MİLLİ
CƏRRAHİYYƏNİN İNKİŞAFINDA AKADEMİK
MİRƏSƏDULLA MİRQASIMOVUN XİDMƏTİ
Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Mirəsədulla Mirələsgər oğlu Mirqasımovun anadan olmasının 130 illiyi tamam olur. Azərbaycanda müasir tibb elminin və təhsilinin əsasını qoyanlardan biri olaraq Mirəsədulla Mirqasımov ona xas olan təşkilatçılıqla tibb məktəbinin formalaşmasına və yüksək ixtisaslı kadrların hazırlanması işinə dəyərli töhfələr vermiş, Bakı Dövlət Universiteti nəzdində hələ 1921-ci ildə hospital cərrahlıq kafedrası təşkil etmişdir. Azərbaycan Tibb İnstitutunun cərrahiyyə kafedrasına rəhbərlik edən (1931-1958-ci illər) professor Mirəsədulla Mirqasımovun ali təhsilin, elmi-pedaqoji və praktik həkim-cərrah kadrlarının hazırlanmasındakı rolu misilsizdir.
Mirəsədulla Mirqasımov Azərbaycanda tibbi cərrahiyə elmi məktəbinin təşkilatçısıdır. Onun elmi yaradıcılığı 1914-cü ildə Novorossiysk Universitetinin elmi əsərlər toplusunda çap olunmuş “Süni pnevmotoraksla ağ ciyər vərəminin müalicəsi” adlı ilk məqaləsi ilə başlamışdır. Mirəsədulla Mirqasımov 90-dan artıq məqalənin, 5 monoqrafiya və “Ümumi cərrahiyyə” adlı dərsliyin (1931, 1933) müəllifidir. Onun elmi fəaliyyət dairəsinin diapazonu çoxşaxəli olmuşdur. Bir qrup əsərləri sülh dövründə erkən infeksiyalaşmış və cərrahiyyə əməliyyatı aparılmaqla yaraların müalicəsi ilə bağlı idi. Bunlardan biri “Yerli yoluxmuş yaraların tam tikilməsi məsələsi haqqında” elmi işdir (1926), Görkəmli cərrah qeyd olunan yaraların müalicəsi ilə bağlı öz təcrübəsini və alınan nəticələri yekunlaşdıraraq göstərir ki, anatomik tamlıqlar pozulmadığı hallarda hər cür belə yaralar əsaslı surətdə yenidən işlənərək tam tikilməlidir. Yaraların tikilməsi məsələsinə Mirəsədulla Mirqasımov İkinci Dünya müharibəsi illərində bir daha qayıtmışdır. O, bu zaman işlədiyi və rəhbərlik etdiyi təxliyyə hospitallarının cərrahiyyə şöbəsində “Qeyri-yoluxucu yaraların sarğısız müalicəsi” (1942), “Təmiz və irinli yaraların müalicəsi üzərində müşahidələr” (1945), “Yaraların bioloji metodla müalicəsi” və başqa əsərlərində əvvəlki elmi-təcrübi fəaliyyətini daha da inkişaf etdirib təkmilləşdirmişdir. Onun 1943-cü ildə çap olunmuş “Hərbi işdə cərrahiyyənin rolu və əhəmiyyəti” kitabı hərbi cərrahlara yardım sahəsində böyük əhəmiyyətə malik idi. Burada müəllif irinli və çürümüş yaraların yoluxma səbəblərini işıqlandıraraq L.Paster təlimi üzərində (bunun əsasını aseptika və antiseptika təşkil edir) dayanır. Müəllif müharibə dövründə sanitar və həkim-cərrahiyyə yardımının mühüm vəzifələrinə: qanaxma, donma və yanma hallarına qarşı ilk yardım məsələlərinə xüsusi diqqət yetirirdi. Mirəsədulla Mirqasımov zəngin təcrübə və həqiqi həkimlik prinsipiallığına əsaslanaraq belə nəticəyə gəlir: “Müasir cərrahiyyə elmi yara ilə əlaqəsi olan hər şeyin mikroblardan təmizlənmiş olmasını tələb edir. Cərrahiyyədə işlənən müxtəlif əşyaların təmizliyinə müxtəlif metodlarla nail olmaq olar. Az müasir olanlar daha yeni cihaz və cərrahlıq əşyaları ilə əvəz olunur, lakin başlıca prinsip dəyişilməz qalır!”.
Professor Mirəsədulla Mirqasımovun çap olunmuş əsərləri içərisində “Travmatik şok” (1940) və “Anaerob qaz infeksiyası” (1946) xüsusi əhəmiyyət kəsb edir. Alim şokun meydana gəlməsində əsəb-psixoloji faktorların hissəvi əhəmiyyət daşıdığını göstərməklə bərabər, ilk dəfə olaraq onun başqa orqan və sistemlərin də fəaliyyətinə dağıdıcı təsir göstərdiyini qeyd edirdi. Xəstəni ağır vəziyyətə gətirib çıxaran əsəb sarsıntılarının və bütün ümumi fizioloji sistemin funksiyalarının pozulmasının professor Mirəsədulla Mirqasımovun təklif etdiyi üsulla müalicəsi (qanköçürmə, novokain blokadası vasitəsilə ağrısızlaşdırılması və s.) bu gün də şokun müalicə prinsiplərinə müəyyən dərəcədə uyğun gəlir. Anaerob infeksiyaların kəskin septiki formalarında, əvvəllər təklif olunmuş metodlardan fərqli olaraq (vena durğunluğu, əzələ qruplarının tamamilə kəsilib götürülməsi) Mirəsədulla Mirqasımov yaranı dərin kəsiklərlə açıb, nekrotik toxumalardan təmizləmək və mütləq qaz qanqrenasına qarşı zərdab tətbiq etməklə antibakterial müalicə aparılmasını məsləhət görürdü. Yuxarı və aşağı ətrafların amputasiyasının yalnız xəstənin həyatına təhlükə olduğu halda aparılması məqsədəuyğun sayılırdı, o, toxumalara və orqanlara ehtiyatlı və qənaətli yanaşmağı təklif edirdi.
Peritonitlərin müalicəsi cərrahlar qarşısında duran əsas məsələlərdən biri olaraq qalmaqdadır. Bu problemə həsr olunmuş çoxillik elmi tədqiqatlarını və cərrahiyyə təcrübəsini Mirəsədulla Mirqasımov iki cilddən ibarət olan “Qarın yatalağının cərrahiyyəsi” (1947-1950) adlı fundamental əsərində vermişdir. Bu problemlər bu gün də aktualdır və dərin elmi tədqiqatlar tələb edir. Həmin mövzu üzrə o, “Kəskin deşilmiş peritonitlərin cərrahi müalicəsinə dair” (1928), “Qarın yatalağı peritonitlərinin müalicəsinə dair” (1936), “Qarın yatalağı peritonitlərinin cərrahi yolla müalicəsi üzərində gələcək müşahidələr” (1941) əsərləri yazmışdır.
Cərrahiyyənin və kazuistik təcrübənin müxtəlif aktual problemlərindən də məşhur cərrah öz əsərlərində bəhs edir. “Yaşlılarda bağırsağın xroniki invaginasiyası” (1929) əsərində xəstəliyin baş vermə səbəbi kor bağırsaq çıxıntısının iltihabı ilə əlaqələndirilir. Həyatının son illərində o, öz elmi tematikasına daha bir problemi — cərrahi klinikada ağrılar problemini də əlavə etmişdir. Lakin onun vəfatı ilə bağlı bu problem həll edilməmiş qaldı.
Həkimlik fəaliyyətinin ilk günündən həyatının sonuna qədər Mirəsədulla Mirqasımov həkimlik peşəsinə və verdiyi həkimlik andına sadiq qalmışdı. Onun həmkarları olan professor B.Mahmudbəyovun, dosent Q.Məmmədxanovun dediyinə görə, professor üçün xəstənin mənafeyi hər şeydən yüksək idi. O, xəstəyə cərrahiyyə və ya terapevtik müalicə üsulu seçilərkən, həmişə bunu xəstənin mənafeyinə həll edərdi, heç vaxt özünü doğrultmayan cərrahiyyə əməliyyatı aparmazdı. Alim tələbələrinə, gənc həkimlərə və əməkdaşlarına deyərdi: “Əgər cərrahiyyə əməliyyatını özünüzə yaxın olan adamlara məsləhət bilmirsinizsə, başqa xəstəyə də təklif etməyin”. O, cərrah-həkim kimi “zədələmə, ziyan gətirmə” fikrinə həmişə sadiq qalmışdı.
Akademik Mirəsədulla Mirqasımov istedadlı cərrah, geniş dünyagörüşünə, möhkəm xarakter və hafizəyə malik həkim idi. O, həyatının son illərinə qədər elmi-pedaqoji fəaliyyətini davam etdirmiş, öd kisəsi və bağırsaqlarda, qaraciyər və öd yollarında, sidik orqanlarında, dalaqda saysız cərrahiyyə əməliyyatları aparmış, minlərlə insana şəfa vermişdir.
Həmkarları qeyd edirdi ki, Mirəsədulla Mirqasımov təmkinlə əməliyyat edirdi. Əməliyyat etdiyi orqana yaxınlaşmaq üçün yaranın əlavə dartılmasından, əzələlərin zədələnməsinin qarşısını almaq, geniş görüş sahəsi və sərbəst cərrahi əməliyyat aparmağa imkan verən müvafiq kəsiklərdən istifadə edirdi. O hesab edirdi ki, xəstə orqana olan yol sadə, anatomik uyğunluğu pozmayan və zədələnməyən şəkildə olmalıdır.
Mirəsədulla Mirqasımov hərbi cərrahlığa İkinci Dünya müharibəsi zamanı xeyli yenilik gətirmiş, Bakıda yerləşən hərbi hospitallarda ən mürəkkəb cərrahi əməliyyatları böyük ustalıqla həyata keçirərək yüzlərlə döyüşçünün həyatını xilas etmiş və bu səmərəli xidmətlərinə görə o, yüksək dövlət mükafatlarına layiq görülmüşdü.
Müasir dövrümüzdə də baş verən silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində sağlamlığını itirmiş hərbi və mülki şəxslərin müalicəsində akademik Mirəsədulla Mirqasımovun elmi məktəbinin nümayəndələri olan hərbi cərrahların fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
Azərbaycan torpaqları 20 ildən çoxdur işğala məruz qalmışdır. Əzəli torpaqlarımız olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu çətinliklərə baxmayaraq, ölkəmiz müstəqillik dövründə böyük inkişaf yolu keçmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlət siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi inkişaf templərinə görə dünyada qabaqcıl mövqelərə yüksəlmiş, ictimai həyatın bütün sahələrində, o cümlədən tibb sahəsində əhəmiyyətli islahatlar aparılmışdır.
Uzun illər boyu hərbi münaqişə şəraitində yaşayan Azərbaycanda akademik Mirəsədulla Mirqasımov tərəfindən özülü qoyulmuş hərbi cərrahiyyə inkişaf etmiş, zəngin təcrübə formalaşmış və bu sahədə beynəlxalq əlaqələr yaradılmışdır (ABŞ, Türkiyə, Rusiya, Almaniya, İngiltərə və s.). Ötən illərlə müqayisədə hərbi tibb, xüsusilə də hərbi cərrahiyyə sahəsində uzun yol qət edilmişdir. Cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə hərbi cərrahiyyə sahəsinin inkişafına böyük önəm verilir.
Qabaqcıl tibb müəssisələrində aparılması tərəddüd edilən cərrahiyyə əməliyyatları artıq hər bir imkanlarla təmin olunan hospitallarımızda həyata keçirilir. Buna səbəb — kompleks şəkildə yanaşma, yüksək ixtisaslı ilk tibbi yardım, təkmilləşdirilmiş təxliyyə sistemi, yüksək ixtisaslı və hazırlıqlı həkim personalı və dünya standartına uyğun tibbi təchizatın olmasıdır. Ən birincisi, bütün bunların həyata keçirilməsinə imkan verən bina-komplekslər inşa edilib və ya əsaslı təmir işləri aparılır. Müasir təbabət elminin son nailiyyətləri olan stasionar və ambulator müayinə üçün nəzərdə tutulan aparatlar, cihaz və qurğular da hərbi qulluqçuların ixtiyarındadır.
Bu gün Azərbaycanın regionda lider dövlətə çevrilməsi respublikamızın dinamik iqtisadi inkişafı ilə yanaşı, həm də ölkənin hərbi qüdrətinin artması ilə şərtləndirilən bir məsələdir. Məhz bu səbəbdən də Azərbaycan Silahlı Qüvvələrinin hərbi potensialının durmadan yüksəldilməsi, silah və hərbi texnikanın daim təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması kimi məqamlar dövlətimizin və ölkə rəhbərliyinin hər zaman xüsusi diqqət mərkəzində saxladığı ən vacib prioritet məsələlərdən olaraq qalmaqdadır.
Təbii ki, güclü ordu hər şeydən öncə, fiziki baxımdan sağlam və güclü əsgər və zabitlər deməkdir. Bu baxımdan bilavasitə ordunun hərbi-tibbi personalının üzərinə düşən məsuliyyət də xüsusi ciddiliyi ilə fərqlənir. Dövlətçiliyimizin, Vətənin müstəqilliyinin keşiyində duran əsgər və zabitlərimizin sağlamlığı və nəticə etibarı ilə ordunun döyüş qabiliyyəti də bu personalın peşəkarlığından, işinə qarşı məsuliyyətindən və fədakarlığından çox asılıdır. Əbəs yerə deyildir ki, hərbi həkimlər hər zaman məhz bu xüsusiyyətlərinin daha güclü təzahürləri ilə öz mülki həmkarlarından müəyyən qədər fərqləniblər.
Son on ildə Azərbaycanda
səhiyyə çox
irəliləmişdir. Tibb müəssisələrinin
maddi-texniki bazasının
gücləndirilməsi, yeni
tibbi texnologiyaların
tətbiqi, elmi yeniliklərin təcrübəyə
tətbiqi sahəsində
sürətli inkişaf
var. Hazırda bizim geniş diapazonda cərrahi və diaqnostik bilik və imkanlarımız vardır. Dövlət Sərhəd Xidmətinin
rəisi general-leytenant
Elçin Quliyevin diqqət və qayğısı nəticəsində
Sərhəd Qoşunlarında
səhiyyə sisteminin
yaxşılaşdırılması ilə bağlı çox ciddi, uğurlu işlər gedir. Dünya standartlarına cavab
verən yeni hərbi hospitalın tikintisi aparılır.
Bütün sahələrdə yeni müstəvidə inkişaf təmin edilir və işlər XXI əsrin tələblərinə uyğun
qurulur. Cərrahiyyə sahəsində bu
gün hospitalımızda
xəstələrə yüksək
səmərəliliyi və
aşağı travmatikliyi
ilə fərqlənən
müxtəlif metodlar
təklif edilir. Belə ki, endocərrahiyyə müasir cərrahiyyənin
yüksək texnologiyalı
istiqamətlərindən biridir.
Endocərrahi əməliyyatlar xırda ölçülü
kəsiklər vasitəsilə
(5-10 mm) bədən boşluğuna
xüsusi cərrahi instrumentləri daxil etməyə, miniatür telekamera vasitəsilə vizual olaraq əməliyyatın
gedişini izləməyə
və müxtəlif cərrahi manipulyasiyalar aparmağa (məsələn,
öd kisəsinin, bağırsağın kəsilib
xaric edilməsi və s.) imkan verir.
Tibb aləmində
translüminal endocərrahiyyə
müdaxilələri kimi
tanınan üsul insanın təbii qastrointestinal dəliklərinə
(ağzına, yoğun
bağırsağına, uşaqlıq
yolu vasitəsilə və s.) elastik alətlərin daxil olmasını nəzərdə
tutur. Kəsilən orqan eyni üsulla xaric edilir. Yeni metodika kosmetoloji
problemlərin meydana gəlməsini, infeksion xəstəlikləri və
yırtıqları istisna
edir. Eyni zamanda pasiyentlər daha az ağrı hiss edirlər və normal həyata dönməkdə çətinlik
çəkmirlər.
Son illərə qədər
laparoskopik əməliyyatlar
qarında 3-5 ədəd
dəlik aparmaqla (bəzi hallarda daha çox) icra edilirdi. Hazırda dünyanın
aparıcı cərrahiyyə
mərkəzlərində ən
mürəkkəb əməliyyatlar
belə tək dəlikdən aparılır.
Bu məqsədlə göbək nahiyyəsində
1-2 sm-lik bir dəlik açılır
və o dəlikdən
yerləşdirilmiş xüsusi
avadanlığın köməyi
ilə alətlər qarın boşluğuna yeridilir və əməliyyat icra edilir.
Dövlət Sərhəd Xidmətinin hospitalında 2008-ci ildən
laparoskopik əməliyyatların
icrasına başlanılmış
və hazırda hospitalda bir sıra açıq, laparoskopik, həm də endoskopik əməliyyatlar uğurla
həyata keçirilir,
2009-cu ildən etibarən
isə invaziv endoskopik əməliyyatlar
aparılır və mədə-bağırsaq sisteminin,
öd yolları xəstəliklərinin müalicəsində
uğurla tətbiq olunur. Bu il isə hospitalda tərəfimizdən laparoskopik
xolesistektomiya tək dəlikdən icra edilmişdir.
Beləliklə, hazırda da davam edən ixtisaslı kadrların hazırlanması, klinik təcrübənin toplanması
və daim zənginləşməsi, yeni
texnologiyaların, alətlərin
və avadanlıqların
endoskopik cərrahi arsenala daxil olması, mövcud vasitələrin modernləşdirilməsi,
yeni endoəməliyyat
üsullarının və
ya əməliyyatın
ayrı-ayrı hissələrinin
təkmilləşdirilməsi endocərrahlığın qüsurlarını
və ağırlaşmalarını
aradan qaldırmağa
geniş imkanlar açmaqdadır.
Yuxarıda göstərilən əməliyyat
növləri yarım
əsr bundan əvvəlki dövrlə
müqayisədə, prinsipial
fərqlənmir. Xəstə orqan təkmilləşdirilmiş
üsulla və müasir alətlərin köməyi ilə xaric edilir. Burada da akademik Mirəsədulla
Mirqasımovun “xəstə
orqana olan yol sadə, anatomik uyğunluğu pozmayan və zədələnməyən şəkildə
olmalıdır” fikri öz əksini tapmışdır.
Akademik Mirəsədulla
Mirqasımov tərəfindən
Azərbaycan cərrahiyyəsinin
“bayraqdarı” kimi verdiyi töhfə və tövsiyələrinə
bizim nəsil cərrahlar hörmətlə
yanaşaraq, onlardan yüksək səviyyədə
yararlanırlar.
Akademik Mirəsədulla
Mirqasımovun adı səhiyyəmizin inkişaf
tarixində şərəfli
yerlərdən birini tutur, onun elmi
məktəbi öz işini bu gün
də uğurla davam etdirir.
Kənan YUSİFZADƏ,
Dövlət Sərhəd Xidməti
Hərbi Hospitalın rəisi, tibb xidməti polkovnik-leytenantı,
tibb elmləri üzrə fəlsəfə
doktoru.
Respublika.-2013.-10 dekabr.-S.4.