İqtisadi inkişafda regionların xüsusi çəkisi artır

 

  

Sosial-iqtisadi tərəqqi sahəsində özünəməxsus sahələri ilə seçilən, dayanıqlı və davamlı yüksəliş  xarakterinə malik olan inkişafın Azərbaycan modelinə bu gün beynəlxalq miqyasda da kifayət qədər böyük maraq  göstərilir. Bu modelin qısa zaman kəsiyində böyük uğurlara, möhtəşəm nailiyyətlərə, sürətli inkişafa yol açması artıq konkret nəticələrdə öz əksini tapıb və bunun ən bariz nümunəsi mövcud Azərbaycan reallıqlarıdır. Bu mənada təsadüfi deyildir ki, bir neçə ay bundan əvvəl Davos ümumdünya iqtisadi fondunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətinə görə 39-cu yerdədir. Bu, tarixi nəticə, böyük qələbədir. Dünya miqyasında ilk 40 ölkənin sırasına daxil olmaq islahatların, düşünülmüş siyasətin, Azərbaycan xalqının qazandığı uğurların nəticəsidir. Bu mənada təsadüfi deyil ki, Azərbaycanın inkişafının xarakterik xüsusiyyətləri dünyanın ən nüfuzlu araşdırma mərkəzləri və institutlarının təqdimat predmetləri sırasında layiqli yer alır.

 Hazırda iqtisadi sahədə dinamik inkişafını davam etdirən Azərbaycan üçün ən önəmli sahələrdən biri yaşanan tərəqqinin mərkəz və regionlar arasında proporsional sayda paylanmasıdır. Məhz bunun nəticəsidir ki, ölkə iqtisadiyyatının inkişaf tempinin daha sürətli hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr mərkəz və regionların tarazlı, davamlı tərəqqisini, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmləndirilməsini, iqtisadiyyatın neftdən asılılıq  dərəcəsinin azaldılmasını, strukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin edir. Bütün  bunlar ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin nə qədər dəqiq və uzaqgörənliklə düşünüldüyünü, dinamik tərəqqiyə yol açdığını bariz formada nümayiş etdirir.

Cari ilin oktyabr ayında Nazirlər Kabinetinin bu ilin  9 ayının sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı yekun nitqində ölkə Prezidenti İlham Əliyev demişdir: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün güclü iqtisadi əsaslar olmalıdır və bu əsasları yaradır, ölkə iqtisadiyyatını inkişaf etdiririk. Bütün təşəbbüslər - investisiyalarla bağlı təşəbbüslər, yeni sənaye komplekslərinin yaradılması ilə əlaqədar proqramlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı daha yaxşı yaşasın”.

Yaşanan inkişaf ölkə iqtisadiyyatında özünəməxsus çəkiyə malik olan, aqrar və sənaye rayonu kimi son 10 ildə dinamik inkişafda olan İmişli rayonunun timsalında daha aydın müşahidə olunur. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev bütün regionlarda olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin İmişliyə də göstərdiyi qayğıdan söz açaraq deyir: “Dövlət başçısının diqqət və qayğısı ilə İmişlinin siması dəyişir. Müstəqil Azərbaycanın bütün  rayonları kimi İmişli də inkişafının yeni dövrünü yaşayır. Bu inkişafın təməlində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. İqtisadi yüksəliş, sosial tərəqqi son illər İmişlinin də reallıqlarıdır.

Rayon əhalisi bu reallıqlara dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində nail olubdur. Son 10 ildə Prezident İlham Əliyev İmişliyə 4 dəfə səfər  etmişdir. Bu müddətdə dövlət başçısı İmişlinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 4 Sərəncam imzalamışdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi  “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində İmişli rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və əsas makroiqtisadi göstəricilərdə xeyli artım əldə edilmişdir.

Belə ki, son 10 ildə rayonda ümumi məhsul istehsalı 5,3, sənaye məhsulu istehsalı 18,1, kənd təsərrüfatı istehsalı 1,4, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4,9 dəfə artmışdır. Sahibkarlıq subyektlərinin sayı 2,6, o cümlədən fərdi sahibkarların sayı 2,9 dəfə çoxalmışdır.

Orta aylıq əməkhaqqı 5,8 dəfə yüksəlmişdir. 12446 yeri daimi olmaqla 18686 yeri açılmışdır.

Müvafiq olaraq mənzil fondunun ümumu sahəsi 19 faiz artmış, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 58 mənzilli 3 yaşayış binası inşa edilmiş, ümumi sahəsi 141 min kvadratmetr olan fərdi evlər istifadəyə verilmişdir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı rayonda xeyli abadlıq və  quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 7 yaşayış məntəqəsi və 42 min nəfərə yaxın əhalini əhatə edən 14 kilometrlik İmişli-Qaravəlli-Mirili avtomobil yolunun əsaslı təmiri başa çatdırılmışdır. Bununla belə, Sarıxanlı, Boşçalılar, Cəfərli, Oruclu, Ağaməmmədli, Əliqulular və Muradxanlı kəndlərini rayon mərkəzi ilə birləşdirən avtomobil yollarının əsaslı təmir edilməsi də tarixi hadisə kimi yaddaşlara həkk edilmişdir.

Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatı sahəsində də son illər görülən işlər öz bəhrəsini verməkdədir. Belə ki, İmişli elekrtik şəbəkəsi tərəfindən “Dövlət Proqramı”na uyğun olaraq 0,4 kv-luq elektrik verilişi xətləri SİP kabeli ilə əvəz edilmiş, qabaqcadan ödənişli smart-kart tipli sayğacların quraşdırılması İmişli şəhərində başa çatdırılmış və 5 minə qədər dəmir-beton dayaqlar basdırılmışdır. Dövlət Proqramına uyğun olaraq 330 kilovoltluq (Şirvan-İmişli-Parsabad) elektrik verilişi xətlərinin tikintisi vaxtında başa çatdırılmışdır.

Rayonda təbii qazın bərpa olunmasına 2005-ci ilin son ayında başlanılmış, İmişli şəhəri, Yalavac, Rəsullu, Cəfərli kəndləri qazlaşdırılmışdır. Ağaməmmədli, Oruclu, Əliqulular və Muradxanlı kəndlərinin yaxın vaxtlarda qazlaşdırılmasına başlanması üçün 21 km uzunluğunda 315 mm-lik diametrdə yeraltı polietilen magistral qaz boru kəməri  çəkilmişdir.

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış kredit sazişinə əsasən, Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə çərçivəsində İmişli  şəhərində su-kanalizasiya sisteminin yenidən qurulmasına başlanılmışdır.

Təhsil sahəsində də son 10 ildə irəliləyiş əldə olunmuşdur. 5194 şagird yerlik 27 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 1020 şagird yerlik 4 məktəb binası tikilmişdir. 4616 şagird yerlik 8 məktəb binası əsaslı təmir olunmuşdur.

Rayonda səhiyyənin inkişaf etdirilməsi sahəsində əhaliyə göstərilən tibbi xidmət də ürəkaçandır. 136 çarpayılıq rayon mərkəzi xəstəxanası Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən yenidən qurulmuş və 2012  ci il oktyabrın 28-də dövlət başçısının iştirakı ilə açılışı olmuşdur.

Yenidənqurmadan sonra xəstəxanın funksionallığı daha da artmışdır. Burada müasir tibb avadanlıqları ilə təchiz olunmuş cərrahiyyə, reanimasiya, terapiya, pediatriya, mamalıq-ginekologiya, qanköçürmə, yoluxucu xəstəliklər, təcili tibbi yardım şöbələri və uşaq  poliklinikası fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev  ulu öndərin imişlililərə olan diqqət və qayğısını davam etdirir. Prezidentimiz 23 mart 2006-cı ildə “Azərsun Holdinq” Şirkətlər qrupu tərəfindən inşa edilən Şəkər zavodunun təntənəli açılış mərasimi ilə əlaqədar olaraq ilk dəfə İmişliyə gələrkən demişdir: “Zavodun tikintisiistismara verilməsi bir daha onu göstərir ki, Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar liberallaşma, sərmayələrin cəlb edilməsi prinsipi çox uğurla aparılır.

Zavod xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə işə başlamış... Bir neçə il əvvəl belə bir məsələ ortaya çıxanda ulu öndər Heydər Əliyev məsləhət görmüşdür ki, bu zavod İmişlidə tikilsin. Bu gün çox şad və xoşbəxtəm ki, bu zavod fəaliyyətə başlayır. Azərbaycanın hərtərəfli inkişafına, regionların inkişaf proqramının həyata keçirilməsinə böyük dəstək, kömək olacaqdır.

Bu müdrik fikir öz reallığını təsdiq etmişdir. Hazırda respublikamız şəkər idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir.

Çox sevindirici haldır ki, İmişli Şəkər zavodunun kollektivi dünyanın 12 ölkəsinə məhsul göndərilməsindən qürur hissi keçirir.

Rayon iqtisadiyyatının inkişaf etdirilməsində, habelə dövlət Proqramlarında irəli sürülən vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsində “ArazMMC-nin, “İmişli BroylerMMC-nin, “Araz” Damazlıq MMC-nin, Pambıq zavodunun, Dəmir-beton  zavodlarının, Qum-çınqıl karxanalarının da özünəməxsus rolu vardır”.

Oktyabrın  6-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində bəyan etmişdir: “Biz regionların inkişafı ilə bağlı bütün hədəflərə nail ola bilmişik”.

Möhtərəm Prezidentimiz İlham Əliyevin  bu fikri keçən il oktyabrın 28-də  İmişliyə səfəri zamanı rayonumuz haqqında dediyi qiymətli sözlərlə üst-üstə düşür:

Doğrudan da, son bir neçə ay ərzində İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini tanımaq mümkün deyil. Buraya gələrkən çox təəccüb edirdim ki, mən indi İmişlidəyəm, yoxsa hansısa başqa şəhərdə. Doğrudan da, tarixi dəyişikliklər baş vermişdir. Gözəllik, abadlıq, yeni meydan, Bayraq meydanı, yeni parklar, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzinin tikintisi, binaların bərpası, küçələrin salınması, yeni işıq dirəklərinin qurulması, görülən bütün bu işləri sadalamaq üçün, yəqin ki, çox vaxt lazım olacaq, ancaq bir sözlə, siz İmişli sakinləri bunu yaxşı bilirsinizbütün bu quruculuq, abadlıq işlərində fəal iştirak edirsiniz. Bu, sizin ümumi zəhmətinizin bəhrəsidir”.

Sonda xatırlatmaq istəyirəm ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev respublikamıza rəhbərlik etdiyi 10 ildə Dövlət proqramlarının respublikamızda uğurla həyata  keçirilməsi nəticəsində şəhər və kəndlərimiz gülüstana çevrilib. Prezidentimizə dəstək olan xalqımız əmindir ki, inkişafımız daha da artacaq, torpaqlarımız da  işğaldan azad ediləcək və müstəqil Azərbaycanımız bütün sahələrdə əlçatmaz zirvələrə yüksələcəkdir.

 

Səməd İSMAYILOV.

 

Respublika.-2013.-10 dekabr.-S.5.