İnsan hüquq və azadlıqlarına təminat verən islahatların dahi yaradıcısı

 

Hər bir xalq tarixin bütün mərhələlərində öz mütəfəkkir lideri ilə haqlı olaraq fəxr edir. Lider öz millətini bəlalardan qoruyur, xalqa doğru yol göstərir, vətənini dünya dövlətləri sırasında möhkəmləndirir. Azərbaycanın dahi şəxsiyyəti, böyük siyasətçi, əzmkar insan Heydər Əliyev məhz belə əvəzsiz lider olduğu üçün adı xalqın qəlbində özünə əbədi məskən salıb.

Dahi rəhbərin doğum günüanadan olmasının 90 illik yubileyini xalqımız böyük qürur hissi ilə qeyd edir. Ümummilli lider bütün sahələrdə, o cümlədən məhkəmə–hüquq sistemi sahəsində dərindən düşünülmüş islahatların dahi yaradıcısıdır. Hər şeydən əvvəl qeyd edim ki, islahatlar zamanın tələbindən doğdu. Hamımız yaxşı xatırlayırıq. Doxsanıncı illərin əvvəllərində Azərbaycan bir çox təhlükələrlə üz–üzə dayanmışdı. Xaos, dərəbəylik baş alıb gedirdi. İnsanlarda sabaha inam hissi tükənmək üzrə idi. Lakin bu çətinliklər uzun sürmədi. Müdrik xalqımız vəziyyətdən çıxış yolu tapdı. Xalq öz dahi oğlu Heydər Əliyevi Azərbaycanda ikinci dəfə hakimiyyətə çağırdı. Dahi rəhbər xalqın təkidli tələbinə cavab verdi. Qısa müddət ərzində Azərbaycan üzləşdiyi müdhiş vəziyyətdən xilas oldu. Dövlət və dövlətçilik uğrunda inamlı mübarizə başladı. Bu mübarizənin əsasını yalnız və yalnız uzaqgörən, düşünülmüş islahatlar təşkil edə bilərdi. Doxsanıncı illərin ortalarında Heydər Əliyevin rəhbərliyi altında bütün sahələrdə islahatların həyata keçirilməsi təmin olundu. 1995–ci ilin iyul ayında Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan komissiya yaradıldı. 1995–ci il noyabr ayının 12–də Azərbaycanın Milli Konstitusiyası qüvvəyə mindi. Bu mühüm sənəd dövlətçiliyimizin möhkəm özül üzərində qurulmasına təminat yaratdı. Konstitusiyamız hüquqinormativ bazanın formalaşdırılmasına imkanlar açdı. Hüquqi bazanı təşkil edən qanunlar silsiləsi dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm rol oynadı. Biz bu gün həmin qanunlardan böyük razılıq hissi ilə danışırıq. Çünki bu qanunların hər birində insan hüquq və azadlıqlarının qorunması ehtiva olunur.

İnsan hüquqlarının qorunması sahəsində həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq ölkəmiz 2001–ci il yanvarın 25–də Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi. Bununla da Azərbaycan dövləti üzərinə bir sıra öhdəliklər götürmüş oldu. Öhdəliklərdən biri “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili” Ombudsman haqqında” Konstitusiya qanunu idi ki, həmin qanun 2001–ci il dekabrın 28–də qəbul edilmişdir. Köklü Məhkəmə–hüquq islahatlarının həyata vəsiqə alması Heydər Əliyevin uzaqgörən siyasətinin parlaq nəticəsidir. Ulu öndərin respublikamıza rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması müstəqil dövlətimizin demokratik inkişaf yolunda əldə etdikləri ən mühüm nailiyyətlərdir. “Məhkəmələr və hakimlər haqqında” Qanun ədalət mühakiməsinin daha səmərəli təşkilini özündə ehtiva edir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” 1 dekabr 1998–ci il tarixli Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə məhkəmələrin təşkil edilməsi, hakim vəzifələrinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyətləri dairəsində həyata keçirən məşvərətçi orqan kimi Məhkəmə–Hüquq Şurası yaradıldı. Bu mühüm qurum ölkə daxilində ilk dəfə olaraq hakim vəzifəsinə namizədin peşə hazırlığını, bilik səviyyəsinə, hakim vəzifəsinə layiq olduğunu müəyyən etmək məqsədilə test üsulu ilə imtahan və müsahibə apardı. Bu təcrübə tezliklə özünü doğrultdu. 2000–ci ildə keçirilmiş test imtahanları zamanı hakim korpusunun 60 faizə qədəri təzələndi. Bu fakt bir daha sübut edir ki, seçkini ədalətli, şəffaf, demokratik prinsiplərə uyğun keçirməklə möhkəm hakim korpusu yaratmaq mümkündür. Hazırda ölkəmizdə belə bir korpus fəaliyyət göstərir.

Məhkəmə–hüquq sistemində aparılan mühüm islahatlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırdı. Bu islahatların bəhrəsi olaraq ölkəmizdə üçpilləli məhkəmə sistemi formalaşmışdır. Bu sistem sovet məhkəmə sistemindən tamamilə fərqlənir. Bildiyimiz kimi, Sovet məhkəmə sistemi ikipilləli sistem idi. O vaxt Ali Məhkəmə həm birinci instansiya, həm də kassasiya instansiyası funksiyalarını yerinə yetirirdi. Ali Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına nəzarət qaydasında yenidən baxmaq hüququna malik idi. Beləliklə, bir–birinə uyğun olmayan bu funksiyaların hər ikisi Ali Məhkəmədə cəmləşmişdi. Belə bir hal isə məhkəmə–hüquq islahatlarının ümumi ideologiyasına uyğun deyildi. Hüquqi müstəvilərdə aparılmış islahatlar nəticəsində bu uyğunsuzluq aradan qaldırıldı. Ali Məhkəmə kassasiya, instansiya məhkəməsi kimi məhkəmə piradmidasının zirvəsində dayandı. Yeni üçpilləli birinci instansiya, apelyasiyakassasiya instansiyalı məhkəmə sistemi yaradıldı. Bu sistem tezliklə özünü doğrultduxalq arasında razılıqla qarşılandı. Əhalinin məhkəmələrə olan inamı artdı.

Hazırda ölkəmizdə məhkəmə hakimiyyətinin geniş və hərtərəfli fəaliyyəti üçün gözəl şərait yaradılmışdır. Azərbaycanda insan hüquq və azadlıqlarının təminatına xidmət edən məhkəmə–hüquq islahatları cəmiyyətin inkişaf dinamikasına uyğun olaraq müasirləşir, yeni forma və məzmun kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin layiqli davamçısı olaraq 2003– ildən bu islahatları zamanın tələbinə uyğun olaraq yüksək dinamizmlə inkişaf etdirir. Ölkə başçısı insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakim korpusunun sağlamlaşdırlması tədbirlərini daima diqqət mərkəzində saxlayır. Təsadüfi deyildir ki, dövlət başçısının 2006–cı il 19 yanvar tarixli Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında”"Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanında Məhkəmə–Hüquq Şurasına tövsiyələrdən biri də məhkəmələrdə hakimlərin sayının artırılması barədə olmuşdur. Həmin fərmanla respublika məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi artırılmışdır.

Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu siyasət bütün sahələrdə uğurla davam etdirilir. Dövlət başçısının 2009–cu ilin 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013– illər üçün Dövlət Proqramı” ölkədə məhkəmə hakimiyyətinə göstərilən qayğı və diqqətin, eyni zamanda tələbkarlığın bariz nümunəsidir. İndi ölkənin əksər rayonlarında məhkəmələr üçün ən müasir standartlara cavab verən yeni binalar tikilib istifadəyə verilmişdir. Həmin binalarda vətəndaşlarla hakimlər arasında münasibətlərin tamamilə şəffaf, qanuna müvafiq qurulması tam təmin olunmuşdur. Azərbaycan xalqı bu gün fəxr edə bilər ki, ulu öndərin mütəfəkkircəsinə irəli sürmüş olduğu ideyalar öz bəhrəsini verməkdədir. İndi Azərbaycanın dünya dövlətləri arasında öz yeri var. Prezident İlham Əliyevin rəhbərliyi altında əfvetmə institutu fəaliyyət göstərir. Dövlət başçısı son 10 ildə 22 əfv fərmanı imzalamış, bu fərmanlar ilə 4 mindən çox məhkum cəzasının çəkilməmiş hissəsindən tamyaxud qismən azad edilmişdir.

Şirvan İnzibatiİqtisadi Məhkəməsinin hakimləri ölkədə aparılan məhkəmə–hüquq islahatlarının uğurlu bəhrələrini görür, ədalət mühakiməsinin keşiyində layiqincə dayanırlar. Yeri gəlmişkən deyim ki, bizim yüksək səviyyədə şəraitimiz var. Fəaliyyət göstərdiyimiz bina bütün standartlara cavab verir. Dövlət tərəfindən gördüyümüz qayğı və diqqətə öz vəzifə borcumuzu məsuliyyətlə yerinə yetirməklə cavab verməyə çalışırıq.

 

 

Fikrət Mehtiyev,

Şirvan İnzibatiİqtisadi

Məhkəməsinin hakimi

 

Respublika.- 2013.- 30 aprel.- S. 6.