Əbədiləşən şəxsiyyət

  

Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın bütün tarixinin qısa xronologiyası göstərir ki, hətta eyni bir ictimai-siyasi, iqtisadi quruluşun bərqərar olduğu beynəlxalq münasibətlər mühitində də ölkənin vəziyyəti, xalqın əhval-ruhiyyəsi ölkə rəhbərlərinin xalqa liderlik edən adamın şəxsiyyətindən, nüfuz və bacarığından həlledici şəkildə asılıdır. Müxtəlif dövrlərdə bu ölkələrin inkişafında, tərəqqisində və hətta tənəzzülündə də ölkə rəhbərliyinin kimliyi və fəaliyyəti həlledici təsir göstərmişdir.

Yola saldığımız 2-ci minilliyin sonuncu yüz ili də Azərbaycan dövləti üçün çox kəşməkəşli oldu. Əsrin əvvəlində müstəqillik əldə etdik, lakin qısa müddətdən sonra onu itirdik, ölkə zor gücü ilə Sovet İmperiyasının tərkibinə qatıldı. Uzun müddət azərbaycanlılar sıxışdırıldı və bu proses təxminən yarım əsr, 1969-cu ilədək davam etdi. Yaxşı bilirik ki, yalnız 1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildikdən sonra azərbaycanlılara qarşı münasibət kökündən dəyişdi. Fövqəldövlət olan Sovetlər İmperiyasının özünüyaşatmaq üçün məhkum olduğu müttəfiq respublikaların inkişaf və tərəqqi rəqabətindən öz xalqı üçün bacarıqla istifadə edən Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadisosial həyatda, elm, mədəniyyət, incəsənət, təhsil, texniki tərəqqi sahəsində böyük uğurlar əldə etdi.

Şəhərlərdə nadir arxitekturaya malik binalar tikilmiş, yollar və körpülər salınmış, heykəllər ucaldılmışdır. Azərbaycan elmi dünya miqyasına çıxmış, rəssam və bəstəkarlarının əsərlərinin sorağı dünyanın məşhur sərgilərindən, konsert salonlarından eşidilmişdir. Bu dövrdə xalqın iqtisadi rifahı və ümumi mədəni səviyyəsi ilə bərabər, onun milli təfəkkürü, milli özünüdərki də yüksəlmişdir. Azərbaycan dili, ədəbiyyatı, incəsənəti milli kökləri üzərində inkişaf etməyə başladı.

Azərbaycan tarixinin qəhrəmanlıq rəmzi olan tarixi şəxsiyyətlərin, görkəmli elm, mədəniyyət və incəsənət xadimlərimizin abidələri, məqbərələri ucaldı. Azərbaycanın hər bir guşəsində onun milli özünüdərki, milli özünütəsdiqi möhürü vurulurdu.

Bu böyük azərbaycanlı totalitar rejimdə  belə  xalqını zamanın kəşməkəşlərindən keçirib onun milli adət-ənənələrini, milli varlığını, milli özünüdərk səviyyəsini qoruyub saxlaya bilmişdi. İmperiya tərkibində müstəqil respublika məfhumu formal səciyyə daşısa da, məhz Heydər Əliyevin özünün siyasi bəsirəti, uzaqgörənliyi ilə tarixin kəskin dönümündə də Azərbaycana öz siyasi varlığını qoruya biləcəyi, müstəqil dövlət qura biləcəyi, maddi, intellektual potensialmilli özünüdərk səviyyəsini qazandıra bilmişdir.

Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, texniki-peşə, orta ixtisas, ali, eləcə də əlavə təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr korpusu vardır. Bütün bunlar öz mənbəyini məhz elə keçən əsrin 70-ci illərindən, Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu işi gələcək inkişafın güclü təməlini qoymuşdur. Həmin dövrdə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə ardıcıl aparılan dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır.

1970-1980-ci illərdə Azərbaycan təhsil sistemionun inkişaf dinamikasını özündə əks etdirən bir sıra göstəricilərə nəzər salaq. Həmin dövrdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə, orada tərbiyə alanların sayı isə müvafiq olaraq 110 mindən 147 min nəfərə çatmışdı.

Heydər Əliyevin uzaqgörən siyasəti ilə respublikada aparılan genişmiqyaslı məktəb tikintisi növbəlilik üzrə göstəricinin yaxşılaşdırılmasına güclü təkan vermişdi. Belə ki, 1970-ci ildə Azərbaycanda 28300 şagird yeri olan 90 ümumtəhsil məktəb binası tikilmişdisə, 1975-ci ildə 2 dəfəyə yaxın çox, yəni 48200 nəfərlik 100 məktəb binası inşa olunmuş, ümumiyyətlə isə, həmin illərdə 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir. Nəticədə şagirdlərin ikinci növbədə oxuma göstəricisi 1978-ci ildə 30.8, 1980-ci ildə 28.1, nəhayət, 1985-ci ildə isə 24.9 faizə enmişdi ki, bununla da ümumi şagirdlərin 75.1 faizinin birinci növbədə təhsil almasına real şərait yaradılmışdı.

Məhz bu gün torpaqlarımızın düşmən tapdağı altında olduğu, dövlət müstəqilliyimizin daha çox milli iradəmizdən, xalqımızın hərbi-siyasi qüdrətindən asılı olduğu bir vaxtda Heydər Əliyevin 70-ci illərdə Azərbaycanın hərbi-siyasi quruculuğu sayəsində gördüyü işlər bütün ölçüləri ilə ictimai şüurumuz tərəfindən daha aydın dərk olunur. Nəzərə alsaq ki, Heydər Əliyev ideyalarının böyük qismi gələcək onilliklərdə reallaşacaq, deməli, onun əsl qiymətini verməkdə acizik. Deyərdim ki, hətta Sovetlər İmperiyasının ən yüksək vəzifələrində çalışarkən də, Azərbaycanın gələcək müstəqilliyini görən və bu sahədə tədbirlər həyata keçirən Heydər Əliyevin ideyalarını o zaman onun özündən başqa heç kim dərk etmirdi.

80-ci illərin sonu, 90-cı illərin əvvəlində yaranmış vəziyyəti qiymətləndirsək, o vaxt hakimiyyətə gələn, lazımi biliyi və təcrübəsi, səriştəsi olmayanların ölkəni fəlakətə sürüklədiyini aydın görərik. Az qala ölkə yenə də müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmışdı.

Azərbaycanı böyük fəlakətlər gözləyirdi. Tale növbəti dəfə iti ağılı, bənzərsiz çalışqanlığı, məqsədyönlü fəaliyyəti, prinsipcə sarsılmazlığı, nüfuzu, daxili mədəniyyəti, tarixi yaddaşı, kəsərli nitqi, vətənini, dövlətçiliyini qoruyub saxlamaq iqtidarında olan xilaskarı bəxş etdi Azərbaycana.

Tarix bir daha sübut etdi ki, hər anın bir hökmü var. Bu anın son  nöqtəsi isə  Heydər  Əliyevin Azərbaycana qayıdışı ilə tamamlandı.

Azərbaycanın yeni tarixi həmin günlərdən başladı. Ulu öndər müstəqil dövlətin atributlarını yaratdı, bütün dünyaya ölkənin həyat qabiliyyətli və gələcəyə inamlı olduğunu sübut etdi. Məgər xalq, Vətən qarşısında bundan böyük xidmət olarmı?

Vətəndaş müharibəsi təhlükəsi, baş verə biləcək qardaş qırğını sovuşdu. Atəşkəs əldə edildi. Silahlı dəstələrin zərərsizləşdirilməsi, manatın sabitləşməsi, Konstitusiyanın qəbul edilməsi, parlamentin seçilməsi, əsrin böyük neft kontraktının bağlanması yorulmaq bilməyən Heydər Əliyev fəaliyyətinin bəzi nəticələridir, gözlərimiz qarşısında baş verən həqiqətləridir. Ulu öndər demişdi: “Əgər bir ölkənin vətəndaşları öz hüquqlarını anlayarsaqoruya bilərsə, onda ən kiçik məmləkətlər belə böyük dövlətlər qədər qüdrətli olar”. Heydər Əliyev Azərbaycan elminindilinin böyük qayğıkeşidir. Ulu öndərin təşəbbüsü ilə tarixən vətəndaşlıq hüququ qazanmış “Azərbaycan dili” anlayışının qanuni haqqı onun özünə qaytarıldı. O deyirdi: “Mən hər dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilirik. Çünki bu zəngin dildir”. Bir sıra dövlət xadimləri silah gücünə, xarici qüvvələrin himayədarlığı ilə hakimiyyətə gəldiyi halda, Heydər Əliyev sözlə milyonları öz ətrafına səfərbər etmiş, məntiqlə düşmənləri susdurmuş, böyük natiqlik istedadı ilə xalqı sıx birləşdirə bilmişdir. Öz dilinə, xalqına, adət-ənənələrinə sədaqətinə görə Heydər Əliyev ümummilli lider səviyyəsinə yüksələ bildi.

Ulu öndərin genişmiqyaslı, çoxcəhətli fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərinə qədər dərindən bilən dahi rəhbərin təhsillə bağlı dəyərli mülahizə və müddəaları, sözün əsl mənasında, müasir pedaqoji fikir tariximizin nadir incilərindəndir. Ulu öndərimizin orta məktəb təhsilinin məqsədləri, ümumtəhsil məktəbinin əsas vəzifələri haqqında qiymətli fikirləri bu gün də hamımız üçün aparıcı istiqamət, əsas ideya mənbəyi olmalıdır.

Hələ 1978-ci ildə Azərbaycan müəllimlərinin qurultayında “Çox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciyə görə qiymət verilirdi: məktəbin nə qədər məzunu tələbə olmuş, ali məktəb diplomu almışdır. Bu nöqteyi-nəzəri dəyişdirmək vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin ən birinci borcudur”—deyən ümummilli liderimiz 21 il sonra bu tarixi mülahizəni daha da dolğunlaşdıraraq “İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər 11 il müddətində uşaq I sinifdən başlayaraq sona qədər köklü təhsil almasa, yaxşı hazırlaşmasa, o, gedib universitetə imtahan verə bilməz. Heç lazım da deyil ki, hər bir orta təhsil alan getsin universitetə imtahan versin. Bu mümkün deyildir. Bu keçmişdə mümkün olmayıbdır, bu gün mümkün deyildir. Əgər o, universitetdə ali təhsil almasa da, həyatda yaşayacaqdır, həyatda fəaliyyət göstərəcəkdir, cəmiyyətdə olacaqdır. Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, öz ailəsini yaşadacaqdır. Amma ən vacibi odur ki, cəmiyyətimizin qürurlu üzvü olacaqdır... Ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır. Azərbaycan cəmiyyətinin layiqli üzvünü hazırlamaqdırmüddəalarını irəli sürürdü.

Bütün bunlarla yanaşı, ulu öndər biliklərə əzmlə yiyələnməyi, daha çox bilik əldə etməyi ən aktual vəzifələrdən biri hesab edir, bu prosesdə orta təhsilin roluna daha böyük qiymət verirdi.

Müstəqil Azərbaycanın təhsil sistemində, xüsusilə ümumi təhsil sistemində islahatların qaçılmaz olduğunu diqqətə çatdıran ulu öndərimiz, eyni zamanda təhsil işçilərini islahat prosesinə həssas ehtiyatla yanaşmağa çağırırdı. Təhsil sahəsində islahatlar barədə danışarkən aydın hiss olunur ki, ulu öndər bu islahatların davamlılığında israrlıdır, çünki eyni tələbləri həm indiki, həm gələcək nəsillərə ünvanlayırdı. O qeyd edirdi ki, çalışmaq lazımdır ki, islahat islahat naminə aparılmasın, təhsil sistemimizi daha da təkmilləşdirmək, bugünün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi daşısın.

Zaman sübut edir ki, Heydər Əliyev hansı ictimai sistemdə işləməsindən asılı olmayaraq, həmişə Azərbaycan xalqının təmsilçisi, müdafiəçisi olmuş, bütün qüvvə enerjisini, təcrübə zəkasını milli inkişafa, xalıqımızın rifahının yüksəlməsinə sərf etmişdir.

Bütün bunlar Heydər Əliyevlə Azərbaycanın qədər möhkəm, ayrılmaz, bağlı olduğuna sübutdur.

 

Əyyub ƏYYUBOV,

Mingəçevir Şəhər Ziyalılar Cəmiyyətinin sədri, iqtisad elmləri doktoru, professor.

 

Respublika.-2013.-10 dekabr.-S.3.