Əlil vətəndaşlar
cəmiyyətimizin bərabərhüquqlu üzvləridir
Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan sox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr — Beynəlxalq Əlillər günü ümummilli liderimiz Heydər Əliyevin müvafiq sərəncamı iə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman diqqət mərkəzində saxlanılır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün regionlarında öz əksini tapmaqdadır.
3 Dekabr Beynəlxalq Əlillər günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosasiyası və UAFA əlil uşaqlar təşkilatının üzvləri, Saray qəsəbəsindəki uşaq evində tərbiyə alan, həmçinin 219 saylı evdə məktəbdə təhsil alan əlil uşaqlar — ümumilikdə 150-dən çox əlil uşaq üçün “Romans-Palas” şadlıq sarayında musiqili-əyləncəli tədbir keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 2485 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır.
A.Əsgərov bildirmişdir ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.
O da qeyd olunmuşdur ki, əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda 1941-ci ildən fəaliyyət göstərən 219 saylı evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 745 nəfər uşaq 11 illik təhsil alır. Onlara 262 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur. Təkcə 2012-2013-cü təhsil ilinin yekununda məktəbin məzunlarının 58 faizi respublikamızın və bir sıra xarici dövlətlərin ali məktəblərinə qəbul olmuşlar.
Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün proseslərdə fəal iştirakı təmin olunmalıdır.
RİH tərəfindən 150 nəfər əlil uşağa hədiyyələr təqdim olunmuş və maddi yardım göstərilmişdir. Tədbirdə iştirak edən gənc incəsənət xadimləri, şən klounlar öz mahnıları və ifaları ilə görüşü uşaqların yaddaşında daha yaddaqalan və mənalı etmişlər.
Məhəmməd VƏLİYEV,
Respublika.-2013.- 3 dekabr.- S.9.