Azərbaycanın uğurlu
inkişafını təmin
edən lider
Dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarının elmi təməl üzərində qurulması, cəmiyyətin potensial imkanlarının milli intibah prosesinə məqsədyönlü şəkildə cəlb olunması son nəticədə xalqları davamlı, sabit inkişaf yoluna çıxararaq dövrün ağır sınaqlarından, təbəddülatlarından qoruyur. 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında ilk dövrlərdə dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz milli inkişaf strategiyasının olmaması üzündən meydana çıxmışdı.
1991-ci ildən 1993-cü ilin iyun ayınadək respublikanın üzləşdiyi böyük problemlər isə ölkədə xalqın dəstəklədiyi hakimiyyətin, eyni zamanda yeni ictimai-iqtisadi formasiyada dövlətin gələcək inkişaf yolunu düzgün müəyyənləşdirə biləcək qətiyyətli və müdrik siyasi rəhbərin olmaması ilə bağlı idi. Bu dövrdə müşahidə olunan hakimiyyət boşluğu dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. İki ilə yaxın müddətdə ölkədə müşahidə olunan hərc-mərclik və özbaşınalıq mühiti təsdiqlədi ki, milli dövləti yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik və liderlik keyfiyyətləri sayəsində qoruyub saxlamaq, inkişaf etdirmək olar.
Bu mənada, əminliklə demək olar ki, həmin dövrdə Azərbaycanın bir dövlət olaraq mövcudluğunun qorunub saxlanılması, xalqın bir çox böyük fəlakətlərdən qurtulması 1993-cü ilin 15 iyun tarixindən başlayır. Çətin bir vaxtda, heç bir riskdən çəkinməyərək xalqın istəyi ilə Naxçıvandan Bakıya dönən ulu öndər Heydər Əliyev məhz bu tarixdən Azərbaycan Ali Sovetinin sədri seçilmiş, respublikamızı parçalanmaq və milli dövlətçiliyini itirmək təhlükəsindən xilas etmişdir. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır.
Ulu öndər 1993-cü ildən dövlət quruculuğu istiqamətində başladığı islahatları ictimai rəyə, sosial sifarişə əsaslanmaqla həyata keçirmiş, ölkənin böhranlı vəziyyətdən çıxarılması prosesində hər bir vətəndaşın iştirakını vacib saymış, xüsusən də cəmiyyətin üzdə olan təbəqəsi ilə sıx ünsiyyətə böyük üstünlük vermişdir. Ümummilli liderin 1993-cü il sentyabrın 21-də AMEA-da alimlərlə, sentyabrın 22-də isə gənclərlə keçirdiyi görüşləri bu mənada xüsusi xatırlatmaq lazımdır. Həmin tədbirlərdə dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanın üzləşdiyi ağır vəziyyətin səbəblərini təhlil etmiş, vəziyyətdən çıxış yollarını göstərmiş, cəmiyyətin bütün təbəqələrini, o cümlədən intellektual potensialın daşıyıcısı olan alimləri milli problemlərin həllində fəal iştiraka çağırmışdır.
Ölkənin ağır sosial-iqtisadi, siyasi problemlərinin həlli ilə məşğul olan ulu öndər Heydər Əliyev elmin, təhsilin problemlərini də diqqət mərkəzində saxlamış, bu sahələrdə yeni dövrün tələblərinə cavab verən islahatların aparılmasını təmin etmişdir. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin sosial müdafiəsinin təşkili istiqamətində atılan addımlar, dövlət büdcəsində baş verən artımlar hesabına bu sahələrə yönələn vəsaitlərin çoxalması ölkədə tədricən elmi-intellektual intibah mərhələsinin əsasını qoymuşdur.
Ulu öndər Heydər Əliyev milli problemlərin həlli baxımından xalqın mənəvi-ideoloji birliyinə, vətəndaş həmrəyliyinə nail olmağı, konkret milli ideya və ideologiya ətrafında birləşməsini də vacib saymışdır. Ulu öndər milli ideologiyanı konkret dövr üçün gündəlikdə olan milli ideyanın həyata keçirilməsi vasitəsi kimi dəyərləndirmiş, onun səfərbəredici rolunu daim önə çəkmişdir. Heydər Əliyevin Vətən və xalq qarşısında böyük xidmətlərindən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Azərbaycançılıq ideoloji konstruksiya kimi mühüm funksional keyfiyyətlərlə zəngindir. Onun mahiyyəti Azərbaycanı unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək, inkişaf etdirməkdən ibarətdir. Azərbaycançılıq ideologiyası elə bir mənəvi dəyərdir ki, o, müstəqil və öz yolu ilə gedən Azərbaycanı informasiya baxımından koqnitiv (idraki) sivilizasiyalar sırasına, yəni biliklərə əsaslanan və biliklər iqtisadiyyatı yaradan cəmiyyətə çevirir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur.
Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında mühüm xidmətlərindən biri də modernləşmə yönümündə demokratik və hüquqi islahatların həyata keçirilməsidir. Bütün səylərini səfərbər edərək dövlət müstəqilliyini, sadəcə, şərti müstəqillik aktı və bəyanat səviyyəsindən çıxaran böyük strateq Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti ideyasının təkamül yolu ilə reallaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Milli Məclisin sədri seçilməsi ilə ölkədə sivil parlamentarizm ənənəsinin qoyulduğunu, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən qanunların müasirləşməsi prosesinin geniş vüsət aldığını da xüsusi vurğulamaq lazımdır. Ümummilli lider kifayət qədər mürəkkəb və ziddiyyətli bir dövrdə parlamentə rəhbərlik etməsinə baxmayaraq, qanunverici orqanın effektiv, məqsədyönlü fəaliyyətini təmin etmiş, bir sıra qanunların qəbuluna nail olmuşdur. Məhz bu mərhələdən parlamentin cəmiyyətdəki rolu artmış, hüquqi dövlət quruculuğu prosesindəki rolu güclənmişdir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, dünyada mövcud olan ən mütərəqqi hüquq normalarını özündə əks etdirən müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul olunması respublikamızın gələcək inkişaf prioritetlərini müəyyənləşdirmiş, iqtisadi, siyasi və hüquqi islahatların bazisinə çevrilmişdir. Əsas Qanunda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünyəviliyi, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunmasının təməl prinsipləri təsbit olunmuş, insan hüquq və azadlıqlarının təmini ali məqsəd kimi önə çəkilmişdir.
1995-ci ilin 12 noyabrında Konstitusiyanın qəbulu ilə yanaşı, həm də Azərbaycan Respublikası Milli Məclisinə I çağırış seçkilər keçirilmiş, demokratik şəraitdə ilk parlament formalaşdırılmışdır. Birinci çağırış parlament qarşısına qoyduğu ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, Azərbaycanın Avropa xalqları ailəsinə inteqrasiyası, bu məqsədlə cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü islahatların həyata keçirilməsi üçün hüquqi bazanın yaradılması, möhkəmləndirilməsi və təkmilləşdirilməsi kimi vəzifələri uğurla yerinə yetirmiş, qanun yaradıcılığı işində dünyanın qabaqcıl demokratik ölkələrinin təcrübəsindən bəhrələnmiş, qanunvericilik fəaliyyətində istər kəmiyyət, istərsə də keyfiyyət göstəriciləri baxımından böyük nailiyyətlər qazanmışdı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında sistemli şəkildə həyata keçirilən məhkəmə-hüquq islahatlarının, siyasi liberallaşmaya xidmət edən tədbirlərin əsasında da məhz insana qayğı, şəxsiyyətə və insan ləyaqətinə hörmət amili dayanmışdır. 1998-ci il iyunun 18-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili təsisatının, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər mühüm məsələlər nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası da ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü təsdiqləyir. Bu humanizmin nəticəsidir ki, respublikamızda əfv fərmanlarının imzalanması, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Heydər Əliyevin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. Yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlü üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.
Ulu öndər Heydər Əliyev demokratik dövlət quruculuğuna xidmət edən mütərəqqi hüquqi islahatları davam etdirməklə yanaşı, həm də milli maraqlara xidmət edən çevik xarici siyasət xətti yürütmüş, ölkənin milli maraq və mənafelərini daim uca tutmuşdur. Bunun nəticəsidir ki, son 20 ildə Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.
Hər bir ölkədə demokratik inkişafın leytmotivini çoxluğun iradəsinə söykənən fundamental qərarların qəbulu təşkil edir. 2003-cü ilin 15 oktyabr seçkilərinin nəticəsi olaraq xalqımız uzun illərin sərt sınaqlarından çıxaraq yüksək etimad qazanmış siyasətin davamlılığının təmin olunması, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi naminə ciddi siyasi iradə ortaya qoymuşdur. Heydər Əliyev siyasətinin alternativsizliyi qənaətini özü üçün tam yəqinləşdirmiş Azərbaycan xalqının cənab İlham Əliyevi strateji islahatlar kursunun layiqli davamçısı görməsi bir sıra reallıqlarla şərtlənmiş, obyektiv zərurətdən irəli gəlmişdir. Ölkə başçısı kimi fəalliyyət göstərdiyi dövrdə özünü vətənpərvər, praqmatik, təşkilatçı və yüksək idarəçilik keyfiyyətlərinə malik lider kimi təsdiqləyən cənab İlham Əliyev 2013-cü ilin 9 oktyabr seçkilərində də mütləq çoxluğun etimad və inamını qazanmaqla şəksiz qələbəsini təmin etmişdir.
Dövlətə rəhbərlik missiyasını üzərinə götürən liderin şəxsiyyətcə bütöv, iradəli və sarsılmaz olması xalqın özünə inamını təmin etməklə bahəm, hər bir vətəndaşın sabit azad yaşam tərzinə imkan yaradır. Bu mənada cənab İlham Əliyev elə ilk andan dövlət maraqları ilə bağlı həlledici məqamlarda qətiyyətli mövqe tutduğunu, bir çoxları üçün çətin və riskli görünən siyasi gedişlərdən belə çəkinmədiyini sübuta yetirmişdir.
Cənab İlham Əliyevin son 10 illik fəaliyyətinin üstün cəhəti bundan ibarətdir ki, dövlət başçısı praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməyi, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atmağı, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməyi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır. Konseptual əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf strategiyasını yeni mərhələdə inamla davam etdirən dövlət başçısı qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının yaxşılaşdırılması naminə bir sıra mühüm addımlar atmışdır. 1994-cü ildən respublikamızda inamla reallaşdırılan yeni neft strategiyasının davam etdirilməsi, Azərbaycanı regionda lokomotiv dövlətə çevirən enerji layihələrinin ardıcıl surətdə həyata keçirilməsi, iqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.
İqtisadi inkişaf göstəricilərinə görə dünya miqyasında lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuş Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir. Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə insanların mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir.
Dövlət başçısı İlham Əliyevin 10 illik fəaliyyəti dövründə, elmin və təhsilin inkişafına diqqət artırılmış, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Büdcədə elm və təhsil üçün nəzərdə tutulmuş xərclərin ildən-ilə artırılması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atılması da bu diqqətin əyani təzahürüdür.
Prezident İlham Əliyev praqmatik lider kimi yeni dünya nizamının inkişaf meyillərini nəzərə alaraq neftdən qazanılan böyük vəsaitlərin ilk növbədə insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə inkişafın təmin edilməsini zəruri sayır. Respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması bu sahələrə diqqətin artırılmasını zərurətə çevirir.
Vətəndaşın fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafına nail olunması, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi Azərbaycanda son illər həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyev hesab edir ki, qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, kreativ və intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafını təmin etmək baxımından son dərəcə zəruridir.
Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından ötən 10 il bu böyük şəxsiyyətin milli tariximizdəki yerini və rolunu bir daha doğlun şəkildə əks etdirir. Bu gün biz onunla təsəlli tapırıq ki, ümummilli liderin əsasını qoyduğu mütərəqqi islahatlar kursu onun layiqli siyasi varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi altında qarşıda duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur.
İlham MƏMMƏDZADƏ,
Fəlsəfə,
Sosiologiya və Hüquq
İnstitutunun direktoru.
Respublika.-2013.-11 dekabr.-S.4.