Gözdən əlillər
qayğı ilə əhatə olunurlar
Respublikamızda bütün sahələrdə olduğu kimi, fiziki imkanları məhdud insanların sosial müdafiəsi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır, bu qəbildən olanlar hərtərəfli qayğı ilə əhatə olunurlar. Onların sosial-məişət problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Fiziki imkanları məhdud olan insanlara dövlət tərəfindən pulsuz mənzillərin, avtomobillərin verilməsi bu qayğının əyani təsdiqidir. Eyni zamanda əlillərin pensiya təminatının yaxşılaşdırılması, işlə təminatı, əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində geniş tədbirlər həyata keçirilir. Əlillərin hüquqlarının etibarlı qorunması məqsədi ilə qanunvericilik bazası təkmilləşdirilir. Hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu əməli fəaliyyəti ilə doğruldan ölkə başçısının diqqət və qayğısını əlillər, o cümlədən gözdən əlillər gündəlik həyatlarında hiss edirlər.
Bu gün özünün sürətli sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoymuş müstəqil Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına yüksəlməkdədir. Ölkəmizin iqtisadi və hərbi qüdrəti ilbəil artmaqda, onun dünyadakı mövqeyi güclənməkdədir. Xalqımızın sosial rifahı yaxşılaşmaqdadır. Respublikamız daim inkişaf edir, müasirləşir, beynəlxalq aləmdə nüfuzu artır. Azərbaycan qlobal layihələrin reallaşmasında önəmli rol oynayır.
Dünyada hələ də davam edən qlobal iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycanın öz inkişafını davam etdirməsi ölkəmizdə yürüdülən siyasi kursun düzgünlüyünü bir daha təsdiqləyir. Hazırda müstəqil Azərbaycan respublikası özünün yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafın təməlində ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. İqtisadi yüksəliş, sosial tərəqqi, mədəni intibah son illərin tarixi reallıqlarıdır. Sosial-iqtisadi inkişafın davamlılığı, yeni müəssisələrin yaradılması, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qazanılmış nailiyyətlər bugünkü həyatımızın əsas səciyyəvi göstəriciləridir. Təqdirəlayiq haldır ki, qazanılan nailiyyətlərdə əlillərin, o cümlədən gözdən əlillərin də payı vardır. Dövlət siyasətinin prioritetlərindən biri olaraq fiziki qüsurlu insanlara yaradılan şərait onların həyata inteqrasiyasına güclü stimul verir. Şərait və qayğı olanda əlillik əngəl olmur. Olimpiya oyunlarında, müxtəlif səviyyəli festivallarda əlillərimiz də uğurla iştirak edir, möhtəşəm qələbələr qazanırlar. Gözdən əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Bakının Nərimanov rayonunda müasir tələblərə uyğun bina tikilib istifadəyə verilibdir. Mənzilə ehtiyacı olan gözdən əlil ailələr indi hər cür şəraiti olan binada yaşayırlar. Daha bir binanın tikintisinə 2012-ci ildə başlanılıbdır. Bu binada 132 vətəndaşın mənzillə təmin olunması nəzərdə tutulur. Bina 2014-cü ilin əvvəllərində istifadəyə veriləcəkdir. Burada həmçinin gözdən əlillərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif səpkili ofislər, reabilitasiya mərkəzi yaradılacaqdır. Müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı həyata keçirilən layihələrdən gözdən əlillərimiz də bəhrələnirlər. Belə ki, Heydər Əliyev Fondunun layihəsi əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə regionlarda fiziki imkanları məhdud insanlar üçün informasiya resurs mərkəzləri tikilir. Ötən il Yevlaxda istifadəyə verilən mərkəzin açılışında dövlətimizin başçısı iştirak etmişdir. Möhtərəm Prezidentimiz belə layihələrin digər bölgələrdə də istifadəyə verilməsi üçün dövlət tərəfindən hər cür dəstəyin olacağını xüsusi vurğulamışdır. Bütün bunları gözdən əlillər minnətdarlıqla qeyd edirlər. Onlar bu qayğıya cavab olaraq ölkəmizdə həyata keçirilən tədbirlərdə fəallıq göstərir, yaradıcılıq imkanlarını göstərməyə çalışırlar. Yaxın vaxtlarda bir neçə bölgədə də regional informasiya resurs mərkəzləri gözdən əlillərin ixtiyarına veriləcəkdir.
Digər tərəfdən, yol infrastrukturlarında, yeraltı keçidlərdə əlillər üçün də xüsusi şərait yaradılır. Səsli işıqforlar quraşdırılır. Şübhəsiz ki, bütün bunlar əlillərə xüsusi qayğıdır. Xüsusən də Heydər Əliyev Fondunun prezideni, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini bir daha vurğulamaq lazımdır. Diqqət çəkən məqamlardan biri də odur ki, əlillər, o cümlədən gözdən əlillər işlə təmin olunur, onlara yeni ixtisaslar öyrədilir. Gözdən əlillər üçün ali və orta ixtisas, peşə müəssisələrində spesifik fakültələrin yaradılması diqqət mərkəzindədir, tibbi texnikumların birinin nəzdində gözdən əlillər üçün xüsusi masaj ixtisası üzrə fakültə yaradılacaqdır. Burada müalicəvi və idman masajı ixtisasına yiyələnəcəklər. Bununla da onların işlə təminatında problemlər olmayacaqdır. Artıq beş yüzdən çox əlil müxtəlif özəl və dövlət tibb müəssisələrində, klinikalarda işlə təmin olunublar. Əsas məqsəd də odur ki, fiziki imkanları məhdud insanlar heç kəsdən asılı olmasınlar. Görülən işlər belə deməyə əsas verir ki, biz buna nail oluruq.
Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı sosial sahədə də çevik islahatların, layihələrin həyata keçirilməsini təmin edir. Eyni zamanda aztəminatlı ailələrə də qayğı artır. Rəhbərlik etdiyim cəmiyyətin üzvləri möhtərəm Prezidentimizin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyirlər. Xalqımızın cənab İlham Əliyevə olan ehtiram və inamı sonsuzdur. Oktyabr ayında keçirilən prezident seçkiləri bunu bir daha təsdiq etdi. Son 10 ildə əldə etdiyimiz möhtəşəm nailiyyətlər və vətəndaşların sosial rifah halının yüksəlməsi seçkilərdə cənab İlham Əliyevin qələbəsini təmin etmişdir. Həyata keçirilən siyasi kursa bu gün Azərbaycanda alternativ yoxdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev andiçmə mərasimindəki çıxışında vurğuladı ki, yenidən böyük etimad göstərmiş, prezident vəzifəsinə seçmiş doğma Azərbaycan xalqına dərin minnətdarlığını bildirir və əmin etdi ki, bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlindən gələni əsirgəməyəcək, doğma xalqımıza sədaqətlə xidmət edəcəkdir. Son on ildə qarşıya qoyulan vəzifələrin uğurla icrası xalqımızda qəti əminlik yaradır ki, gələcəkdə xalqımız daha da firavan yaşayacaqdır.
Səmiyar
ABDULLAYEV,
Respublika Gözdən Əlillər
Cəmiyyətinin prezidenti.
Respublika.-2013.- 3 dekabr.- S.9.