İNSAN SƏSİ — TƏZADLARIN ƏKS-SƏDASI

 

 

...Şeirlərilə gəlir. Yolda, təsadüfən rastlaşdığın bir məclisdə soruşmasan da özü deyər: Təzə şeirlər olan kimi gələrəm. Bəlkə də, sözdən, sənətdən kənar adama qəribə gələr. Ancaq mənim üçün bu, özünə hesabat verən adamın, özünü dərk edən, həyatının mənasını sənətdə bilən adamın sözüdür. Və o qədər təbiidir ki... bu təbiiliyin arxasında şairin qürurunu görmək, şairliyin mahiyyətini anlamaq mümkünlüyü var. Budur Hafiz Əli. Söhbət o Hafiz Əlidən gedir ki, hələ bu günəcən poeziya adlı Tanrısına arxa çevirməyib. Sözünün arxasında özünü görüb. Və elə sözündə özünü gördüyü kimi.

“Mən kiminsə gözünə görünmək üçün yazmıram. Mənə şeirlərimi yuxularım eləyən İlahi varlığın özünə sədaqətimdən yazıram”. Bu da Hafiz Əlinin indiki durumunda mənəvi kredosu.

Allahını tanıyan adamdır, — yəni haqqı-həqiqəti yalanın, böhtanın ayağına verən deyil. Ölçüləri də çox vaxt sərtdir. Bəzən o qədər sərtdir ki, ətrafda olanların diqqəti bir an yayınsa, ümumi hay-küyün içində bunu qərəz kimi, kin kimi də görər. Əsl həqiqətdə isə doğrunun sərhədlərini oğrunun addımından qoruyan sənətkardır. Bax elə buradaca, onun bir insan mahiyyəti, bir insan olaraq, söykəniş ölçüləri, meyarları daha qabarıq görünür. Bəlkə də elə şairliyin birinci şərti budur: oğrunun və doğrunun arasında dayanasan, sərhəddə dayanasan. Əgər bacarırsa, oğru sənin üstündən keçib getsin. Şairinsə üstündən asanlıqla keçmək olmaz.

Hafiz Əli ən azı əlli illik yaradıcılıq yolu keçib. Şübhəsiz, onun həyatın müxtəlif tərəflərinə emosional münasibətləri, hissləri, həyəcanları yaradıcılığı boyu duyğulanmaları ilə ədəbi-bədii lövhələrə çevrilib. Orası da kifayət qədər ədəbi aləmdə hər kəsə məlumdur ki, o, bir sənətkar olaraq insan mənəviyyatına, əbədi və ədəbi dəyərlərə xilaf olacaq söz deməyib. Elə özü öz sözünün keşiyini çəkib.

Hafiz Əli haqqında bir neçə dəfə yaradıcılığının müxtəlif tərəflərindən, onun ədəbi ölçü və meyarlarından yazmışam. Və bu zaman onun kitablarını oxumuşam. XX əsrin ikinci yarısı üçün xarakterik olan ideoloji tərənnüm mahiyyəti görməmişəm. Və elə onun özündən də soruşmuşam. Bəlkə elə 70-80-ci illərdə səni görmək istəməyənlər üçün əsas olub yaradıcılığın, bu cəhətdən “kəsir” tərəfləri? “Mən peşman deyiləm. Hafiz Əliyəm—Bu gün yazdıqlarım dünən yazdıqlarımın davamıdır”. Əsl şair həqiqətidir. Şairin poeziyası onun həyatıdır. Və bugünkü poeziyası dünənki poeziyasının davamıdır.

Hafiz Əli “monoloq” şairidir. Onun poeziyasında insanlığın monoloqu, səsi var. İnsanlıq adlı bir dəyər isə yekrəng deyil. Bu, təzadların əks-sədasıdır. Şübhəsiz, sənətkarın yaradıcılığından nümunələr, poetik örnəklər sözümə qüvvət verərdi..

Ali güc, ali məqam şairin sənətidir, yaradıcılığıdır. Hər söz sahibi sərhədləri görünən bir qitədir. Gərək onun dünyasına gedən yolu tapasan, bu qitəyə daxil ola biləsən.

Cəmiyyətdə ayrı-ayrı adamların səsi boğulur — deməzdim, — eşidilmir, — deyərdim. Çünki cəmiyyətin vahiməli sükutu bütün səsləri yeyir.  Beləcə, insan səsi, ayrı-ayrı fərdlərin səsi eləcə cəmiyyətin özünə çatmadan, vaxtından əvvəl bu nəhəng əjdahanın kamına çəkilir.  Ancaq istisnalar da var — şairlərin səsi...

Bu səs — şairlərin səsi asanlıqla udula bilmir, asanlıqla boğula bilmir. Çünki onların səsi ruhlarının, mənəvi aləmlərinin köçürüldüyü şeirlərdə, ədəbi-bədii lövhələrdə sözə çevrilmiş düşüncələrdə yaşayır. Şair səsi zamanın səsinə qovuşur. Vaxt ötdükcə, dövran dəyişdikcə zaman öz səsinin içində şairin də səsini təzədən qaytarır insanlara.

Bu da Hafiz Əlinin 75 yaşı.

Təntənəsiz, təm-təraqsız bir şair ömrü. Yazdığı, yaratdığı ölkədə tanınmalı, yaşamaqdan savayı — əlbəttə, mənəvi yaşamaqdan savayı təmənnası olmayacağı dünyadan umacağı nədir şairin?

Bəlkə də bu sual üçün cavabsız qalıb Nizami ömrü də, Füzuli ömrü də, ...Hafiz ömrü də.

 

Əli Rza XƏLƏFLİ,

şair-publisist, “Kredo” qəzetinin baş redaktoru

 

Respublika.-2013.- 1 dekabr.- S.6.