Kazanda “Mirzə Kazımbəy irsi: tarixmüasirlikmövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir

  

 

Bu günlərdə Dünya Azərbaycanlıları Forumunun (DAF) təşəbbüsü və Kazan Federal Universitetinin ev sahibliyi ilə Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində “Mirzə Kazımbəy irsi: tarixmüasirlikmövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransı Kazan Federal Universitetinin rektoru, professor İ.Qafurov açmış, daha sonra həmin universitetin Beynəlxalq Münasibətlər, Tarix və Şərqşünaslıq İnstitutunun direktoru, professor R.Hayrutdinov, Türkiyə Respublikasının Kazandakı konsulu Sabri Tunc, Sankt-Peterburq Universitetinin şərq fakültəsinin professoru N.Dyakov, Dünya Azərbaycanlıları Forumunun sədri Dos. dr. Namik Murad təbrik nitqi söyləmişlər. Konfransda həmçinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlunun təbrik məktubu oxunmuşdur.

Konfransda Kanada, Fransa, Rusiya, Türkiyə, Liviya  Azərbaycan alimlərinin otuzdan artıq məruzəsi dinlənilmişdir. N.Dyakov, A.Pılev, Xana Yafia, Yusif Cəmil (Sankt-Peterburq), M.Massir (Fransa), P.Valeyev, M.Zəkiyev, Y.Qrişin (Kazan), İlyas Topsakal (Türkiyə), Vaqif Sultanlı, Əmir Pəhləvan (Azərbaycan) və başqa alimlərin məruzələrində Mirzə Kazımbəyin həyatı, ədəbiyyatşünaslıq irsi, dilçilik görüşləri, türkoloji araşdırmaları, islamşünaslıqla bağlı tədqiqatları araşdırılmış, onun yaradıcılığının başlıca aspektləri dəyərləndirilmişdir.

Konfransda Azərbaycanı Dünya Azərbaycanlıları Forumunun sədri, iqtisad elmləri namizədi Namik Murad, Bakı Dövlət Universitetinin professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı, tanınmış yazıçı və kinodramaturq Əmir Pəhləvan təmsil etmişdir.

Konfransdan sonrakı bir həftə ərzində Tatarıstan, Mari El və Çuvaşıstan Respublikasında yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə çoxsaylı görüşlər keçirilmiş, onların qayğı və problemləri müzakirə olunmuşdur. Görüşlərdə soydaşlarımızın təşkilatlanması, ana dilində bazar günü məktəblərinin açılması, milli mətbuatın nəşri, Rusiya vətəndaşı olan azərbaycanlılar üçün viza şərtlərinin sadələşdirilməsi və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Tatarıstanda yaşayan azərbaycanlıların milli mədəni muxtariyyətinin sədri Sübhan Əhədzadə görülmüş işlər barədə məlumat vermişdir. O, qarşıda duran vəzifələr barədə danışarkən əvvəllər Bakıda dostqardaş tatar xalqının görkəmli nümayəndəsi Abdulla Tukayın adını daşıyan küçənin  olduğunu, 90-cı illərdə bu adın nədənsə dəyişildiyini söyləmiş və Bakıda Tukay küçəsinin iki xalq arasında dostluq əlaqələrinin daha da güclənməsinə kömək edəcəyini bildirmişdir. Tatarıstan azərbaycanlıları müvafiq təşəbbüslə Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət etmişlər.

Dünya Azərbaycanlıları Forumunun təşəbbüsü ilə Mari El Dövlət Universitetinin rektoru, professor M.Şvetsovla görüş keçirilmişdir. Görüşdə 2014-cü ilin may ayında sovet dövrü repressiya qurbanlarına həsr olunmuş beynəlxalq konfrans keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunmuşdur. 1938-ci il repressiya qurbanlarından biri də 30-cu illərdə Mari vilayətinin partiya təşkilatının 1-ci katibi olmuş, milliyyətcə azərbaycanlı olan Əliheydər Şirvanidir.

DAF nümayəndə heyətinin Volqaboyuna səfəri zamanı həmçinin  Çuvaşıstan Respublikasının paytaxtı Çeboksarıda böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ziyarət olunmuş, Tatarıstanın Bulqar şəhərinin xarabalıqlarında yaradılan yeni muzey kompleksinə baş çəkilmiş, Tatarıstan Nazirlər Kabinetinin şöbə müdiri, yazıçı Həlimyan Gilmanovla və Tatarıstan xalqları assambleyasının icra şurasının rəhbəri Nikolay Vladimirovla görüşlər keçirilmişdir.

 

Namik MURAD,

Dünya Azərbaycanlıları Forumunun sədri.

 

Respublika.-2013.- 11 dekabr.- S.9.