Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət

 

 

Ümummilli liderimiz Heydər Əliyevin vəfatının 10-cu il dönümü ilə əlaqədar hər il olduğu kimi Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

 Səbail rayon rəhbərliyi, idarə və təşkilat, aliorta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Filarmoniyasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş təntənəli anım mərasimi keçirilmişdir.

İlk əvvəl tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Anım mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, ulu öndərmizin əbədiyyətə qovuşmasından 10 il ötür. Hər il olduğu kimi, yenə də respublikamızın bütün şəhər və rayonlarının nümayəndələri, paytaxt sakinləri, xarici ölkələrdən gəlmiş çoxsaylı qonaqlar Fəxri Xiyabana gələrək Azərbaycanın baş ziyarətgahında ümummilli liderin məzarını ziyarət edir, xatirəsini əziz tutur, ruhu qarşısında baş əyirlər.

Azərbaycan xalqı fəxr edir ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixitaleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlıdır. Vətənimiz üçün kifayət qədər mürəkkəb və kəşməkəşli bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini, onun dəyərli irsini artıq çoxdan örnək kimi qəbul etmişlər.

İllər ötdükcə biz Heydər Əliyev dühasının Azərbaycan tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə fikir yürütməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın. Bütövlükdə isə Heydər Əliyev epoxası yüksəliş epoxasıdır. Azərbaycanda müasir intibah dövrü kimi qiymətləndirdiyi 1970-80-ci illər o vaxta qədər xalqın qəlbində və ən ülvi niyyətlərində illərlə gizli qalan milli ideyanın, azadlıq və müstəqillik, suveren Azərbaycan dövləti ideyasının dirçəldilməsi, onun ideya-mənəvi özəyinin və gələcək milli azadlıq hərəkatının hərəkətverici qüvvəsi səviyyəsinə yüksəlməsi üçün əlverişli zəmin yaratdı. Məhz bu dövrdə Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə Azərbaycanın uzunmüddətli iqtisadi, mədəni-mənəvi firavanlığının əsasını qoydu.

Heydər Əliyevin müdrik  siyasəti nəticəsində dünya birliyi, tərəqqipərvər ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqqın və ədalətin kimin tərəfində olduğunu qəbul etdi. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.

Heydər Əliyev ölkənin müasir inkişafı üçün möhkəm təməl qoydu; Azərbaycanın müstəqil siyasət yürüdüb dövlət kimi qəbul olunmasını təmin etdi, Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaratdı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən milli ideologiya – “azərbaycançılıq”  ideolgiyasını da yaratdı.

Bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”,—deyən ümummilli liderimizin ən başlıca keyfiyyəti xalqımıza xas olan milli-mənəvi dəyərələrə ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməkdən ötrü öz canını sərf etməsi, bütün ömrünü millətin mədəni-mənəvi intibahına həsr etməsi idi.

Zəmanəsinin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyev Azərbaycanın vətəndaşı olduğunu hər yerdə böyük qürurla, fəxrlə, cəsarətlə söyləmişdir: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bu kəlmələri deyən Heydər Əliyev xalqının qəlbində milli-mənəvi dəyərləri yaşatmaq üçün əbədi bir məşəl — Heydər Əliyev ideyalarından güc alan sönməz məşəli alovlandırmışdır.

Çox illər keçəcək, lakin  çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə rəhbəri cənab İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Bu siyasəti son 10 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni hərtərəfli inkişaf yoluna çıxarıb.

XX ərin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.

Sonra respublikamızın tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə geniş bədii hissə keçirilmişdir.

Tədbirdən sonra mərasim iştirakçıları və qonaqlar RİH tərəfindən Badamdar qəsəbəsində yerləşən “Bəyoğlu” şadlıq sarayında ulu öndərin əziz xatirəsinə təşkil olunan ehsan mərasiminə dəvət olunmuşlar. Tədbirin əvvəlində ulu öndərə həsr olunmuş film nümayiş etdirilmşdir.

İştirakçılar qarşısında çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışmışdır. Din xadimləri ulu öndərin əziz xatirəsinə müqəddəs kitabımız olan Qurani Kərimdən ayələr və yasin surəsini oxumuşlar.

Tədbirdə qeyd olunmuşdur ki, dekabrın 12-də rayon ictimaiyyətinin nümayəndərələri Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət edəcək və rayonun Badamdar və Bibiheybət qəsbələrində, 20-ci yaşayış sahəsində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, ümumilikdə 2000 nəfər üçün ehsan süfrələri təşkil olunacaq, həmçinin Bibiheybət və İçərişəhər “Cümə” məscidlərində dini mərasimlər keçiriləcəkdir.

 

Məhəmməd VƏLİYEV,

 

Respublika.-2013.-11 dekabr.-S.8.