publikası Dövlət Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə vitse–prezidenti təyin edilməsi isə xalq və dövlət naminə düzgün seçim olmaqla, ulu öndərin Qərb şirkətləri ilə aparılacaq danışıqlara necə böyük əhəmiyyət verməsinin əyani göstəricisi idi. Səlahiyyətlərinin icrasına inamla başlayan cənab İlham Əliyev Azərbaycanın mənafeyini əks etdirən yeni neft strategiyasının hazırlanması prosesində ulu öndərin ən etibarlı, işgüzar və bacarıqlı köməkçisinə çevrildi. Onun üzərinə bütün mövcud çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafeyinin maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşdü. Bu vəzifəyə təyinatından cəmi iki həftə sonra neft müqaviləsi layihəsinin hazırlanması məqsədilə əvvəl Türkiyəyə, daha sonra isə ABŞ–ın Hyuston şəhərinə yola düşən cənab İlham Əliyev diplomatik bacarığını yüksək səviyyədə nümayiş etdirərək Qərb şirkətlərində inam və etimad formalaşdırmağa nail oldu. Bu hadisə bir daha təsdiqlədi ki, cənab İlham Əliyev ən çətin, mürəkkəb situasiyalarda belə ölkənin milli mənafelərini layiqincə müdafıə etmək əzmindədir.
Azərbaycan rəhbərliyi həmin illərdə, həqiqətən də, heç bir səhvə yol vermədən aparıcı Qərb şirkətləri ilə aparılan danışıqların uğurlu məntiqi sonluqla yekunlaşmasına nail oldu. 1994–cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə iri miqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Ulu öndər Heydər Əliyev o dövrün böhranlı sosial–iqtisadi şəraitində növbəti dəfə böyük siyasi iradə,dəqiq iqtisadi hesablama və müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli sürmüş, buna qarşı yönəlmiş bütün maneələri mətinliklə dəf etmişdir. Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyət daşıyırdı. Regionda beynəlxalq əməkdaşlığın təməlini qoymuş bu qlobal enerji müqaviləsi eyni zamanda Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqlədi. Regionda digər qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi anlamında da müsbət presedent yarandı, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başladı.
“Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzərdə maraqları təmin olunmuş bəzi aparıcı Qərb dövlətlərinin, o cümlədən ABŞ–ın Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağı artmış, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq sahəsində tamamilə yeni mərhələnin başlanğıcı qoyulmuşdur. Bu müqavilə respublikamızın dövlət müstəqilliyinin mühüm təminatına çevrilməklə, azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etmişdir. Yeni neft strategiyasın uğurları Azərbaycanın Avratlantik məkana inteqrasiya prosesini sürətləndirmiş, respublikamıza sərmayə qoyulması sahəsində ciddi dönüş yaratmışdır.
Ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Heydər Əliyev respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial–iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997–2002–ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri–neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.
Azərbaycanın dinamik sosial–iqtisadi inkişafına təkan verən islahatlar 2003–cü ilin 15 oktyabrından ümummilli liderimizin layiqli siyasi davamçısı – Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısının böyük əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublikamızın yeni sosial–iqtisadi təmayüllərini dəqiq şəkildə müəyyənləşdirməklə böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatmda nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Prezident İlham Əliyevin 10 ilə yaxın fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə konturları hələ Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir.
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyası Azərbaycanın son 10 ildə inanılmaz inkişaf yolu keçməsini şərtləndirmişdir. İstehsal etdiyi xam nefti Qərb bazarlarına ixrac edən Azərbaycan xüsusən 2006–cı ildən böyük iqtisadi dividendlərə nail olmuşdur. Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri–neft sektoruna, sahibkarlığın inkişafına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin ilk gündən hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir. Dövlət başçısının işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial–iqtisadi islahatların nəticəsi olaraq bu gün Azərbaycan dünyamn ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. 2010–cu ildə dövlət büdcəsinin 2003–cü ildəki 1,3 milyard dollardan 25 milyard dollara yüksəlməsi, respublikamızın valyuta ehtiyatlarının Dövlət Neft Fondunda toplanan vəsaitlərlə birgə 48 milyard dollara çatması ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş sosial–iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri kimi dəyərləndirilməlidir.
Azərbaycan Prezidenti respublikanın neft gəlirlərindən asılılığının aradan qaldırılması isti–qamətində ardıcıl tədbirlər həyata keçirir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır, tarazlı və davamlı tərəqqi naminə qeyri–neft sektoruna xüsusi diqqət yetirilməsi vacibliyini önə çəkir: “Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə, qeyri–neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir. Biz yalnız bu yolla Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirə bilərik”. Dövlət başçısı neft gəlirlərini digər strateji sahələrə yönəltməklə, qeyri–neft sektorunun, sahibkarlığın, sənayenin inkişafına, infrastrukturun müasirləşməsinə çalışır. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Prezident İlham Əliyev bu əvəzsiz təbii sərvətin ixracından qazanılan böyük vəsaitlərin, ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsini, elmi–texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır.
Böyük Britaniyanın mədən və hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulmuş Azərbaycanda, eyni zamanda, neft–qaz sənayesində gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiya işlənib hazırlanmışdır. Neft Fondunda toplanmış gəlirlərdən səmərəli istifadə olunmasına dövlət tərəfindən göstərilən həssas münasibətin təzahürü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 27 sentyabr 2004–cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya”nın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu strategiyada vəsaitlərin qeyri–neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, infrastruktur sahələrin genişmiqyaslı inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, “insan kapitalının” formalaşmasında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulmuşdur.
Neft strategiyasının uğurları bu gün artıq hər bir vətəndaşın həyatında qabarıq hiss edilir və Azərbaycanın davamlı yüksəlişinə geniş imkanlar açır. Neft strategiyasının uğurlu göstəricilərindən biri də 2013–cü ilin birinci rübündə iqtisadiyyatın qeyri–neft sektorunda 11,4 faizlik artımın olmasıdır. Bunu son illərin ən yaxşı göstəricisi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev 2013–cü ilin qeyri–neft sektorunun inkişafı baxımından mühüm nəticələrlə yaddaqalan qalacağına əminliyini vurğulamışdır: “2013–cü ilin birinci rübündə iqtisadi inkişaf özünü bir daha göstərdi. Xüsusilə qeyri–neft sektorundakı inkişaf məni çox sevindirir. Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir. Biz bu artımı qeyri–neft sektorunun hesabına əldə etmişik. Bu ilin birinci rübündə qeyri–neft sektorunun inkişafı 11,4 faiz olmuşdur. Yəni bu, hesab edirəm ki, bugünkü Azərbaycan iqtisadiyyatını təhlil etmək üçün əsas göstərici olmalıdır”.
Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirməyi qarşısına məqsəd qoyan Prezident İlham Əliyev neft gəlirlərindən səmərəli istifadə etməklə, iqtisadi sahədə böyük uğurların qazanılmasını təmin etməklə verdiyi hər bir vədini əməli işilə doğruldur. Anadan olmasının 90–cı ildönümünü qeyd etdiyimiz ulu öndər bu gün aramızda olmasa da, onun layiqli davamçısı, cənab İlham Əliyevin böyük əzmkarlıqla həyata keçirdiyi iqtisadi siyasətlə təsəlli tapır, gələcəyə böyük qürur və əminliklə baxırıq. Həm də ona görə ki, ulu öndər Heydər Əliyevin formalaşdırdığı unikal dövlətçilik modelini daha da zənginləşdirən, onu müasir dünyanın gerçəkliklərinə uyğun inamla davam etdirən qətiyyətli lider var. Prezident İlham Əliyevin yeritdiyi uğurlu enerji siyasəti nəticəsində mövcud problemlərin tədricən aradan qalxması vətəndaşlarda ölkədəki mövcud siyasi kursa inam və rəğbəti daha da artırır. Hər bir vətəndaş qəti əmindir ki, həyata keçirilən məqsədyönlü iqtisadi siyasət yaxın illərdə onun həyatında əhəmiyyətli dəyişikliklərin baş verməsinə, bir sözlə, insan amilinin yüksəlişinə xidmət edir.
Kərim KƏRİMOV,
AMEA–nın
müxbir üzvü,
geologiya–minerologiya
elmləri doktoru,
Azərbaycanın əməkdar elm və
texnika xadimi, professor
Respublika.- 2013.- 30 aprel.- S. 5.