Heydər Əliyevin
adı tariximizə qızıl hərflərlə
yazılıb
Dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin bütün ömrü doğma vətənimizin iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ümummilli lider fırtınaya bənzər 80 illik kəşməkəşli, yaradıcı həyatının tam 60 ilini dövlət işinə həsr etmişdir. Müasir tariximizin çox vacib bir dövrü, habelə bugünkü həyatımız məhz bu böyük şəxsiyyətin siyasi iradəsi, dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti ilə müəyyən olunub. Heydər Əliyev tarixə ictimai-siyasi, sosial, mədəni, iqtisadi proseslərin axarını dəyişməyi, istənilən vəziyyətdən öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinə yararlanmağı bacaran realist, praqmatik lider kimi düşüb. 1969-cu il iyulun 14-dən etibarən Sovet Azərbaycanına rəhbərlik etməyə başlayan Heydər Əliyevin adı respublikanın əldə etdiyi bütün uğurların sinoniminə çevrilib. Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ümummilli lider, müasir milli dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tarixə qızıl hərflərlə yazılıb.
60-cı illərin sonuna qədər Azərbaycan keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında sosial-iqtisadi göstəricilərinə görə geridə qalan aqrar ölkə kimi tanınırdı. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə respublikada sosial-iqtisadi sahədə çox böyük işlər görülmüş və yüksək nailiyyətlər əldə edilmişdir. Həmin dövrdə sosial-iqtisadi sahələrin inkişafına əvvəlki 50 ildə olduğundan 1,4 dəfə çox vəsait qoyulmuşdur. 250-dən çox zavod, fabrik, istehsal sexi və emal müəssisələri tikilib istifadəyə verilmiş, çox gəlirli sahə olan üzümçülük sürətlə inkişaf etdirilmiş və istehsalata yeni texnologiyalar tətbiq olunmuşdur. Respublikada milli gəlir 2,5 dəfə artaraq adambaşına ictimai məhsul istehsalının artım tempi 2 dəfədən çox olmuşdur. Sənaye məhsullarının istehsalı 2,7 dəfə artmışdır ki, bu da əvvəlki 30 ildə istehsal olunan məhsulun həcmindən təqribən 2 dəfə çox idi. Kənd təsərrüfatında ümumi məhsul istehsalı 2,7 dəfədən çox olmuşdur. Həmin dövrdə 18,5 milyon kvadratmetrlik mənzil tikilib istifadəyə verilmiş və 2 milyon 200 min adam yeni mənzilə köçmüş və ya mənzil şəraitini yaxşılaşdırmışdır.
O illərdə Azərbaycanda təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsinə də xüsusi diqqət göstərilmişdir. 419 min 968 şagird yerlik 792 ümumtəhsil məktəbi, 660 yerlik 3 internat məktəbi, 66 min 807 yerlik 414 məktəbəqədər tərbiyə müəssisəsi tikilib istifadəyə verilmişdir.
Səhiyyə sahəsində həm keyfiyyət, həm də kəmiyyət baxımından çox böyük işlər görülmüşdür. Mövcud xəstəxanaların əksəriyyəti təmir olunaraq yeni avadanlıqlarla təchiz edilmiş, əhaliyə ambulatoriya-poliklinika xidməti göstərən müalicə müəssisələrinin sayı artaraq 1191 ədədə çatmışdır. Qadın məsləhətxanalarının, uşaq poliklinikalarının və ambulatoriyalarının sayı isə 3,2 dəfə artmışdır.
Eyni zamanda elektrik enerjisi istehsalı sahəsinin inkişaf etdirilməsi, respublikanın elektrik enerji sisteminin SSRİ-dən asılı vəziyyətdən çıxarılması üçün mühüm tədbirlər görülmüşdür. 1970-ci ildə Naxçıvanda “Araz” su elektrik qovşağı, 1976-cı ildə Dağlıq Qarabağda “Sərsəng” su elektrik stansiyası, 1981-ci ildə Mingəçevirdə Azərbaycan DRES-in birinci bloku, 1982-ci ildə isə “Şəmkir” su elektrik stansiyası istifadəyə verilmişdir.
Həmin dövrdə Heydər Əliyevin rəhbərliyi altında respublikanın meliorasiya və irriqasiya işlərində də çox nəhəng layihələr həyata keçirilmiş, böyük nailiyyətlər əldə edilmişdir.
Ötən əsrin 70-ci illərində təkcə bol nefti və pambığı ilə deyil, həm də soyuducuları və kondisionerləri ilə tanınan Azərbaycan əsrin sonunda Heydər Əliyevin müstəqil Azərbaycanın dövlət rəhbərliyinə qayıdışı sayəsində ən irimiqyaslı iqtisadi layihələrin mərkəzinə çevrilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 35 il ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən normal təfəkkürün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşları olmaqdan qürür duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirirlər.
O, siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Heydər Əliyev milli tarix üçün böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi tutmuş, özünün siyasi bacarığı sayəsində Azərbaycanı ictimai-siyasi böhrandan xilas etmiş, xalqının qəlbində sabaha inam hissi yaratmağı bacarmışdır.
XX əsrin sonlarında xalqımız özünün müstəqillik mübarizəsinin nəticəsi kimi dövlət suverenliyinin yenidən bərpasına nail oldu. Şübhəsiz ki, özünün tarixi keçmişi baxımından zəngin dövlətçilik ənənələrinə malik olan xalqımız bu müstəqilliyə layiq təkamül yolu keçmiş, böyük qurbanlar bahasına azad ölkədə yaşamaq haqqı qazanmışdır. Lakin o da bir gerçəklikdir ki, respublikamızın dövlət müstəqilliyini bərpa etdiyi tarixi şərait SSRİ-ni süquta aparan, bütövlükdə dünyada gedən və dünyanın siyasi xəritəsinin yenidən çəkilməsi kimi xarakterizə edilən qlobal proseslərlə müşayiət edilirdi. Azərbaycan özünün müstəqilliyinin ilk illərindən yeni geosiyasi vəziyyətin diktə etdiyi ciddi siyasi, iqtisadi, sosial və idarəçilik problemləri ilə qarşılaşmalı oldu. Ermənistanın hərbi təcavüzünün nəticəsi kimi ortaya çıxan Dağlıq Qarabağ problemi və iqtisadi tənəzzül, hüquqi qeyri-müəyyənlik, siyasi təlatümlər, zorakılıqlarla müşayiət olunan hakimiyyət ambisiyaları dövlət həyatını və cəmiyyəti idarəolunmaz vəziyyətə gətirmişdi. Bütövlükdə isə bu problemlər milli təhlükəsizliyi və müstəqilliyin özünün mövcudluğunu ciddi təhdid edəcək səviyyəyə qədər qalxmışdı. Təsadüfi deyildir ki, Azərbaycanın müasir müstəqillik tarixinin araşdırıcıları da həmin dövrü – 1991-1993-cü illəri xaosun, anarxiyanın, böhranın dərinləşdiyi, dövlətin parçalanma, millətin isə məhv olma təhlükəsi ilə qarşı-qarşıya qaldığı dövr kimi qiymətləndirərək “formal müstəqillik” mərhələsi kimi xarakterizə edirlər... Azərbaycanın bir dövlət kimi mövcudiyyəti şübhə altına düşmüşdü. Elə bir xaos, özbaşınalıq şəraiti yaranmışdı ki, bundan baş çıxarmaq çox çətin idi. Problemlər baş alıb gedirdi. Həmin problemləri aradan qaldıra biləcək yeganə qüvvə isə yalnız Heydər Əliyev şəxsiyyəti ola bilərdi. Ölkəni görünməmiş bəlalardan xilas etmək üçün lazım olan enerji, müdriklik və uzaqgörənlik yalnız bu nadir insanda var idi, ümidlər yalnız ona idi.
Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai-siyasi çətinliklərlə səciyyələnən proseslərə təsadüf etsə belə, bu dövr onu uzaqgörən və müdrik siyasətçi, iradə yenilməzliyi, ən əsası, doğma Vətənini mövcud bəlalardan xilas etmək məqsədi olan, ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli təhdidlərin qarşısını almağa, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytarmağa qadir olan yeganə qüvvə kimi təsdiqləmişdir.
Ulu öndərimiz Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün zəruri tədbirləri həyata keçirmişdir. Məhz ulu öndərin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbacanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.
Son illərdə Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. Ulu öndərimiz Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərin həllinə yönəlmişdir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi istiqamətində görülən əsas işlərdən biri də məhz ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Böyük öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində bu problem öz həllini tam şəkildə tapmış və beynəlxalq təşkilatlarda bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilmişdir.
Bu gün Azərbaycan 300-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan müstəqil respublikamız coğrafi mövqeyindən, dünya miqyaslı coğrafi-strateji əhəmiyyətə malik təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Ulu öndərimizin dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən biri də ölkəmizin 2001-ci il yanvar ayının 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır.
Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin quruculuğu prosesi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Artıq Azərbaycan Qafqazın lider ölkəsinə çevrilib və özünün beynəlxalq aləmdəki mövqeyini getdikcə möhkəmləndirir. Dünyanın super dövlətləri olan ABŞ, Rusiya, Fransa ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ən başlıcası isə müstəqilliyimiz əbədi, sarsılmaz xarakter alıb. Azərbaycanın təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etməyə və ərazi bütövlüyünü bərpa etməyə qadir güclü ordusu var.
Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir. Azərbaycanda çox böyük sürətlə məktəblər, xəstəxanalar və sair sosial obyektlər tikilir, insanları narahat edən əsas məsələlər öz həllini tapır. Ölkəmızdə bütün sahələrdə gərgin iş gedir və bu işlər Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edir. Bu davamlı və sürətli proses əminlik yaradır ki, Azərbaycan yaxın zamanda çox qüdrətli bir ölkəyə çevriləcək, vətəndaşlarımız güclü, azad, sivil və gözəl ölkədə yaşamaqları ilə fəxr edəcəklər.
Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında milli öndər Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm göstəricilər əldə edəcəkdir.
İnanırıq ki, dövlətimiz ulu öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini qoruyub saxlayacaqdır.
Adil QƏRİBOV,
AMEA Radiasiya Problemləri İnstitutunun
direktoru,
AMEA-nın
müxbir üzvü.
Respublika.-2013.-11 dekabr.-S.4.