Ürəklərdə
əbədi yaşayan dahi şəxsiyyət
Ümummilli liderimiz
Heydər Əliyev Azərbaycan xalqının tarix
boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən
olaraq milyonlarla
insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə
görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə,
problemlərə mərdliklə sinə gərən millət
fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə
xatırlanır. Müstəqil Azərbaycanın dahi şəxsiyyətləri arasında böyük tarixi
missiyanı yerinə yetirmək qüdrətinə malik olan ümummilli
liderimizin müstəsna yeri
var. Xalqı və Vətəni
qarşısında misilsiz xidmətlərinə
və müstəsna tarixi roluna
görə ulu öndəri dünya miqyaslı siyasi nəhənglərlə
müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi
şərəfli missiyanı böyük
əzmlə yerinə yetirmişdir. Bütün ömrünü
Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: “Mənim üçün hər şeydən əziz mənim
xalqımdır, mənim Vətənimdir, mənim
torpağımdır”.
Ulu
öndər rəhbərlik etdiyi illər ərzində
respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və
enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin
müstəqil yaşaması üçün möhkəm təməl
qoymuşdur. Məhz buna görə
Azərbaycan xalqı qazandığı müstəqilliyə
və onun qorunub
saxlanması sahəsində əldə etdiyi
bütün nailiyyətlərə görə
dahi oğluna minnətdardır.
Ulu öndər yenidən hakimiyyətə
qayıdarkən demişdi: “Mənim həyatım
xalqa məxsusdur və bundan
sonra ömrümün
qalan hissəsini də xalq
üçün əsirgəməyəcəyəm.
Həyatımın mənasını ancaq
xalqa xidmət etməkdə görürəm.
Mənim
üçün ən böyük mükafat bundan sonra da
xalqın etimadını doğrultmaqdan ibarətdir”.
Heydər
Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi
reallığa çevirmiş, böyük qurbanlar
bahasına əldə olunmuş müstəqilliyi zamanın
çətin sınaqlarından çıxararaq qoruyub
saxlamışdır. Ulu öndərin
respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi
naminə göstərdiyi xidmətləri saymaqla
qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər
Əliyevi yalnız siyasi lider
kimi deyil, həm də
milli dövlətçilik
ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan
dövlətçiliyi yoxdur və ola da bilməz.
Bu
dahi insan Azərbaycanda hamının eyni dərəcədə
inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların
hüquqlarını qoruya bilən
dövlətin əsasını qoydu və
yalnız hüququn aliliyinə əsaslanan
idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi
sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm
sabitliyin yaradılmasına və Azərbaycanda
normal siyasi münasibətlər
sisteminin formalaşmasına gətirib
çıxardı ki, bu
da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə
səbəb oldu.
XX əsrin
sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin
formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz
lideri unudulmaz şəxsiyyət
Heydər Əliyevdir. Ümummilli lider şəxsiyyət kimi
zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin
təcrübəsini azad və müstəqil
dövlət qurmağa sərf edib və hər şeydən əvvəl,
xalqın xilaskarı olub.
Milyonlarla
insanın ümid çırağına çevrilərək
qəlblərdə əbədi yurd salmaq heç də
bütün rəhbərlərə, liderlərə nəsib
olmur. Hələ sağlığında canlı əfsanəyə
çevrilmiş Heydər Əliyev ürəklərdə
özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ
uzun illər boyu gələcəyə
gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü
xalqa həsr edən bu
nurlu şəxsiyyətə bəslənilən
sevgi sonsuzdur. Qədirbilən
xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq
ideyalarını öz yolunda
mayaka çevirəcəkdir.
Heydər
Əliyev dünyanın nadir insanlarındandır. O,
hamının qəlbinə yol
tapmağı bacarır, yaddaşlarda dərin
iz qoyurdu. Təkrarsız,
heyrətamiz yaddaşa malik
Heydər Əliyev əsl rəhbərə xas
olan ensiklopedik biliyə
malik idi. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar
çərçivəsinə sığmayan, bəşəri
dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük
bir siyasətçiyə, dahi
bir şəxsiyyətə çevirmişdi. Yalnız Azərbaycanda
deyil, bütün dünyada bu görkəmli
dövlət xadiminə, əsrimizin siyasi
həyatında mühüm yer tutmuş, ən
yüksək vəzifələrin məsuliyyətini
daşımış insana dərin
hörmət və ehtiram bəslənilib.
Ümummilli
liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti
hər bir soydaşımız üçün örnək
olmalıdır. Biz Azərbaycanı
sevməyi Heydər Əliyevdən öyrənmişik. “Azərbaycan
mənim ürəyimdir, nəfəsimdir”—deyə böyük öndərimiz millətimizin və
dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir
siyasi xətt, ideoloji baza miras qoydu.
Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir
və daim öyrənilməlidir.
Şükürlər olsun ki, ulu Tanrı
xalqımıza Heydər Əliyev dühası kimi böyük şəxsiyyət
qismət edib. Bu böyük şəxsiyyət həmişə
xalqa arxalanır və deyirdi:
“Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda
etmiş, bütün
həyatı boyu Vətənini və millətini
düşünmüş ümummilli
liderimizin ideyaları daim
yaşayacaq. Azərbaycan xalqı, bütün türk
dünyası onu heç
vaxt unutmayacaq. Bütün ömrünü
xalqımızın tərəqqisinə və
firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti
bizim üçün
güc mənbəyidir. Həyatımızın
elə bir sahəsi yoxdur
ki, orada ümummilli liderimizin izi olmasın. Bugünkü
Azərbaycanın sürətli inkişafının təməl
daşları da məhz Heydər
Əliyevin qüdrətli əlləri ilə hörülüb.
Müstəqil
Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir.
Heydər Əliyev Azərbaycan xalqına son müraciətində ölkədə rəhbərlik
etdiyi illərdə bir
azərbaycanlı, vətəndaş və rəhbər kimi yeganə amalının varlığı
qədər sevdiyi Azərbaycan xalqına,
dövlətinə, ölkənin iqtisadi-siyasi,
mənəvi inkişafına xidmət etməkdən
ibarət olduğunu söylədi. O bu yolda bütün gücünü,
iradəsini yalnız müdrik və qədirbilən
xalqından almışdı. Ən çətin vəziyyətlərdə
bu inam və
xalqına arxalanmaq Heydər Əliyevə
dözüm, iradə verib,
bütün uğurlarını təmin edib. Elə “Xalq-Heydər, Heydər-Xalq” birliyi də belə yaranıb.
Ümummilli
liderimizin bizə ərmağan qoyub getdiyi zəngin irsi bu
gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti
dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin
sütunudur. Məhz bu
qüdrətli sütunlar üzərində
ucalan müasir Azərbaycan
güclü ola bilib. İctimai həyatımızın
elə bir sahəsini tapmaq
mümkün deyil ki, orada Heydər
Əliyevin hərarəti duyulmasın. Ulu öndərimizin hələ
20 il bundan əvvəl
uzaqgörənliklə müəyyənləşdirdiyi, konseptual əsaslarını
yaratdığı xarici və daxili siyasət kursu, milli neft strategiyası bu gün öz
möhtəşəm bəhrlərini verir.
“Əsrin müqaviləsi” çərçivəsində reallaşan Bakı-Tbilisi-Ceyhan neft,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri Heydər Əliyevin milli neft
strategiyasının təntənəsi, Azərbaycanın
xoşbəxt gələcəyinin möhkəm bazası və
möcüzəli açarıdır. İndiyədək əldə
etdiyimiz bütün bu möhtəşəm nailiyyətlərin təməlində
ümummilli liderimiz, dünya səviyyəli siyasətçi, dövlət xadimi Heydər Əliyevin Azərbaycanın nəinki
bugünkü, hətta bir
neçə əsr bundan sonrakı
inkişafını da təmin etməyə
qadir olan siyasi kursu, milli
konsepsiyaları dayanır. Çoxəsrlik dövlətçilik
tariximizdə müstəsna yeri olan Heydər Əliyev özünün zəngin siyasi
fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli
inkişafı prosesinə təkan verərək, onu daimi yüksəliş
yoluna çıxarıb. Ulu
öndərimiz hakimiyyətdə olduğu
bütün dövrlərdə—1970-80-ci
illərdə, həm də müstəqillik dövründə
Azərbaycanın və xalqımızın hərtərəfli
inkişafında çox mühüm
rol oynayıb. Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi
müdrik siyasi kurs bu gün
də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki
bu siyasət Azərbaycana daim
uğur, xoşbəxtlik gətirir. Ulu öndərimizin siyasəti yaşayır,
möhkəmlənir və zənginləşir.
Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Əminik ki, ulu öndərimizin bütün arzuları çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq yüksəkliyə ucalacaqdır.
Hüseyn SEYİDOV
Respublika. - 2013.- 4 dekabr.- S.4.