Nəsimi rayonunda beynəlxalq əlillər günü ilə bağlı tədbir

 

1992-ci ildə BMT-nin baş məclisində dekabrın 3-nün Beynəlxalq Əlillər günü kimi qeyd olunması ilə bağlı qərar qəbul olunmuşdur. Elə buna görə də hər il BMT-yə üzv ölkələrdə əlillərin cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönələn tədbirlər keçirilir.

Bu günlərdə Bakının Nəsimi rayonunda əlillər günü ilə bağlı keçirilən yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyev çıxış etdi. O vurğuladı ki, əlil vətəndaşlar cəmiyyətimizin bərabərhüquqlu üzvləridir. Vurğulamaq lazımdır ki, Beynəlxalq Əlillər günü ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunur.

Prezident İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman diqqət mərkəzində saxlanılır. Ölkə başçısının sərəncamı ilə mütəmadi  olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün ölkəmizdə əlillərin həyat tərzi yaxşılaşdırılmış və onlar üçün hər cür şərait yaradılmışdır.

Ölkəmizin hər yerində olduğu kimi paytaxtın Nəsimi rayonunda da əlillər qayğı və diqqətlə əhatə olunmuşdur. Hazırda rayonda 7196 əlil vardır. Əlillərə, xüsusilə Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə qayğı və diqqət durmadan yaxşılaşır, onlar ölkədə gedən bütün proseslərdə fəal iştirak edirlər.

Rayonda yaşayan əlillərin 5311 nəfəri əmək pensiyası, 1885 nəfəri isə sosial müavinət alır.

İcra hakimiyyətində mütəmadi olaraq əlillərlə görüşlər keçirilir, onların üzləşdikləri problemlər müsbət həllini tapır.

Beynəlxalq Əlillər Günü ilə bağlı keçirilən tədbirdə Qarabağ Əlilləri Cəmiyyəti Nəsimi rayon təşkilatının sədri A.Quliyev, rayon Çernobıl əlilləri Cəmiyyətinin sədri X.Həsrətov və başqaları çıxış etdilər.

Rayon icra hakimiyyəti başçısı son olaraq vurğuladı ki, rayonda əlillərə qayğı və diqqət bundan sonra da davam etdiriləcək, onların həyat tərzi maksimum səviyyəyə çatdırılacaqdır.

Tədbirin sonunda əlillərə maddi yardım göstərildi.

 

Qədir ASLAN

Respublika. - 2013.- 4 dekabr.- S.6.