BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ QEYD OLUNMUŞDUR

 

 

Lerik

 

Rayon icra hakimiyyətində Qarabağ müharibəsi əlillərinin bir qrupu ilə görüş keçirilmişdir. Tədbiri Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov açmış, əlilləri bayram münasibətilə təbrik etmişdir. İcra başçısı əsası ümummilli lider tərəfindən qoyulmuş siyasi kursun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, fiziki sağlamlıqlarını qismən itirmiş insanlara, o cümlədən Qarabağ müharibəsi əlillərinə xüsusi qayğı göstərildiyini qeyd etmişdir.

Bu kateqoriyadan olan vətəndaşların pensiya və müavinətlərinin artırılması, onların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlərin görüldüyünü diqqətə çatdıran icra başçısı son illər rayonda da bir sıra işlərin həyata keçirildiyini bildirmişdir. Lerik şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16 mənzilli yaşayış binası, bir neçə əlil üçün fərdi evlər tikilmiş, onların bir qisminə əlil arabaları, minik maşınları verilmişdir.

Cənab Prezidentin tapşırığına əsasən rayonda əlillər üçün lazımi şəraitin yaradıldığını, onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərildiyini bildirən icra başçısı bu qayğının bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini söyləmişdir.

Qarabağ müharibəsi əlillərindən Cəlal Məmiyev, Arzuman Nəhmətov, Veysəl Məlikov və başqaları görüşdən razi qaldıqlarını bildirmiş, əlillərin sosial problemlərilə əlaqədar təkliflərini söyləmiş, göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər.

Sonra rayon icra hakimiyyəti tərəfindən Qarabağ müharibəsi əlillərinə maddi yardımlar verilmişdir.

 

LƏNKƏRAN

 

Beynəlxalq Əlillər Günü münasibətilə “Şah” sarayında tədbir keçirilmişdir. Lənkəran Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Rafayıl Tahirov tədbirdə çıxış edərək Beynəlxalq Əlillər Gününün ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən başlayaraq hər il qeyd olunduğunu, dövlətimiz tərəfindən əlil vətəndaşlara yüksək qayğı göstərildiyini bildirmişdir.

Lənkəranda 12780 nəfər əlilin yaşadığını, əlillərin bir qisminin Böyük Vətən, Əfqanıstan və Qarabağ müharibələrində, Çernobıl qəzasında saglamlıqlarını itirdiklərini vurğulayan natiq onların ünvanlı sosial yardım, əmək pensiyası aldıqlarını və lazımi qayğı ilə əhatə olunduqlarını söyləmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov tədbir iştirakçılarına icra başçısı Taleh Qaraşovun təbriklərini çatdırmış, cəmiyyətin həssas təbəqəsi olan insanlara dövlət tərəfindən daim qayğı göstərildiyini, son illər Lənkəranda 90 nəfər əlilin mənzillə təmin olunduğunu, 10-a yaxın əlil üçün fərdi yaşayış evinin tikilib istifadəyə verildiyini bildirmişdir.

Lənkəran şəhərində Əlillərin Regional Bərpa Mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə əlillərin sağlamlıqlarında yaranmış problemlər aradan qaldırılır, burada onlara nümunəvi tibbi xidmət göstərilir. İndiyə kimi mərkəzin imkanlarından 2500 nəfər əlil istifadə etmişdir.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki sağlamlıqlarını itirmiş əlillərə əlil arabları və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Tədbirdə rayon mədəniyyət şöbəsinin musiqi kollektivləri konsert proqramı ilə çıxış etmişlər.

 

Əlisəfa Həsənov

Respublika. - 2013.- 4 dekabr.- S.7.