Azərbaycan öz inkişafının yeni, sürətli bir dövrünü yaşayır

 

Son 10 il ölkənin inkişafının keyfiyyətcə yeni və mühüm mərhələsidir

 

Ölkəmizdə son illərdə görülən işlər, baş verən inkişaf prosesləri bütün dünyada heyrətlə qarşılanır. Qısa müddət ərzində Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edib. Artıq iqtisadi inkişafın Azərbaycan modeli özünü dünyada təsdiq etməkdədir. Ümumilikdə ötən son 10 ili ölkənin inkişafının keyfiyyətcə yeni mərhələsi kimi qiymətləndirmək olar. Bu dövrdə dövlətimiz özünü təsdiq etməklə beynəlxalq aləmdə də mövqelərini gücləndirib. Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində də əhəmiyyətli rol oynayır.

Prezident seçkilərində Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyev xalqın böyük əksəriyyətinin dəstəyi ilə Azərbaycanın Prezidenti seçildi. Ötən 10 il Azərbaycan xalqının etdiyi seçimin nə qədər düzgün olduğunu dəfələrlə təsdiq etmişdir. Hər bir vətəndaş, xüsusilə cənab İlham Əliyevə səs verərək ulu öndərin siyasətinin davam etdirilməsinə tərəfdar olduğunu bildirən seçicilər seçimlərində yanılmadıqlarından qürur duyurlar. Azərbaycan öz inkişafının yeni, sürətli bir dövrünü yaşayır.

Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövlətinin daha da güclənməsi, zənginləşməsi və hərtərəfli inkişaf etməsi üçün bütün sahələri əhatə edən kompleks yanaşma və koordinasiya konsepsiyası cənab İlham Əliyev tərəfindən mövcud iqtisadiyyatın dövlət tənzimlənməsinin əsası kimi qəbul edilmişdir.

Ötən dövrdə Azərbaycanın dövlət büdcəsi dəfələrlə artıb. Bu göstəriciyə görə, Azərbaycan MDB və Şərqi Avropa dövlətləri arasında birinci yeri tutur. 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,3 milyard dollar idisə, 10 ildə büdcənin 16 dəfə artması isə dövlətin bu qədər güclənməsi deməkdir.

BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər qurumlarla münasibətlər getdikcə dərinləşməkdədir. Avropa Birliyinin yeni qonşuluq siyasətinə dair Proqramına qoşulmaqla ölkəmiz əlavə dividendlər qazanıb.

Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri dünya dövlətlərinin marağını ölkəmizə yönəltmişdir. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxarmışdır. Hazırda Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır. Bu da öz növbəsində, ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə güclü təsir göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi Avropanın enerji təhlükəsizliyində böyük önəm kəsb edir. Bu da Azərbaycanın beynəlxalq miqyasda enerji təhlükəsizliyi məsələsində nə qədər önəmli rol oynadığının göstəricisidir.

Azərbaycanda vətəndaş həmrəyliyinin güclənməsi, demokratiyanın inkişafı və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində də əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin idarəçilik metodunda demokratik ənənələrin və mütərəqqi meyillərin gücləndirilməsi ideyası üstünlük təşkil edir. Prezidentin ötən 10 ildə yürütdüyü siyasət onu deməyə əsas verir ki, Azərbaycan özünün inkişaf modelini müəyyənləşdirərək, demokratiyaya kor-koranə deyil, təkamül yolu ilə yiyələnir. Azərbaycan yeni dünya nizamında aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun balanslaşdırılmış siyasət yürüdərək beynəlxalq aləmdə mövqelərini və milli təhlükəsizliyini möhkəmlətmişdir. Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verilməmişdir.

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində səylərindən söz açarkən qeyd etməliyəm ki, ölkəmizin başçısı bütün xarici səfərlərində, görüşlərdə bu məsələni ön plana çəkir. Prezident münaqişənin yalnız beynəlxalq hüququn normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü dəfələrlə bəyan etmişdir. Azərbaycan hücumçu diplomatiya həyata keçirir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək. Hərbi büdcəmizin getdikcə artması və Ermənistanın bütövlükdə dövlət büdcəsindən də çox olması işğalçıları ciddi narahat edir. Müqayisə üçün qeyd edək ki, Ermənsitanın 2013-cü il üçün dövlət büdcəsinin gəlirlər hissəsi 2.5 milyard dollar nəzərdə tutulur. Azərbaycanın isə yalnız hərbi xərcləri 2013-cü il büdcəsində bu rəqəmdən təxminən 1.5 dəfə çoxdur. İnanırıq ki, hücumçu diplomatiya nəticəsində Qarabağ probleminin ədalətli həlli yolunu reallaşdıra biləcəyik.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət öz bəhrələrini verməyə başlamışdır. Belə ki, artıq beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzu artmış, ölkəmizin maraqlarını təmin edən, o cümlədən Ermənistanın təcavüzkar siyasətini pisləyən bir çox sənədlər qəbul edilmişdir. Ölkəmizin Avropa İttifaqı və NATO ilə əlaqələri yeni mərhələyə daxil olmuş, GUAM və İslam Konfransı Təşkilatında Azərbaycanın sədrliyi dövründə mühüm işlər görülmüşdür.

Cənab İlham Əliyev ölkə Prezidenti seçildiyi ilk günlərdən Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft-qaz sektorunun gətirdiyi gəlirləri uzunmüddətli sosial-iqtisadi inkişafı təmin edən sahələrə yönəltməyi vacib hesab etmişdir. O, uzunmüddətli sosial-iqtisadi inkişafa, əhalinin məşğulluğunun təmin edilməsinə, yoxsulluğun səviyyəsinin azaldılmasına və xalqın rifahının  yüksəlməsinə nail olmağı Dövlət Proqramlarının, iqtisadi islahatların həyata keçirilməsində, qeyri-neft sektorununinfrastruktur sahələrinin inkişafının təmin edilməsində görmüşdür.

 

Dövlət başçısı informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet vəzifə elan etmişdir. Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları üçün çox cəlbedici ölkəyə çevriləcəyinə əmin olduğunu bildirən ölkə Prezidenti bu texnologiyaları tam şəkildə tətbiq etmək üçün təhsilin, bilik və bacarığın ilkin şərt olduğunu qeyd etmişdir.

Cənab İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra Azərbaycanda İKT-nin sürətlə inkişaf etdiyini təsdiq edən məqamlardan biri də kosmik sənayenin inkişafidır. Bu məqsədlə 2008-ci ildən etibarən Prezident İlham Əliyevin qərar və tövsiyələri ilə kosmik tədqiqatlara başlanıldı və elə həmin il ölkə başçısı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncam imzaladı. “Kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət Proqramı qəbul olundu və qısa müddətdə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edildi.

Bu istiqamətdə həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi olaraq 2013-cü il fevral ayının 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1” uğurla orbitə buraxıldı. Azərbaycanın ilk peyki —”Azərspace-1” Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundanQviana Kosmik Mərkəzindən — üzərində üçrəngli Azərbaycan bayrağı olan “Ariane-5” daşıyıcı raketi ilə orbitə buraxıldı. Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı kommersiya xarakterli və gəlirli bir layihədir. Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcək. Azərbaycanın İlk peyki 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rola malik olacaq.

Cənab İlham Əliyevin son 10 ildəki prezidentlik fəaliyyətinin nəticəsi olaraq Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının dövlət idarəçilik sistemində tətbiq səviyyəsinə görə Transxəzər regionunda lider ölkəyə çevrildi. Məhz bu cür yüksək inkişaf nəticəsində Azərbaycanın İT-şirkətləri e-hökumət sahəsində hazır məhsul və qazanılmış təcrübə ilə region bazarına çıxa bilir.

2003-cü ildə prezident sekçilərindən sonra Azərbaycanda başlayan sürətli iqtisadi inkişafda tikinti sektorunun xüsusi rolu olmuşdur. Ölkə prezidentinin qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasəti, xariciyerli özəl investisiyalar üçün əlverişli şərtlərin yaradılması, dovlət tərəfindən qoyulan investisiyaların dəfələrlə artırılması və digər amillər nətıcəsində Azərbaycanda ötən 10 ildə tikinti bumu yaşandı. Bu, dövlət tərəfindən ölkə əhəmiyyətli irimiqyaslı tikinti layihələrinin başlanması, hər il çoxsaylı sosial obyektlərin inşa edilməsi, digər tərəfdən, özəl investisiyalar və fərdi şəxslər tərəfindən həyata keçirilən tikintilər hesabına baş verdi. Nəticədə ötən 10 il ərzində Azərbaycanda tikinti sektoru iqtisadiyyatın sabit şəkildə artan sahələrindən birinə çevrildi.

Azərbaycanda tikinti sektoruna yönəldilən investisiyaların hər il artması nəticəsində iqtisadiyyatın bu qolu ən sürətlə inkişaf edən sahələrdən biri oldu. Prezident İlham Əliyevin ötən 10 illik prezidentlik dövrü Azərbaycanda böyük tikinti-quruculuq dövrü kimi yadda qaldı. Bu barədə dünyanın aparıcı KİV-ləri dəfələrlə bəhs etdilər. Bu sektorun inkişafı həmçinin qeyri-neft sektorunun inkişafına təsir edən əsas amillərdən biri oldu. Məhz bu dövrdə “AvestaKonserni olaraq biz də nəinki regionun, hətta dünyanın ən iri layihələrindən biri olan Khazar İslands - Yeni Şəhər layihəsinin inşaatına başladıq.  Dənizin içərisində, 78 süni ada üzərində salınan şəhər 1000000 insanın yaşaması üçün nəzərdə tutulub və 2030-cu ildə tam yekunlaşdırılacaqdır. Artıq heç kəsə sirr deyil ki, bu layihə Azərbaycanı dünyada tanıdan simvollardan birinə çevrilməkdədir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 10 il ərzində aparılan böyük tikinti-quruculuq işləri Azərbaycanda iri və sənayeləşmiş tikinti şirkətlərinin yaranması ilə müşayiət olundu. Əgər 2003-cü ilə qədər iri və mürəkkəb tikinti layihələri əsasən xarici şirkətlərlə ortaqlıq şəraitində həyata keçirilirdisə, sonrakı illərdə bu vəziyyət sürətlə dəyişməyə başladı. Azərbaycanda mürəkkəb yol-nəqliyyat infrastrukturunun, iri sənaye müəssisələrinin və müasir memarlıq üslubuna malik binaların tikintisini yeni yaranan yerli şirkətlər üzərinə götürdü. Nəticədə ölkədə tikinti sektorunda açılan yeni yerlərinin sayı artdı, tikintiyə yönəldilən kapital ölkə iqtisadiyyatının digər sahələrinin də inkişafına təsir göstərdi. Azərbaycan öz daxili potensialı hesabına istənilən iri tikinti layihəsini həyata keçirə bilən ölkələr sırasına daxil oldu.

Ötən 10 il ərzində Azərbaycanda yaranan və regionun ən öndə gedən sənayeləşmiş tikinti müəssisələrinə çevrilən yerli şirkətlər prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına yaratdığı şəraitin məhsuludur. Bu və digər çoxsaylı yerli tikinti şirkətlərinin yaranması həm də tikinti sektorunda minlərlə yeni iş yeri və qeyri-neft sektorunun digər sahələrinin inkişafına ciddi təkan oldu.

Prezident İlham Əliyevin ötən 10 ildə Azərbaycanın uzunmüddətli inkişafına yönəlmiş   siyasətinin  vacib   istiqamətlərindən  biri   də ölkənin  zəngin turizm potensialından istifadə etməklə bu sektorun inkişafıdır. Çənab İlham Əliyev turizm sektorunun inkişafını qeyri-neft sektorunun tərəqqisində və iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasında mühüm vasitələrdən biri kimi diqqətdə saxlayır. Dövlət başçısı bu istiqamətdə növbəti addım kimi “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı”nı qəbul etdi. Bu proqram yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır.

2010-cu ildə Prezident İlham Əliyev turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və bu sektorun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nı təsdiqlədi. Bu proqram ölkədə turizmin iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilməsi baxımından vacib sənəd oldu. Proqramın həyata keçirilməyə başlanmasından etibarən ölkədə dünyanın aparıcı hotel markaları altında yeni beşulduzlu hotellərin, istirahət mərkəzlərinin və digər turizm infrastrukturunun sayı sürətlə artmağa başladı. Azərbaycan regionda, o cümlədən MDB respublikaları arasında turizmin sürətli inkişaf etdiyi ölkələrdən birinə çevrildi.

Dünyanın məşhur hotel brendlərinin bir-birinin ardınca Azərbaycana gəlməsi bir tərəfdən turizm sektorunun sürətli inkişafı, digər tərəfdən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların nəticəsi olaraq özəl investisiyalar üçün yaradılmış şəraitin və ölkənin ümumi inkişafının təzahürü idi. İnkişafın digər mühüm göstəricisi də budur ki, 5 ulduzlu hotellər təkcə Bakıda yox, ölkənin turizm mərkəzlərinə çevrilən bölgələrində də çoxalmağa başladı.

Azərbaycanda ötən 10 il ərzində turizm sektorunun inkişafına yönəlmiş dövlət proqramları, bu sahəyə yatırılan investisiyalar, xidmət sektorunun inkişafı və regionlarda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması nəticəsində ölkəyə gələn xarici turistlərin sayında hər il artım qeydə alındı. 2012-ci ildə Azərbaycana gələn xarici turistlərin sayı 2 milyon nəfərə yaxınlaşdı.

 

2003-2013-cü illəri ölkəmizin mədəni irisnin beynəlxalq auditoriyanın diqqət mərkəzinə gətirilməsi və dünya səviyyəsində qorunmasına nail olunması ilə də səciyyələndirmək olar. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan təbliğat və təşviqat işləri ölkəmizə aid bir çox incəsənət nümunələrinin UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı”na daxil edilməsi ilə nəticələndi.

2011-ci ildə Almaniyada keçirilən “Eurovision-2011” yarışmasında ölkəmiz 43 ölkə arasında birinci yerə yüksəldi. Bu həm də növbəti ildə həmin mötəbər beynəlxalq yarışmanın Azərbaycanda keçirilməsi hüququ demək idi. Dövlət başçısının şəxsi nəzarəti altında hazırlıq işləri aparıldı, müsabiqənin keçirilməsi üçün ən yüksək standartlara cavab verən “Baku Crystal Hall” mərkəzi tikilərək istifadəyə verildi. Nəhayət, yüksək səviyyədə təşkil olunan “Eurovision-2012” mahnı müsabiqəsi növbəti dəfə dünyanın diqqətini ölkəmizə yönəltmiş oldu.

Prezident İlham Əliyeyin mədəniyyət sahəsində və ölkəmizi dünyaya tanıtmaq baxımından müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq yüksək səviyyədə təmsil olunduğumuz və ölkəmizə gətirdiyimiz bu beynəlxalq müsiqi yarışması Azərbaycanı dünyaya musiqi, mədəniyyət mərkəzi kimi tanıtdırdı. Bu müsabiqə ilə bağlı Bakıya gələn hər kəs Azərbaycanın inkişafının, xalqımızın qonaqpərvərliyinin, zəngin mədəniyyətinin şahidi oldu. Çoxsaylı xalqların, müxtəlif mədəniyyətlərin bir araya gəldiyi bu musiqi yarışmasına Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq imicinin daha da artmasına mühüm töhfə olmaqla bərabər, sivil dünyanın ayrılmaz hissəsi olan ölkəmizin mütərəqqi bəşəri dəyərlərə malik olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan təkcə sosial-iqtisadi göstəricilərinə görə deyil, həm də mədəni həyatdakı inkişafı ilə dünyanın marağına səbəb oldu. Paytaxtdan başlanan mədəniyyət hadisələri bölgələrimizdə də davam etdi. Beynəlxalq tədbirlərə, festivallara, konfranslara ev sahibliyi edən şəhərlər sırasına Qəbələ, Naxçıvan, Şəki, Gəncə də əlavə olundu.

Azərbaycan muğamınm dünyaya çıxarılması, bu milli-mənəvi sərvətimizin bəşəriyyətə tanıdılması məhz cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə öz həllini tapdı. Ölkəmiz muğamla bağlı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdi, muğamın dünyada tanıdılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 2003-cü ildə Azərbaycan Muğamı UNESCO tərəfındən Bəşəriyyətin ŞifahiQeyri-Maddi İrsininŞah Əsərləri” Siyahısına daxil edildi. 2009-cu ildə dünyada ilk dəfə olaraqMuğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirildi. 2011-ci ildə ölkəmiz “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalına ev sahibliyi etdi. 2013-cü ildə isə III Beynəlxalq Muğam Festivalı keçirildi. Festivallarda dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçi və tədqiqatçılar iştirak etdi.

Uğurlu siyasət və dinamik olaraq inkişaf edən iqtisadiyyat bizə yaxın gələcəkdə qarşımızda duran problemlərin qısa zamanda həll edilməsinə imkan yaradacaqdır.

Arxada qalan 10 ili bir cümlə ilə ifadə etsək, birmənalı şəkildə deyə bilərik ki, bu müddət ərzində görülən bütün işlər, aparılan siyasət Azərbaycanı daha da inkişaf etdirdi, regionun lider dövlətinə çevrilən Azərbaycan daha da qüdrətləndi, gücləndi, ölkədə vətəndaş həmrəyliyi tam şəkildə bərqərar olundu. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini davam etdirməklə yanaşı, Azərbaycanın problemlərinin kompleks şəkildə həllinə başladı. Bu nə qədər çətin bir olsa da, uzun zaman tələb etsə də, son 10 ildə cənab İlham Əliyev bunun öhdəsindən gələ, ölkəni sürətli inkişaf yoluna çıxara bildi.

Azərbaycanın qarşıya qoyduğu bütün strateji hədəflərə doğru inamla irəliləməsi və yüksək nəticələr əldə etməsi digər ölkələrə də nümunə sayılır. Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin, habelə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişini, paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsini, respublika əhəmiyyətli yollarda yenidənqurma işlərinin aparılmasını, regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, olimpiya-idman komplekslərinin, eləcə də yeni fabrik və zavodların tikintisinibu sırada xüsusi qeyd etmək olar.

 

2003-cü ilin Prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev xalqa müraciətində siyasi varislik məsələsi ilə əlaqədar olaraq fikirlərini açıqlayaraq dövlətin idarə edilməsinin İlham Əliyevə etibar olunmasını məsləhət bilmişdi. Cənab İlham Əliyev çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində böyük uğurlara imza atmaqla ulu öndərin siyasi varisi, onun güclü dövlətçilik, sosial-iqtisadi inkişaf kimi missiyalarının, azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiq etdi.

Prezidentin xalqın etimadını doğrultmasını ilk növbədə verilən vədlərin reallaşması, həyata keçirilən böyük işlər sübuta yetirir. Beləliklə, Prezident İlham Əliyev 10 ildə göstərdiyi fəaliyyətlə Azərbaycan siyasətində alternativinin olmamasını sözün həqiqi mənasında sübuta yetirdi. Ötən 10 il cənab İlham Əliyevin “Mən hər bir azərbaycanlının prezidenti olacağam” bəyanatının sözün həqiqi mənasında təsdiqi oldu.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müstəqil Azərbaycanın adını daha yüksəkliyə qaldıracaq. Azərbaycan vətəndaşları ən yüksək dəyərlərə malik müasir və müstəqil ölkədə yaşamaqları ilə fəxr edəcəklər.

 

Hacı İbrahim Nehrəmli,

Respublika. - 2013.- 1 dekabr.- S.4.