Qabaqcıl təhsil müəssisəsi

 

Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq stantarlara cavab verən hazırkı səviyyəyə  çatması və inkişafında  ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətlərinin  olması tarixi həqiqətdir. Bu gün sürətlə dünya birliyinə inteqrasiya edən müstəqil  Azərbaycan dövləti, onun  çağdaş milli  tarixinin son bir qərinəsi Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır və bu dövr Azərbaycan Respublikasında sosial-iqtisadi və mədəni sahələrin, xüsusilə də  təhsilin inkişafında önəmli mərhələ təşkil edir.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə  olduğu kimi, təhsil sahəsində də həyata  keçirilən çoxşaxəli, ardıcıl siyasət məhz Heydər Əliyev ideyalarının təntənəsidir.

Son on ildə möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Azərbaycanda  təhsil sisteminin yenidən  qurulmasına nail olunmuş, təhsil  ocaqlarının maddi-texniki bazasının  möhkəmləndirilməsi, dünya standartlarına uyğunlaşdırılması istiqamətində ölçüyəgəlməz uğurlara imza atılmışdır.

Bu gün ölkəmizdə uğurla həyata keçirilən təhsil islahatının öncüllərindən  olan qabaqcıl  təlim-tərbiyə  müəssisəsimiz çoxdur.

Bu müəssisələr arasında Mingəçevir şəhərindəki 10 saylı tam orta məktəbin xüsusi payı vardır desək, yanılmarıq.

1963-cü ildən fəaliyyət göstərən bu təhsil  ocağında  oxumuş, elmin sirlərinə bələd olaraq ölkənin və onun hüdudlarından kənarda  ad-san sahibi olmuş məzunların sayı  yetərincədir.

Bu qabaqcıl təhsil müəssisəsinə təcrübəli  pedaqoq, respublikamızın  sayılıb-seçilən  müəllimlərindən  olan, ölkə başçısının  sərəncamı ilə bu il “Tərəqqi” medalına layiq görülmüş Xumarə xanım Mikayılova rəhbərlik edir.

Məlumat üçün qeyd edək ki, Mingəçevirin başqa təhsil müəssisələrində olduğu kimi, 10 saylı tam orta məktəbdə də uzun müddət öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımız məskunlaşmışdır.

Cari ildə ölkə rəhbərinin qayğısı sayəsində  onların böyük əksəriyyəti yeni tikilmiş  mənzillərə köçürülmüş, məktəbdə sinif otaqları, fənn  kabinələri yenidən şagirdlərin istifadəsinə verilmişdir. Mingəçevir Şəhər Təhsil Şöbəsinin təşəbbüsü və Şəhər İcra Hakimiyyəti  rəhbərliyinin müraciəti əsasında  10 saylı tam orta məktəbin  yenidən və əsaslı təmiri dövlət proqramına salınmş və hazırda məktəbdə bu yönümdə qızğın getməkdədir.

Söhbətimiz zamanı Xumarə xanım əvvəlki illərdə olduğu kimi, 2012-2013-cü tədris ilində də pedaqoji kollektivin ürəkaçan  uğurlara imza atdığını  vurğulayaraq bildirdi ki, bu il məktəbi bitirmiş və ali məktəblərə sənəd verən 46 şagirdin 36 nəfəri ölkəmizin müxtəlif  ali məktəblərinə qəbul olunmuşdur ki, bu da 86 faiz təşkil edir.

Fərəhli haldır ki,  məktəbin iki şagirdi – Mehdiyev Pənah Dərgah oğlu və Əsgərova Ülkər Rafiq qızı təhsildə ən yüksək nəticəyə “Qızıl medal”a layiq görülmüşlər. Yeri gəlmişkən, qeyd olunmalıdır ki, 2012-2013-cu tədris ilində Mingəçevir Şəhər Təhsil Şöbəsinin tabeliyində olan 20 məktəb və 2 liseyin  şagirdləri 18 “Qızıl medala sahib olmuşlar ki, bu da şəhərin təhsil tarixində fəxr olunası yeganə hadisədir.

Söhbət zamanı o da bəlli oldu ki, cari tədris ilində məktəbi bitirən  məzunlardan 4 nəfəri 600 baldan, 8 nəfəri isə 500 baldan yuxarı göstəricilərə nail  olmuşlar. Bu tədris ocağında şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinin düzgün qurulmasının nəticəsidir ki, idmanın müxtəlif  növləri üzrə yarışlarda iki şagird respublika çempionu olmuşdur.

Texniki və humanitar fənlərə maraq qocaman  təhsil  müəssisəsində ilbəil yüksəlir. Aparılan düzgün  elmi-metodiki  işlərin nəticəsidir ki, 2012-2013-cü tədris  ilində məktəbin müxtəlif  siniflərində oxuyan şagirdlər  respublika yarışlarında layiqli yerləri tutmaqla öz müəllimlərinə, valideynlərinə və nəhayət,  yaşadıqları şəhərə başucalığı gətirmişlər.

Respublika yarışlarında  qalib olmuş Zərifə Kazımova, Zeynəb Quliyeva,  Şəbnəm Sərdarlı, Cəmilə Rüstəmova, Bahar Rzayeva, Atəş Məmmədov, Famil Mehdizadə və daha neçələri ilə bu gün onların müəllimləri haqlı olaraq fəxr edirlər.

Pedaqoji prosesdə  istifadə olunan  müasir yanaşma metodlarından səmərəli bəhrələnən müəllimlərin səyi nəticəsində beynəlxalq səviyyəli tədbirlərdə də uğurlu nəticələrə nail olunur.

Ümumdünya Poçt İttifaqının xətti ilə “Azərpoçt” MMC-nin təşkil etdiyi 42-ci epistolyar inşa müsabiqəsində 2-ci yeri tutmuş Famil Əli oğlu Mehdizadə xüsusi mükafata  layiq görülmüşdür.

“Fövqalədə hallar uşaqların gözü ilə”  rəsm müsabiqəsində isə I yerə layiq görülmüş Kamal Mahmudov və II yerin sahibi Fatimə Nağıyeva da məktəbə şan-şöhrət gətirmişlər.

Bu gün Mingəçevir Şəhər  Təhsil Şöbəsinin rəhbərliyi altında şəhərin pedaqoji ictimaiyyəti böyük əhval-ruhiyyə və xüsusi can yanğınsı ilə çalışır. Çünki ölkə başçısı cənab İlham Əliyevin təhsilə, pedaqoji işçilərə göstərdiyi diqqət və qayğı, həmçinin  Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsil müəssisələrinin tikintisi və yenidən qurulması yönümündə apardığı məqsədyönlü işlər hər yerdə olduğu kimi, Mingəçevirdə də rəğbətlə qarşılanır, hamı bu qayğıya əməli işi ilə cavab vermək istəyir. İstək olan yerdə isə uğur da var, qələbə də.

 

İlham PƏNAHOV

Respublika. - 2013.- 6 dekabr.- S. 5.