“AtaHolding”
və AtaBank” öz yubileylərini qeyd etdilər
30 noyabr
2013-cü ildə Heydər Əliyev Mərkəzində
“AtaHolding” ASC-nin 10 il və “AtaBank” ASC-nin 20 illlik yubileyləri
münasibətilə təntənəli gecə
keçirildi. Tədbir fərqli təşkil olunması ilə
və bir çox premyeralarla yadda qaldı.
“AtaHolding”
ASC-nin Müşahidə Şurasının sədri Ahmet
Erentok qonaqları salamlayaraq bildirdi ki, 10 il əvvəl
“AtaHolding” yaradılanda eyni ildə “AtaBank”ın 10-cu yubiley ili
qeyd edilmişdi: “AtaBank” 2003-cü ildə özünün 10
il yubileyi münasibətilə Azərbaycan Mərkəzi
Bankının iştirakı və dəstəyi ilə Azərbaycanda
1-ci Beynəlxalq Bankçılıq konfransını təşkil
etdi. Həmin vaxtdan ötən 10 il ərzində
Azərbaycanda iqtisadiyyat, sosial, mədəniyyət, idman və
digər sahələrdə çox böyük işlər
görülüb və dünyada iftixarla təqdim oluna biləcək
böyük nailiyyətlər və uğurlar əldə
edilib. Bu uğurlar bizi, azərbaycanlı iş
adamlarını və şirkətlərini
qürurlandırır, bununla yanaşı, daha həvəslə
çalışmağımıza ürəkləndirir və
imkan yaradır”.
“AtaHolding” hər bir layihəsini
milli maraqlar çərçivəsində həyata
keçirir
Ahmet
Erentok bildirib ki, AtaHolding Şirkətlər Qrupu ötən
10 il ərzində vizyonuna, missiyasına və dəyərlərinə
əsaslanaraq gördüyü işlərlə fərqlilik
yaratmağa və Azərbaycanın rifahına və
inkişafına öz töhfəsini verməyə
çalışıb: “Biz öz iqtisadi
maraqlarımızı dövlətimizin və ölkəmizin
iqtisadi maraqları çərçivəsində tutmuş,
ona uyğunlaşdıraraq təmin etmişik. Eyni
zamanda, üzərimizə düşən məsuliyyəti dərk
edərək sosial və ictimai maraqların təmini
üçün də zəruri fəaliyyətləri həyata
keçirmişik. Bununla da biz “Sinerji, Azərbaycan
üçün...” şüarımızı
reallaşdırmışıq”.
Holdinqin
Müşahidə Şurasının sədri qeyd edib ki, son
10 il ərzində Mərkəzi Bankın apardığı
uğurlu siyasət nəticəsində Azərbaycanda bank
sektorunun sürətli inkişafı təmin edilib, bu sahədə
böyük nailiyyətlər qazanılıb: “AtaBank” da bu
inkişafdan bəhrələnib və 20 ildir “Bir addım öndə”
şüarını əsas alaraq, yeni texnologiya və
üsulları tətbiq edərək müştərilərinə
xidmət göstərir və bundan sonra da eyni istiqamətdə
çalışmağa davam edəcəkdir”.
Ahmet
Erentok çıxışını yekunlaşdıraraq qeyd
edib ki, bundan sonra da, “AtaHolding” Şirkətlər qrupu
üçün ümummilli lider Heydər Əliyevin və
Prezident İlham Əliyevin tövsiyə və fikirləri
istiqamətverici olacaqdır: “Biz Azərbaycanın
maraqlarını əsas tutmaqla, səhmdarlarına və
müştərilərinə layiqli olmaq naminə işləməyə davam edəcəyik”.
VİSA “AtaBank”ı təltif etdi
Tədbirdə “VİSA” şirkəti Azərbaycanda
nağdsız hesablaşmaların inkişafına verdiyi
töhfəsinə görə, “AtaBank” ASC-ni xüsusi
sertifikatla təltif etdi. Yubiley tədbirində “VİSA” şirkətinin
nümayəndəsi İrina Kamxadze sertifkatı “AtaBank”
ASC-nin İdarə Heyətinin sədri İltifat Ağayevə
təqdim etdi.
Bundan başqa, “AtaBank” ASC-nın beynəlxalq səviyyədə
qazandığı daha bir uğuru qonaqlara bildirildi.
Belə ki, baş ofisi Avropanın maliyyə
mərkəzi Londonda yerləşən “GlobalBanking and Finance
Revie” analitik jurnalı 2013-cü ilin nəticələrinə
görə “AtaBank”ı Azərbaycanın ən yaxşı
kommersiya bankı mükafatına layiq görüb.
Daha sonra yubiley gecəsi üçün xüsusi olaraq
hazırlanmış şoular nümayiş etdirildi və
musiqi ifaları səsləndirildi.
Səhnəyə
birinci Azərbaycan Respublikasının xalq artisti
Yalçın Adıgözəlovun rəhbərliyi
altında Üzeyir Hacıbəyli adına
Musiqi Akademiyasının kamera orkestri çıxdı. Onlar
dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Milli
marş” adlanan əsərini ilk dəfə ifa etdilər və daha bir
yenilik - ilk dəfə balabanın ifasında Üzeyir
Hacıbəylinin məşhur “Sevgili canan” əsəri
canlandırıldı.
Azərbaycanda
reklam sahəsində bir ilk
Daha bir ilk addım reklam səhəsində oldu. Gecədə “AtaBank”ın
yeni imic reklam çarxı nümayiş etdirildi. Əsas fərqlilik
ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq “Kölgələr
teatrı”nın iştirakı ilə
reklam çarxı çəkildi.
“AtaBank”ın bu layihədə əməkdaşlıq
etdiyi Almaniyanın “DieMobiles” teatrı 2012-ci ildə Fransada
keçirilən “İnscrutable Talent” müsabiqəsinin
qalibidir və Almaniya telekanallarının müxtəlif
şoularının daimi iştirakçısıdır.
“Kölgələr
teatrı” insan bədəninin müəyyən hərəkətləri
ilə ağ parçaya kölgə
salmaqla müxtəlif əşyaların yaradılması deməkdir.
“AtaBank” “DieMobiles” ilə əməkdaşlığını
sadəcə reklam çarxının çəkilməsi ilə
məhdudlaşdırmayıb. Onlar birlikdə
Bakıya aid xüsusi şou hazırlayıblar. Bu şou yubiley tədbiri üçün xüsusi
olaraq hazırlanıb və ssenari və istifadə edilmiş
musiqi baxımından unikaldır. Üzeyir
Hacıbəylinin məşhur “Arazbarı” və
“Aşıqsayağı” əsərlərinin sədaları
altında canlı nümayiş etdirilən Bakıya aid
xüsusi şou qonaqları kölgələrin sehrli və
sirli dünyasına apardı.
Yubiley gecəsində respublikamızın əməkdar
artisti Sevda Ələkbərzadənin ifasında gözəl
musiqi əsərləri də səsləndi.
Məhşur rəssamdan möhtəşəm
portret
Yubiley gecəsində Azərbaycanda ilk dəfə məşhur
Amerikalı virtuoz rəssam Den Dann çıxış etdi. Onun
çıxışının əsas özəlliyi ondan
ibarətdir ki, o rəsm əsərini qısa müddət ərzində,
5-6 dəqiqəyə çəkir, bu zaman ancaq tikintilərdə
işlədilən adi boyalardan istifadə edir və ən əsası,
demək olar ki, son ana qədər onun kimin portretini çəkdiyi
məlum olmur.
Den Dannın çıxışının digər fərqli
xüsusiyyəti də ondan ibarət idi ki, o, ilk dəfə
canlı musiqinin müşaiyəti altında
çıxış etdi.
Beləliklə, “AtaHolding” və “AtaBank”ın yubiley tədbirində
də qonaqlar sona qədər kimin portretinin çəkildiyini
intizarla gözlədilər və yekunda bəlli oldu ki, bu dahi
sənətkarımız Rəşid Behbudovun portretidir.
Bu rəsm
əsəri şəhərin
ən gözəl yerlərində
quraşdırılmış “Əfsanə qayıdır”
şüarının yazıldığı bilbordlardakı rəsm əsəri
ilə eyni idi. “AtaHolding” bu rəsm əsərini Rəşid
Behbudovun ailəsinə hədiyyə olaraq təqdim etdi.
ƏFSANƏ QAYITDI!
Tədbirin
sonuna yaxın məlum oldu ki, yubiley tədbirinin Üzeyir
Hacıbəylinin ölməz əsərlərinin sədaları
altında keçirilməsi təsadüfi deyil. Qonaqlara
niyə məhz Rəşid Behbudovun portretinin çəkildiyi
və niyə “Əfsanə qayıdır” şüarının istifadə
edildiyi də məlum oldu.
“AtaHolding” ASC Müşahidə Şurasının sədri
Ahmet Erentokun da qeyd etdiyi kimi, “AtaHolding” fəaliyyətə
başladığı ilk gündən etibarən vizyonu,
missiyası və dəyərlərinə əsaslanaraq
gördüyü işlərlə fərqlilik yaratmağa
çalışıb. Buna görə də “AtaHolding” üçün
özünün 10 il yubileyi çərçivəsində
də fərqli layihələrinin dəstəklənməsi
mühüm əhəmiyyət kəsb edirdi.
Bu
baxımdan, Heydər Əliyev Fondu tərəfindən dahi
Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında
1945-ci ildə çəkilmiş və ağ-qara formatda olan
“Arşın mal alan” filminin bərpası və rənglənməsi
təşəbbüsü irəli sürüləndə
“AtaHolding” öz yubileyi ilə bağlı bundan daha
yaxşı layihənin olmayacağına qərar verdi və layihə həyata
keçirilməyə başlandı. “Arşın mal alan” filmi dünya kino sənayesinin əsas mərkəzi
olan Los-Ancelesdə, yəni “Hollywood”da bərpa edildi və rəngləndi.
Layihə 9 ay ərzində həyata keçirildi. Layihənin
üzərində Asiya, Avropa və Amerika qitələrindən
olmaqla 157 nəfər çalışdı. Onların arasında 2002-ci ildə Oskar
mükafatına layiq görülmüş, vizual effektlər
və rənglərin korreksiyası üzrə dünyanın
ən aparıcı mütəxəssislərindən biri
Prays Pitçel, filmlərin rənglənməsi prosesinin
dizaynı üzrə ən peşəkar mütəxəssislərdən
sayılan Ceyn Hiks də var idi.
Təbii ki, Azərbaycanın yerli mütəxəssisləri
də bu layihəyə cəlb edilmişdilər. Məhz
onların köməyi ilə filmdə istifadə edilmiş məkanların,
əşyaların və rekvizitlərin dəqiq rəng
çalarları müəyyən edilərək qarşı
tərəfə bildirilmişdi. Tam əminliklə deyə
bilərik ki,
görəcəyiniz bərpa edilən və rənglənən
filmdə hər bir rəng seçiminin arxasında konkret sənəd
və sübutlar vardır.
“AtaHolding” üçün bu layihənin həyata
keçirilməsinin başqa bir anlamı da ondan ibarət idi
ki, AtaHolding hələ 2006-cı ildə “Arşın Mal Alan”
operettasının alman dilinə tərcümə edilməsi
və Vyana Opera Teatrının səhnəsində ifa edilməsi
layihəsini reallaşdırılmışdı. Hazırkı
layihə də həmin görülmüş işin məntiqi
ardıcıllığı idi.
“Arşın
mal alan” filmi Azərbaycan kino sənətində
və ümumiyyətlə, Azərbaycan xalqının mədəni
yaddaşında çox mühüm yer tutur. Leyla Bədirbəyli,
Münəvvər Kələntərli, Lütfəli Abdullayev
kimi dahi sənətkarların rol aldığı filmə
heç şübhəsiz ki, ölməz sənətkarımız
Rəşid Behbudov öz möhrünü vurmuşdur.
2013-cü
ildə həm də “Arşın mal alan”
operettasının 100 ili tamam oldu. Hesab edirik ki,
eyniadlı filmin bərpası və rənglənməsi
tarixi hadisədir və Azərbaycan mədəniyyətinə,
gələcək nəsillərə böyük hədiyyədir.
“AtaHolding” bu layihənin həyata keçirilməsində
ona dəstək olan bütün təşkilatlara öz dərin
təşəkkürünü bildirir.
Eyni zamanda, “AtaHolding” bu işin görülməsini
onlara etimad etdikləri üçün Heydər Əliyev
Fonduna dərin minnətdarlığını bildirir.
Qeyd edək
ki, premyerası 10 dekabr 2013-cü ildə Heydər Əliyev Mərkəzində
olacaq bərpa edilmiş və rənglənmiş
“Arşın mal alan” filminin bir sıra
fraqmentləri tədbir zamanı qonaqlara nümayiş etdirildi
və bu fraqmentlər qonaqlar tərəfindən böyük
rəğbətlə qarşılandı. Əfsanə
qayıtdı!!!
“AtaHolding” bundan sonra da öz işində milli dəyərlərimizi
hər zaman rəhbər tutacaq və ümummilli Liderimiz Heydər
Əliyevin tövsiyyə və fikirləri “AtaHolding”
üçün hər zaman istiqamətverici ana xətt
olacaqdır.
Respublika.-2013.- 3 dekabr.- S.11.