Vətəndaş mənafeyinə xidmət edən məhkəmə-hüquq islahatları

 

  

Liderlik institutu hər zaman siyasətşünas və filosofların əsas müzakirə mövzularından olmuş, bu fenomeni dərindən öyrənməyə çalışmış böyük mütəfəkkirlər bir-birindən maraqlı, dəyərli nəzəriyyələr yaratmışlar. Geniş fikir müxtəlifliyinə rəğmən ümumi qənaət bundan ibarətdir ki, iqtisadi potensialından asılı olmayaraq, hər bir dövlətin hərtərəfli inkişafı milli lider amili ilə bilavasitə bağlıdır.

Ötən əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın dünya xəritəsində müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlaması, ağır sınaqlardan, çətinliklərdən üzüağ çıxması da məhz ulu öndər Heydər Əliyevin fenomenal liderlik keyfiyyətləri sayəsində mümkün olmuşdur. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən proseslər bir daha təsdiqləmişdir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz xarizmatik liderlərdən asılı olur.

1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də bu, əslində 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqisiyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider, ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdi.

“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” — deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Böyük siyasət ustadı olaraq Heydər Əliyev hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.

1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum olmuşdur. Həmin memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedurhesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. 1998-ci ilin 22 fevralında ümummilli liderimiz Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. İnsan hüquqları sahəsində proqram rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur.

Ulu öndərin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə  olmuşdur.

Ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə həyata keçirilən mütərəqqi islahatların mühüm istiqamətini də məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması məsələləri təşkil etmişdir. Respublikamızda üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması demokratik inkişaf yolunda əldə olunan mühüm nailiyyətlərdəndir.

Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi nəticəsi kimi qısa müddət ərzində ölkədə demokratik, hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmişdir. Beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı təminatına xidmət edən, müasir tələblərə uyğun yeni qanunlar, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqındaqanunlar,  Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual və sair məcəllələr qəbul edilmişdir.

1998-ci ilin 1 dekabrında “Məhkəmələr və hakimlər haqqında” Qanunun qəbulu isə ulu öndər Heydər Əliyevin Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyi naminə böyük siyasi iradə və qətiyyət nümayiş etdirdiyini bir daha təsdiqləyir. Qanunda hakimlərin toxunulmazlığı, dəyişməzliyi, şəxsi təhlükəsizliyi, hakimlərin siyasətsizləşdirilməsi, onların müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddisosial təminatlarının nəzərdə tutulması tədbirləri vasitəsilə hüquqi dövlətə xas olan məhkəmə sistemi müstəqilliyinin əsas prinsiplərini müəyyən etmişdir.

Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamışdır. İnsanlara hüquqi xidmətin keyfiyyətini yüksəltmək üçün həmin ildən hakim korpusunun yeni formametodlarla - test üsulu ilə formalaşdırılması da bu baxımdan xüsusi vurğulanmalıdır.

Ulu öndərin hüquqi dövlət quruculuğu sahəsində mühüm addımlarından biriKonstitusiya islahatlarının həyata keçirilməsi olmuşdur. Əsas Qanuna xalqın iradəsi əsasında edilmiş dəyişikliklər siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsi, Respublika ProkurorluğununAli Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinə malik olması, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması kimi vacib məsələləri də əhatə edirdi.

Ulu öndər Heydər Əliyevin insan hüquqlarının qorunmasını ön plana çəkməklə əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 10 ildə onun layiqli davamçısı — Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu da təsadüfi deyildir — respublikamız son illərdə inkişafının elə uğurlu mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının ən müxtəlif sahələrində sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın taleyində kardinal dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən liberal islahatları dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Bütün bunları nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılması vacib şərtlərdən biridir.

19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman bu istiqamətdə ilk konseptual sənədlərdən biri olmuşdur. Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası ötən illərdə dövlət başçısının fərmanından irəli gələn vəzifələrin icrası üçün geniş tədbirlər planı hazırlayıb həyata keçirmişdir. Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda apelyasiya məhkəmələrinin yaradılması və fəaliyyətə başlaması məhkəmə sisteminin təkmilləşdirilməsi baxımından mühüm addım olmuşdur.

Fərman əsasında yaradılmış Ədliyyə Akademiyası ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilməsi üçün onların peşə səviyyəsinin daha da yüksəldilməsini təmin edir. Fərman əsasında Azərbaycanın məhkəmə sistemi tarixində ilk dəfə olaraq Hakimlərin Etik Davranış Kodeksinin hazırlanıb təsdiq edilməsi də mühüm uğurlardan biri kimi vurğulanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və məhkəmə təcrübəsində nəzərə alınması da fərmanın müstəsna əhəmiyyətinə dəlalət edir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olduğundan məhkəmələr İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərini rəhbər tutmaqla, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsini öyrənməli, öz fəaliyyətlərində həmin Konvensiyanın müddəalarından bəhrələnməlidirlər.

Şübhəsiz, məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşəkarlığı, onların mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Bununla əlaqədar son illər vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntularının aradan qaldırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin tərkibi təzələnmişdir. Həmçinin hakimliyə namizədlərin ən şəffaf üsullarla seçilməsi qaydası müəyyən edilmişdir. Çoxsaylı imtahan və müsahibələrdən, namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan bu seçim proseduru müstəqil qurum — tərkibi əsasən hakimlərdən ibarət olan Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanda Məhkəmə-Hüquq Şurasına tövsiyələrdən biri də məhz məhkəmələrdə hakimlərin sayının artırılması ilə bağlı idi. Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca çətinliklərdən biri olduğunu nəzərə alan Prezident İlham Əliyevin 2006-cı il 17 avqust tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi artırılmışdır.

Son illər Prezident İlham Əlıyevin xüsusi diqqət və qayğısı ilə məhkəmələrin yeni binainventarla təmin olunması, onların şəraitinin yaxşılaşdırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi istıqamətində də mühüm addımlar atılmışdır. Bu qəbildən olan məsələlər dövlət başçısının hələ 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkışafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nda  geniş əksini tapmışdır. Son illər Bakıda və regionlarda inşa olunan yeni məhkəmə binalarının bir üstün cəhəti də ondan ibarətdir ki, onlar inzibatiictimai zonalara bölünürlər və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edirlər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

Təqdirəlayiq haldır ki, yeni məhkəmə binalarında müasir İKT tətbiq edilməklə hazırda bütün məhkəmələr arasında, o cümlədən Məhkəmə-Hüquq Şurası ilə elektron sənəd dövriyyəsi və sənədlərin avtomatlaşdırılmış idarəetmə sistemi üçün zəruri infrastruktur quraşdırılmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamların uğurla həyata keçirilməsi prosesində ədliyyə naziri Fikrət Məmmədovun yüksək təşkilatçılığı, nizam-intizama, peşəkarlığa və dövlət mənafelərinə sadiqliyi də əhəmiyyətli rol oynamışdır.

Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından ötən 10 ildə yalnız onunla təsəlli tapırıq ki, dahi şəxsiyyətin ideyaları yaşayır və ölkəmizin daha uğurlu gələcəyinə zəmin yaradır. Eyni zamanda, Azərbaycan məhkəmə orqanları və ədliyyəsi ötən 10 ildə ulu öndərin ideyalarını davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu inkişaf yolu keçmişlər. Ürəkdən inanırıq ki, 2013-cü il oktyabrın 9-da xalqın iradəsi ilə yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev bundan sonra da hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna xidmət edən mütərəqqi məhkəmə və ədliyyə islahatlarını davam etdirəcəkdir.

 

Məzahir SADIQOV,

Nərimanov Rayon Məhkəməsinin hakimi

 

Respublika.-2013.-10 dekabr.-S.3..