Ölkəmiz beynəlxalq yarışa ev sahibliyi edir
Müstəqillik illərindən
başlayaraq ümummilli
liderimiz hər sahədə olduğu kimi, idmana da xüsusi
diqqət yetirir, millətin gələcəyini
sağlam həyat tərzində, xüsusən
də gəncliyin fiziki-mənəvi
sağlamlığında görürdü.
Ölkəmizin
müxtəlif bölgələrində müasir tələblərə
cavab verən çoxsaylı idman qurğularının
inşası, idman-sağlamlıq mərkəzlərinin
yaradılması, bədən tərbiyəsi və idmanın
kütləviləşdirilməsi istiqamətində
ardıcıl addımların atılması deyilənlərin
bariz nümunəsidir. Bu gün ölkə Prezidenti cənab İlham
Əliyev tərəfindən bu siyasət
uğurla davam etdirilir, idmana dövlət
qayğısı ildən-ilə artır, onun
maddi-texniki bazası möhkəmləndirilir.
İdmançılarımızın beynəlxalq
yarışlarda iştirakına geniş imkanlar yaradılır, onları yeni-yeni qələbələrə
ruhlandırmaq üçün bir sıra tədbirlər görülür.
Bütün bunlar öz bəhrəsini verir,
müxtəlif idman növlərində
nailiyyətlərin sayı çoxalır, Azərbaycanın idman şöhrəti ildən-ilə
artır. Ev sahibliyi hüququ qazandığımız 2015-ci ildəki
şahmat üzrə Dünya
kuboku, 2016-cı ildə Şahmat
üzrə Olimpiya oyunları, 2015-ci ildə
Birinci Avropa
Oyunları Azərbaycanın idman ölkəsi
olduğuna əyani bir
sübutdur.
Dekabrın
5-dən 8-dək Beynəlxalq Ağır Atletika
Federasiyasının İWF-Prix-II Beynəlxalq Bakı Kuboku
yarışlarına ölkəmiz ev sahibliyi edəcəkdir. Yarışda
24 ölkədən 70-dək atlet qüvvəsini
sınayacaq.
Azərbaycan
Ağır Atletika Federasiyasının icraçı
direktoru İsgəndər
Əsgərovdan aldığımız məlumata görə,
Azərbaycan Ağır Atletika tarixində ilk dəfədir
ki, Çin, ABŞ və İtaliyadan olan ağır atletlər
paytaxtımızda keçirilən yarışda iştirak edəcəklər.
Ümumilikdə isə ABŞ, İtaliya və Çin
ağır atletləri ilə yanaşı, Azərbaycan,
Rusiya, Türkiyə, Macarıstan, Polşa, Bolqarıstan,
Albaniya, İsrail, Almaniya, Avstriya, Slovakiya, Serbiya, Rumıniya,
Moldova, Latviya, Litva, Ukrayna, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, və Tacikistandan olan ağır
atletlər Bakı Kuboku uğrunda mübarizə aparacaq.
Ağır Atletika Federasiyasının İdman Mərkəzində keçiriləcək bu mötəbər yarışda 62 kiloqram və 69 kiloqram çəki dərəcəsində kişilər, 53 və 58 kiloqram çəki dərəcəsində isə qadınlar mübarizə aparacaq. Xatırladaq ki, iştirakçı ölkələr hər çəki dərəcəsində bir atletlə, Azərbaycan isə ev sahibi olduğu üçün hər çəki dərəcəsində 2 atletlə təmsil olunacaqdır. Ölkəmizi Bakı Kubokunda kişilərdən Valentin Xristov (62 kq), Yuri Dudoqlo (62 kq), Firudin Quliyev (69 kq) və Zülfüqar Süleymanov (69 kq), qadınlardan isə Yuliya Derkaç (53 kq), Silviya Angelova (53 kq), Kristina Yovu (58 kq) və Mərziyyə Məhərrəmova (58 kq) təmsil edəcək.
İdmançılarımıza uğurlar arzulayırıq!
M.MİRZƏ
Respublika. - 2013.- 4 dekabr.- S.7.