Aqrar sahibkarlığın inkişafı və ərzaq təhlükəsizliyi

 

Respublikamız müstəqillik əldə etdikdən sonra, digər keçmiş ittifaq respublikalarında olduğu kimi, Azərbaycanın da iqtisadiyyatında tənəzzül və iqtisadi böhran yaranmağa başladı. O vaxtlar kənd təsərrüfatında əsas təsərrüfat formaları olan kolxoz və sovxozlar artıq lazımi səviyyədə fəaliyyət göstərə bilmir və iqtisadi böhran getdikcə dərinləşirdi. Bununla yanaşı, istehsal vasitələri, maşın və avadanlıqlar fiziki və mənəvi cəhətdən köhnəlir, maliyyə çətinliyi ilə əlaqədar yenisini almaq praktiki cəhətdən mümkün olmurdu. Eyni zamanda Ermənistanın Azərbaycan Respublikasına qarşı torpaq iddiası və hərbi təcavüzü nəticəsində respublika ərazisinin 20 faizinin işğal edilməsi, bir milyondan artıq insanın öz doğma yurd-yuvasından qaçqın və məcbruri köçkün düşməsi vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir vəziyyətdə xalqın tələbilə yenidən respublikanın rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyev iqtisadiyyatın tənəzzüldən xilas edilib inkişafına nail olmağın yeganə yolunun islahatlar olduğunu bildirdi.

Ölkədə iqtisadi islahatların aparılmasının zəruriliyi qərarına gəldikdən sonra Heydər Əliyevin rəhbərliyi ilə sovxoz, kolxoz və digər kənd təsərrüfatı istehsalı müəssisələrində aqrar islahatların aparılması üçün hüquqi baza yaradıldı. Belə ki, 1995-ci ildə “Aqrar islahatının əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və 1996-cı ildə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunları və digər normativ-hüquqi sənədlər qəbul edildi. Bununla yanaşı, kənd təsərrüfatında fəaliyyət göstərən xidmət və emal sənayesi müəssisələrinin özəlləşdirilməsı qəbul olunmuş I və II Dövlət Proqramları əsasında həyata keçirildi.

Aqrar islahatların birinci mərhələsində sovxoz, kolxoz və digər kənd təsərrüfatı istehsalı müəssisələrinə məxsus torpaq və əmlakın özəlləşdirilməsi başa çatmışdır. Aqrar islahatlar nəticəsində 1970 kolxoz və sovxoz ləğv edilmiş, onların 280,7 milyon manat məbləğində dövlət borcu silinmişdir. Ləğv edilən təsərrüfatların torpaqları özəlləşdirilərək 871 minə yaxın ailə torpaq payı almış, mülkiyyətçilər yaranmışdır. Aqrar sahədə yaradılmış əlverişli şərait nəticəsində 842 minə qədər xırda (ailə-kəndli) təsərrüfatı, 36 dövlət təsərrüfatı (məhdud məsuliyyətli cəmiyyət), 79-dan çox kənd təsərrüfatı istehsal kooperativi, 2409 kənd təsərrüfatı müəssisəsi (birgə təsərrüfatlar), 2571 fərdi sahibkarlar və 220 sair kənd təsərrüfatı müəssisəsi (elmi-tədqiqat, tədris, təcrübə və s.) təsərrüfat formaları yaradılmışdır.

Aqrar islahatların birinci mərhələsinin əsas nəticələrini aşağıdakı kimi səciyyələndirmək olar: respublikanın kənd ərazisində torpaq və əmlaka sahiblik hissi artmışdır, əhalidə mülkiyyətçilik psixologiyası formalaşmağa başlamış, insanların sərbəst fəaliyyətə, yaradıcılığa meyli güclənmiş, kənd təsərrüfatında torpaq və əmlak üzərində xüsusi mülkiyyətçilik bərqərar olunmuşdur. Kənddə kiçik və orta sahibkarlığın inkişafına şərait yaxşılaşmışdır. Aqrar sahədə müasir texnika və texnologiyalar, yeni bilik və informasiyalar şəbəkəsi genişlənir, kənd təsərrüfatında torpaq və əmlakdan səmərəli istifadəyə imkanlar artmışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və xidmət sahələri ilə məşğul olan təsərrüfatların gələcək inkişafı, onların rentabelli işləmələri, dünyada və ölkəmizdə mövcud olan elmi nailiyyətləri, qabaqcıl təcrübə, məhsuldar bitki sortları və heyvan cinsləri, texnika və texnoloji avadanlıqların daha səmərəli tətbiqi, onların ortaq problemlərinin həllinin asanlaşması, səmərəli fəaliyyət göstərmələri üçün pay torpaqları əsasında formalaşmış kiçik ölçülü təsərrüfatların könüllülük əsasında kooperasiyalarda birləşməsi istiqamətində maarifləndirmə işləri aparılır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) 11 fevral 2004-cü il, “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 oktyabr 2004-cü il, “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004-cü il, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 21 avqust 2008-ci il, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” 25 avqust 2008-ci il, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” 14 aprel 2009-cu il tarixli sərəncam, fərman və digər sənədlər qəbul olunmuşdur. Həyata keçirilən bu tədbirlərin əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, makroiqtisadi sabitliyin qorunub saxlanmasına, davamlı sosial-iqtisadi inkişafa və əhalinin gəlirlərinin artırılmasına nail olmaqdan ibarət olmuşdur.

Təhlil göstərir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonrakı illərdə iqtisadi və təşkilati tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir:

—sahibkarların fəaliyyətlərinə müdaxilələr ləğv edilmişdir;

—kəndli sahibkarlar torpaq vergisi istisna olmaqla 2019-cu ilin yanvar ayınadək bütün vergilərdən azad olunmuşlar;

—ölkəyə gətirilən bir sıra maddi vasitələr və toxumlar gömrük rüsumlarından azad olunmuşdur;

—kənd təsərrüfatı məhsullarının istehsalçılarının texnika və avadanlıq əldə etmələri üçün lizinq tətbiq edilmiş, onun şərtləri sadələşdirilmişdir;

—beynəlxalq təcrübənin ölkəmizdə yayılması üçün aqrar sahəyə dair layihələrin tətbiqi genişləndirilmişdir;

—regionların inkişafı və diversifikasiyası məqsədilə emal müəssisələri və xidmətlər yaradılmış, özəl toxumçuluq, damazlıq və baytarlıq xidmətləri dəstəklənmişdir;

—sahibkarların tələbatını ödəmək üçün kreditləşmə mexanizmi sadələşdirilmiş, tələbatın ödənilməsində prioritet istiqamətlərə önəm verilmişdir;

—sahibkarların tələbatı nəzərə alınaraq bölgələrdə informasiya—məsləhət xidmətinin genişləndirilməsinə diqqət artırılmışdır;

—kənd təsərrüfatı məhsullarının sığortalanmasına maliyyə yardımının ayrılmasına nail olunmuşdur.

2012-ci il fevralın 28-də “Baku Expo” Mərkəzində   “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yükunlarına həsr olunmuş konfransda cənab Prezident İlham Əliyev özünün giriş nitqində “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” söyləməklə, ölkə rəhbərliyinin sahibkarlığa yüksək önəm verdiyini bir daha bəyan etmişdir.

Məlum olduğu kimi, ölkəmizdə sahibkarlıq fəaliyyəti dövlət tərəfindən qanunvericilik, büdcə, vergi, pul-kredit və digər stimullaşdırma sistemləri ilə tənzimlənir. Aqrar sahədə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə aşağıdakı istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Qanunvericilik bazası yaradılmışdır. Aqrar sahədə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün çoxsaylı qanunlar, dövlət proqramları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları və digər normativ-hüquqi aktlar qəbul edilmişdir.

İstehsalçılara vergi güzəştləri verilmişdir. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 noyabr tarixli Qanunu ilə kənd təsərrüfatı məhsulları istehsalçıları 2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə torpaq vergisi istisna olmaqla, qalan bütün növ vergilərdən azad edilmişdir. Qanunun qüvvədə olma müddəti 1 yanvar 2019-cu ilədək artırılmışdır.

Bundan əlavə, ölkədə sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə Nazirlər Kabinetinin müvafiq qərarları ilə Respublikamıza gətirilən bir sıra mallar, o cümlədən kənd təsərrüfatı təyinatlı mallar əlavə dəyər vergisindən azad olunmuşdur.

Subsidiyaların verilməsi təmin edilmişdir. Hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarına bir neçə istiqamətdə subsidiyalar verilir.  Bunlar yanacaq və motor yağlarına; buğda və çəltik səpininə, mineral gübrələrə, yüksək keyfiyyətli 1-ci və 2-ci reproduksiyalı toxumlara (tinglərə) və Elmi-Tədqiqat təşkilatlarına orijinal, superelit və elit toxumlara çəkilən xərclərin ödənilməsinə görə verilən subsidiyalardır.

“Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli Sərəncamına əsasən, heyvanların məhsuldarlığının yüksəldilməsi, onların cinslərinin yaxşılaşdırıması və damazlıq heyvanların sayının artırılması məqsədi ilə 2008-2009-cu illərdə xaricdən damazlıq heyvanların idxal olunması və bu işlə məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştli lizinq yolu ilə satılması nəzərdə tutulmuşdur. Bu tədbirin həyata keçirilməsi üçün 2008-ci ildə 3,5 milyon manat, 2009-cu ildə 3,0 milyon manat büdcə vəsaiti sərf olunmuşdur. Xaricdən damazlıq heyvanların alınması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2010-cı ildə 3 milyon, 2011-ci ildə 5 milyon manat vəsait ayrılmışdır.

2007-2012-ci illər ərzində ümumilikdə yanacaq və motor yağlarına, həmçinin buğda və çəltik səpininə görə cəmi 467,1 milyon manat, mineral gübrələrin güzəştlə satılmasına görə 72,2 milyon manat, 1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin satılmasına görə 28,4 milyon manat, Elmi-Tədqiqat təşkilatlarına orijinal, superelit və elit toxumlara çəkilən xərclərin ödənilməsinə görə 5,0 milyon manat subsidiya verilmişdir. Ümumilikdə həmin illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına cəmi 572,7 milyon manat məbləğində subsidiya verilmişdir.

İnkişaf etmiş ölkələrdə dövlət tərəfindən birbaşa və ya dolayısı ilə ayrılan subsidiyalarla yanaşı, bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin maliyyə çatışmazlığı probleminin aradan qaldırılması üçün güzəştli şərtlərlə kreditlər verilməsi, verilən kreditlərə görə istehsalçının ödəməli olduğu faiz məbləğinin müəyyən hissəsinin dövlətin büdcə vəsaiti və ya xüsusi fondların vəsaitləri hesabına ödənilməsi təcrübəsi vardır. Təhlil göstərir ki, bütün inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı məhsulları istehsalçıları müxtəlif formalarda dövlət tərəfindən dəstəklənir və onlara dövlət büdcəsindən yardım olunur. Öz ölkələrinin ərzaq təhlükəsizliyini təmin etmək və kənd əhalisinin şəhərə ifrat axınının (miqrasiyasının) qarşısın almaq məqsədilə əksər dövlətlər aqrar sektoru subsidiyalaşdırmaq məcburiyyətində qalırlar. Məhsul istehsalının artırılması və dövlət dəstəyinin əsas istiqamətlərindən biri olan subsidiya əsas etibarilə kənd təsərrüfatı infrastrukturunun inkişafına, istehsalın kreditləşməsinə, kənd təsərrüfatında elmi-texniki işlərin həyata keçirilməsinə, əhalinin ərzaqla təmin edilməsinə, ərzaq məhsulları istehsalının təhlükəsizliyinə yönəldilir. Bir sıra ölkələrdə isə bazarı tənzimləmək üçün tələbatdan artıq istehsal edilən məhsul istehsalını nizamlamaq üçün əmtəə istehsalçılarına subsidiya verilir.

Avropa İttifaqının büdcəsində kənd təsərrüfatına verilən subsidiyaların məbləği son dövr hər il üçün orta hesabla Aİ büdcəsinin təqribən 40 faizini təşkil edir. Bu məbləğin 50 fazi qiymətlərin dəstəklənməsinə, 10 faizi kənddə infrastrukturun inkişafına, 25 faizi 1 hektar torpağa və 1 baş mal-qaraya hesablanmaqla ödənilir.  Subsidiyalar hər bir sahibkarlıq təsərrüfatına onu istehsal etdiyi məhsulun həcmindən asılı olaraq müəyyənləşdirilir.

Kənd təsərrüfatının inkişafına dəstək kimi subsidiyalaşdırma mexanizmi, demək olar ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan bütün ölkələr tərəfindən tətbiq edilir. Bu ölkələrdə subsidiyalaşdırılan məhsullar strateji maraqlardan asılı olaraq müxtəlifdir və subsidiyalar məqsədli proqramın icrasına yönəldilir və müntəzəm olaraq təkmilləşdirilir.

Ayrı-ayrı bitkilərin bioloji xüsusiyyətləri və respublikamızın iqlim şəraiti eyni sahədən ildə iki dəfə məhsul götürməyə imkan verir. Bu, o deməkdir ki, həmin sahəyə bir təsərrüfat ilində yalnız bir dəfə məhsul götürülən sahələrə nisbətən iki dəfə artıq yanacaq və motor yağları işlədilir. Lakin yardım bir dəfə üçün verilir. Yaxşı olar ki, istehsalçının marağını artırmaq məqsədilə ikinci məhsul üçün əkinlərə də yardım verilsin. Həm də bu sahələrə yanacağın dəyərinin 60-65 faizi dövlət tərəfindən ödənilsin.

Türkiyədə kənd təsərrüfatına müxtəlif dəstəklər verilir. Bunlar alternativ məhsul, torpaq analizi, yanacaq, gübrə, fərq ödəmə, heyvandarlıq dəstəkləri və s-dən ibarətdir. Ümumiyyətlə, Türkiyənin kənd təsərrüfatında 50-dək sahəyə, 100-dək fəaliyyət növünə dəstək verilir. Təkcə 2010-cu ildə bitkiçilikdə və heyvandarlıqda çalışan istehsalçılara 3,8 milyard dollar məbləğində subsidiya ödənilmişdir. Qardaş ölkənin təcrübəsindən bəhrələnərək, kənd təsərrüfatı istehsalçılarının Azərbaycanda da elektron qeydiyyat sistemi yaradılmalı, lazımi sahə, məhsul və işlərə dəstək həddi müəyyən edilməli, normativ-hüquqi baza yaradılmaqla konkret tədbirlər həyata keçirilməlidir.

Güzəştli kreditlərin verilməsi sistemli xarakter almışdır. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda Sahibkarlığa Kömək Milli Fondunun və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin və digər təşkilatların vəsaitləri hesabına sahibkarlarla, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı ilə məşğul olan iş adamlarına güzəştli kreditlərin verilməsi siyasətinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Aidiyyəti qurumların məlumatlarına görə, 2009-2011-ci illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan sahibkarlara Fond tərəfindən 4793 layihə üzrə 195430,22 min manat, Dövlət Agentliyi tərəfindən 1099 layihə üzrə 40864 min manat güzəştli kredit verilmişdir.

Qeyd etmək lazımdır ki, istehsalçıların kreditə çıxış imkanlarında problemlər mövcuddur. Belə ki, kredit təşkilatları kiçik ölçülü kənd təsərrüfatı istehsalçılarına kredit verməkdə az maraqlıdırlar. İstehsalçılardan borc məbləğindən ən azı iki dəfə çox dəyərə malik və likvid girov (əksər hallarda şəhərlərdə yerləşən ev) və digər kəndlinin imkanı xaricində olan zəmanətlər tələb olunur. Qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, pay torpaqları az likvidli olması bəhanəsi ilə girov götürülmür. Güzəştli kreditlərin əldə edilməsini çətinləşdirən müxtəlif süni maneələr və subyektiv amillər də mövcuddur. Yuxarıda qeyd olunan Dövlət Proqramında aqrar sahədə fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsi siyasətinin davam etdirilməsi tapşırılmasına baxmayaraq, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına güzəştli kredit verilməsinə dair layihələrə baxılarkən müvafiq təşkilatların rəyi öyrənilmir və faktiki olaraq tədbir birtərəfli qaydada həyata keçirilir. Hesab edirik ki, aqrar sahəyə verilən güzəştli kreditlərin daha vacib sahələrə yönəldilməsinə və onlardan daha səmərəli istifadənin təşkil edilməsinə kömək məqsədi ilə bu sahə üzrə kredit layihələrinə baxılarkən müvafiq təşkilatların rəyinin öyrənilməsi təmin edilməlidir.

Kənd təsərrüfatında sığortanın stimullaşdırılması tədbirləri həyata keçirilir. Kənd təsərrüfatı təbii amillərdən asılı olan sahədir. Hər il sel sularından, doludan, quraqlıqdan, şaxtadan, təhlükəli ziyanvericilərin kütləvi yayılmasından və s. təbii hadisələrdən kənd təsərrüfatına xeyli ziyan dəyir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının əmlakının (məhsulun, torpağın, heyvanların, tikililərin və s.) təbii fəlakətdən sığortasında dövlətin iştirakını təmin etmək məqsədi ilə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respubliaksının 2002-ci il 18 iyun tarixli Qanunu qəbul edilmişdir. Həmin Qanunun icrası ilə əlaqədar Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli qərarı ilə (sonradan olunan əlavələrlə birlikdə) buğda, arpa, qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru, tərəvəz (göyərti istisna olmaqla), meyvə, sitrus və üzüm bağlarının məhsullarının yanğın, dolu, sel, daşqın və şaxta vurması hallarına görə müqavilə üzrə hesablanmış sığorta haqqının 50 faizi həcmində dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur.

Sahibkarların torpaqdan və sudan istifadəsi ərzaq təminatında mühüm rola malikdir. Respublikanın Torpaq Fondunun 54,9 faizi və ya 4756 min hektarı kənd təsərrüfatına yararlı torpaqlar təşkil edir. Kənd təsərrüfatına yararlı torpaqların 1864 min hektarı əkin və çoxillik əkmələr altında istifadə olunur, qalanı isə otlaqlar və biçənəklər təşkil edir. Kənd təsərrüfatı təyinatlı torpaqların təsərrüfat subyektləri üzrə istifadə vəziyyətinin təhlilindən aydın olur ki, 1,8 min hektar yararlı torpaq sahəsi 726,8 min təsərrüfat subyektinin istifadəsindədir. Həmin təsərrüfat subyektlərindən 688,4 mini 5 hektara qədər torpaq sahəsinə malikdir, yəni təsərrüfat subyektlərinin 94,7 faizinin əkin sahəsi 5 hektara qədərdir. Onların 0,72 faizinin torpaq sahəsi 20 hektar və daha çox sahəni əhatə edir. Bu onu göstərir ki, təsərrüfat subyektlərinin əksəriyyəti xırda həcmli sahələrdə çalışır. İstehsalçıların əksər hissəsinin istifadəsində olan torpaq sahələrinin həcminin kiçik olması onları bir sıra problemlərlə üzlədirir. Bunlar əsasən aşağıdakılardır:

- növbəli əkin sisteminin tətbiqi çətinləşir;

- rəqabətqabiliyyətli məhsul istehsalına mane olur;

- istehsal xərcləri artır;

- iqtisadi səmərəlilik təmin edilmir;

- məhsulun tədarükü və satışında çətinliklər yaranır;

- müasir texnika və texnologiyaların tətbiqi mümkün olmur və s.

Hazırda kənd təsərrüfatına yararlı torpaqların 1432, 7 min hektarı suvarılan torpaqlardır ki, onun da 126 min hektarı işğal altındadır. Azərbaycanın su ehtiyatları məhduddur. Su ehtiyatlarının yalnız 30 faizi respublikanın öz ərazisində, qalan 70 faizi isə qonşu ölkələrin ərazisində formalaşır.

Suvarma suyundan səmərəli istifadə etmək məqsədi ilə yerlərdə sudan istifadəedənlər cəmiyyətləri yaradılmışdır. Araşdırmalar göstərir ki, belə qurumların yaradılması sudan istifadə vəziyyətini yaxşılaşdırmaqla yanaşı, həm də sahibkarların vaxtına qənaət edir. Lakin bu müsbət təcrübə hər yerdə tətbiq olunmur. Sudan istifadəedənlər cəmiyyətlərinin sayı artırılmalı və əhatə dairəsi genişləndirilməlidir. Respublikanın əksər suvarılan torpaqlarında hər il yay aylarında su qıtlığı yaranır ki, bu da kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının bəzən kəskin azalması ilə nəticələnir. Vəziyyətdən çıxış yolu kimi mümkün olan yerlərdə əlavə sututarların tikilməsinə ehtiyac vardır.

Araşdırmalar göstərir ki, hazırda kənd təsərrüfatında istifadə olunan torpaqların müəyyən hissəsinin şorlaşması və eroziyaya uğraması məhsuldarlığın kəskin azalmasına səbəb olur. Əvvəllər respublikada hər il 100 min hektara yaxın sahədə yuma aparıldığı halda bu işlərin həcmi get-gedə azaldılmış, sonradan tamamilə dayandırılmışdır. Şoran və şorakət torpaqların yuyulması həm becərilən torpaq sahəsinin, həm də sahibkarların gəlirlərinin artmasında müsbət rol oynaya bilər.

İstehsalçıların maliyyə imkanlarının məhdudluğu və digər səbəblərdən hər il xüsusi mülkiyyətdə olan torpaqların xeyli hissəsi əkin dövriyyəsindən kənarda qalır. Əkilməmiş torpaqların müəyyən hissəsi aqronomik qaydalara uyğun dincə qoyulsa da, əksər hissəsindən örüş və biçənək kimi istifadə olunur.

 

Azərbaycan Respublikasının Prezidenti tərəfındən dövlət fondu torpaqlarının bir hissəsini icarəyə verməklə ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə tapşırıq verildiyi vaxtda əkin dövriyyəsində olan 10 min hektarlarla torpaqlarda əkin aparılmır. Hesab edirik ki, istehsalçılara dövlət tərəfindən subsidiyalar verməklə yanaşı həm də əkinə yararlı torpaqlardan üzürsüz səbəblərə görə ardıcıl olaraq iki ildən artıq əkin üçün istifadə etməyən torpaq mülkiyyətçilərinə qarşı torpaq vergisinin müəyyən misli miqdarında cərimə tətbiq etmək müsbət nəticə verə bilər.

Sahibkarların fəaliyyətində texniki xidmət mühüm rol oynayır. Aqrar bölmənin müasir texnika ilə təchizatı məsələlərinin tənzimlənməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Hazırda “Aqrolizinq” ASC tərəfindən mülkiyyət formasından asılı olmayaraq bütün kənd təsərrüfatı məhsulları istehsalçılarına, onların sifarişi əsasında 20 addan çox aqrotexniki xidmət işləri həyata keçirilir. Aqrotexniki xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə bölgələrdə yaradılmış 55 təsərrüfat hesablı aqroservis filialı və onların tərkibində fəaliyyət göstərən mexanikləşdirilmiş dəstələr lazımi kənd təsərrüfatı texnikaları ilə təchiz edilmişdir. Bunlardan əlavə, bölgələrdə 450-dən çox özəl qurum və ya fiziki şəxs aqroservis fəaliyyəti ilə məşğul olur.

Respublikanın kənd təsərrüfatında fiziki və hüquqi şəxslərə məxsus 28578 ədəd traktor, 3791 ədəd taxılyığan kombayn, 5053 ədəd kotan, 1714 ədəd kultivator, 1969 ədəd taxılsəpən, 1230 ədəd otbiçən, 2197 ədəd otpresləyən və digər kənd təsərrüfatı texnikaları olmasına baxmayaraq, onların yarısından çoxu 20-25 il istismar olunduğundan hazırda nasaz vəziyyətdədir. Texniki parkı müasir texnikalarla təzələmək məqsədi ilə “Aqrolizinq” ASC tərəfindən 1998-2011-ci illər ərzində Yaponiya hökumətinin qrantları, Tərəfdaşlıq fondu, dövlət büdcəsi vəsaiti və digər mənbələr hesabına 13790 ədəd, o cümlədən 3895 ədəd traktor, 1298 ədəd taxılyığan kombayn, 160 ədəd ekskavator və 8437 ədəd digər kənd təsərrüfatı texnikaları alınaraq istehsalçılara lizinq yolu ilə verilmiş və ya satılmışdır. Artıq respublika daxilində Gəncə avtomobil zavodunda müxtəlif at gücündə traktorlar, kotanlar və bəzi ehtiyat hissələri istehsal edilməyə başlanmışdır.

İnformasiya məsləhət xidmətinin təşkili əsas amillərdən biridir. Fermerlər informasiya və məsləhət xidmətini Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi layihəsi” çərçivəsində həyata keçirirlər. Layihəyə əsasən respublikanın 58 rayonunu əhatə edən 10 regional məsləhət mərkəzi və onların nəzdində fəaliyyət göstərən 201 kənd təlim mərkəzi vasitəsi ilə ailə kəndli təsərrüfatlarının üzvlərinə və sahibkarlara aqrar sahədə bilik və bacarıqlarının artırılması və yeni texnologiyaların tətbiqinə dair təlimlər və sahə nümayişləri keçirilmişdir.

İnformasiya və məsləhət mərkəzinin fəaliyyəti layihənin şərtlərinə müvafiq olaraq 31 may 2011-ci il tarixindən etibarən dayandırılmışdır. Bu işin, yəni informasiya məsləhət xidmətinin davam etdirilməsi müvafiq Nazirlik tərəfındən həyata keçirilməlidir. Müvafiq qurumlar tərəfindən informasiya-məsləhət xidməti əsasən kütləvi informasiya vasitələrində çıxışlar etməklə həyata keçirilir. Lakin sahibkarların problemlərinin dərindən öyrənilməsi, təhlil edilməsi, həlli yollarının araşdırılması və nəhayət, mütəxəssis məsləhətlərinin verilməsi üçün mütəxəssislərin bilavasitə sahibkarlarla birbaşa ünsiyyətdə olması faydalı olardı.

Toxumçuluq ərzaq istehsalında mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı, rayonlaşdırılmış toxum və tinglərdən istifadə edilməsi əsas şərtlərdən sayılır. Sahənin vacibliyini nəzərə alaraq “Toxumçuluq haqqında” və “Seleksiya” nailiyyətləri haqqında Azərbaycan Respublikasının qanunları qəbul edilmiş, Dövlət proqramlarında toxumçuluğun inkilaf etdirilməsi üçün tədbirlər müəyyənləşdirilmişdir.

Son illər dövlət toxumçuluq təsərrüfatları ilə yanaşı, özəl toxumçuluq təsərrüfatlarının yaradılmasına da diqqət göstərilir. 2004-cü ildən 2012-ci ilə kimi cəmi 896 subyektə özəl toxumçuluqla məşğul olmaq üçün şəhadətnamə verilmişdir ki, onlardan faktiki 590 subyekt fəaliyyətini davam etdirir.

Təhlil göstərir ki, 2011-ci ildə respublikada daxili bazarın tələbatı həcmində, başqa sözlə 173,9 min ton taxıl toxumu istehsal olunmuşdur ki, bu da 2006-cı illə müqayisədə 54,4 min ton və ya 31 faiz çoxdur. 2011-ci ildə ümumilikdə kənd təsərrüfatı bitkiləri toxumlarının, meyvə və üzüm tinglərinin istehsalında özəl sektorun payı 90 faizdən çox olmuşdur.

Damazlıq heyvandarlığın inkişafının əsas şərtlərindəndir. Hazırda respublikada maldarlıq üzrə 52, camışçılıq üzrə 7, qoyunçuluq üzrə 28, arıçılıq üzrə 33, quşçuluq üzrə 1 olmaqla cəmi 121 özəl damazlıq təsərrüfatı fəaliyyət göstərir. “Aqrolizinq” ASC tərəfindən son 3 ildə xarici ölkələrdən respublikamıza 4350 baş damazlıq düyə gətirilərək sahibkarlara 50 faiz güzəştlə lizinq yolu ilə satılmışdır. Həmin damazlıq düyələr törəyib artaraq hazırda 7226 başa çatmışdır.

Sahibkarlardakı iribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə süni mayalanma tədbiri həyata keçirilir. Təkcə 2011-ci ildə respublika üzrə 78216 baş inək və düyələr yüksək məhsuldar törədicilərin toxumları ilə süni yolla mayalandırılmış və onlardan 46855 baş bala alınmışdır.

Yuxarıda göstərilən və digər tədbirlərin həyata keçirilməsi nəticəsində aqrar sahədə sahibkarlar təbəqəsi ilə yanaşı, aqrar emal sahəsində “Gilan Holdinq”, “Azərsun Holdinq”, “Miri Pak”, “Tovuz-Baltiya”və s. şirkətlər, “Dəvəçi broyler”, Xaçmazda “Qafqaz”konserv zavodu, Ağcabədidə “Atena” süd zavodu və digər iri sahibkarlar da yaranmışdır.

İstehsal kooperativlərinin yaradılması. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş pay torpaqları əsasında formalaşmış xırda ailə və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyalarda birləşməsinin stimullaşdırılması tədbirinin icrası tapşırılmışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində kooperasiyanın inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirilir. Belə ki, rayonlarda torpaq mülkiyyətçiləri ilə keçirilən görüşlərdə, jurnal və qəzetlərdə, digər tədbirlərdə pay torpaqları əsasında formalaşmış xırda təsərrüfatının kooperasiyalarda birləşmələrinin üstünlükləri, o cümlədən kənd təsərrüfatı texnikalarından daha səmərəli istifadə etməklə, istehsal xərclərini aşağı salmaqla daha çox mənfəət qazanmağın üstünlükləri, onların ortaq problemlərinin həllinin asanlaşması, ümumiyyətlə, birləşmənin iqtisadi səmərəliliyi barədə geniş maarifləndirmə işləri aparılır.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ölkədə 252 kənd təsərrüfatı istehsal kooperativi qeydiyyatdan keçmişdir. Həmin kooperativlərdən faktiki olaraq 79-u fəaliyyət göstərir. Belə ki, faktiki məlumatlara əsasən, İmişli rayonunda 15, Abşeron rayonunda 8, Balakən rayonunda 7, Zaqatala, Beyləqan, Yardımlı, Salyan, Göygöl və Ağdaş rayonlarının hər birində 3, Ağdam, Sabirabad, Saatlı, Samux, Tovuz, Qazax, Gədəbəy və Şəmkir rayonlarının hər birində 2, Füzuli, Xaçmaz, Masallı, Biləsuvar, Yevlax, Şamaxı, Ağsu, Oğuz və Neftçala rayonlarının hər birində bir istehsal kooperativi fəaliyyət göstərir. Bəzi rayonlarda isə bu vacib tədbirə laqeyd yanaşılır.

Araşdırmalar göstərir ki, kooperasiyanın tam formalaşmamasının bir sıra səbəbləri vardır:

- keçən əsrin 80-ci illərinin sonlarından etibarən ölkədə kooperativ hərəkatının formal xarakter daşımasının insanların təfəkküründə qalması, sonralar bu mənfi meylin aradan qaldırılması üçün təşəbbüslərin zəif olması;

- kooperativlərdə birləşmək istəyində olan mülkiyyətçilərin torpaq sahələrinin müxtəlif massivlərdə yerləşməsi;

- istehsal olunan kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı problemlərinin olması;

- bölgələrin təbii-iqtisadi spesifik xüsusiyyətlərinə uyğun nümayiş xarakterli kooperativlərin yaradılmasının dəstəklənməməsi;

- pay torpaqları əsasında formalaşmış xırda ailə-kəndli təsərrüfatlarının kooperasiyalarda birləşmələri üçün onların razılığa gələ bilməmələri və bu sahədə hələ də iqtisadi təfəkkürün və maarifləndirmə səviyyəsinin yetərincə olmaması.

Qarşıda duran vəzifələr. 2012-ci il fevralın 28-də “Baku Expo” Mərkəzində keçirilən”Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda cənab Prezident aqrar sahədə qazanılmış müsbət meyilləri qeyd etməklə yanaşı, həm də taxılçılıq üzrə iri özəl təsərrüfatların yaradılması, üzümçülüyün inkişaf etdirilməsi, bütövlükdə kənd təsərrüfatında müasir texnologiyaların geniş şəkildə tətbiq edilməsi, ixracyönümlü məhsullarla başqa ölkələrin bazarlarına çıxmaq imkanlarının araşdırılması barədə müvafiq icra orqanlarına mühüm tapşırıqlar vermişdir.

Aqrar sahədə sahibkarlıq üçün daha münbit şərait yaradılması və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfransda verdiyi tapşırıqların icrası ilə bağlı aşağıda  göstərilən   məsələlər   üzrə təkliflərin nəzərə alınmasını məqsədəuyğun hesab edirik:

- yeni üzümlüklərin, çay plantasiyalarının və meyvə bağlarının salınmasına və xırda torpaq mülkiyyətçilərinin könüllülük prinsipi əsasında birləşərək iri özəl kənd təsərrüfatı müəssisələrinin yaradılmasına görə hər hektara müəyyən məbləğdə birdəfəlik subsidiya verilməsini; yaxud verilən subsidiyaların güzəştli kredit kimi verilməsini;

- əkinəyararlı torpaqlarda üzürsüz səbəblərə görə ardıcıl olaraq iki ildən artıq müddətdə əkin aparmayan mülkiyyətçilərin torpaq vergi ödəməsinin artırılmasını;

- yeni yaradılan özəl təsərrüfatlara lizinqə zəruri texnikalar verilməsini və onun dəyərinin müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsini;

- “Aqrolizinq” ASC-nin bölgələrdəki aqroservis müəssisələri tərəfindən həyata keçirilən aqrotexniki tədbirlərin xidmət haqlarının diferensiallaşdırılmasına baxılmasını və təkmilləşdirilməsini;

- yay aylarında daha çox su qıtlığı yaranan suvarılan ərazilərdə su təchizatının yaxşılaşdırılması üçün əlavə tədbirlərin görülməsini;

-istehsal kooperativlərinin yaradılması prosesini sürətləndirmək məqsədi ilə pilot istehsal kooperativləri yaratmağı; kənd təsərrüfatı mütəxəssislərinin və ayrı-ayrı bölgələrdən olan xırda torpaq mülkiyyətçilərinin iştirakı ilə seminar-müşavirə keçirməklə yaranmış təcrübənin təbliğ edilməsini;

- kənd təsərrüfatı məhsulları istehsalçılarının kredit almaq imkanlarını yaxşılaşdırmaq məqsədi ilə onların mülkiyyətində olan torpaq sahəsinin, mal-qaranın və texnikanın girov qoyulmasında yaradılan süni maneələrin aradan qaldırılması üçün əlavə tədbirlər görülməsini və kredit müddətində istehsal ediləcək məhsulun girov kimi qəbul edilməsinə dair yeni mexanizmin hazırlanmasını;

- bölgələrdə kənd təsərrüfatı məhsulları üzrə tədarük və topdansatış məntəqələrinin, saxlama anbarlarının, emal müəssisələrinin, meyvəqurutma sexlərinin yaradılmasının dəstəklənməsini və s.

 

İslam İBRAHİMOV

Respublika. - 2013.- 6 dekabr.- S.6.