Binəqədi rayonunun
sosial-iqtisadi inkişafı:
real vəziyyət və
perspektivlər
Azərbaycanda
son 10 ildə həyata keçirilən məqsədyönlü
islahatlar, bir sıra ümummilli proqramlar, mühüm
infrastruktur layihələrin uğurla
reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini
əhəmiyyətli dərəcədə dəyişmiş,
tarazlı inkişaf və davamlı yüksəliş
üçün möhkəm əsas yaratmışdır. Prezident İlham Əliyev cəmiyyət
qarşısında verdiyi bəyanatlara sadiqliyini, habelə yürütdüyü
siyasətin reallığa adekvatlığını əməli
işi ilə sübuta
yetirərək islahatların davamlılığını,
ardıcıllığını təmin etmiş,
ictimai həyatın bütün
sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur.
Ölkədə əldə edilən nailiyyətlərə öz payını verməyə
çalışan Binəqədi rayonunda
da sosial-iqtisadi sahədə
parlaq göstəricilər
qazanılmış, son bir
il yarımda abadlıq-quruculuq işləri
daha geniş vüsət
almışdır.
Binəqədi
paytaxt Bakının 12 rayonundan biri olmaqla 6, 7, 8, 9-cu
mikrorayonları, Rəsulzadə, Biləcəri, Binəqədi,
Xocasən, Sulutəpə və 28 May qəsəbələrini
əhatə edir. Beş ərazi icra nümayəndəliyi, 5 bələdiyyə
fəaliyyət göstərir. Rayonun inzibati mərkəzi Rəsulzadə qəsəbəsidir.
Ərazisi 170 kvadratkilometrə yaxındır. Əhalisi daimi qeydiyyatda olanlarla 253 min 500 nəfər,
qeyri-rəsmi məlumatlara görə, qeydiyyatda
olmayanlarla birlikdə 400 min
nəfərdən çoxdur.
Etiraf etmək lazımdır ki, ötən ilin aprel ayında Xaləddin İsgəndərov Binəqədi rayonuna icra başçısı təyin olunduqdan sonra rayon ərazisi paytaxtda əsl tikinti meydanına çevrilmişdir. Geniş abadlıq-quruculuq işlərinə start verilməsi, nəinki mikrorayonlarda, qəsəbələrdə və digər yaşayış məntəqələrində fərq qoymadan qurub-yaratmaq rayon rəhbərliyinin devizinə çevrilmişdir.
Bu
gün Binəqədi rayonunda son bir il yarımda həyata
keçirilən tədbirləri, görülən işləri
yüksək dəyərləndirən möhtərəm
Prezidentimiz cənab İlham Əliyev 6 dəfə rayona səfər
etmişdir. Bunlar 26 sentyabr 2012-ci il
tarixdə Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı
filialının açılış mərasimi, 30 dekabr 2012-ci il tarixdə
Binəqədi məscidinin təməlqoyma mərasimi, 22 aprel 2013-cü il tarixdə
Biləcəri qəsəbəsində parkın
açılış mərasimi, 3 iyul
2013-cü il tarixdə YAP Binəqədi rayon təşkilatının
qərargahının, Binəqədi Rayon
İcra Hakimiyyətinin inzibati
binasının və Heydər Əliyev parkının yenidənqurmadan
sonra açılış mərasimi, 30 avqust 2013-cü il tarixdə
135 və 248 saylı məktəblərin yenidənqurmadan sonra açılış mərasimi və 30
sentyabr 2013-cü il
tarixdə Binəqədi rayonunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi
üçün inzibati
binanın açılış mərasimidir. Bu səfərlər
zamanı dövlətimizin başçısı həm də
əhali ilə görüşləri zamanı onları dinləmiş,
qarşılaşdıqları problemlərlə
maraqlanmış, insanların daha
yaxşı və firavan yaşamaları üçün Azərbaycanda görüləcək
işlər barədə məlumat vermişdir.
Ölkə
rəhbərinin Binəqədiyə müntəzəm səfərlərini
əlamətdar hadisə kimi dəyərləndirən rayon
icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov
bunu həm də Prezident İlham Əliyevin rayona yüksək
diqqət və qayğısı kimi dəyərləndirmişdir.
Bu diqqət və qayğıya cavab olaraq 9 oktyabr prezident seçkilərində
Binəqədi rayonu xüsusi
fəallığı ilə seçilmişdir.
Binəqədililər bu siyasi
kampaniyada dövlət
başçılarına ehtiramlarını yüksək seçici fəallığı ilə sübuta yetirmiş, hətta
10 saylı Binəqədi üçüncü
seçki dairəsi səsvermədə respublika üzrə ikinci
yerdə qərarlaşmışdır.
Hər
ötən gün bizi 2013-cü ilin sonuna
yaxınlaşdırır. İlin bu dövründə hər bir rayon, hər bir əmək kollektivi
ötən aylara, rüblərə nəzər
salır, görülən işləri təhlil edib nəyə nail
olduqlarını artıq bilirlər.
İlin
əvvəlindən ötən dövr ərzində
respublikanın bir çox rayonları kimi, Binəqədi də
sürətlə inkişaf etmiş, qarşıya qoyulmuş
vəzifələrin böyük əksəriyyəti
reallaşdırılmışdır. Cari
ilin 9 ayında sənaye sahəsində
124 milyon 665 min
manatlıq və ya ötən ilin müvafiq
dövründəkindən 2,9 faiz çox məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Sənaye müəssisələrində orta
aylıq əmək haqqı 500,3 manat təşkil
etmişdir.
2013-cü ilin əvvəlindən nəqliyyat sektorunda 2012-ci ilin müvafiq dövrünə nisbətən 25,5 faiz çox, rabitə sektorunda isə 0,7 faiz çox xidmət göstərilmişdir. Nəqliyyat sistemində 568 nəfər çalışmış, burada orta aylıq əmək haqqı 355 manat, rabitə müəssisələrində 724 işçi çalışmış, orta aylıq əmək haqqı 372,2 manat olmuşdur.
İlin
əvvəlindən istehlak dinamik tendensiya ilə inkişaf
etmiş, pərakəndə ticarət şəbəkəsindən
rayon əhalisinə 726 milyon 816 min manatlıq istehlak
malları satılmışdır.
Ötən
dövrdə rayon üzrə işçilərin orta sayı
43574 nəfər olmuş, əvvəlki ilin müvafiq dövrü
ilə müqayisədə 18,1 faiz artmışdır. Dövlət
sektorunda işçilərin orta aylıq sayı 17874 nəfər olmuş, qeyri-dövlət sektorunda
çalışanların sayı isə 25700 nəfər təşkil
etmişdir. Sentyabrın 1-nə
olan məlumata əsasən rayon üzrə 3875 yeni və
daimi iş yeri açılmışdır. Əhalinin sosial təminatının
yaxşılaşdırılması məqsədilə 9 ayda ümumilikdə 2652 ailəyə və ya 10934 nəfər ailə üzvünə
ünvanlı dövlət sosial
yardımı təyin edilmiş, 1788
nəfərə birdəfəlik
maddi yardım verilmişdir.
Hazırda rayonda 2755 nəfərə, o cümlədən 286 nəfər
qocalığa görə, 2117 nəfər əlilliyə
görə, 352 nəfər ailə
başçısının itirilməsinə görə təqaüd
alır. Rayon əhalinin sosial
müdafiəsi mərkəzi tərəfindən 287 nəfər
tək ahıl vətəndaşa və əlilə xidmət
göstərilir.
Əhalinin
ərzaq təhlükəsizliyinin qorunması, küçə
və yol kənarlarında mənşəyi məlum olmayan ərzaq
məhsullarının satışının
qarşısının alınması məqsədilə
Gigiyena və Epidemiologiya Mərkəzinin və aidiyyəti
qurumların əməkdaşları ilə mütəmadi
reydlər keçirilmişdir. Qanunsuz
pərakəndə ticarət fəaliyyətinin, eyni zamanda gigiyenik
normalara cavab verməyən
iaşə xidmətlərinin qarşısının
alınması istiqamətində tədbirlər həyata keçirilmişdir. Aparılmış
monitorinqlər zamanı aşkar olunmuş sanitar-gigiyenik nöqsanlar barəsində aidiyyəti orqanlara məlumatlar göndərilmişdir.
Binəqədi rayonu ərazisində respublikanın işğal olunmuş bölgələrindən 57293 nəfər məcburi köçkün məskunlaşmışdır. Onlardan 7897 ailə —33008 nəfər rayon qeydiyyatındadır. Məcburi köçkünlərin mənzil və ev şəraitlərinin yaxşılaşdırılması ilə bağlı dövlət orqanları ilə birlikdə tədbirlər həyata keçirilir, bu istiqamətdə işlər bu gün də davam etdirilir.
Cari
ilin sentyabr ayının 1-nə Sulutəpə qəsəbəsində
həkim məntəqəsinin, 297, 135 və 248 saylı orta məktəblərin
(təmir və yenidənqurmadan sonra məktəblərin
açılış mərasimində Prezident İlham
Əliyev iştirak etmişdir), 158, 153, 159, 274 və 298
saylı körpələr evi-uşaq
bağçalarının, Biləcəri qəsəbəsində
F.Əmirov adına 6 saylı uşaq musiqi məktəbinin
binasının, 7-ci mikrorayon ərazisində mini-futbol meydançasının
təmir-tikinti işləri, 100, 244 və 246 saylı orta məktəblərdə
əlavə sinif otaqlarının, 86, 211 və 294 saylı
körpələr evi-uşaq bağçaları
üçün yeni binaların tikintisi başa
çatmışdır. Həmçinin rayonda yerləşən 151, 177 və 193
saylı körpələr evi-uşaq
bağçalarında əsaslı təmir işləri və
143 saylı orta məktəb üçün 20 əlavə sinif otağının tikintisi
yekunlaşmaq üzrədir. Bundan başqa, Biləcəri qəsəbəsində
yerləşən mədəniyyət və istirahət
parkı əsaslı təmirdən sonra
(açılış mərasimində Prezident
İlham Əliyev iştirak
etmişdir) sakinlərin istifadəsinə
verilmişdir.
Mikrorayonların
və qəsəbələrin ərazisinin sanitar normalara
uyğun qorunması və təmizliyə nəzarətin təmini
məqsədilə ümumilikdə 2207 konteyner yerləşdirilmiş,
məişət tullantılarının daşınmasına
39 ədəd müxtəlif texnika cəlb edilmişdir.
Rayon
əhalisinin qaz, elektrik enerjisi, içməli su ilə təchizatının
yaxşılaşdırılması istiqamətində
Dövlət Proqramı çərçivəsində
kompleks tədbirlər həyata keçirilmiş və bu
istiqamətdə işlər davam etdirilir.
Rayonda
biznes mühitinin daha da dərinləşməsi və
sahibkarlığın inkişaf etdirilməsi
üçün İqtisadi İnkişaf Nazirliyi
Sahibkarlığa Kömək Milli Fondu ilə birlikdə
müvafiq tədbirlər keçirilmişdir. Fond tərəfindən 55 kiçik
sahibkarlıq subyektinə 1 milyon 757 min manat həcmində
güzəştli kredit verilmişdir.
Bu kreditlər hesabına rayonda
110 daimi iş yeri açılması nəzərdə tutulur. Onu da qeyd edək
ki, paytaxt rayonları
arasında ilk dəfə olaraq
Binəqədidə sahibkarlığı daha
da inkişaf etdirmək,
bu sahə ilə məşğul olanlar arasında əlaqəni möhkəmləndirmək
məqsədilə sahibkarlar birliyi yaradılmış və Ədliyyə
Nazirliyində qeydiyyatdan keçmişdir.
Son
bir il yarımda Binəqədi rayonu ərazisində
aparılan abadlıq-quruculuq işlərinin miqyası və
görülən işlərin bənzərsizliyi rayon sakinləri
tərəfindən böyük ruh yüksəkliyi ilə
qarşılanır. Təsadüfi deyildir
ki, bununla bağlı
vətəndaşlardan İH-yə 33 minnətdarlıq məktubu daxil olmuşdur.
Bildiyimiz
kimi, Bakının şimal giriş qapısı Binəqədi
rayonunun ərazisindən keçir. İndi Bakı-Sumqayıt yolunun Biləcəri enişinin
sağ və sol hissəsində
landşaft memarlıq elementləri ilə
aparılan zəngin yaşıllaşdırma işləri, əkilmiş
çəmən otu və külli miqdarda gül-çiçək
kolları və yaşıl ağaclar, 7 metr diametrində saat kompleksi və s.
respublikamızın şimal bölgəsindən
paytaxtımıza gələn insanları və qonaqları valeh edir. Bundan başqa, rayonun
qəsəbələrarası və qəsəbədaxili
yollarında, mərkəzi prospektlərində,
yaşayış binalarının fasad və
dam örtüklərində, park və meydanlarında, həmçinin digər
infrastruktur sahələrində
abadlıq-quruculuq, yenidənqurma və təmir işləri davam etdirilir. Ötən ilin ortalarından “Abad
məhəllə” layihəsinə start verilmiş, artıq 16 həyətdə
abadlıq işləri yekunlaşmışdır.
Qeyd
edək ki, Azərbaycanda mənzil-kommunal sektorunda
islahatların sürətləndirilməsi, eləcə də
yeni idarəetmə metodlarının tətbiqi ilə
bağlı beynəlxalq təcrübənin öyrənilməsi
istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən
Avropa İttifaqının yardımı ilə “Mənzil-kommunal
sahəsində islahatlara dəstək” adlı layihənin
icrasına başlanmışdır. Bu
layihə üzrə Bakı şəhərində Binəqədi
pilot rayon seçilmiş və artıq ilk
addım atılmışdır. Belə ki,
8-ci mikrorayonda S.S.Axundov-
4, İ.Dadaşov -91 və 91a
binalarının sakinləri tərəfindən mənzil
mülkiyyətçiləri müştərək cəmiyyəti
təsis edilmişdir.
Rayonda
icrasına başlanmış ən iri layihələrdən
biri də Z.Bünyadov küçəsinin kəsişməsindən
başlayaraq 8-ci mikrorayon ərazisindən keçən
Azadlıq prospektinin yenidən qurulmasıdır. Paytaxtımızda
ilk dəfə Binəqədi rayonunda salınacaq (1,9 kilometr
məsafəni əhatə edir) bu yolda ictimai
nəqliyyat, velosiped və fiziki
qüsurları olan vətəndaşlar üçün ayrıca yol
zolaqları çəkiləcəkdir. Hazırda
Azadlıq prospektinin sağ
və sol tərəfində yerləşən
çoxmərtəbəli binaların fasadlarının,
müxtəlif təyinatlı obyektlərin hasarlarının müasir memarlıq üslubunda
bəzək daşları və materialları ilə üzlənməsi
və əsaslı təmiri başa çatmaq üzrədir.
Binəqədi
RİH başçısının cari ilin 9 ayında yerlərdə
25 səyyar görüşü keçirilmiş, aparatda 4191
vətəndaş (bundan 313-ü RİH başçısı
tərəfindən) qəbul edilmişdir. Səyyar
görüşlərdə, müraciətlərdə və
qəbullarda qaldırılan məsələlərin və
problemlərin həlli istiqamətində müvafiq
tədbirlər görülmüşdür.
Rayonda elektron hökumət
yaradılmış, sakinlərin müraciət xidməti
(1646) fəaliyyətə başlamışdır.
“2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”
çərçivəsində Binəqədi rayonu üzrə
103 tədbir nəzərdə tutulmuşdur. Bunlardan 39-u tam, 22-si qismən
təmin edilmiş, 42-nin icrası 2013-cü
ilin sonunadək nəzərdə tutulmuşdur.
Binəqədi rayonunda bütün sahələr üzrə görülən işlər, abadlıq-quruculuq tədbirləri 2013-cü ilin uğurla başa çatacağından xəbər verir. Yaxın gələcəkdə bütün Binəqədi, onun qəsəbə və mikrorayonları öz simasını dəyişib daha da yenilənəcək, Bakı şəhərinin ən gözəl rayonlarından birinə çevriləcəkdir.
Ramiz YUSİFOV
Respublika. - 2013.- 5 dekabr.- S.4.