AZƏRBAYCANÇILIQ -
DÜNYA AZƏRBAYCANLILARINI BİRLƏŞDİRƏN
DƏYƏR
Azərbaycan xalqının qədim və zəngin dövlətçilik tarixi vardır. Ölkəmizdə azərbaycançılıq əsrlər boyu burada yaşayan millətlər, xalqlar üçün birləşdirici ideya olmuşdur. Azərbaycan müxtəlif etnosların dinc yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu tarixi məkan kimi tanınmışdır. Zamanın ayrı-ayrı dönəmlərində azərbaycançılıq ideyasının inkişafı üçün əsaslı zəmin yaranmışdır. XVI əsrdə görkəmli dövlət xadimi Şah İsmayıl Xətai tərəfindən Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması ölkədəki bütün xalqları azərbaycançılıq ideyası ətrafında sıx birləşdirmişdir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə də bu ideya birləşdirici amil kimi qəbul olunmuş və inkişaf etdirilmişdir. Azərbaycançılıq xalqın adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə birləşdirən baxışlar sistemi kimi təşəkkül taparaq formalaşmışdır.
Bütün dövrlərin ən böyük azərbaycanlısı olan ümummilli lider Heydər Əliyev azərbaycançılığın ən parlaq səhifələrini 1969-cu ildən respublikaya siyasi hakimiyyətə gəlişindən sonra yazmağa başlamışdır. Ulu öndər böyük təzyiqlər və ciddi nəzarətlə üzləşməsinə baxmayaraq, o dövrdə milli ruhun sıxışdırılmasına yol verməmiş, xalqın tarixi keçmişini, milli mənliyini, dilini, mədəniyyətini və adət-ənənələrini inkişaf etdirmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrü milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı, azərbaycançılığın bərqərar olması kimi dəyərləndirilməlidir. Müdrik rəhbər bütün siyasi imkanlardan və şəxsi nüfuzundan istifadə edərək gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradan məsələləri həll etməyə çalışırdı.
Əbədiyaşar lider şərəfli dövlətçilik fəaliyyətində azərbaycançılıq prinsipini həmişə rəhbər tutmuşdur. Bu danılmaz faktdır ki, sovet dövründə Azərbaycanı dünyada Heydər Əliyevə görə tanıyırdılar. Elə həmin dövrdə Azərbaycan Konstitusiyasında dövlət dilimizin Azərbaycan dili olması barədə maddənin yazılması da Heydər Əliyev cəsarətinin, müdrikliyinin və uzaqgörənliyinin nəticəsi idi.
Keçən əsrin sonunda Azərbaycan ikinci dəfə dövlət müstəqilliyinə qovuşandan sonra dövlətin əsasları çox zəif idi. Yalnız 1993-cü ilin iyun ayında ümummilli liderin xalqın təkidilə hakimiyyətə qayıdışı sayəsində dövlətin siyasi və iqtisadi əsasları yenidən qurulmuşdur. Ulu öndər ölkəni məhvolma təhlükəsindən xilas edərək cəmiyyətin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüş, müstəqilliyimizi, dövlətçiliyimizi daha da möhkəmləndirmişdir.
Dünyanın dörd tərəfinə səpələnmiş soydaşlarımızın təşkilatlanması, Azərbaycan diasporunun təşəkkül tapması, azərbaycançılıq məfkurəsinin həmvətənlərimiz arasında geniş yayılması müdrik rəhbərin adı ilə bağlıdır. 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi də ulu öndərimizin uzaqgörən siyasətinin nəticəsidir.
Xalqımızın böyük oğlu qürur hissi ilə bildirirdi ki, “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu fikir rəhbərin öz xalqına,Vətəninə sonsuz bağlılığını ifadə etməklə yanaşı, bizim hər birimizi xalqımızı, Vətənimizi, dilimizi, mədəniyyətimizi, zəngin milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi sevməyə və qorumağa çağırış idi.
Ulu öndər xarici ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla görüşür, onları birliyə, həmrəyliyə, Azərbaycan həqiqətlərini dünyaya yaymağa çağırırdı. 1998-ci ilin may ayında Vaşinqtonda Dünya Azərbaycanlılarının II konqresinin iştirakçılarına ünvanladığı təbrikdə ürək sözlərini belə çatdırmışdır: “Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba yurdudur. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, qürbətdə yaşayan, lakin qəlbi doğma Azərbaycanın eşqi ilə döyünən soydaşlarımızın da xalqımızın milli azadlıq mübarizəsində, tərəqqisi və inkişafı yolunda diqqətəlayiq xidmətləri, zəhmətləri vardır. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı müqəddəs Vətən amalı və Azərbaycan dövlətçiliyi ətrafında amal və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirməli, ay-ulduzlu üçrəngli bayrağımız bütün soydaşlarımızın müqəddəs and yerinə çevrilməlidir. Bu, bizim hamımızın ümumtale işimiz, Vətənə övladlıq borcumuzdur”.
Məhz zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Dünyanın ayrı-ayrı qitələrində yaşayan soydaşlarımız tarixi vətənlərində bir araya gəldilər, azərbaycançılıq ideyası ətrafında milli birlik və həmrəylik nümayiş etdirdilər.
Ulu öndər qurultayda söylədiyi geniş, proqram xarakterli nitqində demişdir: “Azərbaycan dövlət müstəqilliyini elan edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi, həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı- Azərbaycan dilni, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya kimi formalaşması, “Azərbaycan” və “azərbaycanlı” kəlməsinin dəyəri və mahiyyətinin daha da artması ümummilli liderin misilsiz tarixi xidmətlərinin nəticəsidir.
“Mən hər bir azərbaycanlının prezidentiyəm” prinsipini rəhbər tutan möhtərəm Prezidentimiz cənab İlham Əliyev ümummilli liderin siyasi kursunu yüksək işgüzarlıqla, uğurla davam etdirir. Cənab Prezidentin rəhbərliyi ilə digər istiqamətlərdə olduğu kimi, azərbaycançılıq, xalqımızın birliyinin, dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması sahəsində də ardıcıl, qətiyyətli tədbirlər həyata keçirilir.
Güclü Azərbaycan diasporu Vətənin dayağıdır. Dövlətimizin başçısı diaspor quruculuğuna çox böyük əhəmiyyət verir və bu prosesə hərtərəfli yardım göstərir. Möhtərəm Prezidentimiz İlham Əliyev Dünya azərbaycanlılarının II qurultayında diaspor qurumları qarşısında duran vəzifələrdən danışaraq demişdir: “Bizim gücümüz sizin fəaliyyətinizdir. Sizin isə gücünüz Azərbaycan dövlətinin güclü olmasıdır. Azərbaycan dövləti nə qədər güclü olsa, sizin mövqeləriniz də bir o qədər güclü olacaqdır”.
Sevindirici haldır ki, xaricdə yaşayan həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli-mənəvi sərvətlərimiz getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında fəal rol oynamaqla yanaşı, ölkəmizin əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına, Azərbaycan həqiqətlərinin, maddi və mənəvi irsimizin təbliğinə layiqli töhfələr verirlər. Eyni zamanda xaricdə yaşayan soydaşlarımız ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həllinə yaxından kömək göstərməyə çalışırlar.
Dövlətimizin başçısı diaspor quruculuğu sahəsində işin daha da təkmilləşdirilməsinə, diaspor qurumlarının xarici ölkələrdəki diplomatik korpuslarımızla əlaqələrinin genişləndirməsinə xüsusi diqqət yetirir. Bu gün dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın bir-biri ilə və tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm bir istiqamətidir.
Möhtərəm Prezidentin hər bir çıxışı, nitqi dövlətçilik, azərbaycançılıq, Vətənə sevgi, vətəndaşlıq dərsidir. Onun - Bizim bir Vətənimiz var-Azərbaycan! Bizim bir dilimiz var-Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var-azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər” tövsiyəsi soydaşlarımızı Vətən naminə işgüzar və uğurlu fəaliyyətə ruhlandırır.
Bu gün azərbaycançılıq mükəmməl və humanist əsaslara söykənir, etnik mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşlarını və xaricdə yaşayan soydaşlarımızı sıx birləşdirir.
Artıq dünyanın hər yerində azərbaycançılıq geniş vüsət almışdır. Ayrı-ayrı regionlarda fəaliyyət göstərən Azərbaycan icmaları arasında əlaqələr getdikcə möhkəmlənir. Moskva, Hyuston, Paris və Türkiyənin Kocaeli şəhərində yaradılmış Azərbaycan mədəniyyət mərkəzləri mütəşəkkil fəaliyyət göstərir və diasporumuzun imkanlarını daha da artırırlar.
2011-ci il iyulun 5-də Bakı şəhərində Dünya azərbaycanlılarının III qurultayı keçirilmişdir. Cənab Prezident qurultayda söylədiyi nitqində qeyd etmişdir ki, dünyada Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Birinci qurultaydan keçən dövrdə, yəni 10 il ərzində böyük işlər görülübdür, təşkilatların sayı artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıbdır. Diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər.
Qurultayda həmçinin ölkəmizin milli mənafe və maraqlarının beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv və dolğun şəkildə çatdırılması, azərbaycançılıq məfkurəsinin geniş yayılması istiqamətində diaspor təşkilatları qarşısında çox mühüm vəzifələr qoyulmuşdur.
Azərbaycan diasporunun beynəlxalq aləmdə güclü təşkilata çevrilməsində və soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsində Diasporla iş üzrə Dövlət Komitəsi mühüm rol oynayır. Komitə tərəfindən soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Ümumrusiya Azərbaycanlıları Konqresi həmvətənlərimizin birləşməsi, onların maraqlarının müdafiəsi, iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə layiqli töhfələr verir. Konqres Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə birgə layihələr həyata keçirir, Azərbaycan diasporunun maraqlarını ləyaqətlə təmsil edir.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı, qaçqın və köçkünlərimizin ata-baba yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirlər. Qarabağ məsələsi millətimizin ən ağrılı dərdidir. Bütün soydaşlarımızın Vətən qarşısında övladlıq borcu Ermənistanın ölkəmizə təcavüzünə birdəfəlik son qoymaq naminə qüvvələrini birləşdirməkdən, haqq işimizi müdafiə etməkdən ibarətdir.
Bu gün Azərbaycan gələcəyə inamla baxır. Müstəqil respublikamız həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Harada yaşamağımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları, azərbaycançılıq bizi birləşdirən əsas dəyərlər kimi hər birimizin düşüncəsinə hakim kəsilməlidir.
Əlisəfa HƏSƏNOV,
Respublika.-2013.-10 dekabr.-S.5.