Heydər Əliyevin həyat və fəaliyyəti nəsillərə örnəkdir

 

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin irsi nəsillərə örnək olan bir məktəbdir. Bu mənada biz müəllimlərin üzərinə çox böyük bir vəzifə və məsuliyyət düşür: dahi ictimai-siyasi xadimimizin irsini gələcək nəslə çatdırmaq! Bunun üçün hər bir pedaqoq və müəllim Heydər Əliyev şəxsiyyətinə və irsinə dərindən bələd olmalı və şagirdlərə çatdırmalıdır. Azərbaycan xalqının bu böyük oğlu müasir müstəqil ölkəmizin memarı və xilaskarıdır.  Müstəqilliyə aparan yol isə məhz ulu öndərin ilk dəfə respublika rəhbərliyinə gəlişindən —1969-cu ildən başlamışdır.

70-ci illərin əvvəllərindən vüsət götürən iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahəsində inkişaf, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə ölkədə milli özünüdərk prosesinin oyanmasına güclü təkan verdi. Heydər Əliyev respublikaya rəhbərliyi dövründə qətiyyət, cəsarət və müdrikliklə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına önəm vermişdir. Azərbaycanın gələcəyi üçün, istiqlal mücadiləsi üçün dünya azərbaycanlılarının təşkilatlanması və birliyi çox mühüm əhəmiyyətə malik idi, lakin həmin dövrün mövcud siyasi reallıqları bu məsələləri ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək imkandan tam səmərə ilə istifadə edilirdi.  Xarici ölkələrlə mədəni əlaqələrin qurulması, bədii tərcümə işinin genişlənməsi, Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin (“Vətən” Cəmiyyəti) yaradılması soydaşlarımızın birliyinə və Vətənlə ayrılmaz tellərlə bağlanmasına yönələn mühüm addımlardan biri idi. Eyni zamanda respublikamızın hərtərəfli inkişafı insanlarda milli qürur hissini oyadır, ata yurduna bağlılığı artırırdı. Bu gün daim güclənən dünya azərbaycanlıları təşkilatlarının bünövrəsi məhz həmin tarixdən başlayır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının elmi və intellektual potensialının gücləndirilməsinə həmişə böyük qayğı ilə yanaşırdı. Məhz bu qayğı və diqqətin nəticəsidir ki, həmin dövrdə 15 mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin 50-dən çox böyük şəhərinin 170-dən artıq ali məktəbində elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələri əhatə edən, Azərbaycanda zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə təhsil almışdır. Beləliklə, gələcəkdə müstəqil olacaq Azərbaycanın kadr potensialı problemi həll edilmiş oldu.

Heydər Əliyevin Moskvada Sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyəti dünya azərbaycanlıları arasında milli qürurun güclənməsində xüsusi rol oynamışdır.

Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli-azadlıq hərəkatlarının güclənməsinə zəmin yaratmış oldu. Tarixi dönəmlərdə imperiya qüvvələrinin siyasi məqsədlərindən öz mənafeləri üçün istifadə edən ermənilər 1988-ci ildə Azərbaycan ərazilərini işğal etmək üçün separatçılıq və etnik təmizləmə hərəkətlərinə başladılar. Moskva onlara dəstək verirdi.

Qədim Azərbaycan ərazisi İrəvanın etnik təmizləməyə məruz qalması, erməni işğalçılarının ölkəmizin ayrılmaz parçası olan Dağlıq Qarabağın ərazisinin qəsb edilməsinə yönəldilmiş terror-təxribat aksiyaları xalqımızın bu qeyri-insani proseslərə qarşı mübarizəsini daha da alovlandırdı və istiqlal mücadiləsi dönməz xarakter aldı. Bu hərəkatın qarşısında aciz qalan Moskva 1990-cı il 20 yanvar Bakı faciəsini törətdi. Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi bu hadisə tarixin yaddaşına əbədi həkk edilmişdir. Bu faciə harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, xalqı vahid qüvvə kimi birləşdirdi.

Heydər Əliyev belə  bir mürəkkəb vəziyyətdə vətəndaş mövqeyi və vətən təəssübkeşliyi nümayiş etdirərək 20 Yanvar qırğını ilə bağlı Moskvada imperiya rəhbərliyinin bu qeyri-insani hərəkətə qarşı kəskin etiraz səsini ucaltdı, xalqın siyasi iradəsini bütün dünyaya bəyan etdi. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi ölkənin, xalqın taleyi üçün tarixi məsuliyyət daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi.

Azərbaycan xalqının tarixi milli oyanışının sayəsində XX əsrin  sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar olmuş və dönməz xarakter almışdır. Təsadüfi deyil ki, bu qətiyyətli barışmaz istiqlal mücadiləsi xalqımıza dünya birliyində dünyanın ən mübariz xalqı adını qazandırmışdır.

Xalqımızın dahi oğlu Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində milli ideyalar və milli vəzifələr müəyyənləşib, milli-mənəvi dəyərlərimizin, tarixi keçmişimizin təhrif olunmasının qarşısı alınmış saxtalaşdırılmasının, adət-ənənələrimizə biganəliyin səbəblərindən törənən faciələrimizin kökləri və s. açılmış, bu istiqamətdə müvafiq tədbirlər görülmüşdür.

Ulu öndərin böyük əməyi, zəhməti nəticəsində bu gün milli mənəviyyatımız dirçəlib, milli özünüdərketmə formalaşıb, gənclərimizdə vətənpərvərlik hissi daha da yüksəlmişdir.

Nəhayət, Heydər Əliyevin məqsədyönlü, uzaqgörən siyasəti nəticəsində xalq öz tarixi keçmişinin mənzərəsini yaratmaq imkanı əldə etmişdir. Bu, danılmaz bir həqiqətdir. Bunları şagirdlərə çatdırmaq da hər bir müəllimin ən mühüm vəzifələrindən biridir.

Uşaqlıqdan Heydər Əliyev adı, dühası ilə fəxr etmişəm. Xalqını, torpağını, eləcə də bütün türk dünyasını sonsuz məhəbbətlə sevən, haqq-ədalət yolunda yorulmadan mübarizə aparan bu böyük şəxsiyyətin “Mən fəxr edirəm ki azərbaycanlıyam” deməsi qəlbimi iftixar hissi ilə doldurur.

Böyük şəxsiyyət, nüfuzlu dövlət xadimi Heydər Əliyevin şəxsi nümunəsində vətənpərvərlik hisslərini aşılamaq pedaqoji fəaliyyətə başladığım ilk dövrdən iş üslubum üçün xarakterikdir. Müasir mərhələdə şagirdlərin ulu öndərin həyat və fəaliyyəti nümunəsində tərbiyə edilməsi günün ən aktual məsələlərindən biridir.

 

Məhluqə ƏZİZOVA

Respublika. - 2013.- 6 dekabr.- S.4.