Böyük əməlləri, nurlu siması ilə seçilən alim

 

Binəqədi Rayon İcra Hakimiyyətində görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunmuşdur

 

Aprelin 27–də Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Mərasimə rayonun idarə, müəssisə, icra strukturlarını, təhsil, səhiyyə, mədəniyyət ocaqlarını və sair təşkilatları təmsil edən 100 nəfər nümayəndə qatılmışdı. Əvvəlcə tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkda büstün önünə əklil qoymuşlar. Rəsmi hissənin əvvəlində iştirakçılar görkəmli alimin həyat və elmi fəaliyyətini əks etdirən filmə baxmışlar.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbir iştirakçılarını salamladıqdan sonra bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ bir müddət əvvəl görkəmli alimin anadan olmasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq sərəncam imzalamışdır. Respublikamızın hər yerində olduğu kimi, Binəqədi rayonunda da bununla bağlı silsilə tədbirlər keçirilmişdir. Bu gün keçirilən ümumrayon tədbiri isə Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş bir konfransdır.

Daha sonra Binəqədi RİH başçısı Xaləddin İsgəndərov akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, Azərbaycanda oftalmologiya elminin inkişafındakı xidmətlərindən, yüksək insani keyfiyyətlərindən söhbət açmışdır. Bildirmişdir ki, görkəmli alimin mənalı ömür yolu hər bir azərbaycanlı üçün həyat və mənəviyyət dərsi, kamillik, müdriklik məktəbidir.

Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi–pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və ölkəmizdə oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Taleyini tibb elminə həsr edən akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmişdir.

Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, fundamental əsərləri ilə şöhrət qazanan böyük alimin elmdə açdığı yol bu gün də öz aktuallığını göstərir və daha da inkişaf edir. Ümummilli lider Heydər Əliyevin ömür–gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub.

Milli Məclisin deputatı Hüseynbala Mirələmov akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin, tibb elminin inkişafındakı xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, az–az adam tapılar ki, fəaliyyəti ilə cəmiyyətə xeyir versin, ictimaiyyətin hörmət və məhəbbətini qazansın, insanlara gərək olsun, yaşadığı cəmiyyətdə sayılıb–seçilən şəxsiyyət kimi tanınsın. Qismətinə belə xoşbəxtlik yazılanlardan biri də qayğıkeş insan, qaranlıq gözlərə nur paylayan, oftalmologiya elmində öz dəst–xətti ilə iz qoyan akademik Zərifə xanım Əliyeva olmuşdur.

Ümummilli lider Heydər Əliyevin ailə üzvü (dayısı qızı) Respublika “Kosmetoloji” Klinikanın baş həkimi Zərifə Quliyeva görkəmli oftalmoloq alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva haqqında xatirələrini danışdı. Bildirdi ki, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərmişdir. Zərifə xanım yaxşı ana, vəfalı ömür–gün yoldaşı, ailəsini sevən insan olub. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi qəxsiyyət Heydər Əliyevin ömür–gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə Əziz Əliyevin ailəsində görüb götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatmışdır. O, böyük öndərimizə mənəvi dayaq, arxa olmuşdur. Zərifə xanım Əliyeva ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin anasıdır. Bu gün ölkə rəhbəri cənab İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır.

Tədbirdə yekdilliklə vurğulandı ki, görkəmli oftalmoloq alim, elm fədaisi, insanların gözlərinə və şüuruna, taleyinə işıq seli axıdan, şəfalı əlləri ilə möcüzələr yaradan akademik Zərifə xanım Əliyevanın xatirəsi xalqımızın qəlbində yaşayır və bundan sonra da yaşayacaqdır.

 

 

Ramiz Yusifli

 

Respublika.- 2013.- 30 aprel.- S. 9.