Ömrünü idmana bağlayan insan

 

 

 

Bədən tərbiyəsi və idman sağlamlığı qoruyan ən vacib şərtlərdən biridir. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Bakıda, eləcə də Azərbaycanın bütün regionlarında artıq beynəlxalq standartlara malik yeni, müasir idman qurğuları, Olimpiya idman Komplekslərinin tikilməsinə başlanılmış və bu məqsədlə işlər davam etdirilir.

Ölkədə yeni idmançı nəslinin yetişməsini, idmanın kütləviliyinin təmin olunmasını qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazanmasına gətirib çıxarmışdır.

Azərbaycan idman tarixində ilk dəfə olaraq 2015-ci ildə təşkil ediləcək Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək şərəfinə layiq görülmüşdür.

Aliorta təhsil ocaqlarında bədən tərbiyəsi və idman gündəlik həyat devizinə çevrilmişdir.

Respublikamızda idmanın inkişaf etdirilməsində BDU-nun bədən tərbiyəsi və idman kafedrasının əməkdaşlarının xidmətləri böyükdür. Qocaman müəllimlərdən biri də Mənsur Əhmədovdur. 5 dekabr 1934-cü ildə Qərbi Azərbaycanın Sisyan rayonunun (Qarakilsə) Ağdü kəndində dünyaya göz açmış Mənsur 9-cu sinfə qədər qonşu Vəğədi kənd orta məktəbində oxumuş, X sinfi isə Qubadlı rayonunun Muradxanlı kənd orta məktəbində başa vurmuşdur. Gənc yaşlarından idmanla məşğul olan Mənsur Əhmədov 1956-cı ildə Bakıya gələrək Bakı Dənizçilik Məktəbinə qəbul olunur. Elektromexanik ixtisasına yiyələnərək 5-ci dərəcəli  usta normasını yerinə yetirirbir müddət Xəzər Dəniz Donanmasında matros işləyir. Sambo-cüdo idman növü ilə məşğul olan Mənsur Əhmədov 1963-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirmiş  və 12 il dalbadal Azərbaycan yığma komandasının üzvü olmuşdur.

Mənsur Əhmədov sambo-cüdo üzrə mötəbər yarışlarda iştirak etmişkeçmiş SSRİ-nin idman ustası adına layiq görülmüşdür. 5 dəfə Respublika çempionu olmuş məşhur pəhləvan haqqında o dövrün mətbuat səhifələrində dəfələrlə məqalələr və oçerklər yazılmışdır. Azərbaycanın idman şərəfini Sovetlər məkanında dünya miqyasında uğurla təmsil etmiş Mənsur Əhmədov “Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülmüşdür.

Gənc idmançının uğurlarını nəzərə alaraq o vaxtlar ADU-nun rektoru işləmiş akademik Şəfaət Mehdiyev Mənsur müəllimi universitetə dəvət etmiş və 5-ci kursda oxuya-oxuya o, bu təhsil ocağında bədən tərbiyəsi və idman kafedrasında saathesabı dərs demişdir.

Ucqar bir kənddən, kasıb bir ailədən olan Mənsur müəllim bütün çətinliklərə sinə gərmiş, Krımda SSRİ birinciliyində yüksək yerlərə sahib olmuş və Azərbaycan bayrağını ölkəmizdən çox-çox uzaqlarda dəfələrlə dalğalandırmışdır.

1966-cı ildən BDU-nun Bədən tərbiyəsi və idman kafedrasında müəllim, 1970-ci ildən baş müəllim, 1987-1991-ci illərdə idman kafedrasının müdiri vəzifələrində şərəflə işləmiş, idman sahəsində kollektiv arasında böyük nüfuz qazanmışdır. 1991-ci ildən BDU-nun bədən tərbiyəsi və idman kafedrasının dosentidir.

Mənsur müəllimin yetirmələri respublikamızda, keçmiş SSRİ-də, eləcə də dünya miqyasında idman sahəsində uğurlara imza atmışdır. M.Əhmədov Azərbaycan Təhsil Nazirliyinin, BDU-nun fəxri fərman və qiymətli mükafatlarına layiq görülmüş, ictimai işlərdə fəal iştirak edir.

Ümummilli liderimiz Heydər Əliyev siyasətinin yorulmaz təbliğatçısı, dövlətimizə, dövlətçiliyimizə, sədaqətli ziyalılarımızdandır. Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olmuş Mənsur müəllim hazırda bu təhsil ocağının Bədən tərbiyəsi və idman kafedrasında baş metodist vəzifəsində işləyir.

Ölkə Prezidenti cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğı qocaman idmançı-veteran Mənsur Əhmədovu daha da ruhlandırır.

Yarım əsrdən çox BDU-da çalışan, gənc  idmançılara örnək olan Mənsur Mənsum oğlu Əhmədova ömrünün müdrik çağlarında cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

 

Rauf İLYASOĞLU,

 

Respublika.-2013.- 3 dekabr.- S.11.