Heydər Əliyev və Azərbaycan

 

Bəşəriyyət tarix boyu dahi şəxsiyyətlər yetişdirmişdir. Belə şəxsiyyətlərdən biri də XX əsrdə Azərbaycan xalqının, eləcə də türk dünyasının yetişdirdiyi dahi şəxsiyyət, ümummilli lider, ulu öndər, dahi mütəfəkkir, ictimai siyasi xadim Heydər Əliyev olmuşdur.

Heydər Əliyevin siyasətə başlaması Sovetlər Birliyi dönəminə təsadüf edir. 1969–cu ildən onun Azərbaycana rəhbərlik etdiyi dövr ərzində Respublika iqtisadiyyatı dirçəlmiş, böyük quruculuq işləri aparılmış, tənəzzülə uğramaqda olan kənd təsərrüfatı sürətlə inkişaf etmişdir. Belə ki, 1969–cu il respublikanın sosial–iqtisadi və mədəni inkişafında dönüş ili olmuşdur. Azərbaycan Sovetlər Birliyi tərkibində öz–özünü yaşadan respublikaya çevrilmişdir. XX əsrin 70–ci illəri iqtisadiyyat tariximizin intibah dövrüdür–deyə bilərik. Çünki Heydər Əliyev xalqımıza rəhbərlik etdiyi bu dövr ərzində ölkəmizdə bir sıra analoqu olmayan nəhəng işlər görülmüşdür. “Bakı Kondisonerlər zavodu”, “Bakı soyuducular zavodu”, Bakı metropoliteninin bəzi stansiyaları, Bakı ətrafında mikrorayonların salınması və böyük miqyasda tikinti–quruculuq işlərinin görülməsini qeyd edə bilərik. Təkcə sənaye komplekslərinin yaradılması deyil, eyni zamanda aqrar sahənin, xüsusən taxılçılıq, üzümçülük, pambıqçılıq, tütünçülük, ipəkçilik və heyvandarlıq sahələrinin sistemli inkişafına nail olunmuşdur.

Məlumdur ki, XX əsrin 90–cı illərində dünyada gedən siyasi proseslər Sovetlər Birliyinin dağılması ilə nəticələndi.

1991–ci ilin axırlarında dövlət müstəqilliyi bərpa olunandan sonrakı ilk illərdə Azərbaycan olduqca mürəkkəb yol keçmişdir. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü, digər tərəfdən, son dərəcə bərbad büdcə, pul–kredit siyasəti və xarici iqtisadi siyasət, müəssisələrin maliyyə vəziyyətinin durmadan pisləşməsi iqtisadiyyatın tənəzzülə uğramasına gətirib çıxardı.

1992–ci ilin sonunda Azərbaycan dərin sosial–iqtisadi böhran keçirirdi. Əslində ölkə iqtisadiyyatı idarəolunmaz hala düşmüşdü.

Azərbaycan xalqının təkidi ilə respublikanın rəhbərliyinə zamanın sınaqlarından çıxmış, qeyri–adi şəxsiyyət — Heydər Əlirza oğlu Əliyev qayıtdı və ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun titanik səyləri sayəsində və həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində 1994–cü ilin sonunda respublikada ictimai–siyasi sabitliyi təmin etmək mümkün oldu ki, bu da ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə real təhlükəni aradan qaldırmağa və təxirə salınmadan geniş miqyaslı sosial–iqtisadi islahatlar aparılmasına başlamağa imkan verdi.

1994–cü ilin sentyabrında dünyanın ən iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin bağlanması ölkədə sabitliyin bərqərar olunmasının əyani sübutudur. Bu müqavilə Azərbaycanı dünya iqtisadi sisteminə qovuşduran tarixi hadisə idi.

Ardıcıl olaraq Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar iqtisadi inkişaf üçün əsas zəmin yaratdı. Özəlləşdirmə proqramları, torpaq islahatı, Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının qəbul edilməsi, sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər və qazanılan nailiyyətlər məhz Heydər Əliyevin adı ilə bağlıdır.

1994–2000–ci illərdə əlverişli investisiya mühitinin yaradılması sayəsində xarici kapitalın Azərbaycana axını xüsusilə vurğulanmalıdır. 1993–cü ilə qədər Azərbaycan iqtisadiyyatına xaricdən 1 dollar da sərmayə cəlb edilməmişdirsə, 1994–2000–ci illərdə 5.5 milyard dollar birbaşa xarici sərmayə cəlb etməklə mümkün olmuşdur. Onun 3.3 milyardı (60%) neft sektorunun, 2.2 milyardı infrastrukturun və iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilmişdir.

Ölkə iqtisadiyyatına cəlb edilən xarici investisiyanın həcmi hər il artan göstərici ilə müşahidə edilir. 2001–ci ildə ölkə iqtisadiyyatına 1.092 milyard dollar, 2002–ci ildə 2234.9 milyard dollar cəlb edilmişdirsə, bu göstərici 2003–cü ildə artaraq 3273.3 milyard dollara yüksəlmişdir. Bunun 5323.7 milyard dolları neft sektoruna, 436 milyon dolları kredit hesabına konkret layihələrə, 28.2 milyon dolları sənayeyə, 13.6 milyon dolları tikintiyə, 19.3 milyon dolları ticarət və xidmətə, 503.5 milyon dolları isə nəqliyyat və rabitəyə yönəldilmişdir.

Xarici kapitalın respublikaya cəlb olunması tikinti sənayesinin, nəqliyyatın, rabitənin və iqtisadiyyatın digər xidmət sahələrinin bərpasına kömək etmişdir.

Yerli podratçı təşkilatlar bir çox tenderlərdə qalib gələrək son illərdə xarici şirkətlərin sifarişi ilə təqribən 600 milyon dollarlıq iş görmüşlər. Hazırda xarici maliyyə hesabına yaradılmış istehsal və qeyri–istehsal obyektlərində nisbi yüksək əmək haqqı alan xeyli sayda Azərbaycan vətəndaşı işləyir.

Son illərdə xarici investisiya ilə yanaşı, daxili maliyyə mənbələri hesabına kapital qoyuluşu böyük sürətlə artır. Təkcə 1995–2003–cü illərdə büdcənin, müəssisələrin və əhalinin vəsaiti hesabına yeni istehsal obyektlərinin və sosial obyektlərin yaradılmasına, fərdi mənzil tikintisinə 9.7 milyard manatdan çox (2.3 milyard dollar) vəsait yönəldilmişdir.

Xarici ticarət fəaliyyətinin liberallaşdırılması və ixrac–idxal əməliyyatları prosedurunun rəsmiləşdirilməsinin xeyli sadələşdirilməsi Azərbaycanın xarici ticarət əlaqələrinin əhəmiyyətli dərəcədə genişləndirilməsini təmin etmişdir. 2003–cü ildə Azərbaycan dünyanın 123 ölkəsi ilə (1994–cü ildə 57 ölkə) ticarət münasibətləri yaratmışdır.

Mal dövriyyəsinin və xidmət ödənişlərinin böyük sürətlə artması (1995–2003–cü illərdə orta hesabla müvafiq olaraq 14 və 4%) ödəmə qabiliyyətinin yüksəldiyini sübut edir. Bu illər ərzində əhalinin real pul gəlirləri 2.52 dəfə, işləyənlərin əmək haqqı isə 13.8 dəfə artmışdır. Bütün bunlar inflyasiya prosesinin praktiki olaraq aradan qaldırılması ilə yanaşı baş vermişdir.

Beləliklə, Azərbaycanın dövlət müstəqilliyini əldə etdikdən sonra keçdiyi bütün sosial–iqtisadi inkişaf yoluna nəzər salsaq vəziyyətin kökündən dəyişməsinin iki mərhələsini görmək çətin deyil.

1–ci mərhələ (1991–1994–cü ildə) — iqtisadiyyatın və əhalinin rifah səviyyəsinin hiperinflyasiya ilə müşayət olunan fəlakətli şəkildə aşağı düşməsi nəticəsində ölkənin dərin iqtisadi tənəzzülü və iqtisadiyyatın tam idarə olunmazlığı

2–ci mərhələ (1995–2003–cü illər) — makroiqtisadi sabitliyin təmin olunması, strukturun yenidən qurulması və ölçülüb biçilmiş islahatlar siyasəti aparılması sayəsində iqtisadiyyatın və əhalinin rifah səviyyəsinin dinamik inkişafı

Heydər Əliyevin iqtisadi inkişaf sahəsində, xüsusən sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində gördüyü bir sıra işlər yadda qalandır. 2001–ci ilin aprel və may aylarında yerli və xarici sahibkarlarla keçirdiyi görüşlər sahibkarlığın inkişafına dövlət dəstəyi və ölkə başçısının onlara göstərdiyi qayğı kimi dəyərləndirildi. Sahibkarlığın inkişafının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında sahibkarlar şurası yaradıldı.

Heydər Əliyev tərəfindən müəyyən edilmiş və onun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyasının mühüm məqamları–sahibkarlığın inkişafına yönəldilmiş tədbirlərin sistemliliyinin təmini, dövlət–sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplərin müəyyənləşdirilməsi, dövlət–sahibkar münasibətlərinin institusionallaşdırılması nəinki ölkəmizin inkişafında müstəqil rol oynamış, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunə kimi qəbul edilə bilər.

Ölkədə hazırkı ictimai–siyasi sabitlik, açıq vətəndaş cəmiyyətinin yaranmasını təmin edən siyasətin gerçəkləşdirilməsi strateji məqsədə–yaxın illərdə Azərbaycanın hər bir vətəndaşına layiqli həyat səviyyəsi, gələcəyə inam təmin etməyə qadir, qüdrətli dövlətə çevirmək məqsədinə nail olmaq üçün möhkəm zəmin yaradır.

Heydər Əliyevin qurduğu və memarı ol

duğu Azərbaycan dövləti artıq bu gün inkişaf dövrünü yaşamaqdadır. Belə ki, 2003–cü ilin 15 oktyabrında xalqımız onun siyasi kursunun davamçısı olan İlham Əliyevə səs verdi. İlham Əliyev Azərbaycan Respublikasının rəhbəri seçildikdən sonra əsas diqqəti iqtisadi inkişafın daha da sürətlənməsinə yönəltdi. Belə ki, Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyası bu gün geniş makroiqtisadi layihələrin həyata keçirilməsi və ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını təşkil etməkdədir.

Möhkəm təməl üzərində qurulan qüdrətli Azərbaycan nəinki bölgədə, hətta inkişaf etmiş dövlətlər sırasında liderliyə yüksələrək söz sahibinə çevrilmişdir. Fikrimi ulu öndərin müdrik kəlamı ilə bitirirəm.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

 

 

Şahin ŞİRİNZADƏ,

Əmlak Məsələləri Dövlət

Komitəsi Yanında

Daşınmaz Əmlakın Dövlət

Reyestri Xidmətinin Şəki Ərazi İdarəsinin rəisi

 

Respublika.- 2013.- 30 aprel.- S. 7.