Milli-mənəvi dəyərlərimiz
haqqında düşüncələr
Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Tarixi qürur duyduğumuz meyarların, nailiyyətlərimizin üstündən belə asanlıqla xətt çəkmək, onu aşağılamaq istəyinin bəzən baş qaldırması bizi çox qayğılandırır. İlk növbədə hər bir ziyalı əsrlər boyu cilalanmış, zamanın kəşməkəşli sınaqlarından çıxmış, ələnmiş, saflaşmış, bugünümüzün həyati tələbatına çevrilmiş, xalqımızın özünəməxsus milli mentaliteti meyarlarına çevrilmiş mənəvi dəyərlər xalqımızın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür, duz-çörək qədər hamımıza əzizdir.
Keçid dövründə milli-mənəvi dəyərlər sistemində yaranan boşluqlardan istifadə edən ünsürlər yanlış ideologiyaları, qondarma və qurama adətləri, hətta başqa xalqların xarakterik xüsusiyyətlərindən doğan adətləri min illərlə tariximizin kəşməkəşlərində deformasiyaya uğramadan, bugünümüzü gözəlləşdirən həmişə fəxr duyduğumuz müqəddəs milli-mənəvi dəyərlərimizlə yanaşı, yabancı adət-ənənələri də təbliğ etməyə çalışırlar və çox təəssüf ki, getdikcə bu, geniş vüsət almaqdadır. Əxlaqi dəyərlərimizin toxunulmazlığı, həmişə qorumalı olduğumuz elə bir müqəddəs meyarlarıdır ki, gərək bugünkü sosial-iqtisadi nailiyyətlərimizdən məqsədyönlü istifadə edərək zamanında dünyaya inteqrasiya edərək qədim mədəniyyətimizin qaynaqlarını, gözəlliklərini bir örnək kimi başqa xalqlara da sevdirək.
Müdrik ağsaqallarımız, söz sahibi olan ziyalılarımız, xüsusilə geniş təbliğat-təşviqat imkanları olan radio-televiziya, dövri mətbuat, digər kütləvi informasiya vasitələri mənəvi dəyərlərimizin təbliği və gənc nəslə ətraflı izah edilməsi işlərinin fövqündə olmalıdırlar.
Vətən, ata-ana, el-oba, yurd yeri, doğma ocaq sevgisi, namus-qeyrət təəssübü çəkmək, vətənpərvərlik, halal-haram, böyük-kiçik, ədəb-ərkan, etik dəyərlər, unudulmaz inam və inanclarımız, nəhayət, müqəddəs milli adət-ənənələrimiz ümumən milli mentalitetimizin məhək daşıdır.
Keçmişimiz, tariximizin həm də ibrət dərsləridir. Bu baxımdan bariz keçmişimiz eyni zamanda sabahımızın müəllimidir. Gənc nəslin azərbaycançılıq ideyaları ruhunda tərbiyəsi xalqımızın qələbələrinin, nailiyyətlərimizin təminatçısıdır. Əsrlər boyu xalqımızın böyük mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq, öz dilini, dinini, milli adət-ənənələrini qoruyub saxlaya bilmiş, onu xüsusilə sovetlər dövrünün ideoloji taranlarından aşılanmağa imkan verməmişdir.
O vaxtlar hətta ailələrdə, tayfalarda, kənd və obalarda, azsaylı xalqların yaşayış yerlərində özünəməxsus adət-ənənələrinin həyata keçirilməsinə qoyulan qadağalar, təqiblər, cəzalar da xalqın öz soy-kökünə inamını sarsıda bilməmişdir. Azərbaycan oğullarının əsasən hərbi-tikinti hissələrinə xidmətə göndərilməsinə, sərhəd qoşunlarında, xüsusi müdafiə dəstələrində müsəlman respublikalarının övladlarının xidmətə buraxılmaması təkcə hər hansı bir etibarsızlığa, ideoloji dəyanətliyin olmamasında, rus dilinin yaxşı bilməməsində deyil, əsasən gələcəyə hesablanmış tədbirlərdən olmuşdur. Lakin xalqımızın tarixi qan yaddaşı baş verən hadisələr fövqündə onu dirçəltdi. Xalqımızın düşüncə tərzi, vətənpərvərlik hissinin gücü gerçəkliyi, müasir həyat həqiqətlərini obyektiv şərh edərək özünütərbiyəni xarakterik olaraq əxz edir. Gənclərimizi düzgün istiqamətlərə yönəltmək, mənəvi tərbiyə aşılamaq, ailələrin, təhsil müəssisələrinin, söz sahibi olan insanların, ağsaqqalların, xüsusilə ziyalıların imkanlarını, təsir gücünü artırmağa zəmin yaradır. Bu baxımdan kütləvi informasiya vasitələrinin, televiziya-radionun təsir dairəsi və tərbiyəvi rolu böyükdür.
Söz sərkərdədir, insan ordusunu idarə edir. Sözün
böyük qüdrəti, qılıncdan iti kəsəri ilə
yanaşı, həm də incə, məlhəm, zərif
gültək lətafəti var, gözəlliklər və
şövq yaradır. Xoş niyyətlə deyilmiş, mərhəmanə,
incə söz insanları xeyirxahlığa, humanizmə, Vətən,
ata-ana sevgisinə, haqq-ədalətə tapınmağa, insana
xas gözəlliklərə səsləyir. Sözün
qədrini və qədərini qiymətləndirən
ata-babalarımız öz müdrik məsləhətləri
ilə insanlara doğru yol göstərər, qan
barışdırar, gəncləri həyatda mərd
yaşamağa ruhlandırardılar. Lakin
söz azadlığından istifadə edən bəzi mətbuat
orqanları xalqımızın iman-etiqad göstərdiyi
müqəddəs məkanlara, böyük şəxsiyyətlərimizə
yönəlmiş mənfi məna daşıyan yazılardan
çəkinməlidirlər.
Hər jurnalist xalqın övladıdır, mətbuatımız
da azərbaycançılığımıza xidmət etməlidir. Xalqımızın
müqəddəs nemətləri kimi əziz tutduğu mənəvi-əxlaqi
dəyərlər hər məqamda göz bəbəyi kimi
qorunmalıdır. Bir sıra xarici ölkələrdə
çap olan pornoqrafik jurnalların gətirilməsi,
yayılması, eləcə də respublikamızda nəşr
edilən çoxsaylı jurnallar, sarı piarlar, qəzet və
jurnallar, sözsüz ki, Azərbaycan ailəsinə daxil olur,
oxunur və böyüklü-kiçikli baxılır.
Bəzi televiziyalardakı eybəcərliklər, istedadsız
və şəxsiyyətsiz şou-biznesin bəzi nümayəndələrini,
onların guya bariz olan əməllərini təbliğ edən,
boş laqqırtıdan başqa bir şeyə oxşamayan
verilişlər, porno momentlər əks olunan reklamlar, kinofilmlər,
insan heysiyyatına ləkə gətirən məqamlar,
zorakı filmlərin nümayişi, əslində efiri
doldurmaq məqsədi olsa da, sözsüz ki, gənclərimizin
əxlaqi dəyərlərinin aşılanmasına hesablanmış
vasitələrdir. Azərbaycan xalqının
siması belədirmi ki, hər ölkədə baş verən
adi bir faktı daha da qabardıb, eybəcər şəkildə
geniş tamaşaçı kütləsinə car çəkirlər?!
Vətənpərvərlik
xalqımızın qan yadda
şıdır. Zaman ötsə də, bu böyük, bəşəri
hisslər millətimizin, xalqımızın həyatında həmişə
başlıca meyar olmuş, bir xarakter kimi
formalaşmış, nəsillərin fəaliyyətinin
fövqündə dayanmışdır. Birinci
Qarabağ müharibəsi böyük supergüclərin rəvac
verdiyi, dəstəklədiyi, əməli və konkret köməklik
göstərdiyi döşmənlərimizin dədə-baba
torpaqlarımızı işğal etməsi minlərlə vətən
oğullarını ayağa qaldırdı. Güclü dövlətlərin iştirakıyla
aparılan işğalçılıq müharibəsi
xalqımızın qəhrəmanlıq tarixində yüzlərin,
minlərin şücaəti, qeyrətli nümunələrilə
yaddaşlara həkk olundu. Bu gün də
Vətən oğulları Qarabağın azad edilməsi
üçün orduda həvəslə, böyük qürur
hissilə xidmət edir, aparılan ordu quruculuğunda öz
töhfələrini verirlər. Lakin mənəvi cəhətdən
aşılanmalara yol vermiş bəzi ailələrdə övladlarını xəstəlik
adı ilə orduda xidmətdən yayındırmağa
çalışırlar. Zaman, tarix, Azərbaycan
xalqının vətənpərvərlik ənənələri
bəzi belə insanlara dərs olmalıdır.
Ölkəmizdə
bəzi radikal qüvvələr özlərinin ideoloji məqsədlərini
zoran-təbib həyata keçirməyə, zərərli dini
adətləri kor-koranə, ifrat dərəcədə icra etməyə
çalışsalar da, özünün milli-mənəvi və
dini dəyərlərinə həmişə böyük
önəm verən xalqımız özünəməxsus
inancları, inam-etiqad göstərdikləri məbədləri
göz bəbəyi kimi qoruyub saxlayır, nəsil-nəsil
davam etdirir. Lakin radikalizmə, ifrat dini
etiqadların ayaq açmasına yol vermək nə zəmanənin
tələbinə uyğundur, nə də tarixi ənənələrimizə.
Ailə başçıları, ziyalılar gənc
nəslin tərbiyəsində bu vacib xüsusatlara həmişə
ciddi diqqət yetirməli, övladlarımızı dünyəvi
elmlərin fatehi olaraq nurlu, işıqlı, zəkalı,
ziyalı şəxsiyyətlər kimi görmək arzusunda
olmalıyıq.
Xalqımıza məxsus çox dəyərli,
ünlü, zaman-zaman tarixin süzgəcindən və təlatümlü
dövrlərindən keçmiş bəşəri ənənələri,
adətləri çoxdur. Bu mənada Azərbaycanda
el toylarının təşkili və aparılması, hər
şeydən əvvəl, gələcək ailənin təməli
qoyularkən geniş ailə araşdırmaları
aparılması özü böyük mahiyyət
daşıyır və gənclərin sonrakı talelərində
bu cəhətlər xüsusilə mühüm rol oynayır.
Bu qəbildən toy adətlərimizin dünəni,
bugünü və sabahı bizi dərindən
düşündürməyə bilməz.
Nəsil-nəcabətini illərlə öyrənərdilər—həm
qızın, həm də oğlanın. Söz sahibi
ağsaqqallar yalnız müəyyən razılıqlar
olandan sonra, el adətincə elçi gedərdilər, bu
izdivaca zamin durardılar. Belə
xeyir-dualı qurulan ailələr möhtəşəm
olardı. Övladlar xoşbəxt həyat
sürərdilər. Ata-ana, gəlin-qayınana,
övlad, ailə-məişət problemləri
yaşanmazdı. Kiçik
narazılıqları isə evin ağsaqqal və
ağbirçəkləri yoluna qoyardı. Nankor övladlarsa el qınağına tuş gələrdilər.
Lakin insanlar özlərinə, hətta qapı iti, minik
atı, damazlıq mal-qara alanda belə onların nəsil-kökünə,
hal-huyunu, məhsuldarlığını və s. öyrənərdilər. Bu günsə toy olsun, tələsik
ailə izdivacları qurulsun, televiziyalar sms yığmaq
adıyla, hələ düşüncəsi tam formalaşmamış
gənclərin ailə qurmasına
çalışılır, bunu həm də məqbul sayaraq, geniş təbliğ
edirlər.
Bu gün ailə qurmaq, toy-düyün təşkil etmək
bəzən bayağılaşdırılır. Adını
da “müasirlik” qoyurlar. İnternetlə tanış
olurlar, ərə gedirlər və elə internetlə də
boşanırlar. Ona görə də
böyük arzularla qurulmuş və çox asanlıqla
dağılan ailələr, sahibsiz qalmış
günahsız övladlar, həyatının ilk sevgiləri
puç olmuş gənclər saysız-hesabsızdır.
Çox təəssüf ki, adi təsadüflər
hesabına, bəzən isə məhz məqsədli yeni
qurulmuş və böyük ümidlərlə yaşayan ailələrin
dağılması da eyni sürətlə başa
çatır.
Adını
“Avropa dəyərləri”, “Qərb mədəniyyəti”,
“Müasir insanlar”ın həyatı və daha nələr-nələr
adlandırdıqları qurama toylar silsiləsinə yeni, həm
də olduqca təmtəraqlı şəkildə, xalqın
milli-mənəvi dəyərləri adıyla sırınan
televiziya kanallarında tanışlıq, sevib-sevilmək, daha
sonra gurultulu toy mərasimləri baş alıb gedir. Telefon sorğularından, televiziya görüntülərindən
hər ikisində guya məhəbbət yaranır, kimisi evlənir,
kimisi ərə gedir. Avropasayağı toylarda gəlinin
əlindəki gül buketini arxaya atması, onu tutan
qızın bu il mütləq ərə
gedəcəyi, qadınları, hətta kişiləri belə
həyəcanlandırır. Toylardasa mənasını
bilmədiyi arxaya atılmış bu gül dəstəsini
qapıb, bəzən hətta öz arvadına verən
kişilərə də rast gəlmək olur. Bəzi toylardakı eybəcərliklər və qəribəliklər
daha çoxdur.
Adət-ənənələrimizin bu qədər
ucuzlaşdırılması,
cılızlaşdırılması görəsən nədən
qaynaqlanır?
Vaxtilə “Tanışlıq klubları”, evdən sifarişlə
çağırlan xanımlar klubu və s. adlandırılan
və nəticələri hamıya məlum olan əxlaqsızlıq
yuvaları kimi gənclərin mənəviyyatının
pozulmasına xidmət edən tədbirlər ikrah doğurur. “Mədəni ölkələr”in televerilişlərindən
götürüb-quraşdırılan “qurama toyları” məişətimizə
gətirmək təşəbbüsü göstərirlər.
Bir baxışdan vurulanlar evlənməyə,
ailə qurmağa razılıq verilir. “Alo” ilə,
telestudiyada, boyu, ölçüsü, çəkisi,
bürcü, gözünün rəngi canlı soruşulur,
elə oradaca qərar verilir, ev-eşiyi,
dolanışığı olan qızların evinə oğlanlar
köçür, ailə qurur, qızlarsa simvolik ərlər
seçirlər. Beləcə, taleyin bəxş
etdiyi ömür-gün yoldaşını arayıb-seçmək
məsuliyyəti bir saata “həll” olunur.
Görəsən bu ailələrin sonrası, onların
övladlarının taleyi necə olacaq?! Bəlkə də
bizlər bu olayları yetərincə başa
düşmürük?! Müsbət və
ya çatışmayan cəhətləri var? Dünya haraya gedir? Amma
xalqımızın əxlaqi-mənəvi dəyərlərinin
bu qədər aşağılanması şəxsən məni
çox üzür.
Toy-düyün xalqımıza, həqiqətən,
çox yaraşır. Hamı öz övladlarının şənlik
məclislərini təntənəli, qonşusundan, qohumundan
daha yaxşı, fərqli keçirməkdə sanki rəqabətə
girib.
İngilis
şairi Corc Herbert demişkən: “Əxlaqdan məhrumsansa, nə
qədər yüksəyə qalxsan da, yenə heçsən”.
Milli-mənəvi dəyərlərimizin, müqəddəs
ənənələrimizin sıxışdırılıb
(məqsədli olaraq) kənarlaşdırıldığı
bir zamanda, toy mərasiminə və onun iqtisadi cəhətdən
həll olunması yekunları birmənalı şəkildə
soyğunçuluqla nəticələnir. Nəticədə
toy sahibi nəinki əliboş qalır, gələcəkdə
gənc ailənin dolanışığını, zəruri
ehtiyaclarını belə təmin etmək imkanı olmur.
Bugünkü həqiqət budur ki, toy sahibi
çox zaman ağır borclara düşür və onun həyatında
problemlərə düçar olur. Əsl
həqiqətdir ki, mərasimlər keçirərkən əsasən
şadlıq evlərinin sahiblərinə xidmət edilir.
Əzizlərinin, yaxınlarının şad
gününə sevinən, həm də istirahət edib, əylənib
zövq almaq istəyənlər saraydakı
qulaqbatırıcı gurultulardan narahat olur, baş
götürüb gedirlər. Şadlıq evlərində
təqdim edilən, bu toydan digər mərasimə
ötürülən, çox çeşidli, lüzumsuz,
keyfiyyətsiz yeməklər, yersiz atəşfəşanlıq
və s. başqa mövzu olsa da, məclisin təşkili ciddi
düşünməyə əsas verir.
Son illərdə xalqımız “vahid bank”, “muncuq”, “kredit”, mənzil, vəzifə almaq, ali məktəbə girmək, xaricdə işə düzəltmə və s. onlarca belə baş qatan oyunları çox görüb, dələduzların toruna düşüb, maddiyyat və mənəviyyat itkisinin göynərtisi illərlə çəkilmir, milli-mənəvi əxlaqi dəyərlərdən sapındırmaq millətə xəyanətdir. Buna əsla yol vermək olmaz.
Oqtay ƏLİYEV,
yazıçı-publisist.
Respublika.-2013.- 3
dekabr.- S. 9.