ERMƏNİLƏR VƏ HƏQİQƏTLƏR

 

(əvvəli 24 və 27 aprel tarixli saylarımızda)

 

Bax bu əzmlə fransızların namuslu olduqları mövzusunda şübhələr oyandıran bu hadisəyə dəlalət verənlərin şiddətlə cəzalandırılmalarını, məzlum və çarəsiz fəlakətzadələrin maddi və mənəvi zərərlərinin qarşılanmasını və belə acınacaqlı hadisələrin təkrar olmaması üçün səbəb və təsirlərin bütünü ilə kökündən yox edilməsini təkidlə tələb edirik.

 

Antep İslamiyyə Cəmiyyətinin rəisi

Ədib

BOA.HR.SYS. 2543–11 / 19–24

 

Arxiv sənədlərinin tədqiqatı nəticəsində ortaya çıxarılan bu əsər erməni tarixinin bilinməyən səhifələrini geniş oxucu kütləsinə təqdim edir. Əslində, biz dünya ictimaiyyətini əmələ gətirən informasiya vasitələrini, gənc nəsilləri, bu mövzularla əlaqəli təşkilatları və ya şəxsiyyətləri tamamilə uydurma, həqiqətlərdən uzaq və müəyyən məqsədlər üçün hazırlanmış əsərlərlə baş–başa buraxmamalıyıq, həqiqətləri onlara anlatmağa məcburuq. Qoy onlar müzakirə və mübahisə etsinlər, həqiqətləri araşdırsınlar, sonra vicdanla qərar versinlər. Yəni atılacaq hər bir addım, deyiləcək hər bir söz tarixin həqiqi məlumatları olmaqla, tarixi mənbələrə, yəni arxiv sənədlərinə dayanmalıdır. Sənədsiz tarix yazılmaz və hadisələrin həqiqi yönləri gün işığına çıxarıla bilməz. Arxiv sənədləri olmadan tarix yazmaq, müəyyən bir dövr haqqında hökm vermək, bir dövrü və ya hadisələri dəyərləndirmək tarix elminin lazım bildiyi tərəfsizliyə və elmi həqiqətlərə sığmaz.

Sovet hakimiyyətinin qurulması erməniləri əsrlərlə arzusunda olduqları məqsədlərinə çatdırdı. V.İ.Lenin başda olmaqla Sovet Rusiyası və ermənilərin çoxluq təşkil etdikləri SSRİ rəhbərliyi tamamilə ermənilərin tərəfində idi. 1920–ci ilin axırlarında indiki Ermənistanda Sovet hakimiyyətinin elanından sonra ermənilər Zəngəzur, Dərələyəz, Göyçə və b. əraziləri çox asanlıqla ələ keçirdilər. Onlar imkan varkən Naxçıvanı və Qarabağı da Azərbaycandan qoparmağa çalışırdılar. Naxçıvanda istədiklərinə nail ola bilməsələr də, 1923–cü ildə Dağlıq Qarabağa muxtariyyət statusu verdirə bildilər.

Bu da bir həqiqətdir ki, Sovet hakimiyyətinin 70 ili ərzində ermənilər, bir tərəfdən Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirir, digər tərəfdən də Ermənistan SSR ərazisində tarixi–etnik torpaqlarında yaşayan etnik azərbaycanlıları müxtəlif yollarla həmin ərazilərdən sıxışdırıb çıxarırdılar.

Bütün bunların nəticəsi idi ki, SSRİ Nazirlər Sovetinin İ.Stalin tərəfindən imzalanmış 1947–ci il 23 dekabr tarixli, 4083 nömrəli və 1948–ci il 10 mart tarixli, 754 nömrəli “Ermənistan SSR–dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR–in Kür–Araz ovalığına köçürülməsi haqqında”kı qərarı Sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi növbəti cinayət aktı idi. Təəssüflər olsun ki, 1991–ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra da ermənilərin xalqımıza qarşı ərazi iddiaları ilə apardığı açıq müharibə, ölkəmizin ərazisində kütləvi terror əməliyyatları həyata keçirildiyi bir vaxtda belə, respublikamızda buna qarşı mübarizə ümumxalq, ümumdövlət siyasəti səviyyəsinə qaldırılmamışdır.

Yalnız 1997–ci il may ayının 27–də —”Respublika günü” münasibəti ilə keçirilən təntənəli yığıncaqda çıxış edən ümummilli liderimiz Heydər Əliyev bu problemə çox kəskin və doğru–düzgün qiymət verdikdən sonra həmin məsələyə ümumdövlət siyasəti səviyyəsində ciddi surətdə fikir verilməyə başlandı. Ulu öndərimiz yığıncaqdakı nitqində demişdi: “Azərbaycan xalqına bu dövrdə vurulan ən böyük zərbələrdən biri 1947–1948–ci illərdə Azərbaycan xalqına qarşı Sovet hakimiyyəti tətəfindən edilmiş ən böyük ədalətsizlikdir.

Təəssüflər olsun ki, tarixçilərimiz və hamımız, nədənsə bu hadisəyə o vaxtlar da, indi də, xüsusilə dövlət müstəqilliyimizi əldə etdikdən sonra da doğru–düzgün qiymət verə bilməmişik…” Ulu öndərimiz öz çıxışına belə davam etmişdir: “Təəssüflər olsun ki, biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində 1988–ci ildə Ermənistan Azərbaycana təcavüz edibdir. O dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa müddətdə Ermənistandan zorla çıxarıldılar…” (“Azərbaycan” qəzeti, 28 may 1997).

Ümummilli liderimizin bu iradından sonra göstərilən məsələyə münasibət kökündən dəyişmiş, ona böyük diqqət yetirilmiş və o, 1997–ci il dekabr ayının 18–də “1948–1953–cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi–etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdır. Fərmanda deyilir: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ–mərhələ gerçəkləşdirilən belə qeyri–insani siyasət nəticəsində doğma tarixi–etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi–mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir” (“Azərbaycan” qəzeti, 19 dekabr 1997). Ulu öndərimiz deyirdi: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz” (Əliyev H.Ə. “Müstəqillik yolu” (Seçilmiş fikirləri) B., 1997).

Ermənilərin çar Rusiyasına və ruslara qarşı yeritdiyi ikiüzlü siyasəti barəsində ikinci Rusiya–İran müharibəsi zamanı Rusiyanın İrandakı səfiri və ermənilərin Güney Qafqaza köçürülməsində xüsusi rolu olmuş A.Qriboyedov öz məktublarında məlumat verirdi. O, hətta ermənilərin Qafqaza köçürülərək burada yerli müsəlmanların malikanələrində yerləşdirildiklərində yerli əhaliyə şübhə ilə yanaşaraq, gələcəkdə onlarla müsəlmanlar arasında münaqişələrin yaranacağından ehtiyatlandığını bildirirdi. (Qriboedov A.S.Soçineniə, t.II, M., 1971). A.Qriboyedov yazırdı: “Erməniləri burada müvəqqəti yerləşdirdiyimizə inanmayan müsəlmanlar ehtiyat edirlər ki, ermənilər ilk dəfə buraxıldıqları yerlərə sonralar həmişəlik sahib olurlar” (Qriboedov A.S.Soçineniə, t.II, M., 1971; Azerbaydjanskaə Demokratiçeskaə Respublika. Zakonodatelğnıe Aktı (1918–1920).B.,”Azerbaydjan” 1998, s. 560).

İlk dəfə olaraq ermənilərin İrandan köçürülərək Güney Qafqazda yerləşdirilməsi məsələlərindən geniş surətdə bəhs edən S.N.Qlinka isə göstərirdi ki, rus ordusunun komandanı qraf İ.Paskeviç tərəfindən Təbrizə komendant təyin edilmiş erməni mənşəli Q.Lazarevin dəvəti ilə hər tərəfdən buraya axışan ermənilər ondan xahiş edirdilər ki, Rusiya imperatoruna çatdırsın ki, onlar “çar həzrətlərinin dövri–səltənətində yaşamağa və ölməyə çox sevinərlər!” Xoy erməniləri isə bildirirdilər ki, “Biz İranın çörəyini yeməkdənsə, Rusiyanın ot–ələfini yeməyi üstün tuturuq”(Azərbaycan tarixi (XIX əsr) IV cild. Bakı “Elm” 2000, s.358).

Artıq XIX əsrin axırlarında Güney Qafqazda ermənilər özlərinin həqiqi sifətlərini göstərməyə başladılar. Təsadüfi deyildir ki, məhz bu vaxtlarda V.L.Veliçko, İ.Çavçavadze, N.Şavrov və başqa müəlliflər öz əsərlərində erməni rəzaləti, ikiüzlülüyü, satqınlığı haqqında açıq–aşkar yazmağa başladılar. N.Şavrov öz əsərində ermənilərin ruslar tərəfindən xristian dininə mənsub bir xalq kimi buraya köçürülərək yerləşdirildikləri barədə geniş məlumat verərək göstərmişdi ki, XX əsrin əvvəllərində “Güney Qafqazda olan bir milyon 300 min erməninin bir milyonundan çoxu yerli əhali olmamış və Rusiya hökuməti zamanında bu yerlərdə məskunlaşdırılmışdır” (Şavrov N.İ. Novaə uqroza russkomu delu v Zakavkazğe. S.P., 1911)

Bu da bir həqiqətdir ki, arxiv sənədləri 1918–1920–ci illərdə daşnak–quldur dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri təkzib edilməz faktlarla sübut edir. İrəvan quberniyası müsəlman yerliləri idarəsinin sədri T.Makinskinin 1919–cu il 4 yanvar tarixli məlumatında deyilirdi: “1917–ci ilin dekabr ayından 1918–ci ilin iyun ayına qədər İrəvan quberniyasında erməni qoşun hissələri tərəfindən 200–dən çox müsəlman kəndi dağıdılmış, yandırılmış, əhalisinin bir hissəsi məhv edilmiş, bir hissəsi isə dağlara qaçaraq, oralarda aclıqdan və soyuqdan məhv olmuşdur. Hazırda ermənilər müsəlmanların yaşadıqları Sürməli qəzasını tamamilə, İrəvan, Eçmiədzin və Şərur qəzalarının isə bir hissəsini tutaraq Naxçıvana doğru hərəkət edirlər. Günahsız müsəlman əhalisi ya qılıncdan keçirilir, ya da öz kəndlərindən qovularaq dağlardan keçib İrana qaçırlar ki, bu da onları labüd ölümlə hədələyir. Zorla boşaldılmış ərazilərə isə Türkiyədən gəlmiş ermənilər yerləşdirilir” (Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi [ARDA] —f.970, siy.1, iş 202, v.468)

Ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, həm də Azərbaycana gəldikləri və həmişə azlıq təşkil etdikləri ərazilərdə də xalqımıza qarşı vaxtaşırı qırğınlar və talanlar törətmişlər. Bu ərazilər Bakı quberniyasının Bakı, Quba, Şamaxı, Göyçay qəzalarının kəndləri idi. 1917–1920–ci illərdə ermənilər Azərbaycanın, demək olar ki, bütün ərazisində azərbaycanlılara qarşı çox qəddarlıqla qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Bu hadisələr kütləvi şəkildə Şamaxı, Quba, Göyçay və Azərbaycanın digər qəzalarında davam etdirilərək Qarabağ, Zəngəzur, Naxçıvan, xüsusilə indiki Ermənistan ərazisində qeyri–adi bir qəddarlıqla davam etdirilmişdir. Erməni vandalları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirmiş, onların yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın minlərlə milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar. Ermənilərin bu dövrdə xalqımıza qarşı törətdikləri qırğınların və soyqırımların mahiyyəti ondadır ki, onun “bolşevik” S.Şaumyan, vəhşi Andranik, Daşnaksütyunun şovinist rəhbərləri tərəfindən törədilməsindən asılı olmayaraq, bu qırğın bir məqsədə —əzəli Azərbaycan torpaqlarının etnik cəhətdən azərbaycanlılardan təmizlənməsi və erməniləşdirilməsinə, ermənilərin Azərbaycanda iqtisadi və siyasi ağalığının təmin edilməsinə, azərbaycanlılara qarşı əsl soyqırım siyasətinin həyata keçirilməsinə xidmət etmişdir. Bu işə əvvəlcə S.Şaumyana təqdim edilən xüsusi mandatla Sovet Rusiyası xeyir–dua vermişdir. Şaumyan isə Bakıda azərbaycanlılara qarşı başlatdığı soyqırım siyasətini Şamaxı, Quba və Göyçayda davam etdirərək estafeti Zəngəzurda cəllad Andranikə vermiş, onun işini isə əvvəlcə şovinist daşnakların yaratdıqları Ararat Respublikası, sonra isə Sovet Ermənistanının daşnak xislətli kommunist rəhbərləri davam etdirmişlər.

Uydurulmuş “erməni məsələsi” qarşısında, başda türk ictimaiyyəti olmaqla, mövzu ilə maraqlananları, idarəçiləri və dünya ictimaiyyətini həqiqətlərlə aydınlatmağa və illərcə davam etdirilən erməni terrorunu bütün açıqlığı ilə ortaya qoymağa ehtiyac və zərurət vardır.

Bu gün Azərbaycan türkü ilə erməni çatışmalarına mənbə olan məsələlərin təməlində, heç şübhəsiz, ermənilərin Azərbaycan torpaqlarını ələ keçirərək “böyük Ermənistan” qurmaq xəyalı yatmaqdadır. Bu da bir həqiqətdir ki, insan haqlarının dünya ictimaiyyətinin gündəmində ilk sırada yer aldığı bir dövrdə Azərbaycan türkünə qarşı törədilən erməni vəhşiliyi öz damğasını silinməyəcək bir şəkildə tarixə vurmuş, dünən olduğu kimi bu gün də özünə arxa çıxanları insanlıq tarixi qarşısında əfv edilməyəcək bir şəkildə məhkum etmişdir.

Qərb və Şərq də yaxşı bilir ki, Osmanlı Türkiyəsində, o cümlədən Azərbaycanda ermənilərin genosidi yox, müsəlmanların genosidi olub. Ermənilər osmanlıların dünya müharibəsində hərbi uğursuzluğundan istifadə edərək yüz illər boyu yaxşılıq gördükləri xalqa qarşı xain çıxmış, yüz minlərlə türkü və kürdü görünməmiş vəhşiliklə qətlə yetirmişlər. Bütün Qərbi Türkiyədəki məzarlıqlar bu soyqırımına sübutdur. Fəqət erməni məzarlıqlarını görmək üçün Türkiyəyə gələn ermənipərəst əcnəbilər öz siyasətləri xeyrinə bir sübut tapa bilmirlər. Burada Ərzurumun bələdiyyə başqanı olmuş Zakir bəyin ermənipərəst əcnəbilərə dediyi sözləri xatırlatmaq yerinə düşər: “Hər yerdə bizim türk məzarlıqlarıdır. Erməni qırğını baş vermişdisə, bəs onların məzarlıqları hanı? Ermənilər öz ölülərini yemədilər ki…”

Bu da bilinməlidir ki, erməni uşağı doğulan gün anası onun qulağına “Türk sənin düşmənindir” —deyərək, türk millətinə qarşı nifrət ruhu ilə böyüdür. Buna görə onlar, hansı vəzifədə işləsələr də, istər gizli, istər açıq, yenə də öz pozucu terror hərəkətindən dönməyərək türklərin sayılıb–seçilən şəxslərini məhv edəndə sanki arzularına çatırlar, amma yenə də ürəkləri soyumur.

366–cı alayın sıravi hərbi qulluqçusu rabitəçi Afik İsabeliyevin məlumatına görə o, fevralın 24–də (1992) kapitan İ.İxodeyin komandasında topçu dəstəsində vuruşub və Xocalının işğalında iştirak edib. O, “Siz necə vuruşdunuz?” —sualına belə cavab verib: Əlimizə keçəni məhv edirdik. Bəzən küləkdən tərpənən ağaclar, xışıldayan yarpaqlar da bizi qorxuya salırdı… Mən bilmirəm Azərbaycan xalqı məni bağışlayacaqmı?.. Anam azərbaycanlılara qarşı ermənilərlə əlbir olub vuruşduğum üçün məndən imtina edib… Artıq evə gedə bilmirəm, hamı məndən üz döndərib. Amma məni məcbur etdilər, əmr verdilər. Biz isə əmrə tabe idik… Artıq məni heç kəs bağışlamır…”

 

(davamı növbəti saylarımızda)

 

Fazil QARAOĞLU,

professor.

 

Respublika.- 2013.- 30 aprel.- S. 11.