866 mənzilə köç

 

  

Bir vaxtlar çadır düşərgələrə, qazma daxmalara, uçuq-sökük binalara pənah gətirən, indi isə yeniabad qəsəbəyə üz tutan bu köç tezliklə üzü Qarabağa gedəcək...

Yurd itkisi, müharibənin amansız ağrıları ilə üzləşmiş insanların həmin gün çöhrələrində bir sevinc, ümid işığı gördük. Sabaha dərin inam və qətiyyət gördük. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş bu insanlar 20 ilə yaxındır ki, üzləşdikləri çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, qürurunu həmişə qorumuşlar. Təbii ki, dövlətimizin onlara göstərdiyi böyük diqqət və qayğı daim onları qarşılaşdıqları müsibətlərin pəncəsindən xilas etmişdir. Uşaqlı-böyüklü hamı sevinirdi. Bərdədə böyük köç başlanmışdır. Yeni mənzillərə köçən məcburi köçkünlərin, necə deyərlər, əli-ayağı yerə dəymirdi. Hamı çalışırdı ki, dövlət tərəfindən onlara verilmiş yeni mənzillərə tez köçsünlər.

Dəfələrlə köçkünlük qayğıları ilə üzləşmiş bu insanların ürəyindən-qəlbindən keçənləri Şuşa şəhərindən məcburi köçkün olan Adilə xala belə ifadə etdi:

—Dövlətimizə, Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Biz yeni mənzillərə köçürüksə, qəlbimizdə qəti bir inam baş qaldırır. Deməli, biz hörmətli Prezidentimizin rəhbərliyi ilə doğma yurd yerlərinə də qayıdacayıq. Buna hamımız inanırıq.

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın daim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Onların müvəqqəti yaşayış yerlərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbə və məhəllələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin daha bir təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, ölkədə çadır şəhərcikləri 2007-ci ildən ləğv edilmiş, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Respublikanın bir çox yerlərində salınan belə yaşayış kompleksləri bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti həmişə vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həllini daim diqqət mərkəzində saxlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Bərdə rayonu ərazisində 866 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəlləyə noyabrın 27-dən köç başlanmışdır.

Digər ərazilərdə olduğu kimi burada da köçürülmə prosesində obyektivliyi və şəffaflığı təmin etmək üçün məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayonun, əraziləri işğal olunmuş bölgələrin icra hakimiyyətlərinin, məcburi köçkün icmalarının, eləcə də Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin məsul nümayəndələrindən ibarət komissiya tərəfindən mənzillər ailə tərkibinə görə püşkatma yolu ilə müəyyənləşdirilmişdir.

Yeni məhəlləyə 866 ailə və ya 3900 məcburi köçkün köçürüləcəkdir. Həmin ailələrin 700-ü Ağdam, qalanları isə digər rayonlardandır. Məhəllənin ərazisi 16 hektardır. Mənzillərin 70-i birotaqlı, 430-u ikiotaqlı, 325-i üçotaqlı, 25-i isə dördotaqlıdır. Məhəllə su, elektrik, qazmüasir istilik sistemi ilə tam təmin edilmiş, yol-küçə şəbəkəsi, yaşıllaşdırma işləri də yüksək səviyyədə aparılmışdır.

Bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, ona edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa edilmişbu il sentyabrın 10-da Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur. Həmçinin məhəllədə 280 yerlik uşaq bağçası, 540 yerlik məktəb binası, klub-icma mərkəzi, inzibati bina, tibb məntəqəsi və ATS tikilmişdir.

Ümumilikdə 2001-2013-cü illər ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailədən ibarət 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Yeni evlərə köçürülən məcburi köçkünlər Prezident İlham Əliyevə yaratdığı belə nümunəvi şəraitə, onları hər cür rahatlığa malik mənzillərlə təmin etdiyinə görə dərin minnətdarlıqlarını bildirdilər. Ağdam rayonunun Qiyaslı kəndindən məcburi köçkün Nazim Alıyevin ailəsi də sevinc içərisində idi. Onlara ikiotaqlı mənzil verilmişdir.  Söhbət zamanı N.Alıyev dedi:

—20 ilə yaxındır ki, ailə üzvlərimlə birlikdə şəhər 2 saylı məktəbin sinif otağında məskunlaşmışdıq. Köçkünlüyün ilk illərində bir çox çətinliklərlə üzləşdik.  Xalqımızın ümummilli lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bizim üzləşdiyimiz problemlər bir-birinin ardınca öz həllini tapmağa başladı. Məcburi köçkünlərə münasibət köklü surətdə dəyişdi. Həmin doğmaisti münasibət, diqqət və qayğı bu gündavam etdirilir. Bizim ailə yüksək təmirli, hər cür şəraiti olan ikiotaqlı mənzilə köçüb. Ailə üzvlərim adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirona mühüm dövlət işlərində yeni-yeni uğurlar arzulayırıq.

Ağdamlı məcburi köçkün Səfura Hüseynova bu qəsəbənin ilk sakinlərindəndir. Ömür-gün yoldaşı Qarabağ döyüşlərində şəhid olmuşdur. O, təkbaşına beş övlad  böyüdüb ərsəyə çatdırmışdır. Bu müddət ərzində çətinlikləri çox olub. Buna görə də onun sevincinin səbəbini başa düşmək heç də çətin deyil. Bizonun bu sevincinə şərik oluruq. S. Hüseynova dedi:

-Həyat bizi sınasa da sınmadıq, ayaq üstə dayanmağı bacardıq. Ona görə ki, bizim daim güvəndiyimiz müstəqil və güclü Azərbaycan dövlətimiz var, onun beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu Prezidenti var. Yeri gəlmişkən, qəsəbənin rəsmi açılış mərasimində iştirak edən möhtərəm Prezidentimiz bizim ailənin qonağı oldu. Mən onda dövlətimizin başçısının bizə –  doğma yurd-yuvasını məcburi tərk edən qaçqın və köçkünlərə isti münasibətinin, səmimiyyətinin, doğmalığının bir daha şahidi oldum. Və hiss etdim ki, onun böyük ürəyi həmişə bizimlə birgə döyünür. Bax, bizə ümid verən, yaralarımıza məlhəm qoyan da elə budur. Prezident bizimlə görüşündə bu ümidlərimizi daha da artıraraq dedi:

-Əsas məsələ ondadır ki, biz köçkünlərimizi öz dədə-baba torpaqlarımıza köçürək. Əminəm ki, biz onu da həll edəcəyik. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və edəcəkdir. Bu məsələ ölkəmiz, xalqımız üçün ən vacib məsələdir. Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək, köçkünlər Dağlıq Qarabağa, digər torpaqlara qayıdacaqlar. Ondan sonra Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Ağdamda, digər şəhərlərdə bundan da gözəl binalar tikiləcək.

Qarşıdan soyuq qış fəsli gəlir. Buna görə də köçürülmənin qısa müddətdə başa çatdırılması üçün yerli icra hakimiyyətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul nümayəndələri bütün zəruri tədbirləri həyata keçirmişlər. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dəfələrlə Bərdədə olmuş, yeni məhəllənin tez və yüksək keyfiyyətlə inşa olunması üçün operativ müşavirələr keçirmiş, inşaat işlərini öz nəzarətində saxlamışdır.

 

Salman ALIOĞLU,

 

Respublika.-2013.- 3 dekabr.- S.10.