Qəlbi həyat
eşqi ilə döyünən insan
Respublikamızın
veteranları ümummilli liderimiz Heydər Əliyevin veteranlara
etdiyi tövsiyələri və bu gün hörmətli
Prezidentimiz cənab İlham Əliyevin Böyük Vətən
müharibəsi iştirakçılarına, yaşlı
insanlara göstərdiyi diqqət və qayğını
unutmur, gənc nəslin mənəvi və hərbi-vətənpərvərlik
ruhunda tərbiyə olunması istiqamətində əllərindən
gələni əsirgəmirlər.
Vaxtilə
Xəzər-Dəniz Gəmiçilik Veteranlar
Şurasının sədri, indi isə Bakı Şəhər
Veteranlar Şurası sədrinin müavini kimi
çalışan Kərim
Əli oğlu Məmmədəlizadənin tərcümeyi-halına
diqqət yetirəndə qürur hissi keçirirsən.
Kərim
Məmmədəlizadə 1916-cı ildə Tbilisi şəhərində
anadan olmuşdur. 1935-ci ildə, gənc yaşlarında Tbilisi Türk Pedaqoji Texnikumunu bitirdikdən
sonra Gürcüstanın bir
neçə kənd və rayonlarında müəllim işləmişdir.
Lakin təyyarəçiliyə olan böyük
marağı ona rahatlıq verməmişdir.
O vaxtlar belə bir imkan olmadığına görə, gənc Kərim
1937-ci ildə Dəmir Yol Nəqliyyat
Mühəndisliyi İnstitutuna daxil olmuş, eyni zamanda müsabiqədən
keçərək, axşam məktəbində
dərs demək hüququna nail olmuşdur.
1938-ci
ildə direktor müavini, 1939-cu ildə isə axşam məktəbinə
direktor təyin edilən Kərim Məmmədəlizadə
pedaqoq kimi ilk uğurlarını qazanmışdır. 1938-ci ildə komsomolun 20 illiyi münasibətilə 150 min
təyyarəçi-idmançı hazırlanması
haqqında təşəbbüs irəli sürülmüşdü.
Kərim Məmmədəlizadə də o
arzuya qoşulanların arasında olmuşdur. Həmin dövrü
o, belə xatırlayır: “Komsomolun çağırışına cavab olaraq biz
- institutun 7 nəfər tələbəsi
qərara gəldik ki, təhsildən
ayrılmadan Aerokluba – təyyarəçilik
məktəbinə daxil olaq.
Lazımi sənədləri hazırlayıb ciddi
tibbi komissiyadan keçdik. Yaşlı həkimin əlini
çiynimə qoyaraq “Sağlamsan”
deməsi elə bil üstümdən dağ götürdü. Çox sevinirdim”.
Əlbəttə,
uçuşa hazır olmaq üçün nəzəriyyəni
yaxşı öyrənmək lazım idi. O, buna
hazır olduğuna görə
imtahanları əla qiymətlərlə başa
vurub.
Paraşütlə tullanma məşqlərində
də fərqlənib. Respublika təyyarəçilər
idman dəstəsinə qəbul olunub. Bilik və
bacarığına görə Zaqafqaziya Yollar İdarəsi İnstitutunun
rəhbərliyi tərəfindən
mükafatlandırılıb.
21 iyun 1941-ci ildə günortaya yaxın Kərim Məmmədəlizadə müharibənin başlanması barədə Molotovun radio ilə çıxışını eşidən kimi, dərhal rayon İcraiyyə Komitəsinə gedərək ərizə ilə müraciət etmiş, orduya göndərilməsi barədə icazə istəmişdir. Ərizədə göstərilmişdi: “Biz partiyanın, hökumətin və şəxsən Stalin yoldaşın ilk çağırışına səs verərək sosialist vətənimizin müdafiəsinə qalxırıq”.
1
iyul 1941-ci ildə Rustavi Hərbi Aviasiya Məktəbinə
kursant yazıldıqdan sonra 1941-ci ilin sentyabrında Stalinqrad
Qırıcı Aviasiya Məktəbinə göndərilmişdir.
1942-ci ilin yazında
artıq dərslər başlamışdı. Həmin vaxtlarda alman
qoşunları Stalinqrad istiqamətində
hücuma keçirdi.
Avqustun 25-də almanların 100 təyyarəsi
müxtəlif istiqamətlərdən Stalinqradı
bombalayırdı. Od-alov içərisində
Kərim dostu Viktorla
birlikdə küçəyə çıxaraq yaralı adamlara böyük fədakarlıqla
yardım göstərmişlər.
Onların
təyyarəçi qrupu gündüz də, gecə də
uçuş məşqləri keçirirdilər. Gözlənilməz
hadisələrə hazır olmalı idilər.
Uçuşların birində Kərim müəllim səmanın
ənginliklərində dörd aşkar nöqtə görür.
Nöqtələr getdikcə böyüyərkən düşmən
təyyarələri olduğu
aydınlaşır. Bir neçə
qırıcı havaya qalxaraq
hadisəni müşayiət etməyə başlamış,
almanlar aradan
çıxmaq istərkən, onların bir
qırıcı təyyarəsini məhv etmişlər. O, ilk hərbi döyüşdə bilik, bacarıq, cəsarət, möhkəm inam və təyyarəçi ustalığı
nümayiş etdirmişdi.
Yaponiyanın
Kvantun ordusu məğlub edildikdən sonra sentyabrın 3-də
Yaponiya üzərində qələbə elan olundu. Həmin
dövrdə SSRİ Ali Soveti
orta məktəb və ali
məktəblərdə təhsilini başa
vurmamış şəxslərin ordudan tərxis
olunması barədə əmr vermişdi.
Bu əmrin
Kərim müəllimə də aidiyyəti vardı. O, təntənəli
surətdə yola salınarkən, “Yaponiya üzərində qələbə”
medalı ilə təltif olunmuş, Ali Baş Komandan
Stalinin 23 avqust 1945-ci il tarixli 72 ¹-li əmri ilə elan edilmiş təşəkkürün surəti
və ailəsi üçün böyük bir qutu hədiyyə verilmişdir.
Doğma
yurda qayıdandan sonra bir qədər orada işləmiş,
1947-ci ildə Bakıya köçmüşdür. Şəhər Partiya Komitəsində
ordudan tərxis olunmuşların işə
düzəldilməsi üzrə komissiyada
onunla söhbət aparılandan sonra Keşlə Rayon Partiya Komitəsində təlimatçı vəzifəsinə
göndərilmişdir. 1949-cu ildə MK-ya
çağırılaraq ona Dəniz Gəmiçiliyinin
Nəqliyyat Donanmasında siyasi işçi vəzifəsi təklif olunub. Bu iş
onun ürəyincə idi.
Dəniz
Gəmiçiliyi İdarəsində gəmi
kapitanının birinci köməkçisi işində
çalışan Kərim müəllim öz vəzifə
borcunu layiqincə yerinə yetirmişdir. 1957-ci ilin mayında, birinci konfransda, Gəmiçilik İdarəsində
Rayon Partiya Komitəsi
hüququnda yeni
yaradılmış komitənin birinci katibi seçilmiş,
1966-cı ildə isə SSRİ Dəniz Donanması nazirinin əmri ilə Xəzər Dəniz Gəmiçiliyinin
kadrlar üzrə rəis müavini
təyin edilmişdir. On il orada
işlədikdən sonra 1966-1982-ci illər
arasında gəmiçilik idarəsinin rəis müavini vəzifəsində
çalışmışdır. İdarənin rəisi M.Rəhimovla
birlikdə Bakıda Odessa Dəniz
Donanması Mühəndislər İnstitutunun
filialının və Odessa Ali Dənizçilik Məktəbinin qiyabi şöbəsinin
açılmasında mühüm işlər
görmüşlər. Xəzər Gəmiçiliyində
Tarix Muzeyinin
yaradılmasında onun böyük
əməyi var.
1980-ci ildə Bakı şəhərində ilk dəfə Dəniz Muzeyi
açılmış, muzeyə gələn SSRİ Dəniz
Donanması naziri T.Qujenko
və ümummilli lider
Heydər Əliyev muzeyin fəaliyyətini
yüksək qiymətləndirmişlər.
Kərim
Məmmədəlizadə 1960-cı ildə “Dəniz
Donanmasının fəxri işçisi” döş
nişanı, 1961-ci ildə “Qırmızı Əmək
Bayrağı” ordeni, Azərbaycan Respublikası Ali Sovetinin 5 fəxri
fərmanı və SSRİ Dəniz Donanması Nazirliyinin fəxri
fərmanları ilə təltif edilmişdir.
1981-ci
ildə təqaüdə çıxması ilə əlaqədar
Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə
respublika əhəmiyyətli fərdi təqaüd təyin
edilmişdir. Əlli yeddi il XDGİ-də çalışması ilə
birlikdə, onun ümumi
iş stajı 80 ildir.
O, müharibə və əmək veteranıdır.
On il
Bakı Şəhər Partiya Komitəsinin üzvü, Azərbaycan
KP MK qurultaylarının
iştirakçısı 10 il Bakı Şəhər Soveti və
rayon sovetinin, 15 il “Bilik” cəmiyyətinin üzvü, “Bilik”
İctimai Təşkilatının ictimai əsaslarla sədri
vəzifəsində çalışmışdır.
1983-cü
ildə Xəzər Gəmiçiliyi İdarəsində
Veteranlar Şurasının sədri kimi böyük işlər
görmüşdür. Onun şərəfli,
rəşadətli uzun ömür
yolu, fədakarlığı bu gün gənc nəslə
böyük örnəkdir.
Qarabağ
uğrunda gedən ağır döyüşlər zamanı
o, 5 nəfər müharibə veteranı ilə birlikdə
ön mövqelərə – Ağdam, Tərtər, Zəngilan
bölgələrinə gedərək, əsgərlərə
düşmənə qarşı döyüşdə öz
təcrübəsindən, Azərbaycan oğul və
qızlarının qəhrəmanlıqlarından nümunələr
söyləmişdir.
Azərbaycan
Prezidenti cənab İlham Əliyev başda olmaqla 8 nəfərdən
ibarət nümayəndə heyətinin tərkibində Kiyev
şəhərinə getmiş, Ukraynanın azad
olunmasının 60 illiyinə həsr edilmiş şənliklərdə
iştirak etmişdir.
İndi
o, Bakı Şəhər Veteranlar Şurası sədrinin
müavini kimi veteran hərəkatında fəal iştirak
edir. Gənclərimizin hərbi-vətənpərvərlik
ruhunda tərbiyə olunmasında mühüm işlər
aparır.
İsmi
hər dəfə böyük fəxrlə çəkilən,
şəxsiyyəti hamı tərəfindən sevilən
veteranımızın bu günlərdə 97 yaşı tamam
olmuşdur. Respublika Veteranlar
Şurasında yığıncaq keçirilmiş,
kollektiv Kərim müəllimi təbrik etmiş, ona
cansağlığı arzulamışdır.
Biz də
Kərim müəllimə cansağlığı, uzun
ömür arzulayırıq.
Bayram İsmayılov
Respublika. - 2013.- 5 dekabr.- S.6.