Görkəmli alim Zərifə xanım Əliyeva əbədiyaşardır

 

Azərbaycan Respublikasının görkəmli elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanı xatırlayarkən, başlıca olaraq, onun insani keyfiyyətləri, xeyirxahlığı, oftalmologiya sahəsi üzrə dünya şöhrətli mütəxəssis olduğu yada düşür. Vəfalı ömür yoldaşı yə qayğıkeş ana idi Zərifə xanım.

Zərifə xanım Əliyevanın 90 illik yubileyi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş yad edilir və əziz xatirəsi sonsuz məhəbbətlə anılır.

Zərifə xanım Əliyeva 1923–cü ildə Şərur rayonunun Şahtaxtı kəndində ziyalı ailəsində anadan olmuşdur. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa sərf etmiş atası Əziz Əliyev İrəvan mahalında ermənilər tərəfindən daim təqiblərə məruz qaldığına görə ailəsini Naxçıvana köçürməyə məcbur olmuşdu. Sonra isə təhsilini davam etdirmək üçün ailəsi ilə bərabər Bakıya köçmüş və tibb fakültəsini bitirərək doktorluq dissertasiyasını müdafiə etmişdir.

Zərifə xanım Əliyeva 1942–ci ildə orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakültəsinə daxil olmuş və 1947–ci ildə həmin institutu bitirmişdir. Sonra isə o, Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir.

Zərifə xanımın mənəvi dünyası, həyat fəlsəfəsi, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxsahəlidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti hər kəs üçün bir örnəkdir. Qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Zərifə xanım fədakar bir həkim kimi bir sıra göz xəstəliklərinin, o cümlədən Azərbaycanda geniş yayılmış traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş və müalicə metodlarının axtarılmasında dəyərli elmi tədqiqatlar aparmışdı. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etmişdir. Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960–cı ildə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil etmişdir.

Akademik Zərifə xanım Əliyeva ilk dəfə olaraq, görmə orqanının peşə patologiyasını araşdıran elmi–tədqiqat laboratoriyası yaratmış və peşə oftalmologiyasının əsasını qoymuşdur. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatlar alimə böyük şöhrət gətirmişdi. Zərifə xanım ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi–tədqiqat işləri dünya tibb sahəsində nadir tədqiqatlar sırasındadır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi–tədqiqat işlərinin uğurlu nəticələrinə görə, akademik Zərifə xanım Əliyeva SSPİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Akademik M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirib.

Zərifə xanım Bakı Şin Zavodunda, Sumqayıt “Üzvi sintez” istehsalat birliyində, Mingeçevir “İzolit” zavodunda və digər obyektlərdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri diqqətlə öyrənmiş, zərərli peşələrin törətdiyi göz xəstəliklərinin yaranma mexanizmini elmi surətdə əsaslandırmış, onların qarşısını almaq üçün əməli tədbirlər görmüşdür. Zərifə xanım bu xeyirxah işləri yerinə yetirərkən zərərli amillərin təkcə görmə orqanına deyil, bütövlükdə orqanizmə və onun ayrı–ayrı orqanlarına göstərdiyi təsirləri də mükəmməl öyrənmiş, profilaktik və müalicəvi tədbirləri həyata keçirmişdir. Alim zərərli müəssisələrdə çalışanların görmə orqanlarını müalicə etməklə bütövlükdə onları müxtəlif toksinlərin təsirindən mühafizə edərək insanların həyatını qoruyurdu.

Yüksək insani, ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. O, bu mövzuya dair baxışları “Həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” monoqrafiyalarında ətraflı işıqlandırmış və bu, ictimaiyyət, eləcə də həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunmuşdur. Zərifə xanım dəfələrlə deyirdi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və bəzən dava–dərmandan da güclü təsir göstərir. Zərifə xanım həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, təkcə təhsilin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir.

Alim xəstə–həkim münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və “həkim xəstənin ən doğma adamıdır” demişdir. Zərifə xanımın tibbi etika və deontologiyaya dair məqalə və əsərləri ilə yaxından tanış olduqda, onun bu sahəyə dair işlərinin təkcə tibbdə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edildiyi məlum olur. Zərifə xanım Əliyevanın bir alim, pedaqoq, həkim kimi istedadı öz çoxcəhətliyi və dərinliyi ilə insanı heyrətə gətirirdi. O özünün səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması ilə hamının hörmətini qazanmışdı.

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst–xətti olan novator bir alim idi. O, elmi–pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi–tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq–həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Zərifə xanımın o dövrdə böyük nüfuz qazanmış Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyətinin əsasını SSRİ–nin müxtəlif guşələrindən gəlmiş və təkmilləşmə kursu keçən həkimlərə tibb elmində əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi təşkil edirdi. Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin doktorluq dissertasiyasının əsasını təşkil etdi. 1976–cı ildə Q.Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndirdilər.

Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında dəyərli fikirlər söyləmişlər. Dünya şöhrətli oftalmoloq, alim, akademik A.Nesterov demişdir: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Akademik N.Puçkovskaya “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi” deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq, “biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik”—demişdi.

Elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım ulu öndərimiz Heydər Əliyevin enişli–yoxuşlu yollarda onunla daim birgə addımlayan vəfalı ömür yoldaşı idi. Zərifə xanım sanki günəş kimi yüzlərlə insanın gözünə işıq saçıb Azərbaycan sevgisini yaşadan ailə ocağında ləyaqətli övladlar böyüdən xoşbəxt ana idi. Akademik Zərifə Əziz qızı Əliyeva insansevərliyi, bəşəri duyğuları, xeyirxahlığı ilə ölməzliyə qovuşub. Onun əziz xatirəsi qəlbimizdə daima yaşayacaqdır.

 

 

Fatma ƏLİYEVA

 

Respublika.- 2013.- 30 aprel.- S. 8.