İnformasiya və telekommunikasiya
texnologiyaları sürətli inkişaf yolunda
Dünya
həyatının bütün sahələrində sürətli
qloballaşma prosesi öz təsirini getdikcə daha artıq
göstərir. Bu beynəlxalq prosesdə iqtisadi inteqrasiya çox mühüm rol oynayır
və zərurət kimi meydana
çıxır. Ölkələrin müxtəlif sahələrdə
əməkdaşlığı, əlaqələrin daim dərinləşməsi və hər bir tərəf üçün
səmərəliliyi həmin dövlətlərin sosial-iqtisadi inkişafına, siyasi sabitliyinə də möhkəm və
etibarlı zəmin yaradır. Bu əlaqələrin
müasir səviyyədə
qurulmasında və inkişafında informasiya
və telekommunikasiya vasitələri çox əhəmiyyətli rol
oynayır. Bütün qitələrin
dövlətləri qarşılıqlı mənafelərə
cavab verən beynəlxalq əməkdaşlıq
üçün çox
maraqlıdırlar. Azərbaycan dünya iqtisadi bazarına karbohidrogen
və qeyri-neft məhsulları ilə
çıxır. Ölkəmiz iqtisadiyyatın neft amilindən
asılılığını minimuma
endirmək üçün real sektorun
inkişafını prioritet elan edib. Nəticədə
bu sektor da sürətli tərəqqi yolundadır.
İKT həm də real sektorun
bir sahəsidir. Digər sahələrdə
olduğu kimi, İKT
sahəsində də Azərbaycan dünyanın sürətlə
inkişaf edən ölkələri səviyyəsindədir.
Bu
günlərdə Bakıda “BakuTel-2013” 19-cu Azərbaycan Beynəlxalq
telekommunikasiya və informasiyaları sərgisi və
konfransı açılmışdır. Bu sahənin iqtisadiyyatda
çəkisinin sürətlə artmasının nəticəsidir
ki, İKT-yə aid bu növ tədbirlər
ölkəmizdə keçirilir. Qeyd edək ki, ənənəyə
çevrilmiş “BakuTel”
sərgisi Xəzər və Qafqaz
regionlarında ən böyük tədbirdir.
Bu gün İKT
ölkə iqtisadiyyatında çox mühüm rola malikdir və onun sürətli
inkişafı üçün bütün lazımi addımlar atılır.
Azərbaycan Prezidenti sərgi
və konfrans
iştirakçılarına təbrikində İKT-nin
inkişafına dövlət dəstəyi və perspektiv barədə deyib:
“İqtisadi və sosial
sahələrin bütün istiqamətlərində
davamlı artım tempinə nail olan Azərbaycan İKT sahəsində də
dünyanın inkişaf edən ölkələri
səviyyəsinə yüksəlmişdir. Respublikada
İKT cəmiyyətin həyatına dərin nüfuz
etmişdir. Əhalinin 70 faizi
internet, onların yarısı isə
genişzolaqlı internetdən istifadə edir.
Yeni
texnologiyaların tətbiqi və rəqəmli televiziya yayımı uğurla
həyata keçirilir, sahə üzrə
investisiya qoyuluşu və
özəl sektorun fəaliyyəti ildən-ilə
genişlənir. Ölkəmizin tarixi
nailiyyətlərindən biri olan “Azerspace-1” ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması, eləcə
də informasiya texnologiyaları üzrə
universitetin və dövlət fondunun, “Yüksək Texnologiyalar
Parkı”nın yaradılması, stimullaşdırıcı
tədbirlərin tətbiqi ölkədə təbii sərvətlərə
əsaslanan iqtisadiyyatdan innovativ
və texnoloji tutumlu iqtisadiyyata keçidin təmin
edilməsinə möhkəm zəmin yaradır”. Bu gün Azərbaycan dünya çapında İKT sahəsində
də təşəbbüskar kimi
tanınmaqdadır. Belə ki,
ölkəmiz BMT Baş
Assambleyasının 67-ci sessiyasında beynəlxalq İKT
çağırışlarının həyata keçirilməsi
üçün Avrasiya
Rabitə Alyansının təsis edilməsi ilə
bağlı təklif vermiş və bəyənilərək
qətnamə qəbul edilmişdir. Bu, dövlətin beynəlxalq aləmdə həm
səmərəli fəaliyyətinin və həm də nüfuzunun göstəricisidir...
Hazırkı dövrdə İKT iqtisadiyyatın
inkişafında çox mühüm
yer tutur. Xüsusilə
real sektorun tərəqqisi
üçün İKT həyati əhəmiyyətə
malikdir. Bu il “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan
edilmiş və fevral
ayında Azərbaycanın ilk süni peyki
buraxılmış və ölkə kosmik
sənayesi olan dövlətlərin
sırasına daxil olmuşdur.
Yaxın illərdə ikinci və üçüncü peyk
də kosmosa çxarılacaqdır. Bu gün İKT iqtisadi, sosial, siyasi həyata dərindən nüfuz
edib və bu sahəyə
malik olmadan müasir səviyyədə beynəlxalq standartlara uyğun inkişaf mümkün deyil. Buna görə də
ölkəmizdə İKT-nin
inkişafı prioritet elan
olunmuş sahələrdəndir. Dövlət
başçısı bu istiqamətdə
görülən işlər barədə deyib:
“Bəli, bu, hazırda Azərbaycan
iqtisadiyyatının inkişafı üçün
əsas istiqamətlərdən biridir. Bu sektorun çox
böyük perspektivi
vardır... Regionlarda informasiya-kommunikasiya
texnologiyaları inkişaf edir.
Hazırda
biz genişzolaqlı internetin hər bir kənddə tətbiqi
üzərində işləyirik. Bu
layihəni dövlət maliyyələşdirəcəkdir.
Hazırda bu istiqamətdə xeyli iş görülür.
“BakuTel” sərgisinin
iştirakçılarının sayı ilbəil artır. Yeni tədqiqatlar üzə çıxır.
Biz təkcə neft-qaz
əməliyyatlarının, humanitar əməkdaşlığın
deyil, eləcə də regionumuzda
müasir texnologiyaların mərkəzinə
çevrilmək istəyirik”.
Göründüyü kimi, hər iki sektorda əldə edilən uğurlar ölkəmizin hərtərəfli inkişafına, regionun qüdrətli dövləti, qısa müddətdə dünyanın inkişaf etmiş ölkəsi səviyyəsinə çatmasına möhkəm zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev əldə olunan nəticələrə yüksək qiymət verib: “Son on ildə Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İkinci belə ölkə dünya xəritəsində tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan, Azərbaycan uğurla, inamla, sürətlə inkişaf edir”. Bu uğurları təsdiq edən, ölkədə sürətli müasir tikinti-quruculuq və abadlıq işlərinin şahidi olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasında Birlikdə iqtisadi inteqrasiyanın sürətli və səmərəli prosesinə nail omaq üçün zəruri sahələrdə prioritet yanaşmanın mühümlüyünü qeyd etmişdir. RF dövlət başçısı dünya iqtisadiyyatında baş verən proseslərə toxunmuş, qlobal böhranla bağlı MDB üzv ölkələri arasında inteqrasiya əlaqələrinin inkişafının, təhlükəsiz işgüzar mühitin formalaşdırılmasının vacibliyini bildirmiş və qarşılıqlı mənafeyə əsaslanan əməkdaşlığın nəticəsi kimi Azərbaycanda şahidi olduğu inkişafı nümunə gətirmişdir: “Bu yaxınlarda Azərbaycanda oldum, Bakının necə inkişaf etdiyini görüb çox məmnun qaldım. Biz şəhərin mərkəzi hissəsində gəzdik, bura həqiqətən çox heyrətamizdir. Əminəm ki, əgər insanlar bizim ölkələrdə baş verənlərdən xəbərdar olsalar, qarşılıqlı maraq daim artacaqdır”. Göründüyü kimi, əməkdaşlıq dövlətin inkişafında ən mühüm amillərdən biridir. İnteqrasiyada cəlbediciliyi yaradan ən zəruri şərtlərdən biri də quruculuq və abadlıq prosesidir. Bu davamlı, müasir səviyyədə yüksək templi inkişafa isə müasir İKT-yə nail olmadan çatmaq mümkün deyil. Azərbaycan dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə yüksəlmək üçün digər mühüm sahələrlə yanaşı, yeni texnologiyaların da inkişafını daim diqqətdə saxlayır. Dövlət başçısı İKT-nin müasir dövlət quruculuğunda əhəmiyyəti barədə vurğulayıb: “İndi biz bütün dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə kimi deyil, həmçinin gələcəkdə yüksək səviyyəli elmi potensiala və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu ölkə kimi tanınacağıq. Əlbəttə, Azərbaycanın bu sahədə dəb qanunvericisi rolunu oynayacağını düşünmək sadəlövhlük olardı. Mən həmişə demişəm ki, biz dəb qanunvericilərinin bir addımlığında olmalıyıq və ən müasir texnologiyaları iqtisadiyyatımıza tətbiq etməliyik. Bu proseslərdə dövlət təminatçı kimi çıxış edir, çünki maliyyənin əksər hissəsini dövlət təmin edir. Fərdi sektor isə dövlətin ardınca, yaxud onunla paralel olaraq addımlayır və bizim yaratdığımız bütün imkanlardan istifadə edir. Biz yüksək templərlə irəli gedirik, müasir dövlət qururuq. Bu gün müasir texnologiyalar olmadan heç bir dövlət normal inkişaf etməyə qadir deyildir”.
Ataş CƏBRAYILOV
Respublika. - 2013.- 4 dekabr.- S.1-2.