Ulu öndərin irsi böyük məktəbdir

 

Hər bir xalqın millət kimi formalaşması, müstəqil dövlətini yaradaraq özünü tarixdə təsdiq etməsi prosesi, həmçinin onun tərəqqi yönümü müəyyən bir irsin mövcudluğu kontekstində cərəyan edir. Millətin özünütəsdiqini əks etdirən siyasi irsi onu zamanın bütün sınaqlarından üzüağ çıxarır, təkamülə aparır. Tarix şəxsiyyətləri insanlara sanki özünün sınaqları üçün bəxş etmişdir desək, heç də yanılmarıq.

Xalqına nicat yolu göstərən ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi nadir simadır. Azərbaycan özünün bugünkü durumuna görə məhz Heydər Əliyevə borcludur.

Ulu öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yarandı. Sovet rejiminin süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması 1988-ci ildən başlayan xalq hərəkatı gedişatında özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar formalaşmışdı. Yaradılan partiyalar ölkəni ağır iqtisadi, siyasi böhrandan nəinki qurtara bildi, əksinə hakimiyyətdə olan siyasi qüvvələr ölkədəki vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli vəziyyətə çatdırdılar. Bu dərin siyasi, iqtisadi, sosial böhran xalqın ziyalılarını narahat etməyə bilməzdi.

Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etməli oldular. Elə bu məqsədlə də xalqın görkəmli oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. O zaman çox ağır durum yaranmışdı. Ölkə çoxsaylı problemləri ilə üz-üzə qalmışdı. Hətta Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi var idi. 1992-ci il oktyabrın 16-da 91 nəfər respublikanın tanınmış ziyalısı Heydər Əliyevə müraciət etməli oldu. Çaşqınlıq içində qalan xalqın ziyalıları bilirdilər ki, ölkəni ağır vəziyyətdən çıxaran insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə qadir olan yeganə lider Heydər Əliyev ola bilər. Heydər Əliyev çoxsaylı insanların müraciətini nəzərə alaraq Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. 

Ümummilli liderimiz Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyət maneələr yaradırdı. Belə olduqda partiyanın 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək təşkilatın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrinin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

1990-cı illərin əvvəllərində Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurətdən doğurdu. Partiyanın yaradılmasından 6 ay sonra onun qurucusu ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi. Azərbaycan xalqı öz taleyini ümummilli liderimiz Heydər Əliyevə və onun sədr olduğu Yeni Azərbaycan Partiyasına etibar etdi.

Ulu öndərimiz Heydər Əliyev gecə-gündüz çalışaraq Azərbaycanı çox böyük bəlalardan, faciələrdən qurtardı, onu inkişaf yoluna çıxardı. Bu uğurların əldə olunmasında YAP-ın xidmətləri müstəsna olmuşdur. Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik-hüquqi, dünyəvi dövlətin formalaşdırılması istiqamətində fəaliyyət göstərib öz öhdəsinə Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik-hüquqi dövlətin formalaşdırılması, respublikanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi, Qarabağ probleminin həlli, vətəndaşlara firavan həyat şəraiti yaratmaq kimi çox məsul vəzifələr qoyub. Bu vəzifələrin həlli Azərbaycanda yaşayan bütün millət və xalqların maraqlarına uyğundur.  Ona görə də Yeni Azərbaycan Partiyası Azərbaycanın bütün millət və xalqlarını özündə birləşdirən ümumxalq partiyasıdır.

Ümummilli lider Heydər Əliyevin irsi böyük məktəbdir. Bu irs, ideyalar indi ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilir. Azərbaycan xalqı birmənalı şəkildə 2003-cü il prezident seçkilərində Heydər Əliyevin ideyalarını dəstəklədi, bu, cənab İlham Əliyevə verilən səslərdə öz təcəssümünü tapdı. Bu gün Azərbaycan dövləti Heydər Əliyevin ideyaları əsasında onun müəyyənləşdirdiyi konsepsiyaya uyğun inamla inkişaf edir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının rəhbəri cənab İlham Əliyev ölkəmizin sosial-iqtisadi yüksəlişini təmin etməklə, beynəlxalq nüfuzunu artırmaqla ulu öndərin ideyalarını yaşadır. Daim dəyişən həyat qarşıya yeni vəzifələr qoyur. Müasir dünyanın bir parçası olmaqdan ötrü onun məqbul saydığı dəyərlərə mütləq şəkildə yiyələnmək gərəkdir.

Azərbaycanın müasirləşməsi bu gün ölkəmizin qarşısında duran əsas vəzifələrdən biridir. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi islahatların kökündə dayanan məqsədlərdən biri də Azərbaycanın müasirləşməsinin təmin edilməsidir. Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, həm paytaxt Bakının, həm də regionların inkişafı istiqamətində reallaşdırılan genişmiqyaslı işlər Azərbaycanın müasirləşməsi, ölkəmizin müsbət imicinin formalaşmasıdır. Bu gün ulu öndərimiz, dünya şöhrətli siyasətçi və dövlət başçısı Heydər Əliyev cismən aramızda olmasa da, onun ideyaları yaşayır, gələcək inkişafımızı şərtləndirir. Bu gün demək olar ki, Yeni Azərbaycan Partiyası 600 min nəfərdən artıq insanı öz ətrafında birləşdirir. Eyni zamanda Yeni Azərbaycan Partiyası hazırda dünyanın əksər ölkələrinin partiyaları ilə sıx əməkdaşlıq qurubbununla da beynəlxalq əlaqələrini genişləndirməkdədir. Tam əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası hazırda ölkəmizin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır. Bu partiyanın sıralarında cəmiyyətin bütün təbəqələri təmsil olunur. Bu da onun əsl ümumxalq partiyası olduğunu söyləməyə tam əsas verir. Yeni Azərbaycan Partiyası 1993-cü ildən bu günə kimi respublikamızda keçirilmiş beş prezident seçkisində, dörd parlament, üç bələdiyyə seçkisində parlaq qələbə qazanıb.

Müstəqil Azərbaycan sürətlə inkişaf edir, həyatın bütün sahələri yeniləşir, yeni iş yerləri açılır, böyük infrastruktur layihələr həyata keçirilir, bölgələr abadlaşır, həyatın bütün sahələrinə dövlət səviyyəsində qayğı və diqqət göstərilir. Həyatın bütün sahələrində hərtərəfli tərəqqi və inkişaf müşahidə olunur. Şübhəsiz ki, bu böyük uğurların qazanılmasında Yeni Azərbaycan Partiyasının da özünəməxsus böyük xidməti var. Çox müsbət haldır ki, Azərbaycan gəncləri böyük inam və həvəslə Yeni Azərbaycan Partiyası sıralarına daxil olurlar. Onlar ölkəmizin işıqlı sabahını, parlaq gələcəyini yalnız Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin hərtərəfli idarəçilik və dövlətçilik fəaliyyətində görürlər.

Yeni Azərbaycan Partiyası 21 illik fəaliyyətində ciddi inkişaf yolu keçib, təkmilləşib, özünün bütün milli strukturunu formalaşdırıb. Bu gün ölkəmizin elə bir yaşayış məkanı yoxdur ki, orada YAP-ın özək təşkilatı olmasın.

Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu, ümummilli lideri Heydər Əliyev və onun uzaqgörən, müdrik dövlətçilik kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyatımızın bütün sahələrində böyük naliyyətlər qazanılıb və bu proses davamlıdır.

 

Rəfiqə Məsud

Respublika. - 2013.- 6 dekabr.- S.4.