Böyük düha sahib

 

Ümummilli liderimiz, Heydər Əliyev XX əsrdə ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi dühalardandır. O, öz xalqı və milləti qarşısında misilsiz fəaliyyət göstərən dahi şəxsiyyətlərdəndir.

Bu günlərdə “İnturavto” ASC-də müdrik insan, ürəklərdə əbədi yaşayan Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə cəmiyyətin sədri Aydın Heydərov çıxış edərək vurğuladı ki, ulu öndərimiz milyonlarla insanı ülvi ideallar ətrafında səfərbər edən dövlət qurucusu, müasir tariximizin memarı idi. Heydər Əliyev parlaq zəkasının, sarsılmaz iradəsinin, tükənməz enerjisinin sayəsində ümummilli lider səviyyəsinə yüksəlmişdir.

XX əsrdə xalqımızın  yetirdiyi fenomen şəxsiyyət Heydər Əliyev Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs  və düşüncə əsasında yaradaraq praktik sürətdə gerçəkləşdirmiş strateq kimi hər zaman rəğbət və ehtiramla xatırlanır.

Heydər Əliyevin dahiyanə  siyasəti, böyük cəsarət və qətiyyətlə gördüyü  işlər həmişə xalqımıza  mənəvi dayaq  olmuş, respublikamıza  beynəlxalq  aləmdə  böyük hörmət, nüfuz, şan-şöhrət gətirmiş, dünya xalqlarının rəğbətini qazandırmışdır.

1991-1993-cü illərdə Azərbaycanda iqtisadi  tənəzzülün güclənməsi, siyasi böhranın dərinləşməsi, cəbhə  bölgələrində  hərbi  uğursuzluqlar və vətəndaş qarşıdurması nəticəsində ölkə  parçalanma həddinə çatmışdı. 1993-cü ilin iyununda xalq ölkəni bu vəziyyətdən çıxara biləcək yeganə liderini–Heydər Əliyevi  təkidli  xahişi  ilə  siyasi hakimiyyətə  çağırdı. Ulu öndər Heydər Əliyev  Azərbaycana qayıdaraq dövlətçiliyini  iflasdan, fəlakətdən qurtardı, çevriliş cəhdlərinin qarşısını aldı,  dövlətçiliyi  möhkəmlətdi, dirçəliş və inkişafa doğru yönəltdi. Milli varlıq və  idrakın, özünüdərkin ali təzahür forması olan müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirdi.

Görkəmli dövlət  xadimi  Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində Azərbaycan  bir dövlət kimi  zamanın sərt  sınaqlarından  uğurlu  çıxıb. Dahi öndərin müəyyənləşdirdiyi inkişaf  strategiyasına uyğun olaraq həyata  keçirilən  tədbirlər sayəsində bu gün Azərbaycan  dünya  dövlətləri  birliyində  öz layiqli yerini tutub.

Anım mərasimində Aydın Heydərov vurğuladı ki, Heydər Əliyev mənəvi -siyasi  irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin müəllifliyi ilə bu gün Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır.  Ölkəmizin inkişaf tempi uğurla davam etdirilir.

Qədir ASLAN

 

Respublika.-2013.- 11 dekabr.- S.8