İNSAN HÜQUQLARININ TƏMİNİ AZƏRBAYCAN DÖVLƏTİNİN ALİ MƏQSƏDİDİR

 

 

10 dekabr tarixini, demək olar ki, bütün dünya dövlətləri Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edir. Bu tarixin qeyd olunması 65 il bundan öncə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi ilə bağlıdır.

Bəyannamənin qəbul edilməsi ilə insan hüquqlarının müdafiəsi ideyası beynəlxalq səviyyəyə çıxdı; başqa sözlə, insan hüquqlarının “beynəlmiləlləşməsi” prosesi başlandı.

Bəyannamə insan hüquqları sahəsində ilk hüquqi cəhətdən məcburi sənəd olmasa da, miqyasına və əhəmiyyətinə görə şübhəsiz ki, ən önəmli sənədlərdəndir, ən əsası isə BMT Baş Assambleyasının qətnaməsi şəklində qəbul olunmasına baxmayaraq, onun bir sıra müddəaları bütün beynəlxalq birlik üçün məcburi xarakter daşıyan normalara çevrilmişdir.

 Hal-hazırda 360-dan çox dildə mövcud olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dünyada ən çox tərcümə olunmuş sənəd kimi Ginnesin rekordlar kitabına düşmüşdür. Bu onun geniş əhatə dairəsini və ümumbəşəri mahiyyətini bir daha təsdiq edir. Bəyannamədə təsbit olunmuş hüquqlar ümumbəşəri dəyərlərdir. Onlar hər kəsə, məhz insan olduğuna görə, mənsubdur. Kişi və ya qadın, uşaq və ya böyük, vətəndaş və ya əcnəbi, varlı və ya kasıb, güclü və ya zəif bütün bunlara fərq qoymadan, hər kəs insan olduğuna görə bərabər insan hüquqlarına malikdir və ləyaqətinə hörmət edilməyə haqqı vardır.

Müasir dünyamızın vicdan səsi və bəşəriyyətin mənəvi etalonu kimi ilk sıraya qoyulmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsində belə bir həqiqət öz əksini tapmışdır ki, bütün insanlar öz ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Həmin ifadənin özü sübut edir ki, insanın yaranışından əldə etdiyi bu hüquqlar onun təbii hüquqlarıdır. Eyni zamanda bir insanın əsas hüquq və azadlıqlarının həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır.

Bu gün, yəni qəbul edilməsindən 65 il sonra 30 maddədən ibarət olan Bəyannamənin mətni, çox sadə görünə bilər. Lakin Bəyannamənin rolunu və əhəmiyyətini dərk etmək üçün onun qəbul olunduğu şəraiti mütləq nəzərə almaq lazımdır. Bəyannamənin yazıldığı və qəbul edildiyi vaxtlarda dünyanın çox az ölkəsində insan hüquq və azadlıqları tanınır və müdafiə olunurdu. Əksər ölkələrdə, ümumiyyətlə belə bir anlayış hüquq terminologiyasına daxil edilməmişdi. Bəzi ölkələrdə isə bu hüquq və azadlıqlar yalnız kağız üzərində mövcud olmuşdur. İnsan hüquq və azadlıqlarına hörmətin dəstəklənməsi və həvəsləndirilməsi kimi dəqiq ifadə olunmamış öhdəliyi özündə əks etdirən BMT Nizamnaməsindən başqa, demək olar ki, digər normativ sənəd yox idi.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hüquqi xarakteri barədə müxtəlif fikirlər mövcuddur. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Bəyannamə BMT-nin Baş Assambleyasının qətnaməsi olduğundan onun bilavasitə hüquqi qüvvəsi yoxdur və dünya ölkələri üçün tövsiyə xarakteri daşıyır. Ancaq bir çox mütəxəssislərin dedikləri kimi, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin rolu adi tövsiyədən daha çoxdur”.

Bəyannamə məcburi hüquqi qüvvəyə malik olmasa da, insan hüquqlarının inkişafında onun xidmətləri misilsizdir. Onun başlıca müddəaları 1948-ci ildən sonra tərtib edilən 100-ə yaxın milli konstitusiyalarda və digər qanunvericilik aktlarında öz əksini tapmış, bir çox məhkəmə qərarlarının əsasını təşkil etmişdir. Bəyannamənin milli qanunvericiliklərə daxil edilməsi və məhkəmə qərarlarında ona istinad edilməsi bu müddəaların adət hüquq normalarına çevrilməsinə (bəzi istisnalarla) səbəb olmuşdur.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunması ilə nələr dəyişdi?

İlk növbədə onu qeyd etmək lazımdır ki, dünya birliyi bu bəyannamə vasitəsilə insan hüquqlarının təbii xarakter daşıdığını və dövlətlərin qanunvericiliyindən kənarda və ondan asılı olmayaraq mövcud olduğunu bəyan etmiş oldu.

Bəyannamənin qəbul edilməsi ilə insan hüquqlarının müdafiə olunması məsələsinin artıq dövlətlərin daxili işi olmadığı bəyan edilmiş oldu. Bu da Bəyannaməni əhəmiyyətli edən digər amillərdəndir.

Digər əhəmiyyətli bir məsələ, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulu ilə BMT Nizamnaməsində yalnız adı çəkilən və məzmunu açıqlanmayan əsas insan hüquq və azadlıqlarının “kataloqunun” müəyyən edilməsi idi. Belə ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində həm vətəndaş və siyası hüquqların (yaşamaq hüququ, azadlıq və şəxsi toxunulmazlıq hüququ, köləlikdə saxlanmamaq hüququ, işgəncəyə məruz qalmamaq hüququ, azadlıq və şəxsi toxunulmazlıq hüququ, qanun qarşısında bərabərlik hüququ, ədalətli və müstəqil məhkəmə araşdırması hüququ, təqsirsizlik prezumpsiyası hüququ, şəxsi həyata hörmət edilməsi hüququ, söz azadlığı, fikir, vicdan və din azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlığı, dövlətin idarə edilməsində iştirak etmək hüququ və s.), həm də iqtisadi, sosial və mədəni hüquqların (mülkiyyət hüququ, sosial təminat hüququ, əmək hüququ, istirahət hüququ, təhsil hüququ, cəmiyyətin mədəni həyatında iştirak etmək hüququ və s.) geniş siyahısı öz əksini tapmışdır.

Diqqətəlayiq haldır ki, artıq Dövlət müstəqilliyi haqqında Konstitusiya aktında Azərbaycan Respublikası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığını bəyan etmişdi. Konstitusiyada isə Bəyannamənin ruhuna uyğun olaraq insan hüquq və azadlıqlarının təsbitinə xüsusi önəm verilmişdir. Belə demək olar ki, yeni, müstəqil dövlət olan Azərbaycan Respublikası demokratiya və insan hüquqlarının bir-biri ilə qırılmaz bağlılığını əsas götürərək və demokratik, hüquqi dövlət qurmağı ən ümdə vəzifələrdən biri hesab edərək, insan hüquqlarının müasir konsepsiyasını ölkə Konstitusiyası səviyyəsində tanımış və onun adekvat normativ əsasını yaratmışdır.

Azərbaycan xalqının əvəzsiz tarixi nailiyyəti olan dövlət müstəqilliyimizin 22-ci ilini yaşamaqdayıq. Bu il böyük təntənə ilə 90 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə, xalqın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsi nəticəsində ictimai-siyasi sabitlik, qanunun aliliyi təmin edildi, insan hüquq və azadlıqlarının qorunması sahəsində real addımlar atıldı, bununla da Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakının yeni mərhələsi başlandı və ölkəmiz bu sistemdə özünəməxsus mövqelər qazanan müstəqil tərəfə çevrildi.

Bu gün Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda, MDB-də isə birinci yerdə gedərək islahatçı ölkə kimi tanınır. Azərbaycanın son 10 il ərzində əldə olunmuş davamlı inkişaf tempi onun dünya miqyasında aparıcı ölkələrdən birinə çevrildiyini göstərir. Təbii ki, bütün deyilənlər statistik rəqəmlərlə təsdiqlənir.

Dövlət başçısı cənab İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, o cümlədən insan hüquqları sahəsində islahatlar, ciddi yeniliklər və nailiyyətlər əldə olunmuş, Azərbaycan bir çox parametrlər üzrə sürətlə inkişaf edən ölkəyə çevrilmişdir. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Bu müddət ərzində 40 mindən artıq yeni müəssisə yaradılmış, böyük əksəriyyəti daimi olmaqla ümumilikdə bir milyondan çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə, işsizlik isə 5,3 faizə enmiş, inflyasiyanın səviyyəsi isə 5,4 faiz təşkil etmişdir. Son illərdə büdcə xərcləri 20 dəfə, ümumi daxili məhsul 3 dəfə artmış, ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə cəlb edilmişdir.

Ölkənin aparıcı sahəsi olan neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun da canlanması ölkə iqtisadiyyatının ahəngdar inkişafına gətirib çıxarmışdır.

Beləliklə, ölkənin uğurlu, dayanıqlı və sürətli inkişafı təmin edilmişdir ki, bu da bilavasitə insan hüquqlarına öz təsirini göstərmişdir.

Artıq Azərbaycan Respublikası ikitərəfli və çoxtərəfli münasibətlərdə etibarlı tərəfdaş, etnik-dini-mədəni tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir. 2011-ci ilin sonlarında 155 ölkənin etimadı ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2012-ci ilin əvvəlində isə Meksikada “Böyük iyirmiliyin” sammitinə dəvət edilən 10 ölkədən biri və MDB məkanından yeganə dövlət olması ölkəmizin böyük diplomatik qələbəsi və beynəlxalq nüfuzunun göstəricisidir.

Heç şübhəsiz ki, bizim torpaqlarımız qonşu Ermənistan tərəfindən işğal olunmasaydı, bizə qarşı etnik təmizləmə siyasəti aparılmasaydı, bundan da böyük uğurlara nail ola bilərdik.

Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrə baxmayaraq, ölkəmizin ərazi bütövlüyü indiyədək bərpa olunmamışdır. Hətta təcavüz faktoruna baxmayaraq, bu gün Azərbaycanda 50 minədək erməni milliyyətindən olan insan yaşayır və onlar bərabər hüquqlu vətəndaş kimi beynəlxalq hüquqi aktlarda və milli qanunvericilikdə, o cümlədən Konstitusiyada təsbit olunmuş bütün hüquq və azadlıqlardan hər hansı bir ayrı-seçkiliyə yol verilmədən istifadə edirlər.

Münaqişə öz həllini tapana qədər qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi təmin olunmaqdadır. Bu gün Azərbaycan ərazisində çadır şəhərciyi qalmayıbdır. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb, evlər tikilib və bu istiqamətdə görülən işlər davam etdirilir.

Bu il həm də beynəlxalq hüququn mənbələri sırasında mühüm yerlərdən birini tutan “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 65 illiyidir.

Genosid cinayətinin hüquqi əsası məhz bu Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyanın preambulasında qeyd olunduğu kimi, genosidin bütün tarix boyu bəşəriyyətə böyük itkilər gətirdiyini etiraf edərək, bəşəriyyəti bu mənfur bəladan xilas etmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq bu Konvensiya qəbul olunmuşdur. Konvensiyaya görə, genosid hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə edilən aşağıdakı hərəkətlərdir: bu cür qrup üzvlərinin öldürülməsi; belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; hər hansı qrup üçün qəsdən onun tam, yaxud bir qisminin fiziki məhvini nəzərdə tutan tədbirlərin görülməsi; uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.

Analoji müddəa Azərbaycanın daxili qanunvericiliyində də təsbit olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə genosid sayılır.

Konvensiyanın iştirakçı dövlətləri sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edir və onun qarşısını almaq və onun törədilməsinə görə cəzalandırmaq üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Konvensiyaya əsasən genosid, genosid törətmək məqsədilə sui-qəsd, genosidə birbaşa və açıq təhrikçilik, genosidə cəhd, genosiddə iştirak etmək əməlləri cəzalandırılır.

Genosid cinayətinə görə məsuliyyət universal olduğundan bununla bağlı digər dövlətlər də müvafiq tədbirlər görə bilərlər. Belə ki, Konvensiyanın əsasında duran prinsiplər, BMT Beynəlxalq Məhkəməsi tərəfindən bütün dövlətlər üçün məcburi xarakter daşıyan normalar kimi tanınmışdır. Konvensiyada qeyd edilir ki, genosidi həyata keçirmiş şəxslər konstitusiyaya görə məsul şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdırlar.

Genosid törətmiş şəxslərin cəzalandırılması labüddür. Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı-dövlətlər genosid cinayəti törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Həmin şəxslər ya dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə, yaxud da beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir.

Genosid cinayəti törətməkdə təqsirli bilinən şəxslərin ekstradisiyasına gəlincə isə, Konvensiyaya əsasən müqəssirlərin təhvil verilməsinə münasibətdə genosid siyasi cinayət sayılmır. Deməli, genosid cinayəti törətmiş şəxslərə sığınacaq hüququ şamil edilmir.

Onu da qeyd etmək lazımdır ki, 26 noyabr 1968-ci il tarixli, müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında Konvensiya imkan verir ki, törədilmə vaxtından asılı olmayaraq genosid cinayəti törətmiş məsul şəxslər istənilən vaxt cinayət məsuliyyətinə cəlb olunsunlar.

BMT Baş Məclisinin 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş “Hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair beynəlxalq əməkdaşlığın prinsipləri”nə müvafiq olaraq, hərbi cinayətlərdə və bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət vardır. Hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxt və harada törədilməsindən asılı olmayaraq tədqiq edilməli, belə cinayətləri törətdikləri barəsində dəlillər olan şəxslər isə axtarılmalı, həbs edilməli, məsuliyyətə cəlb olunmalı və müqəssir sayıldıqda, cəzalandırılmalıdırlar.

Bir məqamı da vurğulamaq lazımdır ki, genosid cinayətinə görə məsuliyyətin meydana çıxması üçün bütövlükdə müəyyən qrupun məhv edilməsindən ibarət son nəticə tələb olunmur. Yuxarıda qeyd etdiyimiz genosid cinayətinin tərkibini təşkil edən əməllərdən birinin və ya bir neçəsinin müəyyən qrupu tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi genosid kimi qiymətləndirilir.

Qeyd edilməlidir ki, beynəlxalq cinayətlərə görə məsuliyyətin zəruriliyi barədə müddəa beynəlxalq adət normasına çevrilmişdir və dövlətdaxili hüquqla nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, ümumqəbul olunmuş hüquq prinsiplərinə əsasən cinayət sayılan hər hansı əmələ görə cinayət məsuliyyətinə cəlb edilmə zəruridir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra insan hüquqlarının müdafiəsi və təmini sahəsində sözün həqiqi mənasında mühüm islahatlar həyata keçirməyə başlamışdır.

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquqlarının daha effektiv təmin edilməsi məqsədi ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu sahədə mühüm Fərman və sərəncamlar imzalamışdır. Azərbaycan Respublikasının Prezidentinin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanından irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq, Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Bu gün tam əminliklə söyləmək olar ki, qeyd olunan proqramda nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilmişdir. Həmin tarix Azərbaycanda yeganə ölkə olaraq ölkə prezidentinin sərəncamı ilə insan hüquqları günü kimi qeyd olunur.

Məlum olduğu kimi, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırılmasında, bu sahədəki tədbirlərin daha mütəşəkkil həyata keçirilməsində dövlət proqramları, strategiyaları və milli fəaliyyət planları böyük əhəmiyyət kəsb edir.

Bu sahədə Milli Fəaliyyət planlarının konsepsiyası hələ 1993-cü ildə Vyanada keçirilmiş İnsan Hüquqları üzrə Dünya Konfransının yekun tövsiyələrində verilmişdir. Yeri gəlmişkən bu il həm də həmin konfransın keçirilməsinin 20 ili tamam olur.

Həmin konfransda hər bir dövlətə insan hüquqlarının müdafiəsi və təşviq olunmasını daha da təkmilləşdirə biləcək addımları müəyyənləşdirən Fəaliyyət Planının hazırlanmasının məqsədəuyğunluğunu nəzərdən keçirmək tövsiyə olunmuşdur.

Həyata keçirilən islahatların məntiqi davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli və 27 dekabr 2011-ci il tarixli sərəncamları ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir.

Yeri gəlmişkən, ötən dövrdə Milli Fəaliyyət Planı üzrə fəaliyyətimiz Avropa Şurasının İnsan Hüquqları üzrə keçmiş Komissarı Tomas Hammarberqin istər ayrı-ayrı hesabatlarında, istərsə də çıxışlarında “ən yaxşı təcrübə” kimi dəyərləndirilmişdir. Bu gün isə Avropa Şurasının Azərbaycan üzrə fəaliyyət planı hazırlanmaqdadır.

İnsan hüquqlarının təmini sahəsində tam yeni bir sənəd olan Milli Fəaliyyət Proqramı özündə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasının ən prioritet istiqamətlərini (normativ-hüquqi bazanın təkmilləşdirilməsi; əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi; dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi; insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri; insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq; Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi) müəyyən edir.

Proqramın həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik Ombudsmana tövsiyə edilmişdir. Bu da onu göstərir ki, bundan əvvəl təsdiq olunmuş Planın icrasına rəhbərlik Ombudsman tərəfindən uğurla yerinə yetirilmişdir.

Proqramın icrası ilə bağlı Milli Məclis üzvlərinin, dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, habelə media nümayəndələrinin iştirakı ilə dəyirmi masalar təşkil edilmiş və məsləhətləşmələr aparılmışdır. Həmçinin ali təhsil ocaqlarında (Bakı Dövlət Universitetində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Ədliyyə və Polis akademiyalarında və s.) professor-müəllim heyəti, tələbə və müdavimlərlə görüşlər keçirilmişdir.

Dövlət qurumlarının, əhalinin müxtəlif qruplarının, vətəndaş cəmiyyətinin Milli Fəaliyyət Proqramında fəal iştirakını təmin etmək və adı çəkilən sənədi təbliğ etmək məqsədilə ardıcıl olaraq bütün şəhər və rayonlar əhatə olunmaqla ictimai dinləmələr keçirilmişdir. Dinləmələr ümumilikdə 60 şəhər və rayonun hər birində, bir sözlə bütün respublikanı əhatə etmişdir.

Həmin tədbirlərdə müvafiq şəhər və

rayonlardan seçilmiş millət vəkilləri, yerli icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, dairə seçki komissiyalarının, yerli QHT-lərin, KİV-lərin və icmaların nümayəndələri iştirak etmişlər.

Ümumilikdə Proqramın təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə həyata keçirilmiş ictimai dinləmələr əhalinin hüquqi maarifləndirilməsinə, vətəndaş fəallığının artmasına, hər kəsin iştirak hüququnun təmin edilməsinə, idarəetmənin demokratikləşməsinə və daha da təkmilləşdirilməsinə xidmət edir.

Müvəkkil tərəfindən Milli Fəaliyyət Proqramının ATƏT-ə üzv dövlətlərin iştirakı ilə Vyanada keçirilən təqdimatı da çox uğurlu olmuş və iştirakçı dövlətlər tərəfindən böyük maraqla qarşılanmışdır.

Sevindirici haldır ki, Avropa Şurasının Baş katibi T.Yaqlandın ölkə başçısına ünvanladığı məktubda qeyd olunan Proqramın təsdiq edilməsi alqışlanır və mühüm əhəmiyyətli sənəd kimi dəyərləndirilir.

Beləliklə, cəmi 22 illik müstəqillik tarixinə malik olan dövlətimizdə insan hüquqları sahəsində üç strateji əhəmiyyət kəsb edən dövlət sənədinin təsdiq edilməsi ölkədə insan hüquqlarının müdafiəsi baxımından olduqca mühüm hadisə olaraq həqiqətən bir dönüş yaratdı.

Sözügedən sənədlər insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasına, beynəlxalq səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmiş, bununla da davamlı, köklü islahatların ardıcıl, mütəşəkkil proseslərin davamlılığı təmin edilmişdir.

Həyata keçirilmiş demokratik, hüquqi islahatlar nəticəsində qanunvericiliyin təkmilləşməsi ilə yanaşı, yeni icra mexanizmləri yaradılmış və ya yenidən qurulmuş və bu proses davam etdirilir.

Ölkəmizdə insan hüquqlarının qorunması üzrə yeni sistemin yaranmasının əyani təzahürlərindən biri də Azərbaycanda Ombudsman təsisatının yaradılması olmuşdur. Artıq 11 ildir ki, ombudsman təsisatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən ilk dəfə 2006-cı ildə, ikinci dəfə isə 2012-ci ildə ən yüksək “A” statusu ilə akkreditasiya olunmuş Milli İnsan Hüquqları İnstitutu kimi fəaliyyət göstərməkdədir.

2001-ci il 28 dekabr tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi və belə bir hüquqi əhəmiyyətə malik olan təsisatın yaradılması qabaqcıl dövlətlərdə tətbiq edilən səmərəli institutların ölkəmizdə fəaliyyət göstərməsinə şərait yaratdı, insan hüquqları sahəsində dönüş nöqtəsi oldu.

Bu akt dövlətin konstitusiya qanunvericiliyinə onun ayrılmaz hissəsi kimi daxil edilmiş, bununla da insan hüquqlarının qorunmasının dövlətin siyasətində prioritet rola malik olduğu bir daha təsdiqlənmişdir.

Ombudsmanın fəaliyyətinin Konstitusiya Qanunu səviyyəsində tənzimlənməsi, onun cəmiyyət üçün əhəmiyyətinin göstəricisi olaraq, eyni zamanda digər dövlət orqanlarından fərqini və Azərbaycanda ümumi insan hüquqlarının müdafiəsi sistemində müstəsna yerə malik olduğunu vurğulayır, konstitusiya qanunvericiliyinin mahiyyətindən irəli gələn təminatları verir.

Azərbaycan Ombudsmanının fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında qurulmuşdur. Konstitusiya Qanununa əsasən Ombudsman vəzifəsi Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və dövlət, yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqlarının və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis olunub.

Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının fəaliyyətini məhdudlaşdırmır və əvəz etmir. Onun insan hüquqlarının pozulmasına dair şikayət üzrə qərarları imperativ xarakter daşımır, lakin qanunvericilik Müvəkkilə şikayətlərin araşdırılması, pozulmuş hüquqların bərpa edilməsi sahəsində geniş səlahiyyətlər verir.

Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyətin əsas məqsəd və məramı bütünlüklə insan hüquqlarının həyata keçirilməsinə, pozulmuş insan hüquqlarının bərpasına, vətəndaş cəmiyyətinin, demokratiya meyarlarına cavab verən dövlətin və buna uyğun insan hüquqları sisteminin yaradılmasına yönəldilmişdir.

Ombudsman əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinə, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsi və ya yenidən baxılması, eləcə də amnistiya elan edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verə bilər. Həmçinin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır. Yeri gəlmişkən, Azərbaycan dövlətinin həyata keçirdiyi humanist siyasətin nəticəsidir ki, heç bir ölkədə görünməyən 10 amnistiya aktı və 55 əfv fərmanı imzalanmışdır. Müvəkkilin təklifi ilə bu günə qədər 409 məhkum azadlığa buraxılmışdır.

İnsan hüquqlarının pozulması aşkar edildikdə Müvəkkil qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək; insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək; şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək kimi səlahiyyətləri vardır. Bu vaxtadək Müvəkkil tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanmış 24 sorğu üzrə müvafiq qərardadlar və qərarlar qəbul edilmişdir.

Ombudsman yalnız Azərbaycan vətəndaşlarının deyil, həmçinin də əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, bir sözlə, dövlətin yurisdiksiyası altında olan hər kəsin dövlət və ya yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan hüquqları ilə bağlı müraciətlərə baxır. O, yalnız pozulmuş hüquqların bərpası ilə kifayətlənməyərək, həm də bu hüquqların təmin olunması və pozuntu hallarının qarşısının alınması məqsədilə preventiv fəaliyyətlə də məşğul olur.

Müvəkkil A statuslu müstəqil milli insan hüquqları institutu qismində Universal Dövri İcmal (UDİ) mexanizmi üzrə dəyərləndirmə, monitorinq, əlaqələndirmə vəzifələrini icra edir, həmçinin müntəzəm şəkildə BMT-nin müqavilə komitələrinə əlavə məruzələr təqdim edir. UDİ üzrə Müvəkkilin fəaliyyəti beynəlxalq qurumlar tərəfindən “ən yaxşı təcrübə” kimi qiymətləndirilmişdir.

Hər il ənənəvi olaraq “Hüquqlar hamı üçün” mövzusunda jurnalist yazılarının, habelə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmləri müsabiqələrini təşkil edirik.

Müsabiqədə iştirak edən şəxslərin təqdim etdiyi yazı və rəsmlər ixtisaslaşmış münsiflər heyəti tərəfindən qiymətləndirilir və sonda hər iki müsabiqə qaliblərinə mükafatlar və sertifikatlar təqdim edilir.

Ənənəmizə sadiq qalaraq, bu il də ötən illərdə olduğu kimi yuxarıda haqqında bəhs olunan müsabiqələr keçirilmişdir.

Bu kimi tədbirlərin və müsabiqələrin keçirilməsi insan hüquqlarının öyrənilməsi, təmin olunması baxımından çox önəmlidir, faydalı olaraq gələcəkdə də davam etdiriləcəkdir.

Həqiqətən də, dövlətin siyasi iradəsi, dəstəyi olmasa heç bir ölkədə ombudsman səmərəli fəaliyyət göstərə bilməz.

Ölkəmizin ildən-ilə daha da yüksək templə iqtisadi inkişafı qarşıya qoyulan ən mürəkkəb və çətin vəzifələrin öhdəsindən gəlməyə imkan yaradır.

Azərbaycanın yeni-yeni uğurları, həyata keçirilən islahatlar, beynəlxalq nüfuzu, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi davamlı inkişafa və insan hüquqlarının etibarlı təmininə xidmət edən məqsədyönlü fəaliyyətin nəticəsidir.

Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi insan hüquqlarının daha səmərəli təmini, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Dünyada yaranmış yeni şərait qarşıya yeni vəzifələr qoyur. Məhz bu vəzifələrin həyata keçirilməsi baxımından ölkə başçısının Azərbaycanın perspektiv inkişaf hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədilə 2011-ci il 29 noyabr tarixdə imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, insan hüquqları azadlığın, sülhün, inkişafın, müstəqilliyin və ədalətin bünövrəsidir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, hər kəsi bu bünövrəni qorumağa çağırır və hər birinizi Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təbrik edirəm.

 

   

Professor Elmira Süleymanova,

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

 

Respublika.-2013.-11 dekabr.-S.-7.