Cəlilabad idmançıları 2013-cü ildə uğurlu qələbələr əldə etmişlər

 

  

Cəlilabad idmançılarının uğurla başa vurduqları 2013-cü ildə əldə olunmuş naiyyətlərlə maraqlanan müxbirimiz rayon Gənclər və İdman idarəsinin rəisi Ramin Rəhimovla görüşüb həmsöhbət olmuşdur. Söhbət zamanı R.Rəhimov demişdir:

Respublikamızda dövlət gənclər siyasətinin formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər gününün təsis edilməsi, dövlət gənclər siyasəti haqqında fərman imzalaması dahi şəxsiyyətin Azərbaycan gəncliyinə verdiyi diqqət və qayğının ən parlaq nümunəsidir. Böyük qürur hissi ilə deyə bilərik ki, əsası ümummilli lider tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Aparılan məqsədyönlü siyasət nəticəsində dövlət gənclər siyasəti kəmiyyət və keyfiyyət etibarı ilə dəyişərək yeni mərhələyə qədəm qoymuşdur. Möhtərəm Prezidentimizin sərəncamı ilə 2011-2015-ci illər üzrə Azərbaycan Gəncliyi Dövlət Proqramının qəbul olunması, Gənclər Fondunun yaradılması, gənclər üçün Prezident Mükafatının təsis edilməsi, “Bədən Tərbiyəsi və İdman haqqında” qanunun qəbul edilməsi, idmanımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksinin inşası, respublikamızda beynəlxalq yarışların təşkili və keçirilməsi bu siyasətin bariz nümunəsidir.

Hesabat dövrü ərzində rayon gənclər və idman idarəsi gənclər və idman siyasətinin gücləndirilməsi və həyata keçirilməsi sahəsində davamlı aparmış, bu sahələr üzrə 64 tədbir keçirmişdir. Onlardan 41-i gənclər, 23-ü isə idman üzrə olmuşdur. Tədbirlərdə 12 min gənc və 2 mindən çox idmançı iştirak etmişdir. Yeniyetmə və gənclərlə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ümumtəhsil məktəblərində ibtidai hərbi hazırlıq fənninin daha yüksək səviyyədə keçirilməsi, şagirdlərin müasir hərbi hazırlıq biliklərinə daha dərindən yiyələnməsimilli ordunun hərbi hissələrində gənclər arasında ictimai-siyasi işin aparılması məqsədilə rayonumuzun ərazisində yerləşən hərbi hissələrlə müqavilələr bağlanmış, tədbirlər planı hazırlanaraq yüksək səviyyədə həyata keçirmişdir. Rayonumuzun 74 orta ümumtəhsil məktəblərində “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi idman oyunları və “Vətənin Müdafiəsinə hazıram” çox növçülüyü üzrə məktəbdaxili və rayon birinicilikləri keçirmişdir. Rayonumuzun komandası ənənəsinə sadiqlik nümayiş etdirərək hərbi idman oyunları üzrə respublika zona mərhələsində uğurla çıxış etmişdir.

Rayonda uşaq, yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli və mənalı keçirilməsi məqsədi ilə rayon mədəniyyət evində “Xəmsə” Milli İntellektual oyunu üzrə gənclər arasında altıncı, Yeniyetmələr arasında III Azərbaycan çempionatının rayon mərhələsi keçirilmişdir. Yeniyetmələr arasında keçirilən çempionatda rayonun orta ümumtəhsil məktəblərindən 40 nəfər, Gənclər arasında keçirilən rayon mərhələsində isə rayonun ümumtəhsil məktəblərindən və Azərbaycan Müəllimlər İnstitutunu Cəlilabad filialından 56 nəfər gənc iştirak etmişdir. Rayonumuzun komandası Masallı və Yardımlı rayonlarında keçirilən respublika zona mərhələsində uğurla çıxış etmişlər.

Rayonumuzun idmançıları ötən illərdə olduğu kimi, bu il də ölkə idmanına layiqli töhfələr bəxş etmişlər. Təsadüfi deyil ki, 2012-ci ildə cənab Prezidentimizin rayonumuzda tikilib istifadəyə verilmiş möhtəşəm Olimpiya İdman Kompleksinin açılışında şəxsən iştirak etməsi ona əsas verir ki, ölkə rəhbəri tərəfindən Cəlilabad idmançılarının əməyi həmişə yüksək qiymətləndirilmişdir.

Rayon gənclər və idman idarəsi yanvar ayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş, yunan-Roma güləşi, boks üzrə rayon açıq birincilikləri, yanvar-fevral aylarında “2 fevral Azərbaycan gəncləri günü”nə həsr olunmuş şahmat idman növü üzrə rayon birinciliyi, “Qış kubokuuğrunda basketbol üzrə respublika turniri, fevral-mart aylarında “5 mart Bədən Tərbiyəsi-İdman gününə” həsr olunmuş basketbol, boks, sərbəst güləş, yunan-Roma güləşi üzrə yeniyetmələr və gənclər arasında rayon birincilikləri, aprelmay aylarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş idmanın ayrı-ayrı növləri üzrə rayon birincilikləri və çempionatları keçirmişdir.

Cəlilabad Olimpiya İdman Kompleksində taekvando, basketbolfutbol idman növləri üzrə rayon birincilikləri keçirilmişdir. 1 dekabr tarixindən başlayaraq idarə, müəssisə və təşkilat komandaları arasında ulu öndərimizin xatirəsinə həsr olunmuş mini-futbol idman növü üzrə rayon birinciliyinə start veriləcəkdir.

Rayonumuzun idmançıları 2013-cü ildə Respublika birincilik və çempionatlarından, beynəlxalq turnirlərdən 10 qızıl, 32 gümüş, 40 bürünc medal qazanmışlar. Dünya birinciliklərindən isə 1 qızıl və 1 gümüş medal əldə etmişlər.

Cəlilabad idmançılarının Respublika və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr göstərməsində Uşaq Gənclər İdman məktəbinin direktoru, SSRİ idman ustası Natiq Rzayevin və məktəb kollektivinin böyük zəhməti olmuşdur.

Bu gün böyük fəxrlə demək olar ki, Azərbaycan gəncliyi müstəqil Respublikamızın inkişafı, qüdrətlənməsi, möhkəmlənməsi, beynəlxalq aləmdə nüfuz qazanmasında aparıcı qüvvəyə çevrilmiş, hər bir prosesdə dövlətin inkişafı naminə yaxından iştirak etmişdir.

 

Sabir MUSTAFAYEV,

 

Respublika.-2013.- 3 dekabr.- S.10.