XEYİRXAH İNSAN VƏ BÖYÜK ZƏKA SAHİBİ

 

  

Böyük təbib və filosof Əbu Əli İbn Sina demişdir: “Mən çox istərdim ki, biləm mən kiməm və bu dünyada nə axtarıram?”. Bu sualı bütün zəka sahibləri həmişə özlərinə verirlər. Bu sualın cavabı geniş dünyagörüşünə sahib olan şəxsiyyətlərin daxili aləmlərində, mənəviyyatında, yaradıcılığında öz təcəssümünü tapır. AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev belə zəka sahiblərindəndir. Ad günü ərəfəsində aramızda olmadığı bir zamanda onun haqqında yazmaq, sözsüz ki, çox çətindir. Bu çətinlik onun cismani yoxluğu ilə əlaqədar olsa da, bu böyük insanın yaratdıqları, iqtisadi sahədə zəngin fikirləri ilə bağlı mülahizə və ideyaları çox dəyərli və əhəmiyyətlidir. Bu dəyərləri qiymətləndirmək heçasan deyil.

 Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev, sözün əsl mənasında, ziyalı idi. Aqil müəllimin ziyalılığı xalqımızın əsrlərdən bəri yol yoldaşı olan mənəviyyatımızı, ədəb-ərkanımızı qoruyub saxlamaqda, onu intellektin işığında həmişə uca tutmaqdadır.

Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərində orta mərkəbi bitirdikdən sonra 1946-cı ildə Bakı Dövlət Unversitetinə daxil olmuş və 1951-ci ildə oranı bitirmişdir. 1953-cü ilə qədər Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. O, 1970-ci ildə iqtisad elmləri namizədi, 1983-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülmüşdür. 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir.

A.Əliyevin elmi-pedaqoji fəaliyyəti, xidmətləri ayrı-ayrı dövrlərdə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, əməkdar elm xadimi fəxri adına, “Şöhrət” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə, çoxlu sayda medal, fəxri fərman və təltifnamələrə layiq görülmüşdür.

Aqil Əliyev 190-dan artıq elmi əsərin, o cümlədən 32 monoqrafiya və kitabın müəllifi olmuşdur. Çoxsaylı elmlər namizədlərinin və elmlər doktorlarının yetişməsində əvəzsiz xidmətlər göstərmişdir.

Azərbaycanda ilk dəfə olaraq “Şəxsi istehlakın iqtisadiyyatı və problemləri”, “Aqrar iqtisadiyyatın aktual problemləri”, “Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi problemləri” və digər sanballı monoqrafiyaların müəllifidir.

Yalnız bazar iqtisadiyyatına keçid şəraitində akademik A.Əliyevin 80 adda əsəri çap olunmuşdur. Onlardan “Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”, “İpək Yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur”, “Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri”, “Səhiyyənin iqtisadiyyatı”, “Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri”, “Naxçıvan Muxtar Respublikası: nailiyyətlər, problemlər” (I və II cild), Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti”, “Bələdiyyələr. Metodik kömək”, “Dünya iqtisadiyyatı: müasir dövrün problemləri”, “Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri” və s. sanballı əsərləri sadalamaq olar.

Aqil müəllimin bir alim kimi qoyub getdiyi elmi-pedaqoji irsini bir qəzet məqaləsində əhatə etmək çətindir. Lakin elmi ideyalarını bilavasitə praktikaya tətbiq edən bir alim kimi xalqımızın tarixində özünəməxsus layiqli yer tutur.

Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”. Belə zəka sahiblərindən biriAqil müəllim olmuşdur.

Bu kiçik məqalədə ancaq onun həyatının müəyyən anlarını - başqaları üçün örnək olası yaxşı əməllərinin bəzi məqamlarını sadalayacağıq.

Aqil müəllim zəngin elmi-pedaqoji təcrübəsi, təfəkkürünün məntiqliyi, natiqliyi, əməldə fəzilətliliyi və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth etmişdir. Bu zirvə yalnız müdrik insanlara nəsib ola bilər.

Aqil müəllim bir çoxlarının dərdinə çarə tapan, işinə yarayan insan idi. O, insanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevən idi. Belə adamlarla ünsiyyətdə onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olurdu. O, heç kəsə ağır söz deməz, yaraya köz basmazdı. O, yaxşı bilirdi ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi aləmini zədələyir.

Aqil müəllim sözünün qədir-qiymətini bilən idi. O, sözü zərgər dəqiqliyi ilə seçir, onu hədəfə vururdu. O, sözünün ağası idi. Onun sözü ilə əməli həmişə üst-üstə düşürdü. İllər keçir, zaman dəyişir, çoxları zamana uyğun hərəkət etməyə çalışır, o isə dəyişməz idi. Ona görə də o, daim qərarlı, sakit, iradəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir insan idi. Aqil müəllim hadisələri saf-çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran bir ziyalı idi. Bu çeviklik ona cəsarət, güc, şərəf gətirirdi.

Aqil müəllim sadə, təbii bir insan idi. Onun şəxsiyyəti haqqında o qədər əhatəli faktlar var ki, insan bilmir hansını desin, hansını yazsın. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir sima idi. Xalqımızın ən gözəl xüsusiyyətləri olan insana yaxşılıq etmək, qayğı göstərmək Aqil müəllimin əqidə manifesti idi. O, insanlara qayğı göstərirdi, onların işinə yarayırdı. Bu onun həyatını mənalandırırdı, dəyərini, qiymətini yüksəldirdi. Aqil müəllim sözün əsl mənasında bir çox insanlar üçün ümidinam yeri idi. N.Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Aqil müəllimin etdiyi yaxşılıqlar, qayğıkeş əməllər, xeyirxah və inamlı işlər onu daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara səmimi, xeyirxah və qayğıkeş münasibəti bizim üçün əbədi bir örnəkdir.

Aqil müəllim həddən artıq tələbkar idi. O, biganəliyi xoşlamırdı. Elinin, obasının qədrini bilən idi, xalqa xidməti həyatının məna və məqsədi hesab edirdi. Aqil müəllim saf əqidəsi və məsləki olan ziyalı idi. Onun əqidəsi humanizmə, həqiqətə, ədalətə söykənirdi.

Aqil müəllim öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə başqalarından fərqlənən vətəndaş, alim-ziyalı idi. Antik dövr filosofu Epikürün şagirdləri onları müəlliminə bağlayan nədir sualına belə cavab vermişdilər: “Bizi Epikürə bağlayan onun həmişə özü-ozünə bərabər olmasıdır”. Bu epitet tamamilə Aqil müəllimə aiddir: o həmişə özü-özünə bərabər idi, təkrarsız idi!

Aqil müəllim insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran nadir bir şəxsiyyət idi. O, adamlar arasında özünün ən ülvi keyfiyyətləri ilə seçilən, sayılan, nüfuz sahibi idi. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeş idi.

Sokratdan soruşurlar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri” - deyə cavab verir. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Aqil müəllim məhz belə şəxsiyyət idi. Aqil müəllim müdriklik zirvəsinə yüksəlmiş el ağsaqqalı idi. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə də ağsaqqal idi.

Məncə, bu, çox böyük, şərəfli, ədalətli qiymətdir və əvəzi olmayan el mükafatıdır. Bütün həyatı boyu saflıq, əməksevərlilik və insansevərlilik mücəssəməsi olan Aqil müəllimin əziz xatirəsi onu istəyənlərin qəlbində daim yaşayacaqdır.

Aqil müəllim cəmiyyətimiz tərəfindən birmənalı şəkildə qəbul edilən, hamı tərəfindən sevilən bir ağsaqqallıq zirvəsində dünyasını dəyişdi. Yaşamış olsaydı, indi onun 87 yaşını qeyd edərdik...

 

Qoşqar ƏLİYEV,

ATU-nun İctimai fənlər kafedrasının müdiri,

fəlsəfə elmləri doktoru, professor.