Azərbaycan İKT
sahəsində də dünyanın inkişaf edən
ölkələri səviyyəsinə
yüksəlmişdir
Azərbaycanda həyata keçirilən
strateji inkişaf kursunun müsbət nəticələri
bütün sahələrdə özünü göstərir.
Ölkə iqtisadiyyatının
çoxşaxəli inkişaf etdiyini və növbəti illərdə də
bu yüksəlişin özünü
daha qabarıq şəkildə göstərəcəyini vurğulayan dövlət
başçısı bildirib ki, iqtisadiyyatımızın neft-qaz
amilindən asılılığı ildən-ilə daha da azalır və
iqtisadiyyatın şaxələndirilməsi məsələləri
öz həllini tapır: “...qeyri-neft sektorunun
inkişafı dövlət siyasətinin nəticəsidir. Çünki mən bu
məsələlərlə bağlı fikirlərimi mütəmadi
qaydada bildirirəm və qeyd
edirəm ki, iqtisadi
sahədə əsas prioritet məsələ
qeyri-neft sektorunun
inkişafıdır”.
2013-cü
ilin ötən dövrü ərzində Azərbaycan
iqtisadiyyatının qeyri-neft sektoru 11 faiz səviyyəsində
artmışdır. Ölkəmizin iqtisadi
inkişafında, təbii ki, İKT sektorunun da əhəmiyyətli
payı var. Bu sahənin
inkişafının ölkəmiz üçün
önəmi böyükdür. İKT sahəsinə
verilən diqqət və bu sahədə əldə
edilən uğurlara görədir ki, 2013-cü il ölkəmizdə
“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir.
Bu ilin əvvəlində
ilk telekommunikasiya peykimizin orbitə çıxarılması həm
də Azərbaycanın prestijidir. Bu həm müasirlik, həm
də yeni texnologiyaların inkişafı
üçün bütün
cəhətlərdən böyük
nailiyyətdir.
Məlumat üçün bildirək ki, 2003-cü ilin fevralında ümummilli liderimiz Heydər Əliyevin xüsusi fərmanı ilə regionda ilk dəfə olaraq İKT-nin inkişafı üzrə 20 illik Milli Strategiya təsdiq edilmişdir. Və İKT sektoru 2004-2012-ci illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənmişdir. 2012-ci ildə isə bu sektorun artım tempi təxminən 18 faiz olmuşdur. MDB ölkələri sırasında ilk dəfə 2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, 2010-cu ildə isə tam elektronlaşdırılmışdır, yəni rəqəmləşdirilmişdir. Keçən il şəbəkəyə təxminən 20 min nömrə də əlavə olunaraq “yeni nəsil şəbəkəsi” texnologiyaları tətbiq olunmuşdur. Ötən il bu sektora 400 milyon ABŞ dollarından çox investisiya qoyulmuşdur. Azərbaycan Cənubi Qafqazda İnformasiya cəmiyyətinə keçid strategiyasını qəbul etmiş birinci və yeganə dövlətdir.
Bu
gün ölkəmizdə yüksək texnoloji İT sənayesinin
formalaşdırılması üçün bütün
şərait yaradılıb.
Dövlət
başçısı cənab İlham Əliyevin “Azərbaycan
Respublikasında kosmik sənayenin yaradılması və
telekommunikasiya peyklərinin orbitə
çıxarılması” haqqında, “Azərbaycan
Respublikasında kosmik sənayenin yaradılması və
inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında sərəncamları isə öz
növbəsində Azərbaycanın kosmik məkana
inteqrasiyasını təmin etmişdir. Proqramlara
əsasən 2023-cü ildə Azərbaycanda İKT sektorundan əldə olunmuş
gəlirlər neft gəlirlərini
üstələyəcək. Təsadüfi deyil
ki, son bir
neçə il ərzində Azərbaycanda
İKT sektorundan qazanılan gəlirlərin
artımı dünyada bu
sahədə əldə olunan artımdan
2,5-3 dəfə çoxdur. Bu nailiyyətlər dövlətin düşünülmüş siyasətinin,
İKT məsələlərinə böyük
diqqət və qayğısının, bu
sahəyə müasir prizmadan
yanaşılmasının nəticəsidir. Neft
sektorunun insan
kapitalına çevrilməsi tezisi bu gün Azərbaycanda uğurla reallaşır.
Azərbaycan
beynəlxalq aləmdə bu sahə üzrə
genişmiqyaslı kütləvi tədbirlərin keçirilməsi
ilə də seçilir. Artıq ənənəyə çevrilmiş və hər il
ölkəmizdə keçirilən “BakuTel”
sərgisi də bu mənada çox əhəmiyyətlidir. Bakıda
“BakuTel-2013” 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya
və informasiyaları sərgisi və konfransı zamanı Prezident İlham Əliyev
“Euronews” telekanalına müsahibəsində
bildirib ki, informasiya texnologiyaları sektorunun
çox böyük perspektivi vardır: “Bu, ideyalar yaradan, ölkəmizdə
ümumi təhsilin səviyyəsinin
yüksəlməsinə təkan verən sektordur,
bizim aparıcı beynəlxalq elmi araşdırmalara
qoşulacağımıza kömək edir.
Eləcə də əlbəttə ki
iqtisadiyyatın, xüsusən də qeyri-neft
sahəsinin inkişafı üçün
informasiya texnologiyaları sektoru
böyük əhəmiyyətə malikdir. Təsadüfi deyil
ki, bu il
ölkəmizdə “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan
edilib. Bu əsasən
onunla əlaqədardır ki,
bu il Azərbaycanın
ilk süni peyki buraxılıb. Bu minvalla biz kosmik
sənayesi olan ölkəyə çevrildik. Həmin peyk
tamamilə Azərbaycan mütəxəssislərinin idarəsinə
verilib. Biz bu proqramı daha da genişləndirmək niyyətindəyik,
yaxın vaxtlarda ikinci,
üçüncü peyklər də
buraxılacaqdır. Bizim ölkəmizi informasiya texnologiyalarının tamamilə əhatə
etməsi əhaliyə müasir xidmətlər
göstərilməsinə imkanlar
yaradacaqdır. Bildiyimiz kimi,
ölkəmizdə bu yaxınlarda əhaliyə
kütləvi xidmətlər göstərən “Asan xidmət”fəaliyyətə
başlayıb. Bu, əslində Azərbaycanın
brendidir”.
İKT
sektorunun inkişafının Azərbaycan
iqtisadiyyatının şaxələndlirilməsi
üçün çox əhəmiyyətli olduğunu və
ölkəmizdə bu sahənin inkişaf etdirilməsi istiqamətində
çox mühüm işlər görüldüyünü
vurğulayan Birləşmiş Ştatların ölkəmizdəki
səfiri Riçard Morninqstar jurnalistlərə müsahibəsində
bildirib ki, bu forumun ABŞ-Azərbaycan Ticarət
Palatasının dəstəyi ilə həyata keçirilməsi
ölkələrimiz arasındakı sıx əməkdaşlığın
bariz nümunəsidir: “Azərbaycan regionda İKT sahəsində
yaxşı imkanlara malik olan ölkədir. Hazırda Azərbaycanda
bu sahədə fəaliyyət göstərən
bir neçə ABŞ şirkətləri
vardır. Əminəm ki, Azərbaycan-ABŞ
əməkdaşlığı bu sahəyə
mühüm töhfə verəcəkdir”.
Qeyd
edək ki, Azərbaycanın ikinci süni peykinin texniki əsaslandırılmasını
ABŞ-ın Ticarət və İnkişaf Agentliyi həyata
keçirir.
Azərbaycanda İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda əldə edilən nəticələr təsdiqləyir ki, gələcək perspektivlər böyükdür. Bu sahə, həqiqətən də, böyük potensiala, qloballaşan dünyada mühüm təsir gücünə malikdir. Odur ki, İKT sektorunda islahatların sürətləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Əsas məqsəd İKT-nin ümumi daxili məhsulda payının yaxın 8-10 il ərzində iki dəfə artırılmasından ibarətdir. İKT-nin inkişafına dövlət dəstəyi və bu sahədəki perspektivlərə diqqət ayıran cənab İlham Əliyev bildirib ki, iqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan İKT sahəsində də dünyanın inkişaf edən ölkələri səviyyəsinə yüksəlmişdir.
Şükür ƏLİZADƏ
Respublika. - 2013.- 6 dekabr.- S.1.