Müdriklik zirvəsinə ucalan insan

 

                                                 Nəsimi rayonunda ulu öndər Heydər Əliyevə həsr olunmuş anım mərasimi

 

Dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev XX əsrin sonlarında dövlət müstəqilliyimizi qoruyub saxlamış və inkişaf etdirmişdir. O, bütövlükdə 34 il müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərlik etmiş, Azərbaycanın suverenliyini qoruyub saxlamışdır.

Bu günlərdə Bakının Nəsimi rayonunda ümumxalq məhəbbəti qazanmış müdrik insan, ürəklərdə işıq heykəlinə çevrilən Heydər Əliyevlə bağlı anım mərasimi keçirildi. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, həmçinin qonaqlar və millət vəkilləri iştirak edirdilər.

Anım mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev vurğuladı ki, tarixin yaddaşında iz qoymaq hər adama nəsib olmur. Zəkası, ağlı, hünəri ilə tarixin gedişini dəyişdirmək hər insanın işi deyil. Uca Tanrı yalnız özünün seçdiyi şəxslərə belə tale, qismət yazır. Ulu öndər Heydər Əliyevin timsalında Azərbaycan xalqı da bəşəriyyətin ən yeni tarixinə öz imzasını yazan dahi bir övlad yetirmişdir. Onun dühasının işığı ilə biz çətin, mürəkkəb, kəşməkəşli yollardan keçərək müstəqil dövlətin əbədiliyini qorumaq əzmi olan bir millət kimi yetkinləşmiş, möhkəm birliyə və həmrəyliyə qovuşmuşuq.

Azərbaycanın müasir tarixinin butöv bir qərinəsi ulu öndərimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi bütün nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı bütün uğurlarda onun imzası olmuşdur.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında ümummilli liderimiz Heydər Əliyevin uğurlu neft strategiyası olduqca xüsusi əhəmiyyət kəsb edir. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”, 1999-cu  il noyabrın 18-də ATƏT-in iqtisadi zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynadı.

Vurğulamaq lazımdır ki, dünyanın məşhur siyasətçiləri, dövlət xadimləri Heydər Əliyevi siyasət nəhəngi, siyasət şahmatının mahir ustası adlandırırdılar. O, tarixi perspektivləri əvvəlcədən görmüş, ən çətin məqamlarda yeganə düzgün qərarlar qəbul etmək bacarığı ilə hamını heyran qoymuşdur.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunu hüquqi, dünyəvi dövlət olaraq insan hüquqlarının qorunmasını öz siyasətinin prioriteti kimi qəbul etdi.

Azərbaycanda bu gün ümummilli liderimiz Heydər Əliyevin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Anım mərasimində YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Eldar İbrahimov, akademik Əhliman Əmiraslanov, akademik, millət vəkili Ziyad Səmədzadə Heydər Əliyevin bənzərsiz ömür yolu ilə bağlı çıxış etdilər.

Mərasimin sonunda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev vurğuladı ki, xalqımız ümummilli liderimiz, qəlblərdə özünə əbədi sevgi qazanmış Heydər Əliyevin xatirəsini həmişə əziz tutur. Xalqın ona məhəbbəti tükənməzdir.

          Qədir ASLAN

 

        Respublika.-2013.- 11 dekabr.- S.8.