Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyinin

 toplantısı keçirilib

 

 

Dünən Monolit Plaza otelinin konfrans zalında Azərbaycan Respublikasının Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosiasiyasının) ümumi yığıncağı keçirildi.

Tədbirdə Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyinin və Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov ötən bir il ərzində görülmüş işlərlə bağlı hesabat verdi. Natiq bildirdi ki, ötən il ərzində respublikamızın ictimai həyatı əlamətdar hadisələrlə dolu olmuşdur. Ən əlamətdar hadisələrdən biri isə bu ilin oktyabrın 9-da keçirilmiş Prezident seçkisidir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev çox böyük səs üstünlüyü ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ulu öndərin hər bir fərdin mənafeyini uca tutmaqla əsasını  qoyduğu məhkəmə-hüquq islahatları son 10 ildə məhz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin iqtisadi imkanlarının daha da genişləndiyi son illərdə məhkəmə orqanlarında zamanın tələbi ilə səsləşən islahatlar geniş vüsət almış, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, obyektiv və şəffaf şəraitdə hakim korpusunun  formalaşdırılması, məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmini, bəzi neqativ halların aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər həyata keçirilmişdir.

Ümumiyyətlə, məhkəmələrin iş şəraitinin yaxşılaşdırılması, hakimlərin sayının artırılması, o cümlədən sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər cəmiyyətdə məhkəmə hakimiyyətinin müstəqil statusunu möhkəmləndirmək və ictimaiyyətin onlara inamını daha da yüksəltmək məqsədinə xidmət edir. 2010-cu ildə regionlarda ağır cinayətlər məhkəmələrinin yaradılması, yerli hərbi məhkəmələrin ləğvi də bu qəbildən olan tədbirlərin uğurlu davamı kimi xarakterizə olunmalıdır.

Eyni zamanda, məhkəmələrin fəaliyyətinin təşkili və maddi-texniki bazasının yaşılaşdırılması sahəsində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovun səmərəli fəaliyyəti xüsusi qeyd olunmalıdır. Belə ki, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti nəticəsində hakimlərin beynəlxalq standartlara uyğun, ən mütərəqqi və şəffaf üsulla seçilməsi təmin olunmuş, işlərin məhkəmələrdə araşdırılmasına, maddiprosessual tələblərə tam riayət olunmasına diqqət artmış, işlərində ciddi nöqsanlara yol vermiş hakimlər barəsində qanuna müvafiq tədbirlər görülmüş, bu da nəticədə məhkəmələrə olan inamı artırmışdır.

Məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir edən amillərdən biri hakimlərin yüksək iş yükü olmuşdur. Məhkəmələrdə baxılan işlərin sayı 2000-ci illə müqayisədə dəfələrlə artmışdır. Hakim kadrlarına ehtiyac nəzərə alınaraq 2010-cu ildə növbəti seçim prosesinə başlanılmış və cari ildə 72 nəfər hakimliyə namizəd bütün imtahanları, o cümlədən bir il müddətində davam etmiş təlim mərhələsini və məhkəmələrdə staj keçməni uğurla başa vuraraq hakim vəzifəsinə layiq bilinmişlər. Həmin namizədlərin hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında keçirilən yüksək səviyyəli  təlimlərdə  insan haqlarının qorunması, Avropa Məhkəməsinin presedentləri, korrupsiyaya qarşı mübarizə, məhkəmə etikası və digər aktual mövzuların tədrisinə xüsusi önəm verilmiş, bu işə nüfuzlu beynəlxalq ekspertlər cəlb olunmuş, bütün namizədlərin Türkiyədə yarım aylıq təlimi təşkil edilmişdir.

Məhkəmə-Hüquq Şurasının iclaslarında bütün hakimliyə namizədlərlə söhbət aparılaraq onların ixtisaslaşdırması həyata keçirilmiş və hakim vəzifələrinə təyin olunması üçün ölkə başçısına  təqdimat verilmişdir. Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 4 oktyabr 2013-cü il tarixli sərəncamı ilə onların hamısı hakim təyin edilmişlər. İndiyədək hakimlərin seçimi proseslərində 2600 hüquqşünas iştirak etmişdir. Keçirilən müsabiqələr zamanı onların sırasından 307 nəfər, o cümlədən dövlət başçısının 4 oktyabr 2013-cü il tarixli sərəncamı ilə 72 nəfər müxtəlif hakim vəzifələrinə təyin ediliblər. Hazırda hakim korpusunun 60 faizə qədərini yeni qaydalarla seçilmiş hakimlər təşkil edir.

Eyni zamanda məhkəmə aparatı ştatlarının komplektləşdirilməsi üçün Azərbayacan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən test üsulu ilə şəffaf müsabiqələr keçirilir. Artıq həmin müsabiqələrin  nəticələri üzrə çoxsaylı yüksək hazırlıqlı gənc hüquqşünas  məhkəmə aparatlarında  işlə təmin olunmuşlar.

Korrupsiyanın qarşısının alınmasında mühüm amil olan hakimlərin maddi  təminatının yaxşılaşdırılması  da Azərbaycan  dövləti tərəfindən  diqqətdən kənarda qalmamış, 1999-cu illə müqayisədə  hakimlərin əməkhaqqı 30 dəfəyədək artmış, o cümlədən 2010-cu ildə əlavə təminatlar müəyyən olunmaqla xeyli artırılmış, iş şəraitinin  müasir tələblərə  uyğun qurulması  üçün onlarca yeni müasir məhkəmə binaları istifadəyə verilmişdir. Müasir texnologiya və avadanlıqla təchiz olunmaqla istifadəyə verilmş  yeni məhkəmə binalarında vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın və şəffaf xidmətlərin təmin edilməsi məqsədilə  əlverişli şərait yaradılmışdır. Məhkəmələrdə proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparanFeminasistemi, videokonfransların, təqdimatlarn keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işərinin idarəetmə sistemi üçün  bütün zəruri infrastruktur quraşdırılmış, müasir konfrans zallarında  isə hakimlərə və məhkəmə işçilərinə  Ədliyyə Nazirliyinin iclaslarına, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılmışdır.

Beynəlxalq əlaqələrini daha da genişləndirmək, xarici məhkəmə təcrübəsini öyrənmək üçün Assosiasiyamız hakimlərin beynəlxalq qurumları ilə  fəal əməkdaşlıq edir.

Toplantıda Ali Məhkəmənin Cinayət işləri üzrə kollegiyasının sədri Şahin Yusifov cinayət işlərinə baxılarkən hakimlər tərəfindən yol verilən xarakterik qanun pozuntuları mövzusunda çıxış etdi. Ş.Yusifov konkret faktlarla göstərdi ki, bəzən hakimlər hansısa səbəblərdən qeyri-peşəkarlıq göstərir və ya qanunla müəyyən olunmuş qaydalardan kənara çıxırlar. Kollegiya sədri belə halların aradan qaldırılması yollarından da ətraflı danışdı.

Ali Məhkəmənin hakimi Vafəddin İbayev Avropa Konvensiyası və Avropa Məhkəməsinin təcrübəsinin inkişaf istiqamətləri: milli qanunvericilik və məhkəmə təcrübəsinə təsiri kontekstində mövzusunda məruzə etdi.

Bakı Apelyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov isə çıxışında birinci instansiya məhkəmələri tərəfindən mülki işlərə baxılarkən yol verilən xarakterik qanun pozuntularına diqqəti yönəltdi.

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının üzvü Ramin Qurbanov məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında yeni yanaşma mövzusunda çıxış etdi. O qeyd etdi ki, məhkəmələrdə ilbəil artan yükünün azaldılması istiqamətində tədbirlər görülür, yeni məhkəmələr yaradılır, hakimlər və məhkəmə aparatı işçilərinin sayı artırılır. Bu sahədə Avropa Şurası üzv dövlətlərində məhkəmə və ədliyyə sistemlərinin səmərəliliyinin artırılmasını həyata keçirən Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) tövsiyələrindən geniş istifadə olunur.

R.Qurbanov həmçinin “Avropa Məhkəmə Sistemləri” hesabatına əsasən Avropa məkanında mövcud olan məhkəmələrin, hakimlərin, prokurorların, vəkillərin əhaliyə nisbətdə orta sayı, iş yükü, alternativ metodların tətbiq olunması üzrə Avropa ölkələrinin təcrübəsi, hüquqi yardım institutunun müasirləşdirilməsi, məhkəmə qərarlarının icrası vəziyyətinin daha da təkmilləşdirilməsi, hakimlərin və məhkəmə aparatı işçilərinin maddi təminatı və s. sahələr barədə məlumat verdi və Azərbaycanın mövcud vəziyyəti ilə müqayisələr apardı. O qeyd etdi ki, ölkə  başçısının “Elektron Hökumət”in yaradılması istiqamətində verdiyi tapşırıqlarının icrası məqsədilə elektron məhkəmə və elektron ədliyyənin yaradılması, o cümlədən bu sahələrdə informasiya texnologiyalarının geniş tətbiqi, bütün məhkəmələrdə vahid şəbəkə infrastrukturunun yaradılması, elektron sənəd dövriyyəsi sisteminin tətbiq olunması mərhələli həyata keçirilməkdədir.

Bununla yanaşı, natiq vurğuladı ki, ölkə başçısının dəstəyi ilə həyata keçirilməsinə başlanması gözlənilən və Dünya Bankı ilə birgə maliyyələşdirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi çərçivəsində regional və irihəcmli məhkəmələrin tikintisi və digər məhkəmələrin mövcud binalarının informasiya texnologiyaları infrastrukturu tamamilə yeniləşdiriləcəkdir.

Görülən tədbirlər nəticəsində məhkəmənin yüksək statusuna cavab verən müasir məhkəmə infrastrukturu yaradılacaq, məhkəmə sisteminin səmərəliliyi, hakimlərin, məhkəmə aparatı və ədliyyə işçilərinin peşakarlığı artacaq, bütün ölkə üzrə əhaliyə mütərəqqi elektron xidmətlər göstəriləcək, vətəndaşların hüquqi bilikləri və məhkəmə sisteminə inamı artacaq, vətəndaşlar məhkəmələrə daha rahat müraciət edəcəklər.

Tədbirin sonunda Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyinə yeni üzvlər qəbul olundu.

 

Samir Zeynalov

Respublika. - 2013.- 1 dekabr.- S.5.