Böyük siyasi xadim, tarixi şəxsiyyət
1960–cı illərin sonlarına doğru keçmiş SSRİ–nin əyalətlərindən biri kimi baxılan Azərbaycanda sosial–iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, bütün bunların isə xalqın milli–mənəvi birliyinə ziyan vurduğu həqiqət idi.
Respublikada durğun bir əhval–ruhiyyə hökm sürdüyündən milli kadırların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində nəinki ciddi addımlar atılmır, hətta bu yöndə edilə bilən təşəbbüslərin qarşısı alınırdı. Belə vəziyyət milli süura malik olan, milli düşuncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsinə çox ciddi maneələr törədirdi.
İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddetli böhran mərhələsinə qədəm qoymuş ölkədə yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapmalı, onun iqtisadi inkişafını təmin etmək üçün prinsipial cəhətdən yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparmalı, təsərrüfatçılıqda və iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi.
Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi idi ki, 1970–1980–ci illərdə baş verən dəyişikliklər miqyasına, ictimai və iqtisadi sahələrdəki əsaslı islahatların səviyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələri təşkil etmişdir. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, daha dərinlərdə isə milli–mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaradıldı. Ulu öndərin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gəncləri gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli–mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.
Eyni zamanda doğma Azərbaycanı tərəqqi etdirmək mədəni və güclü bir respublikaya çevirmək üçün bütün imkanlardan səmərəli istifadə olunurdu. Dünəni hər kəsdən yaxşı bilən Heydər Əliyev gələcəyi də hamıdan yaxşı görür və Azərbaycan müstəqil olanda yuxarıda sadalanan nailiyyətlərin xalqımıza hava, su kimi gərəkli olacağını bilirdi.Tarix bu uzaqgörənliyi qısa zamanda təsdiq etdi.
Şovinist əhval–ruhiyyəli SSRİ rəhbərliyinin elitasında təmsil olunmaq, dünyada gedən proseslərə təsir göstərə biləcək işlərlə məşğul olmaq–bunlar yalniz Heydər Əliyevə nəsib olmuşdur. Bunu təkcə onun soydaşları olan biz azərbaycanlılar, Moskvada–Kremldə onunla çalişanlar deyil, bütün dünyanın görkəmli siyasətçiləri və xalqları etiraf edir və tarix boyu da edəcəklər. Erməni lobbisi, SSRİ rəhbərliyindəki ermənipərəstlər Heydər Əliyevin–qüdrətli türk oğlunun Kremldəki ucalığına dözə bilmirdilər. Onlar 1982–ci ildən Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək bir vəzifədə çalışan Heydər Əliyevin və Azərbaycanın əleyhinə məkirli planlarını həyata keçirə bilmirdilər. Həmin illərdə Heydər Əliyev nəhəng bir ölkənin 14 nazirliyinə rəbərlik edirdi. Maşınqayırma, yüngül sənaye, nəqliyyat, mədəniyyət və təhsil kimi ən mühüm sahələr də onun nəzarətində idi. Baykal–Amur magistiralının tikintisinə, həmin xətt boyunca yüzlərlə stansiya, vağzal və şəhərin inşasına məhz o, rəhbərlik edirdi. Heydər Əliyev həmin dövrdə bütün dünya üçün mühüm əhəmiyyət daşıyan bir cox qərarların hazırlanması və qəbulu prosesinin fəal iştirakçılarından olmuşdur. O, dünya siyasətinə, xüsusən beynəlxalq vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş bir sıra danışıqlarda SSRİ nümayəndə heyətinə rəhbərlik etmişdir. Dünyada sülhün və təhlükəsizliyin qorunmasına, “soyuq müharibə”nin aradan qalxmasına, sivilizasiyalararası savaşın dialoq müstəvisinə keçməsinə böyük əmək sərf etmişdir.
1985–ci ildə erməni xislətli, türk xalqlarına kəskin və barışmaz nifrəti ilə fərqlənən Mixail Qorbaçovun keçmiş SSRİ–nin rəhbərliyinə gəlişi ilə dünyada geosiyasi vəziyyət kəskin şəkildə dəyişdi. Onun Qarabağın dağlıq hissəsini Ermənistana birləşdirməyə çalışan erməni müşavirləri Heydər Əliyevin nüfuzunun artmasından təşvişə düşmüşdülər. Onlar ən müxtəlif vasitələrlə 1987–ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasına nail oldular. Bununla da Qarabağın dağlıq hissəsində daşnakların fitnə ocağı alovlandı, erməni separatizmi, vandalizmi və deportasiya baş alıb getdi.
Heydər Əliyev 1990–cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi burada kəskin bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. O, cəsarət və siyasi uzaqgörənlik nümayiş etdirən tarixi çıxışında belə demişdi: “Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm… Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər”.
Bu tarixi nitq təklənmiş, heç yerdən köməyi olmayan xalqın qəlbində ümid çırağı yandırdı.
1990–cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda sonra isə o zamankı rəhbərliyin təxribatlarından qorunmaq üçün Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. O, xalqı azadlıq, müstəqillik uğrunda sona qədər mübariz olmağa çağırdı. Onun rəhbərliyi ilə Naxçıvanda milli dövlətçilik ənənələrinin bərpa olunmasında ilk addımlar atıldı.
Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin 7 mart 1991–ci iltarixli sesiyasında SSRİ–nin saxlanılmasına münasibət bildirilməsi üçün keçirilən ümumittifaq referendumunda iştirak etməyin əleyhinə çıxdı.
Heydər Əliyev Qarabağın dağlıq hissəsində yaranmış kəskin vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991–ci il iyulun 19–da Sovet İttifaqı Kommunist Partiyası sıralarını tərk etdi. O, Azərbaycan rəhbərliyini xalqın haqlı tələblərini eşitməyə, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırdı.
1991–ci il noyabrın 7–də muxtar respublikanın adından “Sovet Sosialist” sözləri götürüldü. Azərbaycanın üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı oldu. Heydər Əliyev 1992–ci ilin noyabrın 21–də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçildi. 1993–cü ilin may–iyul aylarında hakimiyyət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Müstəqilliyin və dövlətçiliyin təhlükə altında olduğunu görən xalq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.
1993–cü ilin oktyabrın 3–də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun çevik, düşünülmüş və uzaqgörən siyasəti vətəndaş müharibəsi təhlükəsinin, ölkənin parçalanmasının qarşısını aldı.
1994 və 1995–ci illərdə Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə olan qüvvələr xaricdəki havadarlarının köməiy ilə dövlət çevrilişinə cəhd göstərdikləri zaman Azərbaycan rəhbərinin qətiyyəti, iradəsi ilə rastlaşdılar və məğlub oldular.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Onun apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr təşkil etmişdir.
Hakimiyyətə gəldiyi ilk gündən Heydər Əliyev demokratik inkişafa insanların daxili azadlığını, qanunçuluğa əməl edilməsini şərtləndirən mühüm vasitə kimi yanaşdı. “Biz Azərbaycanda demokratik, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra ilk dəfə müstəqilliyini qazandıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik cəmiyyət olacaq”.
Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi–strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldiimiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində gərgin və səmərəli fəaliyyət göstərmişdir. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində bir çox əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır.
Heydər Əliyevin işləyib hazırladığı neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasındakı siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, TRASEKA və digər nəhəng layihələrin reallaşmasında Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrildi.
1995–ci il noyabrın 12–də müstəqil dövlətin ilk Konstitusiyasının qəbulu ilə paralel şəkildə Azərbaycanda demokratik seçki ənənələrinin formalaşdırılması istiqamətində real addımlar atıldı. Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırıldı, ölkədə demokratik parlamentarizm təcrübəsinin əsası qoyuldu, seçkili yerli özünüidarəetmə orqanları–bələdiyyələr yaradıldı. Yeni qanunların qəbulu ilə müstəqil dövlətimizin fəaliyyəti üçün hüquqi bazanın əsası qoyuldu.
Türk dünyasının böyük lideri Heydər Əliyev minillik tariximizdə dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən böyük dövlət xadimi oldu. Dünya azərbaycanlılarının 1–ci qurultayında Azərbaycan Respublikası Prezidentinin söylədiyi proqram səciyyəli nitqin aparıcı xəttini belə bir tezis təşkil edirdi. “Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimizin ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik”.
Azərbaycanın Avropa Şurasına daxil olması Heydər Əliyevin xarici siyasət fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edirdi. Bu yolda aparılan gərgin və səmərəli iş uğurlu bəhrəsini verdi. 2001–ci ilin yanvarında Azərbaycan bu mötəbər təşkilata tamhüquqlu üzv olaraq Avropa dövlətləri sırasına daxil oldu. “Avropa evi”nin bərabərhüquqlu və etibarlı sakininə çevrildi.
Heydər Əliyev müstəqil dövlətin əsaslarını möhkəm və əbədi dayaqlar üzərində qurdu, xalqımızı demokratik inkişaf yoluna istiqamətləndirdi.
Azərbaycan dövlətinin tarixində Heydər Əliyevin müstəsna yeri var. Onun fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox–çox kənara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta postsovet məkanında, eləcə də bütün dünya miqyasında gedən prosesləri Heydər Əliyevin strateji xəttindən kənarda təsəvvür etmək mümkün deyil.
Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şexsiyyətin–Heydər Əliyevin adı əməli fəaliyyəti ilə gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də fəlsəfi məfkurəsindəmilli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır.
Müstəqilliyin ilk illərində aparılan siyasi və iqtisadi islahatlar və sürətli inkişaf strategiyasının reallaşdırılması Heydər Əliyevin adı ilə bağlıdır.
Adil ƏHMƏDOV,
Maliyyə Nazirliyinin qiymətli
metallara və qiymətli daşlara
nəzarət dövlət xidmətinin
rəisi
Respublika.- 2013.- 30 aprel.- S. 7.