Xalqa dayaq olan nəcib insan

 

Akademik, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, xeyirxah əməlləri ilə insanların qəlbində əbədi yaşayan Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyi respublikanın hər yerində ehtiramla qeyd olunur. Xatirəsi anılır, tibbin ən çətin və məsuliyyətli sahəsi olan oftalmologiyanın inkişafı üçün göstərdiyi xidmətlər xatırlanır.

 

Məşhur oftalmoloq akademik M.Kraskov Zərifə xanım Əliyevanın görmə orqanlarının peşə potalogiyasının öyrənilməsinə həsr etdiyi tədqiqat əsərlərini yüksək qiymətləndirərək belə qeyd etmişdir: “Əcəl bu görkəmli alimə bir neçə il də möhlət versəydi, o, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbin rəhbəri olacaqdı”.

Zərifə xanım ətirli bir bahar günündə dünyaya gəldi. Bahar ürəkli oldu. Elə bahar kimi qısa bir ömür yaşadı. Cəmi 62 il. Zərifə xanım Əliyeva bu qısa ömürlü həyatında nə qədər böyük işlər gördü, elmin sirlərinə vaqif oldu, hərəkətləri, ağlı, zəkası ilə valideynlərinə gözəl övlad, ömür–gün yoldaşına arxa–dayaq, övladlarına gözəl, nümunəvi ana oldu.

Zərifə xanımın atası tanınmış ictimai–siyasi xadim Əziz Əliyev yüksək dövlət qulluğunda çalışarkən onlara qarşı çox təzyiqlər olmuşdur. Zərifə xanım da çətin anlar yaşamış, mənəvi zərbələrə məruz qalmış, lakin sınmamışdı.

O, həyatını elmə bağlamış, bu yolda gecə–gündüz çalışmış, nəhayət, çəkdiyi sitəmlərin əvəzi olaraq tale onun ömür yoluna Heydər Əliyev kimi parlaq bir şəxsiyyət çıxarmışdı.

Repressiyaya məruz qalan Əziz Əliyevin ailəsinin ən ağır dəqiqələrində belə Heydər Əliyev DTK sistemində çalışmasına baxmayaraq, Zərifə xanımla ailə qurmaqdan çəkinməmişdir. Halbuki buna görə onun karyerası sual altına alınmışdır. Belə bir cəsur, mətin insanın ömür–gün yoldaşı olmaq özü də böyük bir xoşbəxtlik idi.

Sonralar ümummilli liderimiz Heydər Əliyev saf, təmiz duyğularını belə ifadə etmişdi: “Mən onu çox sevirdim, o, da məni çox sevirdi, biz bir–birimizi çox sevirdik”.

Heydər Əliyev—Zərifə xanım sevgisi göylərdən gələn, günəşdən güc alan sevgi dolu bir xoşbəxtlik dünyası idi desək, yanılmarıq.

Dövrünün görkəmli ziyalısı və ictimai–siyasi xadim Əziz Əliyev ixtisasca həkim olmuşdu. Zərifə xanım da həkim olmaq arzusu ilə 1947–ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə və profilaktika fakültəsini bitirdikdən sonra Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma təhsilini davam etdirmişdi.

Elmi–tədqiqat işlərinə böyük marağı olduğundan Zərifə xanım Azərbaycan oftalmologiya Elmi–Tədqiqat İnstitutunda həkim–ordinator kimi fəaliyyətə başlamış, 1950–ci ildə aspiranturaya daxil olmuşdur. Oranı bitirdikdən sonra Respublika Elmi–Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdi.

Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman, bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə isə nəinki oftalmologiya elmi üçün, bütün Azərbaycan Respublikası üçün mühüm məsələyə çevrilmişdi. Dünya işığına həsrət qalan insanların çoxu məhz bu xəstəlikdən əziyyət çəkirdi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicə və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edirdi. Zərifə xanım respublikada traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim oftalmoloqlara mühazirələr oxuyur, əhali ilə söhbətlər aparırdı. Elə bununla Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirdi.

1960–cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası işini müdafiə etdi.

Zərifə xanım Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında həkimlik fəaliyyətini davam etdirməklə tibbi əməliyyatlar aparır, müalicələr edir, məsləhətlər verir, göz xəstəliklərinə aid təkmilləşdirmə kurslarının dinləyiciləri olan həkimlərə mühazirələr oxuyurdu.

Zərifə xanım seçdiyi peşədə zülmətlə işığın mübarizəsində zülmətə qalib gəlməyi bacardı. Ona pənah gətirən hər kəsi vicdanı, biliyi sayəsində zülmətdən xilas etməklə işığa qərq etdi.

Sonralar oftalmologiyanın digər vacib istiqamətlərinin tədqiqatı ilə də məşğul oldu. “Qlaukoma”nın öyrənilməsinə aid olan tədqiqatların nəticəsində nəşr olunmuş elmi məqalələr göz xəstəlikləri klinikasında çalışan həkimlərin biliklərinin genişlənməsinə səbəb oldu.

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin, çoxsahəlidir ki, onun fəaliyyətinə nəzər salarkən bu insanın necə böyük şəxsiyyət olduğunun bir daha şahidi oluruq. Fitri istedada malik olan bu gözəl insanın, novator alimin, pak bir şəxsiyyətin yaşadığı dərin mənalı ömür, keçdiyi şərəfli həyat yolu hər bir azərbaycanlı üçün kamillik, müdriklik məktəbidir.

Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olan alim kimi dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi–tədqiqat laboratoriyası yaratmaqla praktiki olaraq elm aləmində yeni bir istiqamətin, peşə oftalmologiyasının əsasını qoydu. O, “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” kimi qiymətli elmi məqalələr və monoqrafiyalar yazıb çap etdirmişdi.

Zərifə xanım apardığı tədqiqatlar, müşahidələr nəticəsində “Azərbaycanın kimya səneyesinin bəzi müəssisələrində çalışan işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, H.Helmqolts adına Moskva Elmi–Tədqiqat Göz Xəstəlikləri İnstitutunda doktorluq dissertiyasının müdafiəsi zamanı keçmiş Sovetlər İttifaqının görkəmli alimləri bu böyük elmi əsəri çox yüksək qiymətləndirmişlər.

O, həmçinin nadir sahə sayılan “iridodiaqnostika” və “iridoterapiya” problemləri ilə məşğul olmaqla iki monoqrafiya hazırlamışdı. Qürurla qeyd etmək istərdim ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə azərbaycanlı qadın Zərifə xanım Əliyeva yazmışdır.

Akademik Zərifə xanım Əliyeva görmə orqanlarının peşə patologiyası sahəsində apardığı elmi–tədqiqat işlərinin uğurlu nəticələrinə görə keçmiş SSRİ–nin oftalmologiya sahəsinin ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafatı alan ilk qadın alim olmuşdur.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının müdiri, professor Zərifə xanım Əliyeva elmi–tədqiqat işlərinin təşkili, kadrların və elmi işçilərin hazırlanması məqsədilə öz ətrafına gənc və istedadlı həkimləri topladı.

Zərifə xanımın təşəbbüsü ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Plenumun keçirilməsi nəinki Azərbaycanın keçmiş Sovetlər İttifaqının səhiyyədə, oftalomologiya xidmətinin inkişafında, eləcə də elmi, pedaqoji kadrların hazırlanmasında da çox böyük rol oynadı.

Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqat əsərləri alimə böyük şöhrət gətirmiş, onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdı.

Azərbaycan Elmlər Akademiyası Ə.İ.Qarayev adına Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü ilə görmə orqanının fiziologiya və professional patologiyasının problemi ilə məşğul olan bir laboratoriya açıldı. İstehsalatda zərərli maddələrin görmə orqanına fizioloji, kliniki, funksional və kistaloji təsir mexanizminin bir sıra dərin tədqiqatlarının nəticələri həyata keçirilmişdir. Belə elmi axtarışların nəticəsində Zərifə xanımın bir neçə monoqrafiyaları dərc edilmişdi.

Zərifə xanım Əliyeva elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənməklə onun profilaktikası tədbirlərini işləyib hazırlamışdı.

Zərifə xanımın “şin istehsalında gözün peşə patalogiyası”, “xroniki yod intaksikasiyası zamanı oftalmologiya”, “yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi elmi monoqrafiyaları dünya miqyasında yüksək qiymətləndirilmişdi. Onu qeyd edək ki, Zərifə xanımın maraqları təkcə görmə orqanının professional patalogiyası problemləri ilə məhdudlaşmırdı. Görmə orqanının virusla zədələnmə problemlərinə həsr olunmuş bir çox elmi işləri geniş yayılmışdı. Tədqiqatlar nəticəsində bu xəstəliklərin diferensial diaqnostikasını yaxşılaşdırmaq və onların müalicəsinin effektliyini gücləndirməyə nail olmuşdu.

Zərifə xanım etnologiya, diaqnostika və qlaukomanın müalicəsi məsələlərinə də həsr olunmuş maraqlı tədqiqatlar aparmışdır. Bu tədqiqatların nəticəsinə “Gözün hidrodinamika sisteminin xarakteristikası”, “Yaşla bağlı gözün və əsəb yollarının dəyişilməsi” adlı iki monoqrafiya hazırlamışdı.

Zərifə xanım gözün travma ilə mübarizəsi və profilaktikasında cərrahiyyə müalicəsinin metodik üsullarını təhlil etməklə bir neçə faydalı məsləhətlər işləyib hazırlamışdı.

O, gözdə bəzi qorxulu şişin diaqnostikasına dair əsərlərin müəllifi idi. Görkəmli alimizin daktiologiya ilə bağlı “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi”, “Göz yaşı ifraz edən yolların hifzi cərrahiyyəsi” adlı monoqrafiyaları təkcə oftalmoloqların deyil, fizioloqların da maraqlarına səbəb olmuşdur. Yaxşı deyiblər: Gözlərin nurunu qoruyanlar hər hörmətə, hər tərifə layiqdir.

Görkəmli alimimiz Zərifə xanım Əliyevanın müəllifi olduğu “İridodiaqnostikanın əsasları” adlı nadir əsəri həm də oftalmoloq həkimlərin geniş yayılmış dərsliyidir.

Zərifə xanım həkim etikası və tibbi deontologiya məsələlərinə çox böyük əhəmiyyət verirdi.

Zərifə xanım Əliyeva haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir:

“Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını, məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə, öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

Zərifə xanım Əliyevanın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunmuşdu.

Bu böyük alimin ömür səhifələri yaradıcı əməyin vətənə, xalqa namusla xidmətin gözəl nümunəsidir, bütün gənclərimiz üçün əsl həyat məktəbidir.

Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Akademik Zərifə xanım Əliyeva 140 elmi əsərin, 10 monoqrafiya, 12 səmərəli təklifin müəllifi olmuşdur. Görkəmli alimimizin xalq qarşısındakı və tibb elmi sahəsindəki böyük xidmətləri yüksək qiymətləndirilmişdir.

Akademik Zərifə xanım Əliyeva əməkdar elm xadimi, professor, müxtəlif mükafatlar laureatı olmaqla orden və medallarla təltif olunmuşdur.

Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu oftalmologiya kafedrasının professoru, akademik Filatov adına mükafat laureatı V.Şmelyevanın dediklərini sizə təqdim edirəm:

—Həyatda mənim bəxtim gətirib. Belə ki, taleh mənə qeyri–adi bir insanla ünsiyyətdə olmaq imkanı verib.

Zərifə xanım Əliyeva ömrünün son günlərinədək mənim yaddaşımda məhz həyatda olduğu kimi qeyri–adi insan olaraq qalacaq. Zərifə xanım, hər heydən əvvəl, həyat sevgisi və maraq dairəsinin böyüklüyü ilə fərqlənirdi: – O, həkim–oftalmoloq sənətinin vurğunluğu, elmi–tədqiqatlara çox vaxt sərf edirdi. O oftalmologiyada yeni, çox çətin və az öyrənilən bir sahəni araşdırmış, bu tipli xəstəliklərin profilaktikasına və müalicəsinə böyük töhfə vermişdir. Zərifə xanım həyatda olduğu kimi, elmdə də özünə tapdanmış yol seçməmiş, elmin az öyrənilən, lakin inkişafı günün tələbi olan sahələrini araşdırmışdı.

Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım.

Zərifə xanım böyük və tanınmış bir nəslin nümayəndəsi idi. Atası məşhur ictimai–siyasi və dövlət xadimi Əziz Əliyev uzun müddət məsul vəzifələrdə çalışarkən müxtəlif təzyiqlərlə üzləşmişdi. Amma sınmamışdı. Dövrün sayılıb–seçilən ziyalısı, dövlət xadimi olmuşdu.

Əziz Əliyevin keçdiyi böyük bir ömrü bir də onu təsdiqlədi ki, vəzifələr insanı zənginləşdirmir, insanlar vəzifələri zinətləndirirlər.

Zərifə xanım əsl ziyalı ailəsindən idi. Ata nənəsi Əziz Əliyevin anası Zəhra xanım İrəvanın adlı–sanlı adamlarından sayılan İbrahimbəy Süleymanbəyovun qızı idi. Nəcabətli, varlı–hallı bəy nəslindən olan Süleymanbəyovlar ailəsi İrəvanda tanınmış köklərdən idi.

Zərifə xanım Əliyeva ölkənin birinci şəxsinin, Heydər Əliyevin ömür–gün yoldaşı idi. Lakin bu amillər heç də onun sadəliyinə mane olmurdu. Bu sadəlik, alicənablıq onun soykökündən, nəslindən, nəcabətindən gəlirdi.

Deyirlər: Qadın–həyata can verən, insanı yaşadan Allahdan sonra ikinci qüdrət sahibidir!..

Zərifə xanım qeyri–adi qadın idi. Görkəmli alim həyatını elmə, işə həsr etsə də, ailəsinə diqqəti, məhəbbəti ön cərgədə idi.

Qüdrətli dövlət başçısı Heydər Əliyev ömrünün axırına kimi Zərifə xanıma olan məhəbbətini heç nə ilə dəyişmədi. Yaxşı deyiblər: yarananları yaşatmaq eşqi ilə yaşayanlar dünyanın ən gözəl, ən xeyirxah adamlarıdı.

Zərifə xanımın piano arxasına keçməsi onun müşayiəti ilə ulu önədrimizin “Üzüyümün qaşı füruzədəndir”, “Küçələrə su səpmişəm” xalq mahnısını ifa etməsi, sözün əsl mənasında, ailə xoşbəxtliyinin məhəbbət haqqında dastanı idi.

Zərifə xanım sözün bütün mənalarında böyük azərbaycanlı qadınıdır. Görkəmli alimimiz Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin korifeylərindən biri, böyük ziyalı, böyük qadın, böyük ana, Azərbaycan qadınının simvoludur.

Zərifə xanım övladlarına çox bağlı bir ana idi. O, ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun davamçısı cənab Prezidentimiz İlham Əliyev kimi xalqına, torpağına, millətinə bağlı bir insanın anasıdır.

Yaxşı deyiblər: “Bir xalqın gələcək nəslinin ağıllı–kamallı olması üçün o xalqın kamil anaları olmalıdır”.

Zərifə xanımın xatirəsi oftalmoloq alim, nəcib, xeyirxah insan, anaların anası kimi Azərbaycan xalqının qəlbində yaşayır, yaşayacaqdır.

Zərifə xanım bir ətirli bahar günündə dünyaya gəlmişdi. Bu ətirli bahar günlərində onu sevənlər vətən torpağının ən gözəl güllələrindən, çiçəklərindən dəstə bağlayıb onu yad etməyə, ziyarət etməyə gəlirlər.

İllər illərə calanır. Vaxt, zaman Zərifə xanım Əliyevanın adını, şöhrətini gələcəyə aparır. Zərifə xanım müstəqil Azərbaycan dövlətinin baş memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli liderimiz Heydər Əliyevin vəfalı ömür–gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı, həm də böyük bir xalqa arxa olan insana arxaydı.

 

 

Rəfiqə MƏSUD,

kinossenarist, publisist,

əməkdar mədəniyyət işçisi

 

Respublika.- 2013.- 30 aprel.- S. 8.